2012-ci ildə Azərbaycan diasporunun qarşısında qoyulmuş vəzifələr uğurla icra olunmuşdur

 

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur

 

-Nazim müəllim  2012-ci il başa çatır. Bu ilin yekunlarını necə qiymətləndirərdiniz? Ümumiyyətlə, bu il Azərbaycan diasporunun həyatında hansı mühüm hadisələrlə yadda qaldı?

- 2012-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ümumilikdə 259 tədbir keçirilmişdir. Bunlardan 8-i dövlət əhəmiyyətli tədbirlərə, 126-sı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən tədbirlərə, 92-si mədəni kütləvi tədbirlərə, 12-si lobbi quruculuğu sahəsində görülən tədbirlərə, 12-si insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən tədbirlərə aiddir. Hazırda dünyada fəaliyyət göstərən 430-dan çox Azərbaycan diaspor təşkilatın 9-u bu il yaradılmışdır. İlin ən mühüm hadisələrindən biri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Sərəncamı ilə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsinin 10-cu ildönümü oldu. Azərbaycan diasporunun tarixi, məskunlaşma coğrafiyası, görkəmli şəxsiyyətləri barədə geniş məlumatı əks etdirən  “Azərbaycan Diasporu: Ensiklopedik Məlumat” toplusu da bu il işıq üzü görmüşdür.

Görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasının daha operativ və əhatəli şəkildə həyata keçirilməsi məqsədilə “Facebook” və “Twittersosial şəbəkələrində komitənin rəsmi səhifələri yaradılmışdır. 2012-ci ilin may ayı ərzində Türkiyə, Rusiya, Almaniya,  Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Niderland Krallığı, həmçinin dünyanın bir çox ölkələrində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin 89 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir.

2012-ci il mart ayının 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət 500-dən artıq nümayəndə və qonağın iştirakı ilə Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilmişdir. Komitənin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində gördüyü tədbirlər sırasında Fransa Senatının qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qərarına etiraz əlaməti olaraq Hyuston, Toronto, Nyu-York, Almatı, Stokholm, Paris, Amsterdam şəhərlərində keçirilən aksiyaları göstərmək olar. Bundan başqa, Nyu-York ştatının Senatında martın 31-i soyqırıma məruz qalmış azərbaycanlıları anma günü elan edən qətnamə qəbul olunmuşdur.

Xocalı soyqırımının  20-ci  ildönümü münasibətilə Strasburq, Berlin, Praqa, İstanbul kimi əhəmiyyətli şəhərlərdəki mitinqlər, noyabr ayının 12-də Ermənistanın Fransadakı səfirliyi qarşısında Dünya Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Azərbaycan və türk diaspor təşkilatlarının birgə keçirdiyi etiraz aksiyası böyük əks -  səda doğurmuşdur.

Noyabr ayının 23-də isə Türkiyənin Kocaeli vilayətində Azərbaycan Mədəniyyət Evinin açılış mərasimi olmuşdur. Həmçinin, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin iştirakı ilə virtual konfransların təşkili üçün müvafiq sistemin yaradılması təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli fərmanın Dövlət Komitəsinin rəsmi internet səhifəsində “Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu” interaktiv elektron xidməti yaradılmışdır. Məlumat üçün bildiririk ki, bu xidmət vasitəsilə xarici ölkələrdə yaşayan azərbaycanlılar onları maraqlandıran və ya narahat edən məsələlərlə bağlı Dövlət Komitəsinə təklif, ərizə, şikayət və ya hüquq və azadlıqlarının pozulması halları ilə bağlı müraciət etmək imkanına malikdir. Daxil olan müraciətlər sistem vasitəsilə avtomatik olaraq müvafiq şöbələrə ünvanlandırılır və müraciətin alındığına dair müraciət edən şəxsə dərhal məlumat verilir.

-Dünya Azərbaycanlılarının III Qurultayında bir sıra mühüm qərarlar qəbul olunmuşdur. Bu qərarların həyata keçirilməsi istiqamətində hansı tədbirlər görülür?

