Azərbaycan dünyada sülhə, əməkdaşlığa
və dialoqa xidmət edən ölkə kimi tanınır
Ölkəmiz
müstəqillik yoluna qədəm qoyduğu vaxtlardan demokratik prinsiplərin
inkişafına xüsusi önəm verib. Etiraf edək ki, dövlət
müstəqilliyimizin bərpa edildiyi
ilk illərdə ölkədə hərc
- mərclik, özbaşınalıq, anarxiya
baş alıb gedirdi.
Lakin sonralar ulu öndər Heydər
Əliyevin yenidən hakimiyyətə
gəlişindən sonra Azərbaycanda ictimai
- siyasi sabitliyin qorunub saxlanılması istiqamətində qətiyyətli
addımlar atıldı. Ayrı - ayrı şəxslərə
xidmət edən qeyri - qanuni
silahlı birləşmələr ləğv edildi.
Qanunun aliliyinin təmin olunması istiqamətində
ciddi tədbirlər həyata keçirildi. Ölkə iqtisadiyyatının
inkişaf etdirilməsi istiqamətində
əhəmiyyətli tədbirlər hazırlandı. Bunlardan biri də xarici sərmayələrin ölkəmizə
axınını təşkil etmək idi.
Bu, həm ölkəmizin beynəlxalq aləmdəki
nüfuzunun artmasına təkan verəcəkdi,
həm də iqtisadiyyatımızın qüdrətlənməsinə
öz müsbət təsirini göstərəcəkdi.
Ulu öndər Heydər Əliyev dünyanın ən iri şirkətlərini və inkişaf etmiş dövlətlərinin respublikamıza sərmayə qoymaq məqsədilə ilk növbədə ölkədə davamlı ictimai - siyasi sabitliyin yaradılmasına nail oldu. Çünki hər hansı bir ölkəyə sərmayə qoymaq istəyən xarici şirkətləri ilk növbədə həmin ölkədə xalqın dövlət başçısına olan inamı, sonra isə ictimai - siyasi sabitlik maraqlandırırdı. Azərbaycanda isə xalq ümummilli lider Heydər Əliyevə inanır və ona güvənirdi. Ulu öndərin həyata keçirdiyi hər bir tədbir ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına və əhalinin həyat səviyyəsinin yüksəlməsinə hesablanmışdı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə çox böyük əhəmiyyət kəsb edirdi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün çox böyük əhəmiyyət kəsb edirdi. Ulu öndər Heydər Əliyev bu müqavilənin məhz Bakıda imzalanmasını yüksək dəyərləndirərək demişdir: “Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır”.
“Əsrin
müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan,
ABŞ, Böyük Britaniya,
Rusiya, Türkiyə, Norveç,
Yaponiya və Səudiyyə Ərəbistanı)
13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott,
Yunokal, ARDNŞ, LUKoyl,
Statoyl, Ekson, Türkiyə
Petrolları, Penzoyl, İtoçu,
Remko, Delta) iştirak etmişdir.
Bununla da, yeni neft
strategiyası və doktrinası uğurla
həyata keçirilməyə başlandı və ölkəmiz dünya
birliyində sabit, Prezidentlə xalqın
sıx vəhdəti olan ölkə imicini qazandı. Qeyd etdiyim kimi, dünyanın
tanınmış şirkətlərini ilk
növbədə sərmayə qoyduqları dövlətlərin
başçısının xalq arasındakı
nüfuzu və həmin ölkədəki
ictimai - siyasi sabitliyin davamlı olması
maraqlandırırdı. Bu baxımdan
ölkəmiz artıq beynəlxalq aləmin diqqət mərkəzində
idi. Həmin vaxtdan başlayaraq müstəqil dövlətimizin
beynəlxalq aləmdəki nüfuzu
getdikcə artdı və ölkəmizlə ikitərəfli əməkdaşlığa
maraq göstərən dövlətlərin
sayı getdikcə artdı.
Azərbaycan
məhz ulu öndərin hakimiyyətdə olduğu dövrdə
bütün beynəlxalq və regional təşkilatlarda təmsil
olundu, sivil birgəyaşayış qaydaları ilə tənzimlənən
böyük dünya siyasətinə qatıldı, beynəlxalq
və regional münasibətlərin həllində fəal
iştirak etməsi zəminində dünyanın siyasi xəritəsində
layiqli yer tutmasına nail oldu.
Ölkəmiz mötəbər
qurumlara üzv olarkən qarşıya qoyulan
əsas vəzifə ilk növbədə
milli maraqlarımızın qorunması olmuşdur. Bu minvalla siyasi,
iqtisadi, humanitar və
digər sahələrdə əməkdaşlıq getdikcə
inkişaf etdirilmiş
və müstəqil dövlətimiz
nüfuzlu beynəlxalq təşkilatların
fəal üzvünə çevrilmişdir.
Bu təşkilatlarla
əməkdaşlıq, ən azından, ölkənin
tanıdılması baxımından çox faydalı olmuşdur.
Postsovet
respublikaları ilə müqayisədə bu
gün Azərbaycanın beynəlxalq qurumlarla
sıx əməkdaşlığı çox
yüksək qiymətləndirilir. Ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun getdikcə
artması mötəbər qurumların Azərbaycana olan münasibətində də özünü büruzə vermişdir.
