“Böyük
İqtisadi Ensiklopediya”
Azərbaycan iqtisad elminə mühüm töhfədir
“Şərq-Qərb” nəşrlər
evi tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin
İqtisadi siyasət komitəsinin sədri, Beynəlxalq
İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan
İqtisadçılar İttifaqının sədri, akademik
Ziyad Səmədzadənin ideya müəllifi və baş
redaktoru, sözün geniş mənasında isə
yaradıcısı olduğu, gərgin əməyin,
işgüzar müzakirə və mülahizələrin məhsulu
olan beşcildlik “Böyük İqtisadi Ensiklopediya” çap
edilərək ictimaiyyətin ixtiyarına verilmişdir.
Xatırladaq ki, iqtisadiyyata dair nəzəri
baxışları, ideyaları, modelləri,
anlayışları, dünya və Azərbaycan
iqtisadiyyatı barədə ətraflı təhlil və qiymətləndirmələri
özündə əks etdirən
bu nəşr təkcə Azərbaycan iqtisadi fikir
tarixinin deyil, bütövlükdə ölkəmizin
elmi-ictimai fikir tarixinin böyük uğurudur.
Müstəqillik
dövründə Azərbaycan iqtisadiyyatında bərqərar
olan bazar münasibətləri iqtisadi biliklərin bir sıra
istiqamətlərinin aktuallığını və əhəmiyyətini
kəskin şəkildə artırmış, eyni zamanda, sərt
inzibati-amirlik sisteminə xas olan, lakin azad bazar münasibətlərinin
üstünlük təşkil etdiyi cəmiyyətlərdə
özünü doğrultmayan müddəaların,
anlayışların, kateqoriyaların geniş şəkildə
işıqlandırılmasına ehtiyacı azaltmışdır.
Sovet sisteminə xas olan ideoloji məhdudiyyət və
qadağaların aradan qaldırılması, qloballaşan
dünyanın yeni çağırışları ilə
yanaşı, Azərbaycan Respublikasında keçid
dövrünün başa çatması, milli
iqtisadiyyatın modern əsaslarda davamlı
inkişafının sürətləndirilməsi və
respublikamızın dünya birliyi ölkələri
sırasında rolunun və yerinin daha da möhkəmlənməsi iqtisadiyyat üzrə ensiklopedik bir
nəşrin, daha dəqiq desək, elmi cəhətdən
mükəmməl bir ensiklopediyanın hazırlanmasını obyektiv zərurətə
çevirmişdir. Latıncadan tərcümədə
“bütün bilik dairələri üzrə təlim” mənasını
verən, elmi və ya elmi-kütləvi məlumat nəşri
olan ensiklopediya bütün,
yaxud ayrı-ayrı elm sahələri üzrə biliklərə
və praktik fəaliyyətə dair ən əhəmiyyətli
informasiyaları özündə cəmləşdirir və
böyük fransız filosofu D. Didronun qeyd etdiyi kimi, onun məqsədi
“bütün dünya üzrə səpələnmiş
biliklərin toplanıb müəyyən sistem halına
salınması və müxtəlif təbəqədən
olan insanların başa düşdüyü dildə
yazılaraq köhnə nəsillərdən yeni nəsillərə
ötürülməsi”dir.
Ümumiyyətlə,
təbiətə, cəmiyyətə və bəşəriyyətə
baxışların cəmləşdiyi ensiklopediyalar nəinki
konkret dövrdə elm və mədəniyyətin səviyyəsini
əks etdirir, həm də
adından çıxış etdikləri və
içərisində yaradıldıqları insan cəmiyyətinin mənafelərini
ifadə edən müəyyən ideoloji yük
daşıyır. Bu baxımdan iqtisadi ensiklopediya və
lüğətlər də iqtisad elmləri və
iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə
sistemləşdirilmiş məlumatların məcmusundan ibarət elmi-məlumat
nəşrləri sayılır. Həmin ensiklopediya və
lüğətlərin isə ümumiqtisad məzmunlu
ensiklopediyalar, iqtisad elminin ayrı-ayrı sahələri
üzrə xüsusi ensiklopediyalar, izahlı terminologiya
lüğətləri və iqtisadi terminlərin ekvivalentlərinin
dillərarası lüğətləri kimi növləri
mövcuddur.
