2013-cü ilə böyük uğurla başlayırıq

 

Yaradılma tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır.

 

Bu sahənin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün  inkişaf  istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)  üzrə Dövlət Proqramı” strateji bir sənəddir. Məhz həmin proqram çərçivəsində həyata keçirilən tədbirlər  respublikanın yanacaq-enerji kompleksini bütünlüklə, o cümlədən Bakı şəhəri üzrə elektrik paylayıcı şəbəkənin dinamik inkişafının əsasını qoymuşdur.

Həmin dövlət proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif  dövlət proqramları  enerji sistemin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində çox mühüm stimul olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, xüsusən də yol təsərrüfatının və nəqliyyatın işinin yaxşılaşdırılmasına, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin   yüksəlməsinə səbəb olmuşdur.

Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar “Bakıelektrikşəbəkə” ASC tərəfindən paytaxt və ətraf qəsəbələrin  fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində geniş miqyaslı yenidənqurma işləri həyata keçirilir.

Məqsədi istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək olan “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyəti elektrik enerjisinin təchizatı sahəsində ixtisaslaşmış, zəngin təcrübəyə malik bir müəssisə olmaqla uzun  bir tarixi inkişaf yolu keçmişdir. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müstəqilliyin əldə olunduğu ilk illərdə, o cümlədən şəbəkənin xarici sərmayədarın idarəçiliyinə verildiyi dövrlərdə  paytaxtın paylayıcı şəbəkəsinin maddi-texniki bazasının yeniləşməsinə, şəbəkə infrastrukturunun yenidənqurulmasına və genişləndirilməsinə əsaslı vəsait qoyuluşlarının yatırılmaması Bakı şəhərinin elektrik şəbəkələrini ağır bir duruma gətirib çıxarmışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaranmış vəziyyəti nəzərə alaraq şəbəkənin fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların   elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq və enerji haqlarının yığımında mövcud olan ağır vəziyyəti aradan qaldırmaq məqsədi ilə “Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyətinin yenidən bərpa edilməsinə dair 10.08.2006-cı il tarixli Sərəncam imzaladı.

Elektrik təchizatında yaranmış ağır böhranın aradan qaldırılmasına  yönələn  bu sərəncamdan irəli gələn vəzifələrin həlli məqsədi ilə ilk olaraq “Bakıelektrikşəbəkə” ASC tərəfindən   İnvestisiya Proqramı  hazırlandı. Bununla da, şəhərin enerjiyə olan tələbatının tam təmin olunması üçün bütövlükdə paytaxtın elektrik şəbəkələrinin yenidən qurulması, yeni güc mərkəzlərinin yaradılması, yeni texnologiyaların tətbiqi yolu ilə şəbəkələrin modernləşdirilməsi və xidmət personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə ciddi kadr islahatlarının həyata keçirilməsi kimi irimiqyaslı tədbirləri əhatə edən işlərə başlanıldı.

İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması  Bakı şəhərində beynəlxalq standartlara  uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılmasını zəruri edirdi ki, bu məqsədlə yeni 110 kV-luq yarımstansiyaların tikintisi İnvestisya Proqramında əsas prioritet olaraq nəzərdə tutulmuşdur. 110 kV-luq dairəvi elektrik  sisteminin yaradılması isə Bakı şəhərinin elektrik təchizatının fasiləsizliyinə və perspektivdə elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə təminat verən bir elektrik sxemidir.

  Bu məqsədlə, təsdiq olunmuş İnvestisiya Proqramına uyğun olaraq  “Müşfiq”- “Bayıl”, “Xırdalan”-203 hava xətləri əsaslı təmir edilmiş,  227, 203,215 saylı yarımstansiyalar yenidən qurulmuş, dairəvi sistemə daxil  olan müasir tipli 110/35/10 kV-luq 2x50 MVA gücündə “Liman” və 110/35/6 kV-luq 2x40 MVA gücündə “İçərişəhər”, 110/20/6 kV-luq 2x40 MVA gücündə “Yeni Bayıl” yarımstansiyaları inşa edilmişdir.

