Qanun, yoxsa
"fransızsayağı" təsir vasitəsi
Sözdə insan hüquq və azadlıqlarından dəm vuran, siyasi eqoizmlə yeni müstəqil dövlətlərə "demokratiya dərsi" vermək istəyən Fransa tarixi keçmişinə, bu gününə və gələcəyinə qara ləkə kimi yazılacaq hüquqi rəzalətə imza atdı. Əslində, xüsusi şərhə ehtiyac yoxdur - söhbət uydurma erməni soyqırımını inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsini və ya 45 min avro məbləğində cərimələnməsini nəzərdə tutan absurd, qeyri-hüquqi və qeyri-insani qanun layihəsinin Fransa parlamentinin yuxarı palatası olan Senatda təsdiqlənməsindən gedir. Qanunun qəbulunda 213 nəfər iştirak edib, onlardan 127 nəfər qanunun lehinə, 86 nəfər əleyhinə səs verib.
Hüquqi nihilizm, ifrat qərəz və aşkar siyasi səbatsızlıq nümunəsi olan bu qanunun təkcə Türkiyə və Azərbaycana, türkdilli dövlətlərə qarşı deyil, ümumilikdə bəşəriyyətə, hətta fransızların öz əleyhinə yönəldiyini isə xüsusi vurğulamağa ehtiyac yoxdur. Fransanın Ermənistana bu jesti nə qədər gözlənilən olsa belə, Avropa bir vaxtlar demokratik dəyərlər uğrunda qanlı siyasi mübarizələrin, inqilabların mərkəzinə çevrilən bir dövlətdə belə bir qanunun qəbulunun "şoku"nu yaşayır. Faktiki olaraq söz, fikir, əqidə, sərbəst düşüncə, mətbuat, informasiya əldə etmək və s. insan hüquq və azadlıqlarının ayaq altına atılması hesabına qəbul olunan bu qanun, əslində, ksenofobiyanın (dözümsüzlüyün ifrat forması) qabarıq təzahürüdür. Fransız maarifçiləri və filosofları J.J.Russo, D.Didro, J.Lametri şəxsiyyətin azadlığını, söz və fikrə görə təqibin yolverilməzliyini insanların əsas və ayrılmaz hüquqlarından hesab edirdilər. Fransız maarifçisi Monteskyö bildirmişdi: "Qanunla idarə olunan dövlətdə yaxşı vətəndaş olmaq asandır". Fransa bununla, nə qədər kobud səslənsə də, fundamental insan hüquqlarına aşkar hörmətsizlik etdi, sivil dünyanın tapındığı demokratik ideallara arxa çevirdi. Bundan başqa, həm də özünün gerçək sifətini, demokratik dəyərlərə ikili standart münasibətini ortaya qoydu.
Qəribə olanı Fransanın ermənipərəst hakimiyyətinin türklərə qarşı nifrətini bu cür aqressiv formada ifadə etməsi deyil, bu ölkənin, xüsusən də hakim dairələrin ermənilərə "platonik sevgi"sidir. Fransa qondarma erməni soyqırımını hələ 2001-ci ildə tanımaqla türk dünyasına qarşı açıq qərəzini, qeyri-səmimi münasibətini ortaya qoymuşdu. Qəribəsi Fransanın belə bir absurd addım atmaqla ilk növbədə öz demokratik ölkə imicinə zərbə vurması, vətəndaşlarının hüquq və mənafeyinə qarşı çıxmasıdır. Özünü utanmadan "Qərb demokratiyasının beşiyi" sayan, başqa ölkələrdə "siyasi məhbus" axtarışlarına çıxan Fransa dövləti vətəndaşlarını düşüncə, fikir, əqidə fərqliliyinə görə təqib etmək yolu tutub. İnsanlara tarixi hadisələrə münasibətdə fərqli düşünməyi, sərbəst fikir ifadə etməyi qanunla məhdudlaşdıran bir dövlətin demokratik dəyərlərdən danışmağa, ən azı, mənəvi haqqı çatmır.