İqtisadi ensiklopediya və lüğətlərə uyğun
gələn ilk nəşrlər monoqrafiyalarda kitabdaxili
lüğətlər
formasında XVII əsrin sonları—XVIII əsrin əvvəllərində
Böyük Britaniyada, Almaniyada, Fransada və digər Avropa
ölkələrində meydana
gəlmişdir. Rusiyada XVIII əsrdə M.V.Lomonosov əmtəəşünaslıq
terminologiyasının leksikonunu tərtib etməyə cəhd
göstərmişdir. SSRİ-də isə 1972-ci ildən
etibarən dörd cildlik “İqtisadi ensiklopediya. Siyasi iqtisad”
adlı ümumiqtisad məzmunlu ilk marksist ensiklopediya nəşr
etdirilməyə başlanmış və onun sonuncu cildi 1980-ci ildə
çapdan çıxmışdır. Bu ensiklopediyada
marksist-leninçi siyasi iqtisadın nəzəri problemlərinin
geniş dairəsi, planlaşdırmanın, xalq təsərrüfatının
idarə edilməsinin, iqtisadi təhlilin, maliyyənin və statistikanın aktual məsələləri
işıqlandırılmış, burjua iqtisadi nəzəriyyələrinin
tənqidi verilmişdir. Nəşrdə ilk dəfə
müxtəlif ölkələrin və xalqların iqtisadi
fikrinin inkişafını göstərməyə də cəhd
edilmiş, bütövlükdə isə iqtisadi, sosioloji və
hüquqi elmlərin mövcud
oxşar problemləri
işıqlandırılmışdır.
İqtisadi
mövzuda digər məlumat nəşrləri və
lüğətlər arasında 1960-cı ildə Berlində
nəşr edilmiş səkkiz dilli
(alman, rus, polyak, çex, ingilis, fransız, ispan və
portuqal dilli) “Qısa xarici ticarət lüğəti”ni də
qeyd etmək olar. Çünki
iqtisadi terminlərin, xüsusilə xarici ticarət
münasibətləri sahəsində terminlərin ekvivalentlərinin
dillərarası lüğətləri böyük praktik əhəmiyyət
daşıyır—xarici iqtisadi terminologiyada hər hansı bir
səhv hüquqi etirazlar doğura bilir.
Ötən
müddətdə Azərbaycanda da bu istiqamətdə müəyyən
işlər görülmüş, müxtəlif qurumlar və
müəlliflər tərəfindən iqtisadi və maliyyə
terminləri lüğətləri və digər vəsaitlər
nəşr etdirilmişdir. Akademik Ziyad Səmədzadənin
müəllifi olduğu “Böyük İqtisadi Ensiklopediya” isə
həm əhatəliyinə və həcminə, həm də
elmi-nəzəri və praktik səviyyəsinə,
eləcə də nəşriyyat-poliqrafik icrasına görə
bütün bunlardan müqayisəyəgəlməz dərəcədə
fərqlənir. Hər şeydən əvvəl, ensiklopediyada
yeddi mindən çox iqtisadi
terminin izahı verilmiş, XX əsrdə və yeni əsrin
ilk illərində ayrı-ayrı ölkələrin
iqtisadiyyatını xarakterizə edən çoxsaylı
diaqram və cədvəllər, dünya iqtisadiyyatına təsir
edən amillərin sistemli təhlili və ən
başlıcası, Azərbaycan Respublikası özünün dövlət
müstəqilliyini bərpa etdikdən sonra ölkənin
iqtisadi qüdrətinin möhkəmlənməsinə,
qloballaşan dünya iqtisadiyyatına inteqrasiya olunmasına
xidmət edən inkişaf strategiyası, azad bazar münasibətlərinin
inkişafına və milli maraqlara cavab verən yeni iqtisadi
sistemin formalaşmasının elmi-metodoloji əsasları,
mahiyyəti barədə konkret fakt və dəlillərə əsaslanan
bitkin elmi mülahizələr əksini tapmışdır.
Eyni zamanda, “Böyük İqtisadi Ensiklopediya”da Azərbaycan
iqtisadiyyatının müxtəlif sahə və
sektorları, bazar strukturları və infrastrukturları
haqqında, makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment,
mühasibatlıq, pul-kredit, maliyyə sistemi, qiymətli
kağızlar bazarı, tələb, təklif, rəqabət,
inhisar, innovasiya, birja, açıq və qapalı iqtisadiyyat
problemləri, nanoiqtisadiyyat və digər bu kimi
çoxsaylı anlayışların mahiyyəti elmi
interpretasiyada acıqlanır, iqtisadiyyatın bütün səviyyələri
üzrə müxtəlif nəzəriyyələr,
iqtisadi sistemlərin problemləri, elmi-iqtisadi məktəblər
və onların görkəmli nümayəndələri haqqında
yığcam məlumat xarakterli məqalələr əks
etdirilmişdir. Bütün bunlar da cəmiyyətdə
iqtisadi mədəniyyətin yüksəldilməsi və
iqtisadi təhsilin təkmilləşməsi məqsədlərinə
xidmət edir.
