Seyid Əhməd Arslan:
“Azərbaycan–Türkiyə böyük birliyini bütün türk cümhuriyyətlərinə
arzulayıram”
Bütün dünyada, adətən,
xarici ölkələrdə səfirləri
daha yaxından tanıyır və
onların fəaliyyəti diqqət mərkəzində olur. Təbii ki, Azərbaycanda
da belədir, amma
ölkəmizdəki Türkiyə səfirliyinin təhsil, mədəniyyət
və tanıtım müşavirləri ölkə ictimaiyyətinin
yetərincə tanıdığı insanlardandır. Heç şübhəsiz ki,
bu onların, eləcə də Türkiyənin
Azərbaycandakı səfirliyinin mədəniyyət və
tanıtım müşaviri Seyid Əhməd Arslanın uğurlu
fəaliyyətinin bəhrəsidir. Amma
biləndə ki, onun
Azərbaycandakı fəaliyyəti vur-tut
bir ildir, istər-istəməz
bu insanın
işgüzarlığına rəğbət və məhəbbətin
artır. Mən ilk
tanışlığımızdan da onun Azərbaycan sevdalı bir
insan olduğunu hiss etmişdim. Bunu onun bir
ildə gördüyü işlər və
əməli fəaliyyəti bir daha sübut edir. Məhz buna
görədir ki, Seyid
Əhməd Arslan bu gün Azərbaycanın ziyalı mühitində
kifayət qədər tanınan və yüksək imicə malik bir dövlət məmurudur.
Ötən bir
ildə o, həm
özünü, həm də qardaş Türkiyəni geniş
içtimaiyyətə ətraflı və yaxşı bir şəkildə tanıda bilib.
- Mən onu bu ilin yayında Şəkidə keçirilən mədəniyyət tədbirlərinin birində tanıdım. Böyük türk dünyasının mədəniyyətinə və tariximizə olan vurğunluğu diqqətimi cəlb etdi və biləndə ki, bu adam Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviridir, düzü tanışlıqdan xeyli məmun oldum. Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev söyləyir və deyir ki, mən ölkəmizdə qonaq olan çox xaricilərlə həmsöhbət olmuşam və bu sırada Azərbaycanı öz doğma vətənləri qədər sevən onlarca dostlarım var. Seyid Əhməd Arslan onlardan təkcə biri yox, bəlkə də birincilərindəndir. Əslində onunla bir balaca yaxınlaşandan sonra ilk qənaətin bu olur ki, bu insan elə bizlərdən biridir-torpağımıza, məmləkətimizə vurğunluğu və sevgisi ilə, bir də Qarabağ dərdi ilə... Azərbaycanla Türkiyə arasında mədəni-humanitar əlaqələr bu gün yüksələn xətlə inkişaf edir. Elm və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3 min nəfərə çatır. Azərbaycanlı kursantlar Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaqdadırlar. Türkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğu məhz bu cür dövlət və xalq adamlarının sayəsində mümkün olmuşdur. Mənim nəzərimdə Seyid Əhməd Arslan Türk Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” möhtəşəm kəlamını və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi “Bir millət-iki dövlət” ifadəsini müasir dövrdə əməli işə çevirən, Azərbaycan-Türkiyə münasibətlərini dərinləşdirməklə ona yeni məzmun verən, tale və ömür yolunu bu iki dövlətin böyük gələcəyinə həsr edən dəyərli bir qardaşımızdır.
Bakıdakı
Türkiyə səfirliyində onun haqqında maraqla
danışdılar. Doğrudan da, Türk
dünyasının varlılığı təkcə
yeraltı və yerüstü sərvətlərində
deyil, həm də bütün
ali, mənəvi-milli dəyərlərə
malik insanlara sahib olmağındadır. Cəsarət, istedad, təəssübkeşlik, fədakarlıq,
alicənablıq, bütövlük,
istiqanlılıq, dostluq, səmimiyyət,
torpağa, vətənə, doğulub boya-başa
çatdığı yurd yerlərinə
sonsuz məhəbbət kimi
yüksək dəyərlər bu
xalqın hər bir övladının
canında-qanındadır, ruhunda və bütün varlığındadır. Seyid Əhməd Arslan bu sırada olan öncüllərdəndir. Onun tərcümeyi-halı əməli işləridir.