Uydurma erməni soyqırımını inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsi və ya 45 min avro məbləğində cərimələnməsini nəzərdə tutan qanunu təsdiq edən Fransa Senatı həm də öz Konstitusiyası və qanunlarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozub. 1789-cu il tarixli Fransa "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi"ndə söz və mətbuat azadlığının məhdudlaşdırılmasının yolverilməzliyi ali dəyərlər kimi təsbit olunub. Həmin bəyannamənin 10-cu maddəsində göstərilir ki, heç kim öz fikirlərinə görə təqib oluna bilməz. Eyni zamanda, 11-ci maddədə qeyd edilir ki, "Fikir və düşüncə azadlığının azad ifadəsi insanın mühüm hüquqlarındandır. Belə ki, hər bir kəs azad danışa, yaza və nəşr etdirə bilər. Lakin bu məsələdən sui-istifadə edən şəxs qanunun müəyyən etdiyi hallarda məsuliyyət daşıyır".
Bu azadlıqlar Fransanın 1958-ci ildə qəbul edilən Konstitusiyasında da birmənalı əksini tapıb. Beynəlxalq hüquqdan bu da məlumdur ki, dövlətlərin insan hüquq və azadlıqları ilə bağlı qəbul etdiyi qanunlar onların imzaladığı beynəlxalq saziş və konvensiyalarla ziddiyyət təşkil edə bilməz. Yaxud belə bir ziddiyyət yaranarsa, bu halda beynəlxalq saziş və konvensiyalar daha üstün sayılır. Bu baxımdan Fransanın Avropa Şurası, ATƏT, BMT, Avpora İttifaqı və digər beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri kobud şəkildə pozması və bununla bağlı məsuliyyət məsələsi də ciddi şəkildə nəzərdən keçirilə bilər.
Ümumilikdə Fransa Senatının qəbul etdiyi qondarma qanun demokratiya prinsipləri və fundamental insan azadlıqları ilə daban-dabana ziddiyyət təşkil edir. 1948-ci ildə BMT tərəfindən qəbul edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, 1966-cı ildə yenə BMT tərəfindən qəbul edilən Mədəni və siyasi hüquqların qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə Romada qəbul edilən Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi bütünlükdə hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir.
Fikrimizcə, bu qanun, faktiki olaraq, həm də Fransada kütləvi informasiya vasitələri üzərində sərt senzuranın tətbiqi, söz, məlumat, informasiya əldə etmək azadlıqlarının məhdudlaşdırılmasıdır. Bununla həmin ölkədə heç bir kütləvi informasiya vasitəsinin əməkdaşı ötən əsrin əvvəllərində baş vermiş hadisələrdə obyektiv yanaşma nümayiş etdirmək cəsarətində olmayacaq. Qondarma erməni soyqırımını inkar edənləri isə bir illik həbs və ya 45 min avro cərimə təhlükəsi gözləyir. Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulunun tezləşdirilməsini istəyən Avropa isə burnunun ucundakı hüquqi rəzalətə lazımi səviyyədə etiraz bildirmir.
Söz və mətbuat azadlıqları hər bir ölkədə ilk növbədə insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, zorakılığa əl atmadan istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Söz azadlığı deyəndə, eyni zamanda, insanın fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyi başa düşülür.
Bu azadlıqlar insanın özünüifadəsinin müxtəlif təzahür formaları olsa da, mahiyyətcə biri digərini inkişaf etdirir, tamamlayır, qarşılıqlı surətdə təmin edir. Belə ki, fikir azadlığı hər bir insanın onun razılığı olmadan başqaları tərəfindən müdaxilə edilməyən (edilə bilməyən) daxili aləminə aid təbii vəziyyəti kimi dəyərləndirilir. Bu vəziyyət insanın ətraf aləmdə baş verən proseslərə, hadisələrə, predmetlərə öz münasibətini müstəqil müəyyən etməsi ilə əlaqədardır. İnsanın ətraf aləmə münasibəti isə daha çox onun təbiətdə, cəmiyyətdə baş verən proseslər və hadisələr haqqında əldə etdiyi informasiyalar əsasında formalaşır. İnformasiya özü isə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. Bütün bu meyarlardan yanaşdıqda, Fransa Senatının qəbul etdiyi qanunun, əslində, tarixi saxtalaşdırmağa xidmət etdiyi aydın görünür. Bu, həm də Fransa alimlərinin, elmi ictimaiyyətinin, eyni zamanda elə sadə vətəndaşların da sərbəst tarixi araşdırma və tədqiqat aparmaq, obyektiv nəticəyə gəlmək imkanlarını zorla yasaqlamaqdır. Fransa dövləti elm adamlarına tədqiqatları hansı yöndə aparmağın hazır konspektini təqdim edir. "Demokratiyanın beşiyi" adlandırılan dövlət öz qərəzli, obyektivlikdən uzaq, iftira xarakterli yanaşmasını qanun şəklində vətəndaşlarına diktə edir. Allahın, İsa peyğəmbərin, dinin, xristianlığın inkar edilməsinə görə məsuliyyətin olmadığı Fransada qondarma erməni soyqırımının inkar edilməsinin yolverilməzliyi, görəsən, nə ilə şərtlənir? Bəlkə Fransa demokratiyadan diktaturaya dönüşün özünəməxsus "modelini" yaratmaq niyyətinə düşüb?
