Azərbaycanın
dünya birliyinə inteqrasiyasında gənclərin
rolu böyükdür
XXI əsr gənclərin əsridir.
XXI əsr Azərbaycanda gənclərin müstəqil dövlətimizi
qurub-yaratmaq və inkişaf etdirmək əsridir. Əziz gənclər,
siz Azərbaycanın XXI əsrinin qurucularısınız. Bu
yolda sizə uğurlar olsun.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycanda
gənclərə etimad göstərilməsi, onların
müasir düşüncə səviyyəsində yetişmələri,
hərtərəfli biliyə malik olmaları üçün
aparılan işlərin əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuşdur.
Böyük
tarixi şəxsiyyətin ikinci dəfə siyasi hakimiyyətə
gəlişindən sonra müstəqil Azərbaycanı gələcəkdə
də idarə edə biləcək, yaşadacaq və möhkəmləndirəcək
gənc nəslin formalaşdırılması istiqamətində
mühüm əhəmiyyətli tədbirlər həyata
keçirildi. Gəncliyə böyük inam və ümid bəsləyən
ulu öndər deyirdi: "Bütün Azərbaycan gənclərinin
qarşısında bir vəzifə - öz xalqına,
dövlətinə, ölkəsinə ləyaqətlə xidmək
etmək, həyatda fəal olmaq və Azərbaycanın
dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi
durur. Milli Ordunun böyük bir hissəsini təşkil edən
gənclərdir. Hərbi xidmətdə olan əsgərlərimizin,
zabitlərimizin əksəriyyəti gənclərdir. Gənclər
Azərbaycan dövlətinə, doğma torpaqlarımıza
sadiqdirlər".
Azərbaycanın
müstəqillik əldə etməsindən qabaq da - sovet dövründə
də respublikamızda gənclərə həmişə diqqət
və qayğı göstərilmiş, onların mənəvi
və fiziki cəhətdən sağlam, gümrah böyümələri,
əhatəli biliyə yiyələnmələri
üçün bütün imkanlardan istifadə olunmuşdu.
Həmin vaxt azərbaycanlı gənclərin SSRİ-nin ən
nüfuzlu ali məktəblərində təhsil almaları
üçün əlverişli şərait
yaradılmışdı. Məhz bu imkanlardan istifadə edərək
15 mindən artıq azərbaycanlı gənc oğlan və
qız müxtəlif ölkələrdə mükəmməl
təhsil aldılar.
1993-cü
ilin iyunundan sonra müstəqil Azərbaycanı gələcəkdə
də yaşadacaq və idarə edə biləcək gənc
nəslin formalaşdırılması istiqamətində qətiyyətli
addımlar atıldı. Bu sahədə ciddi tədbirlər həyata
keçirən ulu öndər Heydər Əliyev gənclərlə
işi daha səmərəli şəkildə təşkil
etmək, onların problemləri ilə yaxından
tanış olmaq, gənclərin ictimai-siyasi həyatda daha fəal
iştirakını təmin etmək məqsədi ilə Gənclər
və İdman Nazirliyinin yaradılması ilə əlaqədar
1994-cü il iyulun 26-da sərəncam imzaladı. Bir müddət
sonra isə "Gənclər siyasəti haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edildi.
1996-cı
il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin
Birinci Forumunun keçirilməsi gəncliyə olan inamın və
etimadın nəticəsi idi. Forumun əhəmiyyətini
yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev
1997-ci ildə sərəncam imzalayaraq tədbirin
keçirildiyi günü - 2 fevralı Cənclər
Günü elan etdi. Getdikcə reallaşan və möhkəmlənən
dövlət quruculuğu strategiyasının əsas istiqamətlərindən
birini məhz gənclər siyasəti təşkil edirdi.
Geniş dünyagörüşünə malik, mənəvi
cəhətdən saf, milli dəyərlərə sadiq, vətənpərvər
gənc nəslin tərbiyə edilməsi və yetişdirilməsi
milli gənclər siyasətimizin əsas vəzifəsi kimi
qarşıya qoyulmuşdu.
Ümummilli
lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi altında gəncliyin
inkişafını daha da stimullaşdıran qanunvericilik
bazası xeyli möhkəmləndirildi. Dövlət
başçısının imzaladığı "Azərbaycan
Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)",
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xaricdə təhsili üzrə Dövlət Proqramı",
həmçinin gənclərin təhsil səviyyəsinin
yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi
istiqamətində digər sənədlər bunun parlaq
sübutudur. Son beş il ərzində gənclər təşkilatlarının
350-dən artıq layihəsinin dəstəklənməsi
üçün dövlət büdcəsindən vəsait
ayrılmışdır. Hazırda gənclərimiz 30-a
yaxın nüfuzlu beynəlxalq təşkilatlarda təmsil
olunur, bir neçə beynəlxalq gənclər
platformalarının yaradılması təşəbbüsü
ilə çıxış ediblər.
