Səbail: illərin uğur estafeti

 

Respublikamızın paytaxtı Bakı şəhərinin mərkəzi və ən qədim rayonu olan Səbail Xəzər sahili boyunca yerləşir. Ərazisi 29 kvadratkilometr, əhalisi 93500 nəfərdir. Rayonda 9162 nəfər məcburi köçkün də məskunlaşmışdır. Bakı şəhərinin sürətlə inkişaf edən yaşayış məntəqələrindən biri Badamdar və qədim Bibiheybət qəsəbələri Səbailin inzibati ərazisindədir. Rayonda 3 bələdiyyə fəaliyyət göstərir. Qədim əsrlərin yadigarı olan "Qız qalası" Səbail rayonunun rəmzidir.

Paytaxtın mərkəzində bir sıra strateji əhəmiyyətli obyektlər, nazirliklər, ölkədə fəaliyyət göstərən 13 xarici dövlətin səfirlikləri və bir çox beynəlxalq təşkilatların, şirkətlərin ofisləri də rayon ərazisindədir. Bakı sakinləri və çoxsaylı qonaqların əsas ziyarət yeri olan xiyabanlar, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, bir sıra istirahət və gəzinti obyektləri, Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Bulvar rayonda yerləşir.

Səbail rayonunda 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 17 orta təhsil, 17 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 1 idman kompleksi, 47 mehmanxana var. Şəhərimizin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri -7 teatr, filarmoniya, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi burada fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə heykəl və büstləri ucaldılmış 11 istirahət parkı yerləşir.

Rayon ərazisində iqtisadiyyat üzrə 867 dövlət və özəl müəssisə, o cümlədən 97 sənaye, 26 nəqliyyat, 60 rabitə, 87 tikinti qurumu, bir çox xarici şirkətlər fəaliyyət göstərir.

Bu gün Səbail rayonunda 5 məscid, 1 ibadət yeri var. Bakı şəhərinin əksər tarixi memarlıq abidələrinin cəmləşdiyi İçərişəhərdə ötən il XI əsr abidəsi olan "Həzrət Məhəmməd" məscidində bərpa və konservasiyası işləri aparılmışdır. Abidələrin bərpa və konservasiya üzrə "Master Plan"a uyğun olaraq, Avstriyanın "Remmers" şirkəti tərəfindən paytaxtın ən məhşur tarixi abidəsi olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya işlərinə başlanmışdır. Qalanın ön hissəsində aparılan işlər 2012-ci ilin aprel ayında, bütün işlər isə 3 il ərzində yekunlaşdırılacaq.

 

Unudulmaz, sevincli günlər

 

2011-ci il ərzində rayon ərazisində böyük quruculuq və abadlıq işləri həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yanvar ayının 21-də "Bakıelektrikşəbəkə" ASC-nin Mərkəzi Dispetçer xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın açılışı olmuşdur. İstifadəyə verilən obyektlərdən "Badamdar", "Dağüstüpark", "İçərişəhər" yarımstansiyalarının işə başlaması ilə rayonun, eləcə də şəhərin mərkəz hissəsindəki müəssisə, idarə və təşkilat, obyektlərin, istirahət mərkəzlərinin elektrik enerjisi ilə təchizatında ciddi keyfiyyət dəyişiklikləri əldə olunmuşdur. Prezident İlham Əliyev martın 1-də Dənizkənarı Milli Parkdakı Bakı Biznes Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci ilinin yekunlarına həsr olunmuş konfransdamart ayının 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhər və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə iştirak etmişdir.

Müşavirədə geniş nitqlə çıxış edən ölkə başçısı Bakı şəhərinin qəsəbələrinin gələcək sosial-iqtisadi inkişafı istiqamətində rayon icra hakimiyyətləri və bələdiyyələr qarşısında bir sıra vəzifələr qoymuşdur. May ayının 5-də isə dövlət başçısı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır. Bu sərəncamda Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi işlərinə də geniş yer ayrılmış, 11 sahə üzrə 44 bəndlik tədbirin həyata keçirilməsi proqrama daxil edilmişdir. Aprel ayının 20-də Prezident İlham Əliyev Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtsadi inkişafı ilə bağlı Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə tanış olmuşdur. Prezidentə son müddət ərzində Səbail rayonunda, o cümlədən Badamdar qəsəbəsində görülən işlər barədə məlumat verilmişdir. Ölkə başçısı sakinlərlə görüşmüş, qəsəbədə həllini gözləyən, vətəndaşları narahat edən məsələlərlə maraqlanmış, onların təkliflərini dinləmiş, müvafiq tapşırıqlarını vermişdir. Həmin gün müvafiq sərəncamla Badamdar qəsəbəsində 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb tikintisinə başlamaq üçün Səbail Rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılmışdır.