Dövlət
müstəqilliyinin bərpasından ötən 21 il ərzində
Azərbaycanda bütün dünya tərəfindən qəbul
edilən, milli maraqlara cavab verən yeni iqtisadi sistem
formalaşmış, uzaq gələcək üçün
keyfiyyətli inkişafı təmin edən əlverişli
mühit yaradılmışdır. Yeni iqtisadi strukturların,
bütövlükdə dövlət quruculuğuna, o cümlədən
iqtisadiyyatın inkişafına
xidmət edən mükəmməl qanunvericilik
bazasının yaradılması, sərt inzibati idarəetmə
sisteminin tələbləri əsasında formalaşan iqtisadi
təfəkkürün əvəzinə azad
sahibkarlığa və vətəndaş təşəbbüskarlığına
əsaslanan bazar münasibətlərinin bərqərar
olması məsələləri “Azərbaycan xalqının
iqtisadi fikir tarixi”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan
statistikasının təşkili”, “Azərbaycanda vergilər
və vergi xidmətinin təşkili”, “Azərbaycanın nəqliyyat
qovşaqları”, “Azərbaycan malları”, “Azərbaycan
Respublikasının ərazisindən tranzit”, “Azərbaycan
Respublikasının gömrük ərazisi”, “Azərbaycan
Respublikasının gömrük sərhədindən
keçirmə”, “Azərbaycan Respublikasının milli təsnifatları”,
“Azərbaycan Respublikasının gömrük tarifi”, “Azərbaycan
Respublikasının milli valyutası” (hamısı — I cilddə),
“İqtisadi təhlükəsizlik”, “İnformasiya
texnologiyaları” və s. adlı məqalələr, habelə
“İqtisadi rayonlaşdırma”
və bu kontekstdə Abşeron, Quba-Xaçmaz,
Dağlıq Şirvan, Şəki-Zaqatala,
Aran, Gəncə-Qazax, Lənkəran, Kəlbəcər-Laçın,
Yuxarı Qarabağ və Naxçıvan iqtisadi rayonları
barədə (hamısı —II cilddə) verilmiş əhatəli,
icmal xarakterli məlumatlarda, bunların müşayiət
olunduğu çoxsaylı cədvəl, diaqram və sxemlərdə
elmi izahını tapmışdır.
Müasir
Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin,
siyasi şüurun, siyasi həyatın təxminən qırx
illik bir dövrünü əhatə edən zaman kəsiyi
böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya,
ensiklopedik biliyə, geniş dünyagörüşünə
malik olan tarixi şəxsiyyətin - Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin adı, əməli
fəaliyyəti ilə gerçəkləşdirdiyi konkret
işlərlə bağlıdır. Müasir dövrdə nəinki
Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə
də dünya miqyasında gedən prosesləri Heydər Əliyev
şəxsiyyətindən və fəaliyyətindən kənarda
təsəvvür etmək mümkün deyil. Dərin minnətdarlıq hissi ilə
qeyd etməyi özümüzə borc bilirik ki, indiki dövrdə
Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi,
onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi
və dünya iqtisadiyyatına daha dərin bir şəkildə
inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər
Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Ulu öndərin Azərbaycan Respublikasının rəhbərliyinə
qayıdışı ilə başlıca qayəsini müstəqillik,
azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri
dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası
qoyulmuş, ümummilli liderin apardığı daxili siyasət
Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst
yaşamaq hüquqlarını təmin etmək və öz
rifahını yaxşılaşdırmaq imkanlarını
yaratmaqdan ibarət olmuşdur.
Heydər Əliyevin Azərbaycan
qarşısında digər cahanşümul xidmətləri
barədə ensiklopediyanın ikinci cildindəki “Əliyev Heydər
Əlirza oğlu” məqaləsində
(səh.121-128) müfəssəl bəhs olunur. Haqlı olaraq
qeyd edilir ki, Heydər Əliyevin fəaliyyətində iqtisadi
islahatlar, bazar iqtisadiyyatının bərqərar olması,
iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın
dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə
proqramının, aqrar islahatların həyata keçirilməsi
ardıcıl prioritet sahələr sayılmış, ulu
öndər demokratik, hüquqi dövlət quruculuğu
istiqamətində davamlı siyasət yeridərək ölkədə
insan hüquq və azadlıqlarının başlıca
prinsiplərinin bərqərar olması üçün əsaslı
zəmin yaratmışdır.