Dünya
Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi
ideyasının gerçəkləşdirilməsi Azərbaycan
gəncliyinin beynəlxalq aləmdə növbəti
uğurlarındandır. Almaniyanın Frankfurt şəhərində
Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin
keçirilməsi də gənclərimizin beynəlxalq aləmdə
böyük uğuru kimi dəyərləndirilməlidir.
Dünya
Azərbaycanlı Gənclərinin I Konqresinin əsas məqsədi
xarici ölkələrdə yaşayan
soydaşlarımızın diaspor quruculuğu işinə cəlb
olunması, ictimai-siyasi fəallığının
artırılması, doğma Vətənlə əlaqələrinin
möhkəmləndirilməsidir. Xarici ölkələrdə
yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu
işinə cəlb olunması, ictimai-siyasi fəallığının
artırılması, milli-mənəvi dəyərlərimizin
qorunması və mədəni irsimizin təbliğində,
habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında daha fəal iştirakı qarşıya
qoyulan prioritet vəzifələrdəndir. Xarici ölkələrdə
yaşayan gənclərin təhsil aldıqları ölkələrdə
müxtəlif dərnək və ictimai birliklər
yaradılması üçün ölkəmizdən verilən
dəstək öz bəhrəsini vermişdir. Bunun nəticəsi
olaraq həmin gənclər Vətənimizin qarşılaşdığı
problemlər barəsində dünya ictimaiyyətində
obyektiv təsəvvürlərin
formalaşdırılması prosesində fəal iştirak
edirlər.
Hazırda
Azərbaycan diaspor təşkilatlarının 40-dan
çoxunu məhz gənclər təsis edib. 2009-cu ilin
aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) təsis edilməsi Azərbaycan
diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin
həyatında mühüm hadisə oldu. Heydər Əliyev
Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın sədrliyi
ilə gəncləri öz ətrafında birləşdirən
bu təşkilat qısa müddət ərzində Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, gənclərin milli diaspor
quruculuğu işinə cəlb olunması istiqamətində
çox önəmli addımlar atıb. Hazırda xarici
ölkələrdə təhsil alan azərbaycanlı gənclərin
milli maraqlarımızın müdafiəsi,
xalqımızın tarixi və müasir həyatı ilə
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, zəngin mədəni irsimizin təbliği
sahəsində uğurlu layihələr həyata keçirməsi
böyük əhəmiyyət kəsb edir. Dünyanın
müxtəlif regionlarında - Avropada, Amerikada, Asiyada, MDB məkanında
fəaliyyət göstərən azərbaycanlı gənclər
təşkilatları Ermənistanın
işğalçılıq siyasəti, törətdiyi vandal
aktları, dünyada analoqu olmayan Xocalı soyqırımı
barədə yaşadıqları ölkələrin ictimaiyyətinin,
beynəlxalq təşkilatların, müxtəlif ölkələrin
parlament və hökumət üzvlərinin məlumatlandırılması
məqsədilə müxtəlif kampaniyalar təşkil edir,
elmi-praktik konfranslar, etiraz aksiyaları keçirir.
Gənclərimiz
müasir informasiya texnologiyalarının imkanlarından istifadə
edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nəticələri haqqında əsl həqiqətləri
bu barədə məhdud informasiyaya malik dövlət və
siyasət adamlarına, jurnalistlərə, eləcə də
sadə vətəndaşlara çatdırmağa
çalışırlar. Ötən müddətdə
Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada,
Rusiya Federasiyası, Yaponiya, Misir, Koreya və digər ölkələrdə
azərbaycanlı gənclər təşkilatlarının təşkil
etdiyi tədbirlər milli mənəvi dəyərlərimizi,adət-ənənələrimizi,
mədəniyyətimizi, xalqımızı və ölkəmizi
tanıtmaq üçün təsirli bir vasitə olduğunu
və gənclərimizin bu vasitədən kifayət qədər
uğurla faydalandığını təsdiqləyir. Bu, həm
də o deməkdir ki, müasir Azərbaycan gəncləri
hansı ölkədə yaşamasından və təhsil
almasından asılı olmayaraq, öz xalqının tarixi, mədəniyyəti,
onun milli maraqlarının sərhədləri barədə
çox dəqiq və aydın təsəvvürə
malikdir. Bu mühüm amil ölkəmizin gələcəyi və
bu gələcəyin sahibləri olan gənclərimiz
haqqında nikbin düşünməyimizə əsas verir.
