Füzulidə görülən işlərin yüksək qiymətləndirilməsi sakinləri daha böyük uğurlara ruhlandırır

 

Füzuli rayonu öz tarixi keçmişi, saf təbiəti, ən ümdəsi, zəhmət adamları və ziyaliları ilə respublikada fərqlənir. Bu gün işğalda olan rayon hələ Böyük Vətən müharibəsi illərində nəinki öz camaatını,  hətta, digər rayonların əhalisini əkib becərdiyi   taxıl məhsulları ilə aclıqdan qurtarmışdır.

 

Tale elə gətirdi ki, Dağlıq Qarabağ hadisələri baş verdi və erməni işğalçıları bəzi rayonları, o cümlədən Füzulini işğal etdilər. 1993 - il avqustun 23-də  rayonun əksər kəndləri və Füzuli şəhəri bütünlüklə erməni faşistlərinin əlinə keçdi.  Rayonun  100 mindən  artıq əhalisi pərən-pərən olaraq 50-dən çox rayona və Bakı şəhərinə  səpələndi. 1993 - ilin payızında erməni işğalçıları Horadiz qəsəbəsini  bir neçə Arazboyu kəndlərimizi  tutmağa nail oldular.

O vaxt hakimiyyətdə olan ulu öndərimiz Heydər Əliyev yenicə formalaşdırdığı ordumuzun köməyi ilə Horadiz qəsəbəsi başda olmaqla 22 kəndi erməni faşistlərindən azad etdi. Ölkə o vaxt qüdrətli, basılmaz olur ki, xalqı arxasınca apara bilən lider olsun. Təşkilatçılıq, idarəçilik səriştəsi olmadan hər hansı müvəffəqiyyətə, irəliləyişə nail olmaq mümkün deyil. Heydər Əliyev məhz bu qəbildən olan liderlərdən idi. Bilavasitə onun təşkilatçılığı nəticəsində yüz minlərlə məcburi köçkün və qaçqın kimi füzulililər də ağır və çətin günlərdə  sınmadılar, gələcəyə nikbinliklə baxa bildilər. Xalq öz liderinə inandı və  Füzulinin qəsəbə və kəndlərində get - gedə həyat öz axarına düşməyə başladı. Ancaq bu proseslər  o dövrün şəraitinə uyğun olaraq ləng gedirdi.

2003 - cü ilin oktyabrında prezident seçkilərində Heydər  Əliyev  siyasi kursunun ən layiqli davamçısı cənab  İlham  Əliyev Prezident seçildikdən sonra ölkədə yeni ab - hava yaranmağa  başladı. Güclü enerjiyə, yüksək biliyə, idarəetmə bacarığına malik olan İlham Əliyev  iqtisadiyyatın  qaldırılmasına və ölkənin xarici siyasət kursunun uğurla inkişaf etməsinə öz töhfəsini verməyə başladı. Ölkəmizin bütün regionlarının inkişafını daim  pioritet sahə kimi  gündəlikdə saxlayan Prezident sərhəd və döyüş bölgəsi rayonlarının inkişafına, o cümlədən Füzuli rayonunun inkişaf etməsinə xüsusi diqqət yetirir. Bu, Horadiz qəsəbəsinə şəhər statusunun verilməsi və rayonumuzun kəndlərinə qaz çəkilməsində özünü daha aydın  göstərdi. Prezidentin verdiyi bu tarixi sərəncamlar bizləri sevindirməyə bilməzdi.

2011 - ci ilin fevralında Prezidentin sərəncamı ilə  Füzuli rayonuna yeni icra hakimiyyəti başçısının təyin olunması burada böyük bir inkişafın təməlini qoydu. Əslən Füzulidən olan, eyni zamanda rayonumuzun çox müxtəlif sahələrində çalışmış  Alı  Alıyev bu bölgənin bütün problemlərini və dərd-sərini yaxşı bildiyinə görə  dövlətin qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirməyi bacarır. Az bir müddət ərzində rayonda sürətli quruculuq və abadlıq işləri görülməyə başlandı. Kadrların seçilib -yerləşdirilməsində obyektivlik təmin edildi. Onun rayona rəhbər təyin olunması dövlət başçımızın uğurlu kadr siyasətinin bariz nümunəsidir.