Bakı şəhərinin elektrik şəbəkəsinin müasir avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidənqurulmasını, şəhərsalmanın günbəgün geniş vüsət aldığı paytaxtda yeni güc mərkəzlərinin yaradılmasını nəzərdə tutan İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkə başçısının  gündəlik nəzarətində olmuş, dövlət əhəmiyyətli  bu vəzifələrin uğurla həyata keçirilməsi və  şəbəkənin maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən daima dəstəklənmişdir.

Ölkə Prezidentinin 10.08.2006-cı il tarixli sərəncamı ilə fəaliyyəti bərpa olunan Səhmdar Cəmiyyəti tərəfindən keçən qısa dövr ərzində  19 ədəd müasir tipli 110 kV-luq və 46 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilmiş, 228 ədəd yeni Transformator Məntəqəsi inşa edilmiş və 400 ədəd Transformator Məntəqəsi  əsaslı təmir olunmuş, ümumilikdə 10000 km -dən artıq  elektrik veriliş xətləri çəkilmişdir. Hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda yenidənqurma, təmir-bərpa işləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 70 faiz artmışdır.

Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki  itkilərin səviyyəsi 6 faiz azaldılaraq  bu göstərici 10 faizə endirilmiş, ifrat yüklənmə halları tamamilə aradan qaldırılmışdır.

Paylayıcı şəbəkə üzrə aparılan yenidənqurma işlərinin, xüsusən də  0,4 kV-luq elektrik şəbəkələrinin özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının, elektrik enejisi uçotunun aparılmasında müasir texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların məsafədən idarə olunması üçün “SCADA” sisteminin və yarımstansiyalarda müasir rele mühafizəsi və avtomatika qurğularının tətbiqinin nəticəsidir ki, “Bakıelektrikşəbəkə”ASC-nin fəaliyyəti  bərpa edilənədək istehlakçıların enerji təchizatında uzunmüddətli fasilələrlə müşayət olunan qəza açılmalarının sayı  minimuma enmişdir.                                               

Uçotunun təkmilləşdirilməsi istiqamətində görülən işlərin şəbəkə üzrə itkilərin səviyyəsinin azaldılmasında çox mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, “Azərenerji” ASC-dən alınan elektrik enerjisinin uçotunun dəqiq aparılması məqsədi ilə yarımstansiyalardakı alış nöqtələrində uzaqdan oxunan avtomatlaşdırılmış “Elster Metronika” ölçü sistemi quraşdırılmış və istehlakçıların istifadəsində olan köhnə elektrik sayğacları  müasir tipli elektron sayğaclarla əvəz edilmişdir.

Şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranmış və hazırda Səhmdar Cəmiyyət üzrə bu göstərici 93 faizdən yuxarıdır.

Uçot sisteminin müasir texnologiyalar əsasında  yenidənqurulması işləri bu gün də davam etdirilir. Hazırda Nəsimi rayonu ərazisində ən müasir uçot sistemi olansms smart” sayğaclarının quraşdırılması işləri müvəffəqiyyətlə aparılır. Həmin sayğacların üstünlüyü ondan ibarətdir ki, bu ölçü cihazları vasitəsi ilə hər bir istehlakçı istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına şəxsən özü nəzarət edir, kommunal xidmətlə bağlı aylıq ailə büdcəsini əvvəlcədən planlaşdıra bilir və ən əsası isə bu sayğacların tətbiqi ilə kənar müdaxilə hallarının qarşısı demək olar ki, tam alınır.

Şəbəkədə mövcud texniki itkilərin azaldılması, kənar  müdaxilənin qarşısının alınması məqsədi ilə  paytaxtın 0,4 kV-luq elektrik şəbəkələri özünüdaşıyan izolyasiyalı naqillər sistemi ilə yenidən qurulur,  uçot sistemi  müasir texnologiyalar əsasında təkmilləşdirilir.

“Bakıelekrtikşəbəkə” ASC-də “199 Qəza Xidməti” və “Qaynar Xətt” fəaliyyət göstərir ki, bu xidmətlər  vasitəsilə istehlakçılar 24 saat ərzində onları maraqlandıran suallara cavab ala bilir, enerji təchizatı ilə bağlı texniki məsələlərin operativ həllinin şahidi olurlar. Göstərilən xidmətlərin operativ icrası üçün aidiyyəti qurumlar  zəruri texniki və rabitə avadanlıqları, müasir texnoloji vasitələrlə təchiz edilmiş, əməkdaşları xüsusi treyninqlərdən  keçmiş  mütəxəssislərdən ibarətdir.

