KİV-ə
dövlət dəstəyi medianın cəmiyyətdə mövqeyini daha da möhkəmləndirir
Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il ərəfəsində
jurnalistlərin böyük bir dəstəsinin fərdi
yaradıcılıq müsabiqələrinin qalibləri və
iştirakçıları olaraq pul mükafatları
almaları, bu münasibətlə təntənəli mərasim
keçirilməsi media ictimaiyyətində böyük məmnunluq,
mənəvi-siyasi ruh yüksəkliyi yaratmışdır. Bu
dəfə 101 jurnalistin bayram günlərində şəxsi
büdcəsinə əlavə vəsait daxil olmuşdur.
Başlanğıcını
2009-cu ilin elə bu günlərindən
götürmüş yeni ənənə -
yaradıcılıq uğurları ilə seçilən qələm
sahiblərinin Yeni il, Novruz bayramı və Milli mətbuat
günlərində maddi cəhətdən həvəsləndirilməsi
jurnalistlərin fədakar əməyinə dövlətin
qayğı və diqqəti kimi bütün cəmiyyətdə
geniş əks-səda doğurur, minnətdarlıq
duyğuları ilə yanaşı, media aləminə yeni
yaradıcılıq ab-havası da gətirir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkədə
kütləvi informasiya vasitələrinin problemlərinin həll
edilməsi, azad medianın ahəngdar inkişafının təmin
edilməsi ilə bağlı həyata keçirdiyi
ardıcıl tədbirlər silsiləsində KİV-yə
dövlət dəstəyi konsepsiyasının qəbul
olunması ölkədə demokratik jurnalistikanın
mövqeyini xeyli möhkəmləndirmiş, yazarların vətəndaş
cəmiyyəti quruculuğuna töhfəsini artırmağa əlavə
stimul yaratmışdır. Konsepsiyaya uyğun olaraq fəaliyyətə
başlamış Azərbaycan Respublikası Prezidenti
Yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)
dördüncü ildir ki, həyata keçirdiyi müxtəlif
tədbirlərlə jurnalistlərin maddi vəziyyətinin
yaxşılaşmasına, redaksiyaların maliyyə problemlərinin
həllinə hissediləcək kömək göstərir.
Hər
il Milli Mətbuat Günü münasibətilə jurnalistlərə,
aparıcı qəzet-jurnal və
agentlik redaksiyalarına ölkə rəhbərinin təbrikinə
birdəfəlik pul mükafatları da əlavə olunur.
KİV-yə dövlət dəstəyi konsepsiyasiyasına və
KİVDF-nin əsasnaməsinə uyğun olaraq, yuxarıda
deyildiyi kimi, ildə 3 dəfə 15 mövzu istiqaməti
üzrə fərdi jurnalist yaradıcılığı
müsabiqələri keçirilir. Qaliblərin hər birinə
1000 manat pul mükafatı verilir. Fondun təşəbbüsü
ilə Bakı rayonlarının icra hakimiyyətləri ilə
birlikdə keçirilən yaradıcılıq müsabiqələrinin
qalibləri də müxtəlif nominasiyalar üzrə pul
mükafatları qazanırlar. Yola saldığımız ildə 119
jurnalist fondun keçirdiyi, 120
jurnalist isə rayon
icra hakimiyyətləri ilə birgə
təşkil olunan müsabiqələrin pul uduşlarına yiyələnmişlər.
Ümumiyyətlə, 4 ildə
317 yazar fondun müsabiqələrinin qalibi olmaqla, şəxsi büdcəsini
yaxşılaşdırmışdır.
Bundan əlavə, jurnalistlərin çalışdıqları kollektivlər, demokratik
mətbuatın
ağırlığını
daşıyan qəzet-jurnal
və agentlik redaksiyaları da dövlətin maliyyə dəstəyi ilə əhatə olunmuşdur. İldə 2 dəfə keçirilən müsabiqələrdə 30-dək
redaksiya kollektivi KİV-yə
dövlət dəstəyi konsepsiyasında əksini tapmış mövzuların daha
yaxşı
işıqlandırılması üçün KİVDF-nin ayırdığı iri məbləğdə pul vəsaitini
əldə etməklə maliyyə
vəziyyətini yaxşılaşdırır. Bütün bu məqsədlər
üçün cari ildə fonda ayrılan
vəsaitin məbləği artırılaraq 3,8 milyon
manata çatdırılmışdır. Ötən 4 ildə
isə mətbuatın fəaliyyətinin dəstəklənməsi üçün KİVDF-yə 10
milyon manatadək vəsait
ayrılmışdır.
Bazar şəraitində jurnalistlərin mənzil
şəraitini
yaxşılaşdırması
imkanları çox aşağı olduğuna görə dövlət
dəstəyi konsepsiyasına
uyğun olaraq, Azərbaycanın
tarixində ilk dəfə və dünyada analoqu olmayan tərzdə KİV
işçiləri üçün çoxmənzilli yaşayış binası
tikilməsi təcrübəsi həyata keçirilir. Prezident
İlham Əliyevin sərəncamı ilə
2 il əvvəl bu məqsədlə KİVDF-yə 5 milyon
manat pul
ayrılmışdır. Qısa müddətdə bina üçün əlverişli yerdə sahə ayrılmış, sürətlə işə
başlanmışdır. Gələn il istifadəyə veriləcək binadan
daha çox ehtiyacı
olan jurnalistlər mənzil alacaqlar.
Fondun çoxcəhətli fəaliyyətində milli
jurnalistikamızın
ağrılı problemlərindən
olan jurnalist peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər həyata keçirilməsi də
diqqəti cəlb edir.
Vaxtaşırı keçirilən
seminarlar, konfranslar, xarici ölkələrin
media təcrübəsinin öyrənilməsi üçün təşkil olunan
səfərlər artıq səmərəsini verməkdədir.
Göründüyü kimi,
Azərbaycan dövlətinin ölkədə kütləvi informasiya
vasitələrinin fəaliyyətinə əlverişli şərait yaradılması üçün həyata
keçirdiyi müxtəlif tədbirlər, xüsusən, maddi
dəstək tədbirləri ildən-ilə yeni məzmunla
zənginləşir, daha geniş miqyas alır.
KİVDF-nin bu yöndə səmərəli fəaliyyəti təkcə ölkəmizdə deyil,
ondan kənarlarda da yüksək dəyərləndirilir, keçmiş SSRİ
məkanında isə öncüllüyü ilə seçilir, öyrənilir.
Dekabrın
27-də növbəti
jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Əli Həsənovun
vurğuladığı
kimi, Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha təkmilləşdirilmiş formada davam edir. Bütün bunlar Prezident İlham Əliyevin KİV-yə, jurnalist əməyinə yüksək diqqət və qayğısının əyani təzahürləridir.
Ümummilli lider
Heydər Əliyevin Azərbaycan jurnalistikasının demokratik cəmiyyətdə layiqli yer tutması üçün həyata keçirdiyi tarixi
tədbirlərin davamı
olaraq KİV-ə fəal dövlət dəstəyinin gerçəkləşdirilməsi
milli jurnalistlikamızın növbəti inkişafına, söz azadlığı prinsiplərinin cəmiyyətə fayda gətirməsinə möhkəm təminat yaradır.
Xalq qəzeti.- 2012.- 29 dekabr.- S. 5.