Ümumiyyətlə, qloballaşma meyilləri gücləndikcə, bəzi Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Dövlətlər səviyyəsində islamın və müsəlmanların sıxışdırılmasına yönəlmiş cəhdlər son nəticədə "daha çox tolerant olmaq" şüarı ilə çıxış edən Avropada dözümsüzlük əhvali-ruhiyyəsini gücləndirib. Bunun nəticəsidir ki, son zamanlar müsəlman mühacirlərin kütləvi şəkildə Avropadan çıxarılmasına açıq çağırışlar artır. Bu çağırışların həm də "islamofobiya" və terror cəhdləri ilə müşayiət olunması özlüyündə çox ciddi təhlükələrdən xəbər verir. 2011-ci il iyulun 22-də Norveçdə 70 dinc insanın ölümü ilə nəticələnən dəhşətli terror aktı Avropada antiislam kampaniyasının hələ ki güclü olduğunu, bu coğrafi arealda müsəlmanlara qarşı tolerant olmayan münasibətin hökm sürdüyünü bir daha təsdiqləyir. Aşkar görünür ki, bir neçə il əvvəl Məhəmməd peyğəmbərin müsəlmanların heysiyyətinə toxunan karikaturasının çəkilməsi və hicab qadağasının genişlənməsi ilə başlanan sivilizasiyalararası qarşıdurma meyilləri yenidən güclənib.
Bu qarşıdurmanı daha da alovlandırmaq yolu tutan Fransa dövləti isə faktiki olaraq tolerantlığa qarşı çıxdığını da açıq nümayiş etdirir. Tolerantlıq mahiyyətcə insanın ali şüur və düşüncə tərzi ilə bağlı olan fenomenal anlayışdır. Hansısa bir insanı fiziki cəhətdən ram etmək, onun varlığına hakim kəsilmək, azadlığını məhdudlaşdırmaq mümkündürsə də, onun fikir və düşüncələri, baxışları üzərində qələbə çalmaq qeyri-mümkündür. Tolerantlıq bir fikrin, baxışın, yanaşmanın digərlərinə doğma kimi qəbul etdirilməsini tamamilə yolverilməz sayır. Tarixin müxtəlif mərhələlərində fikir və ideyaları, hətta siyasi baxışları uğrunda sonadək mübarizə aparmış insanlarla bağlı çoxsaylı nümunələr göstərmək olar. 1633-cü ildə Qalileo Qaliley Yerin Günəş ətrafında fırlanmasında, kopernikçilikdə təqsirləndirilərək inkvizisiya məhkəməsinə cəlb edilir. Lakin Qaliley ölüm ayağında belə "Onsuz da o fırlanır" demişdi. Fransa isə sanki XXI əsrdə öz vətəndaşları üçün belə bir absurd məhkəmə qurmaq iddiasına düşüb. Tolerantlıq kimi ali dəyərə bundan böyük zərbə ola bilərmi?
Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmədən qarşıdakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək mümkün deyil. Dözümlülük - baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heç nə etməməkdir. O, eyni zamanda diskriminasiyaya məruz qoymadan hər bir insanın fərqli düşünmək azadlığını özündə birləşdirir. Yəni, cəmiyyətdə fərqli düşünən insanlara münasibətdə ayrı-seçkilik məyusluğa, ifrat radikalizmə və düşmənçiliyə səbəb ola bilər. Ayrı-ayrı insanların, dini icma və millətlərin bəşər cəmiyyətinin mədəni plüralizmini etiraf etməsi həm də beynəlxalq razılaşmaların maraqları çərçivəsindədir. Fəqət Fransa qəbul etdiyi qanunla tolerant ölkə olmadığını da nümayiş etdirdi. Əgər soyqırımı cinayəti bəşəriyyət üçün qara ləkə və utancdırsa, onu inkar etməyə görə insanları cinayət məsuliyyətinə cəlb etmək hüquqi vandalizm nümunəsidir.
