Şərəfli
alim ömrü
Ulu Tanrı hər
insana bir ömür bəxş
edir. O kəslər xoşbəxtdir
ki, öz ağlı, zəhməti,
ədəb-ərkanı ilə
məzmunlu yaşayır,
insanlara xeyirxahlıq bəxş edir, yaşadığı ömürdən
qürur duyur. Belələri şəxsiyyət
zirvəsinə ucalır,
əsl Vətən övladı olurlar. Fəlsəfə elmləri
doktoru, professor, Nyu-York
Elmlər Akademiyasının,
Rusiya Ekologiya və Həyat Fəaliyyətinin
Təhlükəsizliyi Akademiyasının
həqiqi üzvü,
Türkiyənin Ərzurum
Universitetinin fəxri professoru Oruc Abdullayev belələrindəndir.
Yüksək insani keyfiyyətləri – sadəliyi,
səmimiliyi, obyektivliyi,
xeyirxahlığı onu
tanıyanları heyran
qoyur.
Oruc Abdullayev
1953-cü ilin yanvarında
Şəmkir rayonunun Təzəkənd kəndində
zəhmətkeş ailəsində
anadan olmuşdur. Atası
İsmayıl kişi
1948-1953-cü illərdə Qərbi Azərbaycanın
Vedi rayonunun İşıqlar kəndindən
Şəmkirə deportasiya
olunmuş, anası Səltənət xanım
isə Şəmkir rayonunun Qaracəmirli kəndində
tanınmış “Abdullalar”
nəslindəndir. Ailənin çətinliklərinə
baxmayaraq, Oruc orta məktəbi uğurla bitirərək,
1972-ci ildə H.Zərdabi
adına GDPİ-nin (indiki GDU) tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə institutu yaxşı və əla qiymətlərlə
bitirib Şəmkir rayonuna təyinat almış, doğma məktəblərində sıravi
müəllim kimi fəaliyyətə başlamışdır.
Orucun
savadı, bacarığı, təşkilatçılığı
qısa zaman kəsiyində
özünü göstərdi. Məktəb rəhbərliyi
onu elə həmin məktəbə tərbiyə işləri
üzrə direktor
müavini təyin etdi.
Amma onun elmə, yaradıcı işə olan marağı
artır, adət-ənənələrimizə, milli
mentalitetimizə getdikcə daha dərindən bələd
olurdu. Elə bu niyyətlə də Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) aspiranturasına daxil oldu. Bu 1979-cu ilin
may ayı idi. Əməkdar elm
xadimi, fəlsəfə elmləri doktoru, mərhum professor Həsən
Şirəliyevin elmi rəhbərliyi ilə namizədlik dissertasiyası
üzərində işləməyə başladı.
1983-cü il dekabrın əvvəllərində BDU-nun fəlsəfə
üzrə ixtisaslaşmış elmi şurasında namizədlik
dissertasiyası, 1994-cü ildə AMEA-nın Fəlsəfə
İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək,
fəlsəfə elmləri doktoru, 1996-cı ildə isə
professor elmi adına layiq görüldü.
Bu
uğurlar onu nəinki arxayınlaşdırmadı, əksinə,
məsuliyyətini bir az da artırdı. Tezliklə
“İctimai münasibətlər sistemi və adət-ənənələr”
(Bakı, Elm nəş., 1998) kitabı çap olundu. Kitabda
sosial fəlsəfənin aktual problemlərindən biri olan
ictimai münasibətlərlə adət-ənənələr
arasındakı qarşılıqlı münasibətlərdən
bəhs edilir. Bundan başqa, “Sosial fəallıq, yeni adət-ənənələr”,
“Cəmiyyətin siyasi sistemi”, “İctimai, iqtisadi
formasiyaların strukturu və inkişafı” (H.T.Budaqovla
birlikdə), “Fəlsəfədə insan problemi” (M.Cəlilov
və S.İbrahimovla birlikdə) və s. əsərləri Azərbaycan
alimlərində, elm ictimaiyyətində böyük maraq
doğurdu. Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Azərbaycan Milli Ensiklopediyasının yazılması
üçün təsdiq edilmiş redaksiya heyəti haqlı
olaraq gənc filosof haqqında I cildə məlumat daxil
etmişdir (bax AME. I c. s.36).
Milli
adət-ənənələrimizin tanınmış tədqiqatçısı,
iki monoqrafiya, iki tədris vəsaiti, iki metodik göstəriş,
200-ə yaxın elmi-kütləvi məqalə müəllifi
olan Azərbaycan aliminin uğuru haqqında xoş xəbərlər
təkcə ölkə daxilində deyil, onun sərhədlərinin
kənarından da gəldi. İlk xəbər 1998-ci ildə
okeanın o tayından Nyu-York Beynəlxalq Elmlər
Akademiyasından idi. Sonra isə 2003-cü ildə Rusiya Beynəlxalq Ekologiya və Həyat
Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasından gəldi.
Hər iki akademiyanın üzvləri Oruc Abdullayevi yekdilliklə özlərinin həqiqi
üzvü seçmişlər. Bu adlara Orucun yuxusuz gecələri,
gərgin elmi axtarışları sərf olunmuşdur.