Operativ xidmətlərin təşkili və bütün informasiyaların mərkəzləşdirilməsi məlumatların struktur bölmələr üzrə operativ çatdırılmasına imkan yaradır ki, bu da öz növbəsində şəbəkənin normal iş rejimində saxlanılmasına və nəticədə  abonentlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan yaradır.

“Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq “Bakıelektrikşəbəkə”ASC-nin rəsmi internet saytında abonentlərə göstərilməsi nəzərdə tutulan xidmətlərin növləri, habelə müəssisənin  struktur rəhbərlərinin “əlaqə telefonları”, “elektron müraciət”, “Qaynar Xətt”, “qəbul günləri”, “enerji haqqının elektron ödənişi”, “borcun öyrənilməsi” və s. başlıqlı səhifələr  fəaliyyətdədir. Həmin səhifələrə daxil olan abonentlərin müraciətləri ətraflı araşdırılaraq ən qısa müddətdə cavablandırılır. Göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə yaxın günlərdə şəbəkəyə qoşulma, sayğac dəyişmə, texniki şərtin alınması, borcun araşdırılması və s. məsələlər üzrə abonentlərə elektron xidmətlərin göstərilməsinin həyata keçirilməsi nəzərdə tutulur.

“Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edildikdən sonra Bakı şəhərini əhatə edən inzibati rayonlar üzrə enerji haqlarının əməkdaşlar tərəfindən yığılması dayandırılmış və enerji haqqının yığımının təşkilində yubanma hallarını aradan qaldırmaq məqsədilə müştəri xidmətləri məntəqələri istifadəyə verilmişdir. Həftənin bütün günləri fəaliyyət göstərən bu ödəniş məntəqələri abonentlərin vahid zaman ərzində (online) ödəniş aparması üçün bütün lazımi kompyuter avadanlıqları ilə təchiz edilmişlər.

Elektrik paylayıcı şəbəkənin yenidənqurulması istiqamətində həyata keçirilən texniki tədbirlərlə yanaşı müasir texnoloji avadanlıqları idarə etməyə qadir kadrların hazırlanması, habelə işçi heyət üçün lazımi sosial və əmək şəraitinin günün tələbləri səviyyəsində təşkil edilməsi də Səhmdar Cəmiyyətin rəhbərliyinin daimi diqqət mərkəzində olan vacib məsələlərdəndir.

Kadrların cəlb edilməsi məqsədi ilə Səhmdar Cəmiyyətdə CV-bank formalaşdırılmışdır. İlkin müsabiqə nəticəsində ixtisası uyğun gələn və biliyi qənaətbəxş hesab olunan, lakin təcrübəsi kifayət qədər olmayan namizədlər Cəmiyyətin Tədris Mərkəzində bir aylıq  kurslara  cəlb olunur, kurs bitdikdən sonra isə “İşə Qəbul Komissiyası”  tərəfindən bilikləri yoxlanılır və müvəffəqiyyət qazanan namizədlər Cəmiyyətdə işlə təmin olunurlar.

Şəbəkədə çalışan işçilərin bilik və peşəkarlıq səviyyəsini artırmaq məqsədi ilə  Tədris Mərkəzində mütəmadi olaraq  davamlı  ixtisasartırma kursları təşkil olunur, tədris prosesinə müəssisədə çalışan yüksək biliyə və təcrübəyə malik ixtisaslı mütəxəssislər, həmçinin  Azərbaycan  Dövlət Neft Akademiyasının, Texniki Universitetin, Bakı Neft-Energetika Kollecinin  professor-müəllim heyəti, elektrik avadanlıqları istehsal edən Fransanın “Şneyder Elektrik” və Almaniyanın “Siemens” şirkətlərinin  Bakı nümayəndəliklərinin mütəxəssisləri cəlb edilirlər. Bir müddət öncə ABB, Siemens, Şneyder Elektrik, Tyco kimi elektrik avadanlıqlarının istehsalı üzrə dünyanın qabaqcıl  istehsalçı şirkətlərinin ən son texnologiyaları ilə təchiz olunmuş Tədris Mərkəzinin açılışı  olmuşdur ki, yüksək təminatlı tədris üçün baza olan bu Mərkəzin imkanlarından Səhmdar Cəmiyyətin əməkdaşları ilə yanaşı, respublikanın elektroenergetika sahəsində çalışan bütün mütəxəssisləri yararlana bilər.