- Ölkəmizin tarixinə mühüm bir hadisə kimi daxil olmuş bu qurultay Azərbaycan diasporunun təşkilatlanmasını gücləndirdi və qarşıya qoyulmuş məqsədlərin daha yaxşı yerinə yetirilməsi üçün stimul rolunu oynadı. Qurultayda qəbul edilmiş qərarların icrası sahəsində artıq bir sıra addımlar atılmışdır. Azərbaycan diaspor təşkilatlarının Azərbaycan Respublikasınının müvafiq dövlət orqanları, o cümlədən xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlığının genişləndirilməsi, diaspor təşkilatlarımızın fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməsi istiqamətində səylərinin gücləndirilməsi, Azərbaycan dilində və xarici dillərdə fəaliyyət göstərən KİV-lərin sayının artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Bundan əlavə, müxtəlif ölkələrdə diaspor nümayəndələrimizin iştirakı ilə konfranslar, müzakirələr, dəyirmi masalar, forumlar qurultayda qəbul edilmiş qərarlardan irəli gələn digər tədbirlər təşkil edilmişdir. 2012-ci ildə Bakı şəhərində keçirilən “Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı keçirilmiş görüşlərdə, kütləvi informasiya vasitələrində, diaspor təşkilatlarımızın saytlarında aparılan fəal təbliğat kampaniyasını da görülmüş tədbirlərə aid etmək olar.

Qurultayın qəbul etdiyi qərarlardan biri də azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması ilə bağlı olmuşdur. Bu istiqamətdə də işlər aparılır. Bizim məqsədimiz ondan ibarətdir ki, xaricdə yaşayan azərbaycanlılar ilk növbədə cəmiyyətin ictimai etimadını qazansınlar. Yaşadıqları cəmiyyətin bir hissəsinə çevrilsinlər və onların fəaliyyəti həm siyasi elita, həm də sadə vətəndaşların rəğbətini qazansın. Buna nail olsaq soydaşlarımızın ictimai-siyasi proseslərə də təsir imkanı artacaqdır.  Hesab edirəm ki, bu gün aparılan öz uğurlu nəticələrini verəcəkdir.

-Xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığının artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin III Qurultaydakı nitqində prioritet vəzifələrdən biri kimi vurğulanmışdır. Bu sahədə hansı irəliləyişlər var? Azərbaycan diasporu ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi özünü təsdiq edə bilərmi?

- Xaricdə yaşayan Azərbaycan ziyalıları yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərin fəal iştirakçısı olaraq bir sıra uğurlara imza atmışlar. Türkiyə, Gürcüstan, Estoniya və digər ölkələrin parlamentlərində azərbaycanlı millət vəkilləri də var. Lakin təbii ki, bu bizim üçün qanedici nəticə deyil. Azərbaycan diasporunun təşkilatlanması tarixi müstəqillik illərindən başlayır. Diasporumuzun ictimai-siyasi proseslərə təsir etmək imkanına malik amilə çevrilməsi üçün görüləcək işlər hələ çoxdur. Qeyd etdiyim kimi, azərbaycanlılar ilk növbədə yaşadıqları cəmiyyətlərdə bir  fərd olaraq deyil, təşkilatlanmış struktur, ictimai institut olaraq ciddi etimad qazanmağa müvəffəq olmalıdırlar. Buna nail olduqdan sonra biz xarici ölkələrin parlamentlərində, dövlət təşkilatlarında, siyasi partiyaların rəhbərliyində daha çox soydaşımızı görə biləcəyik. Eyni zamanda, azərbaycanlılar siyasi proseslərdə, xüsusilə seçkilərdə fəal rol almalıdırlar ki, siyasi partiyalar onların səsini qazanmaq üçün müəyyən addımlar atsınlar, sözün yaxşı mənasında bu səs uğrunda mübarizə aparsınlar. Bəzi ölkələrdə biz bunun ilkin simptomlarını görürük. Lakin daha çox işləmək, cəmiyyətə daha sıx inteqrasiya etmək ehtiyacı duyulur. Fikrimcə, zaman-zaman biz bu vəzifənin də öhdəsindən gələ biləcəyik. Cənab Prezidentin III Qurultaydakı nitqi Azərbaycan diasporunun qarşısında bir çox vəzifələr qoyub. Bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlimizdən gələni etməliyik.

-Sizcə, Azərbaycan diasporunun fəaliyyətində əsas çatışmazlıqlar və problemlər nədən ibarətdir və onların aradan qaldırılması istiqamətində nə kimi tədbirlər görülür?

- Əgər nəzərə alsaq ki, Azərbaycan diasporunun çox da böyük təcrübəsi yoxdur o zaman qüsurların və çatışmazlıqların olmasını təbii hesab etmək olar. Biz bu qüsurların aradan qaldırılması üçün daimi təhlillər aparır, müzakirələr təşkil edirik. Elə bu ilin avqustunda Turkiyədə Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə böyük bir tədbir keçirildi. Bu toplantı bir neçə paneldən ibarət idi və hər bir paneldə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə mane olan problemlər, onların qarşılaşdığı çətinliklər, yol verilmiş nöqsanlar ətrafında son dərəcə ciddi müzakirələr oldu. Bir sıra mühüm qərarlar qəbul edildi. Eyni zamanda, Dövlət Komitəsinin müvafiq strukturları da daim diaspor təşkilatlarının fəaliyyətinə dair, xaricdə yaşayan azərbaycanlıların problemləri haqqında təhlillər aparır, arayışlar, analitik materiallar hazırlayır. Bütün bunları etməkdə məqsədimiz problemləri aşkara çıxarmaq və onların həlli yollarını müəyyənləşdirməkdir. Bizim strategiyamız ondan ibarətdir ki, problemləri gizlətmək, yaxud onlardan yayınmaq yox, üzərinə getmək və həll etmək lazımdır. Cənab Prezidentin də hər zaman Azərbaycan diasporunabu sahə ilə məşğul olan dövlət qurumlarına tövsiyələri məhz bundan ibarət olub ki, meydana çıxan problemlərin aradan qaldırılması üçün operativ və qəti tədbirlər görülsün. Bizbu tövsiyəni yerinə yetirməyə çalışırıq.