İkinci
cildin “İnkişafın Azərbaycan modeli” adlı sonuncu məqaləsində
(səh.604-630) bir ictimai-iqtisadi formasiyadan digərinə
keçid dövründə Heydər Əliyev tərəfindən
Azərbaycan üçün onun tarixi-iqtisadi xüsusiyyətlərinə,
xalqın mentalitetinə, ölkənin geosiyasi şəraitinə,
milli mənafelərinə uyğun
iqtisadi inkişaf modelinə üstünlük verilməsi,
beynəlxalq təşkilatlar və
inkişaf etmiş ölkələrlə əməkdaşlığın formalaşmasının, iqtisadi
islahatların aparılmasının proritet vəzifələr
kimi müəyyənləşdirilməsi, dünya iqtisadiyyatını ciddi
sınaqlarla üz-üzə qoyan müasir qlobal iqtisadi
böhran şəraitində də Azərbaycanda bütün
makroiqtisadi parametrlər üzrə inkişafı təmin etməyə
imkan yaratmışdır.
İqtisadi
artım, makroiqtisadi sabitlik və sosial rifahı strateji məqsəd
sayan Heydər Əliyev siyasəti
sayəsində bu gün
Azərbaycan borc alan ölkədən borc verən ölkəyə
çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin dediyi kimi, “Bu gün iqtisadi
inkişaf templərinə görə Azərbaycan dünya
miqyasında lider ölkədir. Beynəlxalq kredit agentlikləri
böyük ölkələrin kredit reytinqlərini
aşağı saldığı bir dövrdə, Azərbaycanın
kredit reytinqləri qalxır. Azərbaycanda rəqabət
qabiliyyətli şirkətlərin sayı artır. Ölkə
iqtisadiyyatının şaxələndirilməsi, demək
olar ki, təmin edilibdir. Neft-qazdan asılılıq azalır.
Özəl sektorun inkişafına böyük dəstək
verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl
sektorda formalaşır”.
Burada
həmçinin “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının
hazırlanması barədə" Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 29 noyabr tarixli sərəncamında qeyd
olunmuş “Son dövrdə ölkəmizdə həyata
keçirilən islahatlar bütün sahələrdə
müsbət nəticələrin əldə olunmasına
şərait yaratmışdır. Bu illər ərzində,
xüsusilə son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə,
dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun
azaldılmasında və əhalinin sosial rifahının
yüksəldilməsində ciddi uğurlar
qazanılmışdır... Hazırda Azərbaycan yeni
inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin
əsas hədəfi çoxşaxəli, səmərəli
və innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır” fikirləri öz əksini
tapmışdır.
Məqalədə
irəli sürülən elmi mülahizə və nəticələrin
oxşar səciyyəli “İqtisadi inkişafın Malayziya
modeli” (2-cild, səh. 482-489), “Çin iqtisadi inkişaf modeli”
(1-ci cild, səh. 440-455), “Yapon iqtisadi modeli” (5-cild, səh.
344-351) məqalələrində təhlil dövriyyəsinə
cəlb edilmiş müddəalarla müqayisəsi akademik Z.Səmədzadənin
gəldiyi belə bir qənaəti təsdiqləyir ki, “hər ölkə
irəliyə getmək üçün öz yolunu seçməlidir.
Bu seçim, ilk növbədə, elmi əsaslara söykənməlidir.
Bu axtarış həyatın təbii hökmü ilə,
elmi əsaslarla olmalıdır. İslahatdan sonra dövlətin
iqtisadi artmalı, xalqın rifahı
yaxşılaşmalıdır... Liberalizmi fetişləşdirməyərək,
ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan
dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə
emiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında
fəal iştirak edən, beynəlxalq aləmdə
mövqeyini, imicini ildən-ilə möhkəmləndirən
dövlətə çevrilmişdir”.
Hazırda
dünyada iqtisadi böhranın davam etməsinə baxmayaq, Azərbaycan
və Türkiyə Avrasiyanın ən inkişaf edən
ölkələrindəndir, hər iki ölkənin
inkişaf modelləri
bütün dünyaya örnək kimi göstərilir.
Türkiyə Cümhuriyyətinin səkkizinci prezidenti Turqut
Özala həsr olunmuş məqaləni (4-cild, səh.