O, az-az adamlardandır ki,
həm danışığı ilə, həm də istənilən
məsələdə prinsipial mövqeyi ilə diqqəti cəlb edər. Böyük türk
dünyasının tarixini dərindən
bilməyindəndir ki, həmişə
faktların dili ilə danışar,
danışdığı bütün
söhbətlərində qarşısındakını
düşündürər. O, bir ildir ki, səfirlikdə çox məsul bir vəzifədə
çalışır. Onun bu bir ildəki, daha doğrusu, bu az bir
vaxtdakı, işgüzar fəaliyyəti
gözlərimiz önündədir. Zahirən bütün
yetkin diplomatlar kimi çox sakit görünən Seyid
Əhməd daxilən olduqca qaynar, zəngin və çox
səmimi bir insandır. O, bildiyini
dəqiq bilən, mükəmməl bir həyat
yolu keçmiş
diplomatdır.
Seyid Əhməd Arslan 1967-ci ildə TürkiyəninYozqat vilayətində dünyaya göz açıb. İlk və orta təhsilini doğulduğu Sorqun şəhərində alıb. 1986-cı ildə Ankara Universitetini, 1990-cı ildə İstanbul Universitetini bitirib. Ankarada Mədəniyyət Nazirliyində məmur kimi əmək fəaliyyətinə başlayıb. 1996-2011-ci illərdə Türkiyədə, daha sonra bir sıra xarici ölkələrdə - Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı və Qazaxıstanda çalışıb. 2012-ci ilin yanvarından Azərbaycanda Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşaviri vəzifəsində çalışır. Dörd oğul atasıdır. 24 illik məmur həyatının ən əziz günlərinin Azərbaycanla bağlı olduğunu söyləyərək bildirir:
- Türkiyənin bütün dünyada tanıdılması məqsədlə fəaliyyət göstərən Baş Tanıtma Müdirliyində uzun müddət dairə rəhbəri olmuşam. Bir çox ölkələrdə çalışsam da, Azərbaycan mənim üçün çox doğma və əziz bir məmləkət olub, bu diyarı özümə doğma vətən bilmişəm. Maraqlıdır ki, mənim ilk xarici səfərim də Azərbaycana olub. 1990-cı il Azərbaycanın ən sıxıntılı illəri, həm də Sovet rejiminin son illəri idi. Qarabağdan hər gün onlarca şəhid xəbərinin gəldiyi bu günlər təkcə azərbaycanlıların yox, həm də biz türklərin ən faciəli günləri kimi xarakterik idi. Belə bir zamanda Ankaradan 75 nəfərlik heyətlə Azərbaycana gəldik. Gəncədə, Bakıda qucaqlaşib görüşdüyümüz qardaşlarımızın ağrı-acıları, bir-birinə qarışan göz yaşlarımız indi də yadımdan çıxmayıb. Bu, uzun illər boyu bir-birinin yolunu gözləyən həsrətli qardaşların görüşü idi! Onda İstanbul Universitetini yenicə bitirib, Mədəniyyət Nazirliyində təzəcə işə başlamışdım və belə ağır günlərdə tale mənə Azərbaycana gəlmək şansı vermişdi.
-Azərbaycanın o
ağır illərindən 20 il sonra buraya işləməyə
gəldiniz. İndi gördükləriniz
də yəqin ki, sizi
yenə riqqətə gətirir, amma
sevincdən...
- Azərbaycanın
bugünkü uğurları bütün azərbaycansevərlər
kimi məni də çox fərəhləndirir, xoşbəxt edir. Güclü, tərəqqi etmiş
Azərbaycanın o günləri ilə indisini müqayisə etdikcə çox böyük bir qürur duyuram. Mərhum ümummilli
lider Heydər Əliyevin “biz
bir millət-iki dövlətik” kəlamı
iki ölkənin münasibətləri
haqqında söylənilən ən böyük
bir deyimdir. Azərbaycan və Türkiyə haqqında nə qədər
yazılıb söylənilsə bu deyimdən
yuxarısı yoxdur. Əslində böyük Atatürkün
“Azərbaycanın sevinci sevincimiz,
kədəri kədərimizdir” ifadəsi də ulu öndərin bu məşhur
ifadəsi ilə tam üst-üstə düşür. Heydər Əliyev və
Mustafa Kamal Atatürk kimi uzaqgörən
dahi olmağın böyüklüyü
də məhz budur!
-
Türkiyə ilə Azərbaycanın mədəni münasibətlərindən
də danışmağınızı istərdik.
-
Xalqlarımız arasındakı əlaqələrin tarixi
kifayət qədər qədimdir. Ona
görə ki, xalqlarımız
arasında çox güclü
bağlar tarixən mövcud
olmuşdur. Buna soykökü bağlılığı, qan bağlılığı, yaxud
din bağlılığı kimi onlarca adlar
qoymaq olar, fərqi yoxdur adını nə qoyursunuz
qoyun. Bir həqiqət
var ki, “iki dövlət-bir millət” arasındakı bugünkü əlaqələr hər
hansı bir təmənna əsasında
qurulmayıb. Türkiyə ilə Azərbaycanın yüksək
səviyyəli münasibətləri həm mədəni, həm
də turizm sahəsində çox mükəmməl və sivil qanunlara söykənir.