1998-ci
ilin mayında Türkiyənin Ərzurum şəhərində
Ərzurum Universitetinin yaranmasının 40 illiyinə görə
“İnsan fəlsəfəsi” konqresində professor Oruc
Abdullayev etdiyi məruzə
böyuk rəğbətlə qarşılandı. Onu həmin
universitetin fəxri professor seçdilər. 2001-ci ildə
“Vektor” Beynəlxalq şirkətinin keçirdiyi sorğuya əsasən,
“Azərbaycanın 100 görkəmli alimi” heyətinə
seçilənlərdən biri də professor Oruc Abdullayev
olmuşdur.
Həyatda
hər müəllimə qismət olmur ki, özünün
çatmış olduğu mənsəbə onun tələbələri
də ya çata, ya da yaxınlaşmış ola. Bu
yazının müəlliflərindən
biri olaraq, professor H.Sadıqov öz tələbəsi
haqqında həvəslə danışdı: “Orucun tələbəliyini
yaxşı xatırlayıram. Çox çalışqan
idi, təkcə auditoriyada yox, institutdan kənarda da onu
maraqlandıran, düşündürən sualları təkrar-təkrar
soruşardı, cavabı
aydınlaşdırıb tam öyrənərdi.
Çox çalışqan idi. Oruc ictimai işlərdə fəal
iştirak edən, müəllim və tələbələrlə
sıx ünsiyyət quran tələbə idi. Bu müsbət
keyfiyyətlərini nəzərə alıb Orucu Sov. İKP
üzvlüyünə qəbul etdik. Bu etimad o vaxt hər tələbəyə
nəsib olmurdu. O, yaxşı
dövlət işçisi də olardı. Onun istedadı,
biliyi harada olsa özünü göstərməli idi.
Yaxşı ki, o elmə, müəllimliyə meyilli oldu.”
Oruc
müəllim deyir ki, uzun illərdir böyük bir elm
ocağında çalışıram. Həyatın hər
üzünü görmüşəm. Ancaq harada olmuşamsa,
hansı sahədə işləmişəmsə, orada həyatda
iz qoyan, qurub-yaradan insanlar görmüşəm. Milli
varlığımız, ləyaqətimiz məhz belə
insanların çiyinlərində yüksəlib. Ölkəmizdə
və onun hüdudlarından kənarda kamil təhsilə,
sağlam düşüncəyə, nümunəvi əxlaqa
və yetkin həyat təcrübəsinə malik
oğullarımız çoxdur. Bu insanlar xalqın qiymətli
potensialıdır və onların qədrini bilmək
çox vacibdir. Ümummilli lider Heydər Əliyev bu amilə
çox ciddi fikir verər və hər birimizi, hər şeydən
əvvəl, azərbaycanlı və azərbaycançı
olmağa çağırırdı.
Oruc
müəllim həm də gözəl ailə
başçısıdır. Oğlanlarının hər
ikisi BDU-nun hüquq fakultəsini bitirib. Müşviq
prokurorluq, Rəşad isə polis orqanlarında
çalışır. Qızları Aynur ADAU-da baş müəllim
işləyir, kənd təssərrufatı elmləri namizədidir,
Vəfa isə tibb elmləri namizədidir, həkimdir.
Ömür-gün yoldaşı Emma xanım tarix elmləri
namizədi, GDU-nun dosentidir. Ömrünün ən şirin
zamanını yaşayan Oruc müəllimin 11 nəvəsi
var.
Oruc
müəllimin fəaliyyətinin əsas hissəsi Azərbaycan Texnologiya Universiteti ilə bağlıdır. 1988-ci ildən
Azərbaycan Texnologiya Universitetində fəlsəfə və
elmi kommunizm, fəlsəfə və politologiya, 2002-ci ildən
indiyə kimi fəlsəfə və tarix kafedrasının
müdiri, 1996-cı ildən 2011-ci ilə kimi tərbiyə-humanitar
məsələlər üzrə prorektor işləmişdir.
Bütün bunlar Oruc müəllimin ömür yolunun sərəfli
bir hissəsi, bir ziyalının
nailiyyətləridir.
Bilavasitə onun rəhbərliyi və köməyi ilə
onlarca alim doktorluq, namizədlik dissertasiyası müdafiə
etmişdir. Onlar indi ölkəmizin bir sıra elmi-tədqiqat
və təhsil müəssisələrində fəaliyyət
göstərirlər.
Ona
baxdıqca gözlərimiz önünə gəncliyi, qap-qara
dalğalı saçları gəlir. İndi o
saçlar ağ rəngdədir.
Bu ağ saçlar Oruc müəllimin ömür yolundan
çox şeylər danışır. Həyat onun telinə
tumar çəkməyib,
qazandığı zirvəni asanca fəth etməyib, bu
yüksəkliyə min bir əziyyəti, zəhməti
hesabına qalxıb.
H.Sadıqov,
tarix elmləri doktoru,
professor,
GDU-nun tarix fakültəsinin dekanı
Ş.Mütəllimov,
fizika-riyaziyyat elmləri doktoru,
AzTU-nun professor
H.Budaqov,
fəlsəfə elmləri namizədi,
dosent
F.Yusifov,
fəlsəfə elmləri namizədi,
AzTU-nun dosenti
Xalq qəzeti.- 2012.- 31 dekabr.- S. 8.