Azərbaycan
dünyanın ən sabit və ən təhlükəsiz
ölkələrindən biridir
Xaricdəki erməni lobbisi ilə
sıx əməkdaşlıq edən anti-Azərbaycan dairələrinin cəhdləri həmişəki
kimi iflasa məhkumdur
Qlobal güc mərkəzləri
arasında yenidən tarazlaşma prosesinin çox ağrılı
keçdiyi, maliyyə böhranı ilə üzləşən
aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul
paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin
qarşısını ala bildiyi bir dövrdə 21 illik
müstəqillik tarixinə malik olan Azərbaycanın qeyri-adi
iqtisadi, siyasi uğurlar qazanması, əsaslı nailiyyətlərə
imza atması Qərb ölkələrində erməni lobbisi
ilə sıx əməkdaşlıq edən bəzi anti-Azərbaycan
dairələri tərəfindən böyük
qısqanclıqla qarşılanır.
Ölkəmizin mədəniyyətlərarası
inteqrasiya və dialoq
problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir məkana
çevrilməsi, həmin tədbirlər zamanı heç bir fors-major hallarının baş
verməməsi və ya baş
verə biləcək istənilən təxribat
halların qarşısının vaxtında alınması islamafobiya xəstəliyinə düçar
olan dairələrin
qısqanclığını daha da artırır və bu,
müxtəlif formalarda özünü
büruzə verir. Guya,
Azərbaycanın Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli,
riskli ölkələr siyahısında olduğuna dair “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadla yaydığı əsassız məlumatı
da bu qəbildən hesab etmək olar.
Məsələ
barədə fikirlərimizi bildirəcəyik, ancaq bu məqamda
qeyd etmək yerinə düşər ki, Azərbaycana və əslində,
reallığa, həqiqətə qarşı olan həmin
qüvvələr daim ölkəmizin imicinə zərbə
vuran müxtəlif uydurmalar, təxribatçı
materiallar yayaraq, o cümlədən insan haqları, mətbuat,
söz azadlığı sahəsindəki vəziyyəti təhrif
edərək respublikamızı dünyada qeyri-demokratik,
qeyri-sabit və təhlükəli dövlət kimi təqdim
etməyə cəhd göstərirlər. Bunu əsaslı
faktlar da təsdiq edir. Xatırlayırsınızsa, Azərbaycanda dünya miqyaslı mədəniyyət
tədbiri olan “Eurovision-2012” musiqi müsabiqəsi keçirilməmişdən
əvvəl Qərb ölkələrinin bəzi mətbuat
orqanlarında ölkəmizə qarşı əsassız təbliğat
kampaniyasına start verilmişdi.
Almaniyanın
“Deutsche Presse Agentur” informasiya agentliyində, “Die Welt” qəzeti və digər
media quruluşlarında müxtəlif vaxtlarda yayılan məqsədli
dezinformasiyalarda Azərbaycanın
mahnı müsabiqəsini keçirməyə layiq demokratik
ölkə olmadığı barədə ictimai rəy
formalaşdırılmağa çalışılır,
buna paralel olaraq, Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar
üzrə məruzəçisi Kristofer Ştrasser Azərbaycanda
“Eurovision”u boykot çağırışı ilə
bağlı çıxış edirdi. Almaniya
Bundestaqında təmsil olunan “Yaşıllar”
fraksiyası və Almaniyanın insan haqları üzrə
müvəkkili Markus Löninq Azərbaycana qarşı
ittihamlar səsləndirir, əsassız
olaraq insan haqlarının pozulduğunu iddia edirdi. Bir çox
alman siyasi ekspertlərinin də qeyd etdiyi kimi, bütün
bunlar Azərbaycana qərəzli yanaşmadan irəli gəlirdi
və bu münasibətin formalaşmasında erməni
lobbisinin fəaliyyətinin izləri özünü
açıq-aşkar hiss etdirirdi.
Dost
Almaniyadan və bəzi Qərb ölkələrindən
ünvanımıza səslənən fikirlərə
baxmayaraq, Azərbaycan “Eurovision - 2012” mahnı müsabiqəsini
yüksək səviyyədə təhlükəsiz, beynəlxalq
standartlara cavab verən formada keçirdi, bütün
dünyaya inkişaf etmiş, qabaqcıl dövlət
olduğunu bir daha nümayiş etdirdi. Erməni lobbisi ilə həmrəy
olan anti-Azərbaycan dairələrinin bu cəhdləri
heç bir nəticə vermədi və verə də bilməzdi.