Tarixdə baş verənləri araşdırmaq tarixçilərin işidir. Ötən əsrin əvvəllərində Osmanlı imperiyasının ermənilərə qarşı "soyqırımı" həyata keçirdiyini təsdiqləyən heç bir tutarlı fakt, dəlil, sübut yoxdur. Türkiyənin məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın və onun himayədarı olan Fransanın zaman-zaman gündəmə gətirdiyi "soyqırımı" kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam türk dünyasına qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır. Belə çıxır ki, bu ölkədə yaşayan 100 minlərlə türk fransız parlamentarilərin qəbul etdiyi absurd qanunla ya razılaşmalı, ya da Fransanı tərk etməlidir?
Əslində, tarixi araşdırmaq bu gün Fransanın özü üçün yaxşı heç nə vəd etmir. Dünya ictimaiyyəti vaxtı ilə fransız hərbi legionerlərinin Afrikada və dünyanın digər qitələrində törətdikləri qətliamları unutmayıb. Əlcəzairdə törədilən soyqırımı isə buna ən qabarıq sübutdur. Qondarma soyqırımını inkar edən qanunun qəbulunda israr edən Nikola Sarkozi 2007-ci ildə Konstan şəhərində çıxış edərkən çıxılmaz vəziyyətdə Fransanın Əlcəzairdə törətdiyi vəhşilikləri etiraf etməyə məcbur olmuşdu.
"Öt kökü üstə bitər" deyiblər. Macar tarixçisi Sandor Mosoniyə görə, XVII əsrin başlanğıcında - Macarıstan Kralı II Ferdinand dövründə osmanlılara qarşı döyüşən Sarkozinin ulu babaları zadəgan titulları və kiçik bir qəsrlə mükafatlandırılıblar. Babasının yolunu gedən Sarkozinin son davranışlarını Türkiyəyə təzyiq vasitəsi kimi də qəbul etmək olar. Türkiyəyə qondarma soyqırımını tanıtdırmaq cəhdlərinin arxasında hansı məkrli məqsədlərin dayandığı hər kəsə yaxşı məlumdur. Qondarma erməni soyqırımı iddiaları ermənilərin qarşıya qoyduqları 4 məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: "soyqırımı"nın bütün dünyada tanıdılması; Türkiyənin "soyqırımı"nı etiraf etməsi; Türkiyənin "soyqırımı"ya uğramış adamların varislərinə təzminat ödəməsi; Türkiyənin şərqində ermənilərə torpaq verilməsi. Faktiki olaraq bunların hər biri Türkiyə Cümhuriyyətini sarsıtmaq, parçalamaq məqsədi güdür.
Fəqət, Fransanın bu gücdə və qüdrətdə olmadığı da yaxşı məlumdur. Faktiki olaraq fransız ideoloqlarının son qərarı onların özlərinə qarşı yönəlib. Avropanın əksər beynəlxalq təşkilatları, hüquq-müdafiə təşkilatları Sarkozi rejimini sərt tənqid atəşinə tutur. Qondarma qanun Fransanın özündə vətəndaş həmrəyliyi və sülhü üçün ciddi problemlər yaradıb. Qondarma qanun layihəsinə əlavə və dəyişikliklərin müzakirələri zamanı Sosialist Partiyasının üzvü olan senator Qaetan Qors bu sənədin qəbul edilməsinin Fransada milli birliyin əldə edilməsi istiqamətində mənfi rol oynayacağını bildirib: "Mən bu gün Senatın qarşısına çıxanda üz-üzə duran minlərlə erməni və türk mənşəli fransızın nümayişini gördüm. Onların arasında polis var idi. Mən bu səhnəni gördükdə bir daha əmin oldum ki, biz belə bir qanunun qəbulunda çox böyük səhvə yol veririk".
Bəli, söhbət burada yaşayan erməni və türk icmalarını uzun illər qarşı-qarşıya qoyacaq, siyasi ehtirasları milli münaqişə müstəvisinə keçirən bir cəfəng qanundan gedir. Amma görünür, Nikola Sarkozi prezident seçkiləri ərəfəsində fransalı ermənilərin səsini qazanmaq, hakimiyyətini qorumaq üçün bütün bu riskləri göz önünə alıb. Amma bu qanuna etiraz edən çoxsaylı fransızların, eləcə də türklərin Sarkozidən üz döndərəcəyi də gün kimi aydındır. Bundan başqa, qanun layihəsinin qəbulu ilə Fransanın Avropa İnsan Hüquqları Məhkəməsi ilə də ciddi problemləri yaranacaq. Yəni ölkə vətəndaşları düşüncə azadlıqlarını qorumaq üçün məhkəməyə müraciət edəcəklər.