-Gələcək planlarınız  barədə məlumat verməyinizi xahiş edərdik.

- Azərbaycan diasporunun fəaliyyətini əhatə edən işlər barəsində arzularımız, planlarımız və məqsədlərimiz çoxdur. Bütün bu amalların həyata keçməsi üçün sistemli və əlaqəli aparılmalıdır. Biz bu məqsədlərin bir neçəsini artıq özümüz üçün müəyyən etmişik. 2013-cü ildə keçirilməsi nəzərdə tutulan tədbirlərdən söhbət açmaq istərdim. Bunlar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə xarici ölkələrdə Azərbaycan dövlət və hökumət nümayəndələrinin iştirakı ilə silsilə tədbirlərin təşkili, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası  Katibliyinin təklifinə əsasən üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin ilk Bakı  göruşünün keçirilməsi kimi tədbirləri xüsusi qeyd etmək istərdim. Həmçinin, Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması, azərbaycanlıların təşkilatlanmadığı, yaxud zəif təşkilatlandığı ölkələrdə yeni icma və birliklərin yaradılması prosesinin davam etdirilməsi, azərbaycanlı gənclərin diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli ruhda tərbiyə olunması və onlara azərbaycançılıq ideyasının aşılanması məqsədilə “Virtual həftəsonu” məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi də nəzərdə tutulur.

Rusiya Federasiyasına miqrasiya etmiş soydaşlarımızın, Gürcüstan azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiyasına xidmət edən tədbirlərin həyata keçirilməsinə dəstək verilməsi da prioritet istiqamətləndəndir. Xarici ölkələrin parlament və hökumət nümayəndələri, ictimai xadimlər, jurnalistlərin Azərbaycana səfərlərinin və Azərbaycan Respublikasından elm adamları, ictimai xadim və jurnalistlərin diaspor təşkilatlarının tədbirlərində iştirakının təşkili də nəzərdə tutulan tədbirlərdəndir. Bundan başqa, azərbaycanlıların sıx yaşadığı ölkələrdə ictimai-siyasi proseslərə təsir imkanlarını artırmaq,  seçkireferendumlarda azərbaycanlıların fəal iştirakının təmin edilməsi, seçkili orqanlara namizədliyi irəli sürülmüş azərbaycanlıların təşviqat və təbliğat kampaniyalarında fəal iştirak etmək, onlara zəruri təbliğat-informasiya dəstəyinin verilməsi məqsədilə diaspor təşkilatlarının vahid fəaliyyət planının hazırlanması və həyata keçirilməsi istiqamətində də aparılacaqdır.

- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  münasibətilə diaspor nümayəndələrinə hansı  fikirlərinizi və tövsiyələrinizi çatdırmaq istərdiniz?

-  Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və həmrəyliyimizin təcəssümü olan bu bayram hər bir soydaşımız üçün, bütövlükdə Azərbaycan xalqı üçün çox mühüm əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu bayram münasibətilə dünya azərbaycanlılarına müraciəti yayılmışdır. Müraciətdə əksini tapmış tövsiyələr, fikirlər Azərbaycan diasporunun 2013-cü ildəki fəaliyyətinin əsas ideoloji istiqamətlərini özündə ehtiva edir. Hesab edirəm ki, hər birimiz, o cümlədən xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu tövsiyələrin müvəffəqiyyətlə həyata keçirilməsi üçün səylərini birləşdirməlidir. Biz əlimizdən gələni etməliyik ki, Azərbaycanın milli maraqlarının daha yüksək səviyyədə qorunmasına nail ola və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilək. Bu, hər hansı ölkədə yaşamasından, sosial durumundan, ictimai statusundan asılı olmayaraq hər bir azərbaycanlının borcudur.

 

 

Müsahibəni qələmə aldı: Əliqismət Bədəlov

 

Xalq qəzeti.- 2012.- 31 dekabr.- S. 8.