Dövlət gənclər siyasəti parlaq gələcəkdən xəbər verir

 

Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində müasir Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir.

Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilir.

Azərbaycanın dilbər guşələrindən biri olan Abşeron rayonunda da dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində ötən illər ərzində çoxlu işlər görülmüşdür. Ərazisi 1 şəhər (Xırdalan), 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad, Digah, Qobu, Hökməli, Aşağı Güzdək, Güzdək), 6 kənddən (Masazır, Fatmayı, Məmmədli, Goradil, Pirəkəşkül və Novxanı) ibarət olan Abşeronun əhalisinin 55794 nəfərini gənclər təşkil edir. Rayon gəncləri elm, mədəniyyət, incəsənət, idman və digər sahələrdə parlaq nailiyyətlər qazanırlar.

Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev Gənclər və İdman NazirliyiAbşeron Rayon İcra Hakimiyyətinin birgə razılıgı əsasında idarə tərəfindən təsdiq edilmiş və idarənin perspektivli planına uyğun olaraq rayonda gənclər sahəsi üzrə müxtəlif tipli tədbirlərin həyata keçirildiyinibu tədbirlərdə abşeronlu gənclərin fəal iştirak etdiklərini diqqətə çatdırdı: "Müasir həyatımızda Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti məhz ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin məntiqi davamıdır. Gənclərin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən görülən işlər öz bəhrəsini verir. Abşeron rayonunda da gənclərimizin hərtərəfli inkişafı üçün müəyyən şərait yaradılıb və bu quruculuq işləri davam etdirilməkdədir. Gənclərimiz demokratikləşmə prosesində, çoxşaxəli layihələrin reallaşmasında yaxından iştirak edirlər.

Gənclik cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqə olduğundan dövlət tərəfindən gənclərin qabiliyyət və intellektual imkanlarının üzə çıxarılması və inkişafı, onların vətənpərərlik tərbiyəsinin gücləndirilməsi, dövlətçilik ənənələri, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili xüsusilə diqqət mərkəzindədir. Abşeron rayon Gənclər və İdman İdarəsi tərəfindən də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Yola saldığımız 2011-ci ildə Gənclər və İdman İdarəsinin gənclər arasında təşkil etdiyi "Yaradıcı gənclərlə və asudə vaxtının təşkili sahəsində əsas problemlər hansıdır" mövzusunda dəyirmi masa, xaricdə təhsil mövzusunda seminar, rayonun istedadlı gənclərinin aşkar edilməsi məqsədilə "Hünər" vətənpərvərlik mövzusunda mahnı müsabiqəsi, gənclərin hüquqi biliklərini gücləndirmək və təkmilləşdirmək məqsədilə "Azərbaycan Konstitusiyasını öyrənək" mövzusunda tədbir, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı tədbir, "Milli-mənəvi dəyərlərin təbliği işinin aparılmasında əsas istiqamətlər" mövzusunda seminar-məşğələ, "Müstəqil Azərbaycan dövlətinin inkişafı yolunda gənclərin rolu" mövzusunda disskussiya, "Yaşıllıq sağlamlıqdır", "Rayonumuzu yaşıl dona bürüyək" devizi altında keçirilən iməciliklər və başqa tədbirlərdə yüzlərlə gənc iştirak edib.

20 faiz torpağının düşmən tapdağı altında olan Azərbaycanın yeniyetmə və gənclərinin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması çox vacibdir. Bu istiqamətdə Abşeron rayon Gənclər və İdman İdarəsi də bir sıra tədbirlər reallaşdırıb. Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirmək məqsədilə "Musəlləh əsgərəm, mən də bu gündən" devizi altında keçirilən silsiləvi tədbirlər, "Vətəni sevmək gərək" layihəsi çərçivəsində gənclərin Qarabağ müharibəsi iştirakçıları ilə görüşü və gənc çağırışçılar arasında hərbi-vətənpərvərlik mövzusunda təşkil edilən tədbirlər buna misal ola bilər. Rayonda hər il yuxarı sinif şagirdləri arasında "Cəsurlar" və "Şahin" hərbi-idman oyunları yüksək səviyyədə təşkil edilir. Yarışlara hazırlıq ilboyu getdiyindən şagirdlər hazırlıq çərçivəsində silahla davranış qaydalarına yiyələnir, hərbi hazırlıq keçirlər. Təsadüfi deyil ki, abşeronlu lcəsurlar" ötən il "Cəsurlar" Hərbi-idman və Turizm Oyunlarının zona mərhələsində fəal iştirak edərək birinci yeri tutublar.