Həmin təyinatdan bir neçə gün sonra qəsəbə və kənd yollarının təmiri və çəkilişinə başlandı. Yol kənarında və Horadiz şəhərində yaşıllıqların salınmasına start verildi. Mübaliğəsiz demək istəyirəm ki, adam  il yarım müddətində Horadiz şəhərinin simasının tanınmaz dərəcədə dəyişməsinə inana bilmir. Şəhərdə az bir müddət ərzində Heydər Əliyev Mərkəzi, Gənclər evi, YAP-ın inzibati binası, Şahmat məktəbi, 240 şagird  yerlik orta məktəb binası, böyük tutumlu soyuducu anbar, su elektirik stansiyası tikilib istifadəyə verildi. Dəmiryol vağzalının əsaslı təmiri və başqa obyektlərin yenidən qurulması  başa çatdırıldı. Bütün bu  işlər torpağına, vətəninə bağlı bir rəhbər işçinin yuxusuz gecələrinin bəhrəsi və ölkə Prezidenti qarşısında götürdüyü öhdəliyin real təzahürü hesab edilməlidir.

Nəhayət, füzulililərin gözlədiyi gün gəlib çatdı. 2012- ci il dekabrın 15-də ölkə Prezidenti Füzuli rayonuna tarixi səfər etdi. Yuxarıda sadaladığımız obyektlərin açılışında iştirak edən Prezident İlham  Əliyev qısa zaman ərzində rayonda bu qədər ürəkaçan işlərin görülməsindən məmnun oldu. Bu mənzərəni televiziyada nəinki təkcə Füzuli ictimayyəti, eləcə də bütün respublikanın əhalisi maraqla izlədi.  Prezidentin  bizim rayonda olarkən etdiyi tarixi çıxış isə  füzulililəri öz torpağına daha çox bağlanmağa və yaxşı işləməyə ruhlandırırdı.

Füzuli ictimaiyyətinin qarşısında möhtəşəm çıxış edən dövlət başçımız  rayonun iqtisadiyyatının daha da yaxşılaşdırılması üçün  səfər başa çatandan sonra daha möhtəşəm bir addım atdı. Cənab Prezident bu məqsədlə  öz ehtiyat fondundan 2 milyon manat vəsait ayrılması  barədə sərəncam imzaladı və bu qərar rayonda hamının ürəyincə oldu. Füzuli rayonu ictimaiyyətinin fikrincə, bu qayğının göstərilməsi bir daha ölkə prezidentinin görülən işlərə və füzulililərə verdiyi qiymətin  göstəricisidir.

Qarşıdan yeni— 2013 - il gəlir. Arzu edirik ki, yeni ildə Azərbaycanın bütün bölgələri kimi  bizim Füzulimiz əsl tikinti- quruculuq meydançasına çevirilsin həmişə bir rəhbər kimi ölkənin tərəqqisini təmin edən cənab Prezidenti yenə öz doğma rayonumuzda salamlayaq. İnanırıq ki, daim yaradıcılıq axtarışında olan, rayonun günü - gündən gözəlləşməsinə çalışan icra başçısı Alı Alıyev   Füzuli camaatı təzə ildə daha  böyük uğurlara imza atacaqlar. Azərbaycanın gündən-günə artan qüdrətinə nüfuzuna töhfələr verən hər kəsin göstərdiyi xidmət dövlətin qayğısına cavab kimi qiymətləndirilməlidir. Füzuli rayonu ictimaiyyətinin həmin cavabı isə məhz dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi.

 

 

Ehtiram SƏFƏROV,

Füzuli rayon  56 saylı  tam

orta məktəbin direktoru,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 30 dekabr.- S. 9.