Bundan əlavə, ali  və orta ixtisaslı kadrların hazırlanması, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi, elektroenergetika sahəsində beynəlxalq standartların tətbiqi məqsədilə Azərbaycan Dövlət Neft Akademiyası və texniki ixtisaslı mütəxəssislər yetişdirən digər tədris müəssisələri ilə işgüzar əməkdaşlıq əlaqələri qurulmuşdur. Bunların sırasında təqdirəlayiq yeri Azərbaycan Dövlət Neft Akademiyasının müvafiq kafedraları, xüsusən də “Elektrik şəbəkələri və sistemləri” kafedrası ilə yaradılmış işgüzar münasibətlər tutur. Tələbələrin tədris şəraitini yaxşılaşdırmaq, nəzəri biliklərə və praktik vərdişlərə müasir avadanlıqlardan istifadə etməklə yiyələnməsini təmin etmək üçün Səhmdar Cəmiyyət tərəfindən kafedranın maddi-texniki bazası möhkəmləndirilmiş, laboratoriyaları, mühazirə zalı, tədris otaqları 2010-cu ilin İnvestisiya Proqramına əsasən təmir edilərək müasir elektrik avadanlıqları ilə təchiz edilmişdir. Həmçinin, adıkeçən kafedranın tələbələri şəbəkədə  fəaliyyət göstərən dünya standartlarına cavab verən, ən müasir yarımstansiyalarda  müəllimlərin və mütəxəssislərin himayəsi altında  praktiki əməliyyat vərdişlərinə yiyələnir, nəzəri biliklərini təcrübədə tətbiq etməklə böyük bir  həyat məktəbi keçirlər.

Elektroenergetika sahəsində  dünyanın  aparıcı dövlətlərinin və  şirkətlərinin təcrübəsini öyrənmək, əməkdaşlıq etmək və bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsini təmin etmək məqsədi ilə xarici ölkələrdə keçirilən  müxtəlif treyninqlərə mütəmadi olaraq Səhmdar Cəmiyyət tərəfindən perspektivli əməkdaşlar  göndərilir.

Bildiyimiz kimi insan amili iqtisadiyyatın bütün sahələrində olduğu kimi elektroenergetika sahəsində də aparılan islahatların mərkəzində durur. Məhz bu səbəbdən əməkdaşların iş şəraitinin yaxşılaşdırılması Səhmdar Cəmiyyətin fəaliyyəti dövründə  rəhbərliyin daim diqqət mərkəzində olmuş və bu istiqamətdə  tədbirlər ardıcıl olaraq davam etdirilməkdədir.

Belə ki, əvvəllər ərazilərdə  yalnız iki inzibati binası olan şəbəkədə, bu gün Səbail, Yasamal, Binəqədi, Nəsimi, Nizami və Nərimanov, Xəzər, Sabunçu, Qaradağ rayonlarının Enerji Təchizatı və Satışı İdarələri üçün yeni inzibati binalar, habelə Zirə, Binə, Keşlə, Zabrat, Buzovna və Pirallahı qəsəbələrində xidmət məntəqələri inşa edilmişdir. “Bakıelektrikşəbəkə” ASC-nin mərkəzi  idarəetmə aparatı şəhərin memarlıq üslubuna uyğun inşa edilmiş və mərkəzi elektron idarəetmə sistemi ilə təchiz olunmuş yeni binaya köçürülmüşdür. 117 saylı yarımstansiyanın yenidənqurulması nəticəsində ərazidə 5 mərtəbəli yüksək şəraitli inzibati bina tikilərək işçilərin istifadəsinə verilmişdir.

Bununla yanaşı, ötən dövr ərzində ehtiyat hissələrinin və mal-materialların saxlanması üçün müasir tipli anbar, habelə elektrik sayğaclarının test və təmiri üçün ən mütərəqqi texnologiyalarla təchiz edilmiş bina inşa edilmiş, maşın və mexanizmlər yeniləri ilə əvəz olunmuşdur.

