“Mərhəmət elçisi” jurnalı növbəti layihəsinə yekun vurdu

 

“Mərhəmət elçisi”  beynəlxalq ictimai-siyasi-analitik  jurnalı ölkə həyatının müxtəlif sahələrini əhatə edən bir sıra layihələr reallaşdırmışdır. Təhsil, elm, ekologiya, cəmiyyət, mətbuat və bu kimi digər sahələri əhatə edən layihələrdə mövcud vəziyyət müzakirə olunur, problemlər və onlardan  çıxış yolları araşdırılır.

 

Növbəti layihə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın genişmiqyaslı humanitar fəaliyyətinə həsr olunan   “Milli-mənəvi dəyərlərə dəstək” adlanırdı.Həmin layihədə respublikamızın tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, millət vəkilləri fəal iştirak etmişlər. Bir neçə ay davam edən müzakirələrdən  sonra  Bakıdakı Atatürk Mərkəzində layihənin yekununa həsr olunmuş “Dəyirmi masa” keçirildi.

Baş redaktor, eyni zamanda, layihənin rəhbəri Şakir Əhmədli qeyd etdi ki,  “Mərhəmət elçisi” jurnalı  əsasən Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxsaylı humanitar  layihələrin daha geniş auditoriyada təbliğ olunmasına xidmət edir. Həmin sahələrdən biri də bu gün müzakirə olunan milli-mənəvi dəyərlər məsələsidir.  Bu məsələ həm dövlət siyasətimizin, həm də Heydər Əliyev Fondunun daha çox diqqət ayırdığı istiqamətlərindəndir.  Təbii ki, dövlət də, Heydər Əliyev Fondu da, qeyri-hökumət təşkilatları da istənilən layihənin reallaşdırılması zamanı alimlərin gücündən və mətbuatın dəstəyindən bəhrələnir. Ona görə də biz redaksiya  heyəti üzvlərinin qərarı ilə  növbəti layihəmizin reallaşmasında fəal iştirak edən bir neçə alimi və mətbuat təmsilçisini xüsusi diplomlara layiq görmüşük.

 “Dəyirmi masa”da Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini, iqtisad elmləri doktoru, professor Əli Həsənov,   Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov, Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Nəriman Məmmədov,  professorlar Buludxan Xəlilov və Nurəddin Həsənov və başqa natiqlər çıxış edərək gündəlikdəki məsələnin bugünkü Azərbaycan üçün kəsb etdiyi əhəmiyyətdən söz açdılar. Sonra keçirilən rəy sorğularının nəticələrinə əsasən  bir sıra alim və mətbuat təmsilçisi müxtəlif diplomlara layiq görüldülər.

Jurnalın  “Qızıl ürək” illik baş mükafatı professor Əli Həsənova, “Elm fədaisi”  mükafatı  professor Qurban Bayramova təqdim olundu.  Buludxan Xəlilov,   Zərəngiz Qayalı, İbrahim Nizamioğlu, İttifaq Mirzəbəyli,Tofiq Osmanov, Nurəddin Həsənov, Əlövsət Qasımov, Elşad Həmidov və Tahir Cəfərov müxtəlif adlı fəxri diplomlara layiq görüldülər.

 

 

Əfsanə Bayramqızı

 

Xalq qəzeti.- 2012.- 30 dekabr.- S. 7.