Fransanın bu səhv addımı nəticəsində Türkiyənin sərt və haqlı sanksiyaları ilə üzləşəcəyi də qaçılmazdır. Qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu qərar insan hüquqlarını tamamilə pozur. Bu qərar Türkiyədən çox Fransaya qarşı haqsızlıqdır. İndi bu ölkədə söz azadlığının qarşısı alınacaq. Cənab Ərdoğan həmçinin bildirib ki, Türkiyə öz tarixi ilə qürur duyur və Fransanın bu qondarma qərarına qarşı səssiz qalmayacaq: "Birinci mərhələdə Parisdəki səfirimizi geri çağırdıq, iqtisadi-ticarət komissiyasının iclasından imtina edirik, bütün ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrimizi dondururuq, Avropa İttifaqı çərçivəsində layihələrdə iştirakdan imtina edirik. Bunu vurğulayıram. Bu, ilk mərhələdir, yeni tədbirlər gündəmə gələcək. Tərəddüd edilmədən qətiyyətlə tətbiq olunacaq".
Fransa Senatının qərarı təkcə Türkiyənin deyil, həm də Azərbaycanın milli maraqlarına qarşı yönəlib. Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, ikili standartlara yol verən müəyyən aparıcı dövlətlər və təşkilatlar bu məsələdə erməniləri şirnikləndirmək yolunu tuturlar.
Qeyd edim ki, Azərbaycan Respublikasının Milli Məclisi 2011-ci il 30 dekabr tarixli iclasında Fransa Senatına müraciət qəbul etmişdi. Müraciətdə bildirilirdi: "Fransa Respublikasının Milli Assambleyasında "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul olunduğu barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Növbəti mərhələdə layihənin Fransa Respublikası Senatının müzakirəsinə çıxarılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməlində dayanan, insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına zidd olacaqdır".
Hər bir halda bu cəfəng qanunun qəbulundan sevinən ermənilər, uduzansa fransızlar özləri oldu. Fransanı böyük həbsxanaya çevirən Sarkozi hakimiyyəti ümumbəşəri miqyasda rüsvayçılıqla üzləşdi. Artıq beynəlxalq ictimaiyyət də yaxşı başa düşür ki, ermənilərin qeyri-hüquqi və cəfəng iddialarının Fransanın və digər dövlətlərin qanunverici orqanlarında dəstəklənməsi əsasən geosiyasi amillərlə bağlı olub, erməniləri dəstəkləmək məramından daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azərbaycana təsir göstərmək məqsədi güdür. Getdikcə daha çox dövlət bu həqiqəti başa düşür, bütövlükdə türk dünyasına qarşı yönəlmiş iftira kampaniyasını birmənalı rədd edir.
Senatda qəbul olunan qanun Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətini, bu prosesdə tərəfsiz vasitəçiliyini də kölgə altında qoydu. Bu addım həmçinin Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada sülh və əmin-amanlığa dəstək verəcəyini də şübhə altına alır.
Müxtəlif ölkələrin parlamentləri tərəfindən nəinki öz ölkələrində, habelə siyasi məqsədəuyğunluq baxımından digər ölkələrdə də baş vermiş tarixi hadisələri təkzib etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi təcrübəsi yaxşı heç nə vəd etmir. Onsuz da beynəlxalq hüququn "yumruq hüququ"na, "güc hüququ"na çevrildiyi bir vaxtda ölkədaxili milli hüquqların da bu yolu tutaraq beynəlxalq hüququn "kölgə"sinə çevrilməsi bəşəriyyəti qorxunc bir "gələcəyə" sürükləyir. Bu iyrənc təcrübədən istifadə edən müxtəlf ölkələrin parlamentləri digər ölkələrə, bu ölkələrin vətəndaşlarına, siyasi rejimlərinə təsir vasitəsinə çevrilən qanunlar qəbul edə bilərlər. Ölkədaxili milli qanunvericiliklərin "müharibə"sinə gətirib çıxara biləcək belə bir bədnam təcrübə tərəqqipərvər bəşəriyyəti sivilizasiyalarası dialoqu "sıfırdan başlamaq" təhlükəsi qarşısında qoya bilər. Buna isə imkan vermək olmaz!
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2012.- 1 fevral.- S. 3.