Bağlanmış Kollektiv Müqavilənin tələblərinə uyğun olaraq Səhmdar Cəmiyyət üzrə kompleks sosial proqramlar həyata keçirilir ki, həmin proqramlara əsasən əməkdaşların sosial məsələlərinin həll olunması məqsədi ilə daimi fəaliyyət göstərən Sosial Komissiya yaradılmışdır. Komissiyada əməkdaşların qarşılaşdığı sosial xarakterli məsələlərə baxılır, yeni ailə quranlara və ehtiyacı olan əməkdaşlara maddi yardımlar göstərilir, bayram, yubiley tədbirləri təşkil edilir, habelə ailə üzvlərini itirmiş əməkdaşlara maddi köməklik göstərilir. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün maddi yardım göstərilməsindən ötrü rəhbərlik və həmkarlar ittifaqı komitəsi qarşısında məsələlər qaldırılır, müharibə və əmək veteranlarının mükafatlandırılması ilə əlaqədar tədbirlər həyata keçirilir. Yay mövsümündə işdə fərqlənmiş əməkdaşların istirahətlərinin daha səmərəli təminatı üçün  respublikanın səfalı güşələrinə səyahətlər  təşkil olunur, müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Səhmdar Cəmiyyətdə əməkdaşlar üçün günün tələbləri səviyyəsində ictimai-iaşə xidməti təşkil olunmuş və işçilərin maddi cəhətdən dəstəklənməsi məqsədi ilə bu xidmət üzrə ödənişlərdə 50% güzəşt tətbiq edilir.

O cümlədən, may ayında ölkədə keçirilən mötəbər musiqi yarışması müsabiqəsinin ərazisini elektrik enerjisi ilə təmin etmək üçün 35/6 kV-luq 2x25 MVA gücündə “Bayraq Meydanı” yarımstansiyası inşa edilmiş, “Yeni Bayıl” , “İçəri Şəhər” və “Bayraq Meydanı”, həmçinin “Dağüstü Park” və “İçəri Şəhər” yarımstansiyaları arasında 35 kV-luq kabel xətləri çəkilmişdir. Müsabiqənin keçirilməsi ilə bağlı Milli Parkın ərazisində, şəhərin mərkəzi hissəsində inşa edilən otel, ofis, ticarət və  digər təyinatlı obyektlərin elektrik təchizatının yüksək səviyyədə təminatının yeni inşa edilmiş “İçəri Şəhər” və “Liman” yarımstansiyaları vasitəsilə həyata keçirilmişdir. Bundan əlavə, müsabiqə  ilə əlaqədar  yaxın ərazidə yerləşən obyektlərin elektrik təchizatının yaxşılaşdırılması üçün əlavə 10 kV-luq kabellərin quraşdırılması, Milli Parkın ərazisində və “İçəri Şəhər” Dövlət Qoruğunun ərazisində yerləşən Transformator Məntəqəsinin yenidən qurulması həyata keçirilmiş,  35/6 kV-luq 117 saylı, 20/6 kV-luq 102 saylı yarımstansiyalarda yenidənqurma işləri aparılmışdır.

Şıx yaşayış sahəsində dəniz sahili  boyu yerləşən otel və istirahət mərkəzlərinin elektrik təchizatının təminatı üçün 35/6 kV-luq 2x25 MVA gücündə 2 ədəd yarımstansiyaların tikintisi, 20-ci yaşayış sahəsində mövcud 20 kV-luq 107, 108, 109, 118 saylı yarımstansiyaların yenidən qurulması işləri davam etdirilir.

Bundan əlavə şəhərin müxtəlif yerlərində yerləşən digər güc mərkəzlərinin, 110 kV-luq MKZ, 35 kV-luq 96, 97, 207 saylı yarımstansiyaların və  bu yarımstansiyalar  arasında elektrik verilişi xətlərinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Bütün bu qeyd olunanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət və qayğısı nəticəsində  dövlət  müstəqilliyimizin son 5 ilində Bakı şəhəri üzrə paylayıcı elektrik şəbəkələrinin  beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində “Bakıelektrikşəbəkə”ASC tərəfindən həyata keçirilən işlərin miqyası barədə ümumi təsəvvürü əks etdirir  ki, bu tədbirlərin   davam etdirilməsi istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında çox mühüm dövlət təminatıdır.

 

 

Tanrıverdi  MUSTAFAYEV,

“Bakıelektrikşəbəkə”

ASC-nin Mətbuat xidmətinin  rəhbəri

 

Xalq qəzeti.- 2012.- 29 dekabr.- S. 5.