191-193) oxuyarkən bunun obyektiv və subyektiv səbəbləri
üzə çıxır. Dövlət
başçısı olarkən T.Özalın fəal surətdə
həyata keçirdiyi iqtisadi siyasətin nəzəri əsasını
monetarizm adlanan Çikaqo (ABŞ) məktəbinin (M.Fridman,
A.Harberger və başqaları) irəli sürdüyü yeni
fikir cərəyanı, praktikada yürütdüyü
iqtisadi siyasətin əsasını
isə rəqabət şərtləri hakim olan azad bazar
iqtisadiyyatını hər vasitə ilə inkişaf etdirməklə
bağlı tədbirlər təşkil etmişdir. O, həyata keçirdiyi
iqtisadi siyasətlə iqtisadiyyatın ardıcıl olaraq
liberallaşdırılmasına, milli mənafe naminə
dövlətin iqtisadi işlərə müdaxiləsinin,
müxtəlif məhdudiyyətlərin minimuma endirilməsinə
çalışmışdır.
“Böyük
İqtisadi Ensiklopediya”da təxminən son bir əsr ərzində
nəzəri və praktik fəaliyyəti dolayısı ilə
Azərbaycana da təsir göstərmiş və ya təsir
göstərməkdə olan iqtisadçılar, onların
elmi və praktik fəaliyyətinin konkret istiqamətləri
barədə yığcam məlumatlar verilmişdir.
“İqtisadiyyat üzrə Nobel mükafatı” məqaləsində (II cild) bu mükafat barədə və
onun təsis olunduğu 1968-ci ildən 2010-cu ilədək laureat adını qazanmış XX
əsr dünya iqtisadi fikir tarixinə əhəmiyətli
töhfələr vermiş
iqtisadçı alimlər barədə, XIX əsrin
sonları - XX əsrin ilk 10-15 ilində Rusiya ictimai-siyasi və
iqtisadi fikrinin görkəmli nümayəndələri, habelə
XX əsrin ikinci yarısından etibarən vaxtilə
SSRİ-nin, sonralar isə postsovet məkanının müstəqil
respublikalarının iqtisadi fikir tarixində və iqtisadi həyatında
mühüm rol oynamış, yaxud
hazırda da bu missiyanı yerinə yetirən
iqtisadçı alimlər və dövlət xadimləri ilə
bağlı məlumat xarakterli
yazıları böyük maraq doğurur.
Azərbaycan
Respublikasının üzv olduğu beynəlxalq və regional
təşkilatlar, habelə dünya təsərrüfat
sisteminin bu və ya digər sahə, istiqamət və probleminin təşkilati, istiqamətverici
və tövsiyə xarakterli məsələləri ilə məşğul
olan qurumlar barədə məqalə-məlumatlar da cəmiyyətdə iqtisadi mədəniyyətin
yüksəldilməsi, iqtisadi təhsilin təkmilləşməsi
məqsədlərinə xidmət edir. Ensiklopediyada ifrat dərəcədə
görünə bilən müfəssəllik onun
yaradıcılarına oxucu-istifadəçi hörmətini
qat-qat artırır.
Ensiklopediyada
dolayısı ilə həm də bizim çoxsaylı
yazarlarımıza, müəllimlərimizə hamının
sanki yaxşı bildiyi, lakin əslində, mahiyyətinə
varmadığı üçün doğru-düzgün ifadə
etmədiyi söz və terminlərin əsl mənası da
açıqlanır. Bir daha
qeyd etməyi lazım bilirik ki,
redaksiya heyətinin 60 nəfər üzvü, 61 nəfər məsləhətçisi,
hər cildin hazırlanmasına cəlb edilmiş kifayət qədər
müəllifin, habelə ensiklopediyanın nəşrə
hazırlanması üzrə 20 nəfərdən çox
işçi qrupun olmasına baxmayaraq, biz “Böyük
İqtisadi Ensiklopediya”nı akademik Ziyad Səmədzadənin
heyrətamiz təfəkkürünün və yorulmaz təşkilatçılıq
fəaliyyətinin bəhrəsi
sayır, Rusiya istisna olmaqla, MDB məkanında milli dildə
ilk dəfə Azərbaycanda bu həcmdə bir elmi-məlumat
nəşrini hazırladığına görə ona sonsuz təşəkkürümüzü
bildiririk. Eyni zamanda, rəsmi mətbuatda
ifadə edilmiş belə bir fikrə tam şərikik ki, Azərbaycan
ictimaiyyətində artıq geniş elmi-ictimai əks-səda
və maraq doğurmuş “Böyük İqtisadi Ensiklopediya”
hamının rəğbətini qazanacaq, təkcə tələbələrin,
magistrlərin, doktorantların, müəllim və mütəxəssislərin,
sahibkar və investorların deyil, ümumən geniş oxucu
auditoriyasının tələbatını tam dolğun təmin
edəcəkdir.
Qorxmaz
İMANOV,
iqtisad elmləri doktoru,
professor
Vahid NOVRUZOV,
iqtisad elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 31 dekabr.- S. 9.