Təbii ki, bu
qanunlar da iki ölkə arasında mədəniyyət
və turizm sahələrindəki
işbirliyinə möhkəm təməl
yaratmışdır. İki ölkə
arasında turizm əlaqələri 1992-ci
ildə imzalanan “Turizm
işbirliyi anlaşması” ilə rəsmiləşib.
Bu gün də iki ölkə arasında bütün
sahələrdə, daha çox turizmdə böyük
uğurlar əldə olunmaqdadır. Bu gün Türkiyənin bir çox şirkətləri
Azərbaycanda turizm
sektorunda çox böyük layihələrlə
çıxış edirlər. Hətta ölkələrimiz
arasında imzalanan sənədlər,
qarşılıqlı anlaşmalar da çox vaxt
bizim münasibətlərimizə
darlıq edir. Şükürlər olsun ki, bu
gün bu baxımdan
işlərimiz uğurla davam
etməkdədir. Bizim hər işimizin təməlində
böyük bir səmimiyyət
var. İndiyə qədər iki qardaş ölkə
arasında turizm, mədəniyyət və
digər sahələrdə hər hansı bir
problemlə üzləşməmişik, ümidvaram
ki, bundan sonra da üzləşməyəcəyik.
Belə düşünürəm ki, bu barədə uzun
danışmağa ehtiyac da
qalmır, çünki hər şey başadüşüləndir. Amma yeri gəlmişkən
söyləyim ki, möhtərəm Prezident İlham Əliyevin
Türkiyə və Azərbaycan birliyinin vacibliyini ortaya qoyan çox bəyəndiyim
bir ifadəsi var:
...Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər
dünyada misilsiz
münasibətlərdir". Bu fikir Türkiyə Prezidenti
hörmətli Abdulla Gülün
“İki ayrı dövlətin bir millət anlayışına uyğun şəkildə həmrəylik, əməkdaşlıq
və qardaşlıq hisləri ilə dolu
olması vacibdir. Biz də
bu anlayış çərçivəsində
daima və tez-tez görüşürük, ətraflı məstləhətləşirik
və əməkdaşlıq edirik” ifadəsi
ilə çox səsləşir və üst-üstə düşür,
bir-birini təsdiq edir.
Bu əslində təkcə prezidentlərin
yox, həm də xalqların mövqeyinin üst-üstə düşməsidir.
-Azərbaycanda
olduğunuz və fəaliyyət göstərdiyiniz bir il o qədər
də böyük bir dövr olmasa da, hər halda böyük
və uğurlu işlərə imza atmısınız. Bu barədə
konkret deyəcəkləriniz varmı?
- Bakıda
çalışdığım bir il ərzində xeyli
işlər görməyə müvəffəq olmuşuq, mədəniyyət,
sənət və turizmlə bağlı 60-dan artıq tədbirlər həyata
keçirmişik. Azərbaycanın
televiziyalarında, internet portallarında, nəqliyyatın sıx
olduğu prospektlərdə bilbortlar yerləşdirmiş, bir
sıra marşrut avtobusların üzərində,
“Park Bulvar” Ticarət
Mərkəzində Türkiyəni tanıdan və təbliğ
edən reklam
fəaliyyəti ilə məşğul olmuşuq.
Azərbaycanda keçirilən bütün
turizm sərgilərinin fəal
iştirakçısı olmuşuq.
Ölkə mediası ilə yaxşı əlaqələr qurmuşuq. Azərbaycanın
tanınmış mətbuat mənsublarının Türkiyəyə
səfərlərini təşkil etməklə, Türkiyənin
turizm imkanlarını Azərbaycanda daha yaxşı tanıtmağa
çalışmışıq. Bununla
bağlı xəbərlərin, televiziya
proqramlarının, qəzetlərdə və saytlarda
çoxsaylı informasiya materiallarının
yayımını təşkil etmişik.
Azərbaycanda keçirilən “İpək yolu
Beynəlxalq Musiqi Festivalı” kimi mədəni tədbirlərə dəstək
verməklə yanaşı, Türkiyədə
tanınmış sənət qruplarının da bu festivalda iştirakı üçün
çalışmışıq. Azərbaycan və
Türkiyə arasındakı çox uzaq tarixlərdən gələn
qardaşlıq münasibətlərimizin daha
da möhkəmləndirilməsi məqsədilə
KİV nümayəndələri arasında yazı müsabiqəsi
keçirərək qalib gələn 10 nəfərin
Türkiyənin ən görməli və tarixi bir məkanına-İzmirə,
Egey bölgəsinə bir
həftəlik səfərlərini təşkil
etmışik. Sizin də “Xalq qəzeti”nin nümayəndəsi
kimi iştirak etdiyiniz bu tədbir söylənənlərə
görə jurnalistlərimiz üçün
yuxu kimi bir tətil yaşamaq
imkanı yaratdı. Səfərin
yekunundan sonra mətbu
orqanlarda dərc olunan
təəsüratlar maraqlı və cəlbedici olduğundan biz onları bir kitab şəklində nəşr etməkdə də qərarlıyıq.