Ermənistan
silahlı qüvvələrinin ölkəmizdə törətdiyi
ağlasığmaz vəhşiliklər barədə
dünya ictimaiyyətinə dolğun, əhatəli məlumat
verilməsində Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının rolu yüksək qiymətə
layiqdir. RAGT-ın sədri Leyla xanım Əliyevanın təşəbbüsü
ilə keçirilən "Xocalıya ədalət"
kampaniyasının əsas məqsədi Ermənistan
silahlı qüvvələrinin günahsız insanlara
qarşı törətdikləri misli görünməmiş
qəddarlıq, soyqırımı barədə dünya
ictimaiyyətinə təkzibolunmaz faktlarla məlumat verilməsidir.
Təşkilatın müxtəlif ölkələrin parlament
və hökumət üzvlərinin məlumatlandırılması
məqsədi ilə keçirdiyi müxtəlif tədbirlər,
kampaniyalar, elmi-praktik konfranslar və digər aksiyalar öz bəhrəsini
vermişdir. Artıq dünyanın 40-a yaxın ölkəsində
keçirilən "Xocalıya ədalət"
kampaniyası Ermənistanın iç üzünü
açaraq bu ölkənin terror yuvası olduğunu
bütün dünyaya bəyan etdi.
Azərbaycan
gəncliyinin beynəlxalq aləmə inteqrasiyası, yüksək
tribunalardan gənclərimizin sərbəst
çıxışları, ölkəmiz barədə əsl
həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq qabiliyyətində olmaları artıq
özünü geniş şəkildə büruzə verir.
Hər bir dövlətin əsas missiyalarından biri gələcəyin
etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsil
hazırlamaqdır. Azərbaycan dövlətinin gənclər
siyasətinin əsas istiqamətlərindən biri dünyada
yaşayan azərbaycanlı gənclərlə iş, ölkəmizdə
gənclərlə səmərəli və əlaqələndirilmiş
fəaliyyətin qurulması, sağlam, güvənilən,
müasir düşüncəli, intellektli, yüksək səviyyəli
təhsili olan gənclərin yetişdirilməsidir. Gənclərin
qarşısında duran ən mühüm vəzifələrdən
biri həm milli, həm də bəşəri dəyərlərə
yiyələnmək, mükəmməl təhsil almaq,
müasir dəyərləri mənimsəmək, amma heç
bir zaman milli köklərimizi unutmamaqdır. Gənclərin
gücü, intellekti, Vətənin, dövlətin, millətin
gücü və intellektidir.
Bu
gün Azərbaycan gənclərinin qarşısında bir vəzifə
- öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə
xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın
dövlət müstəqilliyini qoruyub saxlamaq vəzifəsi
durur. Dövlətimizin yeritdiyi uğurlu siyasət sayəsində
gənclərimiz bu vəzifənin öhdəsindən layiqincə
gəlir. Hazırda Azərbaycan gənclərinin səsi
yüksək beynəlxalq tribunalardan eşidilir. Bu tribunalardan
ölkəmizin haqq səsi, Azərbaycan reallıqları, həqiqətləri
bütün dünyaya olduğu kimi çatdırılır.
Ölkəmizdə
gənclərin hərtərəfli inkişafını, cəmiyyətin
həyatında fəal iştirakını təmin etmək məqsədi
ilə Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli sərəncamı
ilə Azərbaycan Respublikasının Gənclər və
İdman Nazirliyi yanında Gənclər Fondu
yaradılmışdır. Fondun əsas məqsədi gənclər
siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət
və digər sosial sahələrə yönəlmiş
ictimai və sosial əhəmiyyətli, o cümlədən
beynəlxalq səviyyədə həyata keçirilən
layihə və proqramları qrant şəklində məqsədli
maliyyələşdirən, həmin sahədə konfrans,
seminar, festival, olimpiada və digər tədbirlərin təşkili
üzrə layihələri dəstəkləmək,
madii-texniki bazanın gücləndirilməsinə və
müasir tələblərə
uyğunlaşdırılmasına yardım etməkdir.
Azərbaycan
Prezidenti İlham Əliyev gənclərimizin son illərdəki
fəaliyyətini, beynəlxalq aləmə inteqrasiyasını
yüksək qiymətləndirmiş, gənclərə
böyük etimad bəslədiyini ifadə edərək
demişdir: "Mən əminəm ki, Azərbaycanın gələcəyi
etibarlı əllərdədir. Çünki bizim
bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir,
vətənpərvər gənclərdir, xalqını, millətini
sevən gənclərdir. Mən əminəm ki, müstəqil
Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc
nəsillər yetişir".
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 2 fevral.- S. 1.