Gələcəyimiz olan gənc nəslin sağlamlığı dövlətin daim diqqət mərkəzindədir. Getdikcə qloballaşmaqda olan müasir dünyanın bəlasına çevrilmiş narkomaniya və digər zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün ölkəmizdə məqsədyönlü işlər görülür. Abşeron rayonunda da bu istiqamətdə tədbirlər həyata keçirilir. "Narkomaniya ilə mübarizə", "Gənclər narkotiklər əleyhinə", "QİÇS sağalmaz xəstəlikdir" kimi layihələr çərçivəsində maarifləndirmə tədbirləri, toplantılar keçirilmiş, gənclərin zərərli vərdişlərdən çəkindirməyin yolları göstərilmişdir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliği istiqamətində rayonda görülən işlər də təqdirəlayiqdir. Gənclərin mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın inkişafı, gənclərdə bu sahəyə marağın artırılması ümdə məsələlərdən biri kimi qarşıda durur. Yaz çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" poliotlon çoxnövçülüyü üzrə rayon birinciliyi, Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kütləvi idman tədbirləri, Novruz bayramına həsr olunmuş mili idman oyunlarında rayonun yüzlərlə gənci böyük həvəslə iştirak edir. Belə tədbirlər hər il ənənəvi olaraq keçirilir. Təkcə ötən il ərzində Gənclər və İdman İdarəsi tərəfindən 36 idman tədbiri keçirilib ki, bu tədbirlərdə də 10000 minə yaxın yeniyetmə və gənc qüvvəsini sınayıb. Belə yarışlar vasitəsilə gənclərin potensialı üzə çıxır. Onlar bu cür turnirlərdə həm yarış təcrübəsi əldə edir, həm də idmanla məşğul olmaqla sağlamlıqlarının qeydinə qalır, asudə vaxtlarını səmərəli keçirirlər. Abşeron rayon gəncləri ölkə və beynəlxalq miqyaslı tədbirlərdə də yaxından iştirak edərək, böyük nailiyyətlər qazanırlar. Ötən il ərzində rayon gəncləri müxtəlif idman növləri üzrə respublika birinciliklərində, eləcə də beynəlxalq arenalarda keçirilən yarışlarda iştirak edərək, çoxlu medallar qazanıblar. "Xəmsə" Milli intellektual oyunu üzrə Azərbaycan birinciliyi, "Hünər" vətənpərvərlik mahnı festivalı, "Mənim ailəm" VII mahnı festivalında abşeronlu gənclər bilik və bacarıqlarını nümayiş etdiriblər. "Tələbə baharı" - tələbələrin yaradıcılıq festivalında iştirak edən rayon gəncləri həm "Milli rəqslər" (kollektiv rəqs), həm də "Xalq mahnıları" nominasiyasında yüksək nəticə əldə edərək birinci yeri tutublar.

Əsgər Əmirəliyev ötən il olduğu kimi, 2012-ci ildə də dövlətin gənclər siyasətinin Abşeron rayonunda uğurla həyata keçirilməsi üçün bir sıra tədbirlərin planlaşdırıldığını bildirdi. lBir neçə gündən sonra ölkəmizdə Gənclər Günü geniş miqyasda qeyd ediləcək. Bu münasibətlə rayonumuzda da bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Budəfəki tədbirimiz yalnız abşeronlu gənclərimizin yaradıcılıq nümunələri əsasında reallaşacaq. Tədbirdə yeniyetmə və gənclərimiz müxtəlif proqramlarla çıxış edəcək, yaradıcılıq bacarıqlarını nümayiş etdirəcəklər. Valideyinləri və rayonumuzun sakinləri bir daha gənclərimizin yaradıcılıq imkanları ilə tanış olacaq, parlaq gələcək naminə yetişdirilən yeni nəslin istedadına bələd olacaqlar", - deyə o, əlavə etdi.

 

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2012.- 1 fevral.- S. 6.