İki ölkə arasında həmçinin
tibb sahəsində də əlaqələrin
daha da genişləndirilməsi
və inkişaf etdirilməsi məqsədilə
sağlamlıq turizmi ilə bağlı simpoziumlar, forumlar təşkil
etmişik. Lənkəran bölgə
kitabxanasına gəncləri maarifləndirmək məqsədlə
türk dilində 200-dən artıq kitab bağışlamışıq. Əlbəttə,
bunlar söhbət əsnasında
xatırladığım faktlardır. Amma
təbii ki, fəaliyyət göstərdiyimiz
bir il ərzində
xatırlamadığım məqamlar da onlarcadır.
Bir yaxşı misal var: niyyətin hara, mənzilin
ora! Hər halda niyyətimiz
xoş məramlara xidmətdir. Bunu bizdən təkcə keçmişimiz
yox, həm də bu günümuz tələb edir.
-Bildiyimizə
görə, “Kulturoloqların II Beynəlxalq Bakı Forumu”nda
Şərəf Diplomu ilə təltif olunmusunuz...
-Bəli, bu bizim beynəlxalq mədəni əlaqələrin inkişafı yolunda göstərdiyimiz xidmətlərə verilən qiymət idi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin şəxsən imzaladığı diplomla təltif olunmağım mənim üçün əsl hadisə oldu. Mədəniyyət və tanıtım müşavirlikləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin xaricdəki diplomatik nümayəndəlikləri hesab olunur. Buna görə də Azərbaycanda ən çox Mədəniyyət və Turizm Nazirliyi ilə daha genişmiqyaslı layihələr həyata keçirməyə çalışırıq. Eləcə də Azərbaycanda fəaliyyət göstərən mədəniyyət və sənət dairələri, mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları, turizm işləri həyata keçirən qurum və birliklərlə, tur operatorlarla, səyahət agentlikləri ilə yaxın əlaqələrimiz mövcuddur. Türkiyə dünya turizminin ən çox inkişaf etdiyi bir məkandır. Demək olar ki, burada turizmin bütün sahələrində güclü bir inkişaf var. Ölkəmiz bu sahədəki zəngin təcrübələrini bütün qardaşları ilə paylaşmaqdan iftixar hissi keçirir. Mən yüksək turizm potensialına malik Azərbaycanda bu sahədə böyük işlərin görüldüyünü alqışlayır, eyni zamanda¨ Azərbaycanın gələcəkdə bu sahədə də əhəmiyyətli uğurlara imza atacağına inanıram.
-Yeni
2013-cü il ərəfəsində
görüşdüyümüzdən sizə və
yaxınlarınıza uğurlar arzulayır, fürsətdən
istifadə edərək arzu və istəklərinizi də
bilmək istərdik.
-Sağ olun. Mən ilk
növbədə Azərbaycanla Türkiyə arasında olan bu böyük
birliyin bütün türk cümhuriyyətləri ilə
olmasını arzulayıram. 2012-ci ilin
noyabrında “Atatürk” Mədəniyyət
Mərkəzində təşkil edilən “Qarabağ-türk
dünyasının ortaq problemi”
konfransında Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Başqırdıstan, Bolqarıstan,
Qaqauz və İraqdan-Kərkük, Ərbil
türklərinin çıxışları məni çox sevindirdi. Bu, böyük türkçülük ideyası ətrafında
birləşməyimizin çox gözəl
təzahürü idi. Bu
şəkildə əl-ələ verərək ortaq problemlərimizi beynəlxaq arenada müdafiə edə bilsək, daha güclü olarıq.
Haqq səsimiz daha güclü çıxar və diqqət
çəkərik. Buna bənzər fəaliyyətimizi
Amerikada, Avropada da davam etdirməliyik. Ortaq hərəkət etmək, əl-ələ,
çiyin-çiyinə çalışmaq yeganə yolumuzdur. Yeni ildə həm
Azərbaycan, həm Türkiyə üçün
Allahdan sülh və rifah istəyirəm, insanlarımızın kədərdən
uzaq, bərəkət və zənginlik
içində yaşamasını arzulayıram. Bütün dünyada sülhün bərqərar olmasını diləyirəm.
Namiq Əhmədov
Xalq qəzeti.- 2012.- 31
dekabr.- S. 10.