“Eurovision - 2012” musiqi müsabiqəsini
izləmək üçün
Azərbaycana gələn çoxsaylı xarici turist,
qonaqlar öz gözləri ilə gördülər ki, bizim cəmiyyətimiz
tolerantdır, Azərbaycanda siyasi plüralizm tam təmin olunub,
respublikada insan hüquqları, vətəndaş cəmiyyəti
normaları, təhlükəsizlik şəraiti Avropa ölkələrinin
heç birindən geri qalmır. Onlar Azərbaycanın
gözəl mədəniyyətinə, xalqımızın
qonaqpərvərliyinə, yüksək milli-mənəvi dəyərlərinə
heyran qaldılar, anti-Azərbaycan qüvvələrin təxribatçı
əməllərini dəfələrlə lənətlədilər.
Dünyaya
səs salan, böyük rəğbətlə
qarşılanan digər beynəlxalq səviyyəli tədbirlər
— bu il oktyabrın 4-də Heydər Əliyev Mərkəzində
İkinci Bakı Beynəlxalq Humanitar Forumu və Birləşmiş
Millətlər Təşkilatı ilə Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə noyabrın
6-9-da Bakıda keçirilmiş VII İnternet İdarəçiliyi
Forumu da ölkəmizin beynəlxalq aləmdəki imicinə
çox müsbət təsir göstərdi. Təkcə Beynəlxalq
Humanitar Forumda Litva, Bolqarıstan, Rumıniya, Xorvatiya,
Qırğızıstan, Estoniya və Latviyanın
keçmiş prezidentlərinin (Bolqarıstanın 3,
Latviyanın isə 2 sabiq prezidenti iştirak edirdi), 11 nəfər
Nobel mükafatçısının, 4 beynəlxalq təşkilat
rəhbərinin və ölkəmizdə akkreditə
olunmuş bütün səfirliklərin rəhbər və
ya təmsilçisinin iştirak etməsi də ölkəmizin
dünyadakı nüfuzundan, onun sivilizasiyalararası dialoqa
verdiyi misilsiz töhfələrə böyük inamdan irəli
gəlirdi.
İnternet
idarəçiliyi forumunun Bakıda keçirilməsi isə
Azərbaycanın qlobal internet şəbəkəsinin idarə
edilməsi və gələcək inkişafı perspektivlərinin
müəyyən edilməsi məsələlərində
rolunun artdığını, ölkəmizdə digər
hüquq və azadlıqlar kimi, internet
azadlığının da yüksək səviyyədə təmin
olunduğunu göstərən amildir. Həmin mötəbər
tədbirlərdə Azərbaycan dünyaya müstəqillik
illərində əldə etdiyi uğurları, o cümlədən
müasir, demokratik cəmiyyət
quruculuğunu, güclü iqtisadi potensialını təqdim
edə bildi, qlobal problemlərin müzakirə edildiyi məkana
çevrildiyini təsdiq etdi.
Təsadüfi
deyil ki, ölkəmizin beynəlxalq tədbirlərin, idman
yarışlarının keçirilməsində
böyük təcrübəyə malik olduğunu görən
Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya
Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərar qəbul etmişdir. Bu, hər bir azərbaycanlının
qəlbində sonsuz iftixar hissi yaratmış, cəmiyyətdə
hədsiz sevincə səbəb olmuşdır. Bu il
dekabrın 10-da bu münasibətlə xalqımızı təbrik
edən Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq
Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarı böyük tarixi hadisə, ölkəmizin
növbəti möhtəşəm uğuru kimi qiymətləndirmişdir.
Məhz
belə bir məqamda “Reuters” agentliyinin ABŞ Dövlət
Departamentinə istinadla Azərbaycanın Əfqanıstan,
Sudan, Liviya kimi təhlükəli, riskli ölkələr
siyahısında olduğuna dair
əsassız məlumatlar yayması gözlənilən
idi. Çünki bu, əslində, Azərbaycanın qeyri-adi
sürətlə yüksəlişini, beynəlxalq aləmdəki
nüfuzunun sürətlə artmasını həzm edə
bilməyən erməni lobbisinin, anti-Azərbaycan dairələrinin
biabırcasına verdikləri
“cavab reaksiyası” idi.