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasəti dünyanın ən nüfuzlu təşkilatları tərəfindən
kəskin pislənilmiş, respublikamızın sülh tərəfdarı olması həmin
qurumların rəsmi sənədlərində də öz əksini tapmışdır. Fakt üçün deyək ki,
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının
artması ilə əlaqədar Təhlükəsizlik
Şurası sədrinin 6 bəyanatında, eləcə də
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və
884 saylı qətnamələrində Azərbaycanın ərazi
bütövlüyünün, suverenliyinin
və sərhədlərinin toxunulmazlığının zəruriliyinin
bildirilməsi və bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin
işğal etdikləri ərazilərdən
qeyd - şərtsiz
çıxarılması tələbinin öz
əksini tapması ölkəmizin beynəlxalq aləmdə reytinqinin artması
xarici siyasət sahəsində
atdığı ilk uğurlu
addım kimi dəyərləndirilməlidir. Təəssüf ki, Azərbaycanın inkişafından və
beynəlxalq aləmə inteqrasiyasından xoflanan,
qısqanclıq hissi keçirən antimilli qüvvələr, həmçinin ikili standartlar nümayiş etdirən beynəlxalq təşkilatlar
öz xəbis niyyətlərini gizlədə
bilmirlər. Belələri gah
öz illik
“hesabatları”, gah da
müxtəlif sahələr üzrə
“sorğularının nəticələri” ilə guya Azərbaycanda ictimai - siyasi sabitliyin gərgin
olması barədə rəy formalaşdırmağa çalışır, bununla da, ölkəmizin
beynəlxalq aləmdə sürətlə artan
reytinqinə xələl gətirmək istəyirlər.
Görünür, belə üzdəniraq beynəlxalq təşkilatlar
və “siyasətçilər” Azərbaycanın beynəlxalq
təşkilatlarla əməkdaşlığının
genişlənməsi və mövqelərinin getdikcə
möhkəmlənməsini görmürlər və ya görməməzliyə vururlar.
Dünyanı qlobal maliyyə
və iqtisadi böhran
bürüyəndə ölkəmizin iqtisadiyyatında inkişaf müşahidə olundu,
əhalinin əmək haqları, sosial
müavinətlər və pensiyalar
artırıldı. Bu nailiyyət dünya birliyinin diqqətindən
yayınmadı. Bundan sonra
ölkəmizlə əməkdaşlıq etmək istəyən
dövlətlərin sayı artdı.
Artıq respublikamız beynəlxalq aləmdə nüfuz sahibi olan müstəqil dövlət kimi tanındı. Ötən ilin
sonlarında BMT Təhlükəsizlik Şurasına qeyri - daimi üzv
seçkilərində dünya birliyi tərəfindən ölkəmizə
verilən dəstək də bunu təsdiqlədi.
Müstəqil
Azərbaycanın diplomatiya tarixində qazandığı ən
böyük uğurlardan biri, heç şübhəsiz,
2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini
alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsidir. Bu,
ölkəmizin beynəlxalq aləmdə artan
nüfuzunun, ərazi bütövlüyünün
və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi
deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə
Azərbaycanın dünya siyasətindəki
müxtəlif qlobal problemlərin
müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas
faktorlarından birinə çevrilməsidir. Çünki
beynəlxalq münasibətlər sisteminin
böyük miqyaslı məsələlərinin
müzakirəsi prosesində ölkəmizin artan
fəallığı danılmaz faktdır. Ümumiyyətlə,
Azərbaycanın bütün sahələr
üzrə inkişafı dünya
miqyasında yüksək qiymətləndirilib. Artıq ikili standartlar nümayiş etdirən təşkilat kimi tanınan bəzi beynəlxalq
qurumların heç
bir əsası olmayan
“faktlara” əsaslanaraq saxta hesabatlar hazırlamaqla ölkəmizə qara yaxmaları ənənə halına çevrilib. Belə
qurumların hazırladıqları hesabatlar
ilk növbədə elə onların
özlərinə ciddi zərbə vurur. Çünki bu gün dünyada
işğalçı dövlət kimi
tanınan Ermənistanın adının üstündən sükutla keçib sülh tərəfdarı olan
Azərbaycanı Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli,
riskli
ölkə kimi təqdim edən təşkilat,
görəsən, hansı meyarlara istinad edib? Təəssüf
ki, belə bir qərəzli
informasiyanı ABŞ Dövlət
Departamentinə istinad etməklə “Reuters” agentliyi
yaymışdır. Azərbaycanı
özünə dost ölkə hesab edən, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupuna həmsədrlik
edən dünyanın
aparıcı dövlətlərindən biri
olan ABŞ-ın Dövlət Departamenti tərəfindən belə bir qərəzli məlumatın
yayılması təəssüf doğurur.
Yəni, doğurdanmı bu gün ABŞ Dövlət Departamenti
Ermənistanın Azərbaycana qarşı törətdiyi vandal aktlarını,
işğalçılıq siyasətini və digər ədalətsizliyini
görmür? Əgər 20 ilə
yaxın vaxtda bu
haqsızlığı görmürsə, bəs nə vaxt görəcək? Axı ABŞ dünyada demokratik bir ölkə kimi
tanınır.
Azərbaycan son illərdə
dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının
öz tədbirlərini keçirdiyi məkana çevrilib və dünyada
sülhə, əməkdaşlığa, habelə dialoqa xidmət
edən ölkədir.
Əgər ölkəmizdə hər hansı bir təhlükənin baş verməsi gözlənilsəydi, belə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə şərait yaradılardımı? Ona görə də mən belə hesabatları qərəzli adlandırıram və ölkəmizdə ictimai - siyasi sabitliyi pozmağa yönəldilmiş addım kimi dəyərləndirirəm. Azərbaycan müstəqil siyasət yeridən dövlətdir və hər hansı yalan və böhtan xarakterli hesabatlar bizim siyasətimizə təsir edə bilməyəcək.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2012.- 31 dekabr.- S. 7.