Onlar yaxşı bilirlər ki,
Azərbaycan bu cür tədbirləri yüksək səviyyədə
keçirməyə, yüzlərlə avropalı turisti qəbul
etməyə, bununla bütün dünyanın diqqətini
öz üzərinə çəkməyə tam qadirdir və
əgər belə olarsa, ölkəmizin imici daha da möhkəmlənəcək,
mövqeləri daha da güclənəcəkdir. Həmin qüvvələr ötən
illərdə İslam dünyasının mədəniyyət
paytaxtı elan edilən Bakı şəhərinin
Avropanın da mədəniyyət, idman paytaxtı
olacağını hiss etdikcə dəhşətə gəlir,
sərsəmləyir və gedən proseslər
qarşısında acizliklərini nümayiş etdirərək
şər, böhtan yağdırır, dezinformasiya
yayırlar.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin
müavini, Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov Newtimes.az saytına müsahibəsində
bu barədə danışaraq haqlı olaraq demişdir: “Azərbaycan
dəfələrlə sübut etdi ki, o, ən böyük tədbirləri
belə keçirə bilir. Siyasi əməkdaşlığa,
enerji təhlükəsizliyinə, iqtisadi inteqrasiyaya, dinlərarası
dialoqa, idmana həsr edilmiş bu tədbirlər Cənubi
Qafqazda yalnız Azərbaycanda uğurla təşkil edilib. Bu
işləri regiondakı xristian ölkələrindən biri
həyata keçirsəydi, Qərb mediasının
reaksiyası necə olardı? Bəlkə də həmin
dövləti qlobal arenada nümunə göstərərdilər.
Ancaq Azərbaycanın bu cür fəallığına,
müasir tələblər səviyyəsində tədbirlər
keçirməsinə süni oyunlarla cavab verirlər. Amma bu,
münasibət düzgün deyil. O heç bir
ölçüyə, çərçivəyə
sığmır”.
Əgər
dünyanın təhlükəli və riskli ölkələri reallığa əsaslanılaraq
müəyyən edilsəydi, onda ABŞ-dakı vəziyyətin
daha acınacaqlı olduğu ortaya çıxardı. Məsələn,
ötən günlərdə Amerikada 20 yaşlı Adam Lanza
Nyutaun şəhərindəki orta məktəblərdən
birinə silahla hücum edərək 27 nəfəri
öldürüb. Ölənlərin əksəriyyəti
5-10 yaş arasında olan uşaqlar idi. Adam Lanza cinayəti
törətməzdən əvvəl evdə anasını da
öldürüb. ABŞ-ın Konnektikut ştatındakı
faciəyə görə dekabrın 18-dək ölkədə
matəm günü elan edilib. Azərbaycan da daxil olmaqla
dünya ölkələri ABŞ Prezidentinə və Amerika
xalqına başsağlığı verib. Vaşinqtonda isə
yüzlərlə etirazçı nümayişə
çıxaraq silah gəzdirməyə nəzarətin
gücləndirilməsini tələb ediblər. Bundan sonra yenə
ABŞ-da 62 yaşlı kişi həbsxanadan müvəqqəti
icazə alır və evini yandırır. Üstəlik,
bacısını alovlar içində qoyur. Yardıma gələn
yanğınsöndürənlərdən ikisini isə
güllələyir. Amerikada bu cür hadisələr yüzlərlə
deyil, minlərlədir.
Digər
bir fakt: Nyu-York şəhərinin mərkəzindəki
elektron lövhədə şəhərdə baş verən
cinayət, təcavüz hadisələri ilə bağlı
statistik məlumatları əks etdirən və daim yenilənən
siyahı var. Bu siyahıdakı rəqəmlər hər dəqiqə
deyil, hər saniyə dəyişir.
Amerikanın böyük şəhərlərində,
xüsusən, oğurluq, qarət və təcavüz
faktlarının hər
keçən gün artdığını ölkənin
hüquq-mühafizə orqanları da təsdiq edirlər. Bunlara nə ad vermək olar? Görəsən,
biz bu faktlara əsaslanaraq, ABŞ-ın dünyanın ən təhlükəli
ölkələrinin siyahısında birinci yerdə
olduğunu iddia edə bilərikmi?
Milli
QHT Forumunun prezidenti Rauf Zeyninin fikrincə, bu gün Avropa
ölkələrində də vəziyyət yaxşı
deyil. Breyvikin törətdiyi faciənin xatırlamaq kifayətdir
ki, qitədə vəziyyətin nə dərəcədə
gərgin olduğunu anlayaq.
2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda bomba
partlayışı və hakimiyyətdəki Əmək
Partiyasının Ütöya adasında təşkil etdiyi gənclər
düşərgəsinin iştirakçılarına
qarşı həyata keçirdiyi silahlı hücum nəticəsində
Breyvik 77 nəfəri öldürmüş və 97 nəfəri
yaralamışdır. O, cinayətləri etiraf edib, ancaq hələ
də özünü təqsirkar hesab etmir.
Xristianlığın lüteran cərəyanına etiqad edən
bu cani, məgər Avropa cəmiyyətində yetişməyib?
Bəs Fransada baş verənləri necə dəyərləndirmək
olar? Almaniyada azlıqlara — müsəlmanlara, türklərə,
ərəblərə qarşı neofaşistlər dəfələrlə
cinayətlər törədiblər, onların ailə
üzvlərini yandırıblar.
Bu, Qərbdəki islamafobiyanın təhlükəli həddə
çatdığını göstərən faktlar
deyilmi? Belə olan halda necə
iddia edə bilərik ki, həmin
ölkələr sabit və təhlükəsizdir?
Əfsuslar
olsun ki, Qərbdə islamofobiya xəstəliyinə
düçar olmuş qurumların, dairələrin
sayı getdikcə artır.
Onların sayının artması bəzi ölkələrdə
keçirilmiş seçkilərdə də özünü
əyani şəkildə göstərir. Yəni seçkilərin
nəticələrinə baxmaq kifayətdir ki, islamofobiya
qüvvələrinin reytinqinin artmasını görmək
mümkün olsun. Gənc, dinamik inkişaf edən, heç
kimdən asılı olmayan, müstəqil siyasət aparan,
müasir müsəlman ölkəsi Azərbaycan onlar
üçün problemə çevrilib, yəni onların
stereotiplərinə sığmır. Onların stereotipləri
dünyada müsəlmanları geridə qalmış millət,
xalq kimi göstərməkdir. Hətta İslam müqəddəslərinin
təhqiri, bizə qarşı təxribat xarakterli addımların
məqsədi məhz ondan ibarətdir ki, savadsız kütləni
hərəkətə gətirsin və ondan sonra kütləvi
informasiya vasitələri hesabına onların timsalında
dünyaya göstərsin ki, bax, müsəlmanlar belədirlər.
Biz isə mübarizəni sivil yollarla aparırıq və
sübut etməliyik və edəcəyik ki, müsəlman aləmində
inkişaf var, müasirlik var, mərhəmət var,
dözümlülük var.
Konstitusiya
Araşdırmaları Mərkəzinin prezidenti Əliməmməd
Nuriyev bu məsələyə başqa prizmadan yanaşaraq
qeyd edir ki, bəzi dövlətlər nəyisə diqtə
etməyə öyrəşiblər. Onlar bu təfəkkürlə
yaşayırlar. Görəndə ki, özünün, necə
deyərlər, ləyaqətini həmişə saxlayan,
heç kimin qarşısında baş əyməyən,
müstəqil siyasət aparan ölkə var, bu, onları təəccübləndirir.
Bu mərkəzlərdən həmin ölkəyə
qarşı hücumlar, təzyiqlər başlayır. Bizim
ölkəyə gəlincə, bunlar üç mərkəz
olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik,
öz doğru bildiyimizi edəcəyik. Çünki bizim
ölkəmizin güclü potensialı, Prezident İlham Əliyev
kimi xalqdan güc alan qüdrətli lideri vardır.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyası rəhbərinin
müavini, Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədovun qeyd etdiyi kimi, Azərbaycan daim
uğur qazanacaqdır, çünki haqlıdır, ədalətlidir.
Dünyada sülhə, əməkdaşlığa və
dialoqa xidmət edən addımlar atır. Müstəqilliyin
ilk illərindən seçdiyi uğurlu inkişaf yolunu davam
etdirir. ABŞ Dövlət Departamentinə istinadla yayılan
informasiyalar isə bir daha belə təəssürat
yaradır ki, özünü Azərbaycanın dostu kimi təqdim
edən Amerikanın xarici siyasəti koordinasiya olunmur, müxtəlif
daxili qüvvələr, lobbi qrupları öz maraqlarına
uyğun istədiklərini edirlər.
Rauf Kəngərli
Xalq qəzeti.- 2012.- 30 dekabr.- S. 7.