Ölkə başçısı may ayının 9-da Həzi Aslanovun abidəsi önündə II Dünya Müharibəsində Qələbənin 66-cı ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak etdikdən sonra Bayıl yaşayış sahəsində Sovet İttifaqı Qəhrəmanı Qafur Məmədovun adını daşıyan parka gələrək, faşizmə qarşı mübaribədə misilsiz rəşadət nümunəsi göstərmiş qəhrəmanın büstü önünə gül dəstəsi qoymuşdur. Prezident parkda aparılmış əsaslı təmir-yenidənqurma işlərinin yekunu, burada yaradılan şəraitlə tanış olmuşdur.

15 Sentyabr - "Bilik günü"ndə Prezident İlham Əliyev vaxtı ilə özününoxuduğu Səbail rayonundakı 6 saylı tam orta məktəbin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Dövlət başçısı yenidənqurmadan sonra məktəbin vəziyyəti, sinif otaqlarında yaradılan şəraitlə tanış olmuşdur. Prezident İlham Əliyev sentyabr ayının 19-da isə Səbail rayonundakı görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etmiş, musiqi ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşmüşdür.

Prezident və xanımı Mehriban Əliyeva oktyabr ayının 3-də Bakının mərkəzində yerləşən "Hilton Baku" otel kompleksinin açılış mərasimində iştirak etmişlər. Otellə tanışlıqdan sonra ölkə başçısı otel kompleksinin işçiləri qarşısında çıxış etmişdir. Noyabr ayının 1-də isə Prezident İlham Əliyev Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonakı vəziyyəti ilə tanış olmuşdur.

Dekabr ayının 28-də ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Səbail rayonu ərazisində yerləşən yeni piyada keçidlərinin açılışlarında iştirak etmişdir. Həmin gün Prezident əvvəlcə Neftçilər prospektində, Dəniz vağzalının önündə inşa edilmiş uzunluğu 107, eni 8 metr olan piyada keçidinin, sonra metronun "Sahil" stansiyasının yanındakı tunelinin uzunluğu 220 və eni 8 metr olan 8 çıxışlı piyada keçidinin, daha sonra isə "Azneft" Meydanında və Dövlət Neft Şirkətinin yaxınlığındakı yeni piyada keçidlərinin açılışlarında iştirak etmiş, görülən işlərin əhəmiyyətini vurğulamışdır. Həmin gün dövlət başçısı Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının açılış mərasimində də iştirak etmişdir.

Şəhərin mərkəz hissəsində aparılan abadlıq-quruculuq tədbirlərinə xüsusi əhəmiyyət verən ölkə başçısı tez-tez rayona gələrək işlərin gedişi ilə maraqlanmış, yenidənqurma prosesində obyektlərin orijinal üslubları saxlanılmaqla həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

 

Quruculuq ünvanları

 

2011-ci il ölkəmizin mədəni həyatında əlamətdar bir hadisə baş vermişdir. Avropanın ən möhtəşəm musiqi yarışması olan "Eurovision" mahnı müsabiqəsində Azərbaycan cütlüyü qalib gəlmişdir. Səbail rayonu üçün ən xoş hal isə müsabiqənin qalibləri Nigar Camalın rayonun 203 saylı orta məktəbinin, Eldar Qasımovun isə 160 saylı klassik gimnaziyanın məzunu olmasıdır. Bu qələbə bir daha Azərbaycanı bütün dünyada tanıtdı, ölkəmizə olan marağı artırdı və 2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanın paytaxtı Bakı şəhərinə keçirilməsi hüququnu qazandırdı.

Müsabiqə ərəfəsində bütün şəhərdə olduğu kimi, Səbail rayonunda da böyük hazırlıq işləri aparılır. İlk növbədə, Dövlət Bayrağı Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən müsabiqənin keçiriləcəyi məkanın - 23 min tamaşaçı yerlik "Baku Cristal Hall"ın tikintisi çox böyük sürətlə aparılır. Ətrafda abadlıq-quruculuq işləri davam edir. Bu ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, ətrafların abadlaşdırılması, yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri gedir. Dəniz kənarında yerləşən sənaye müəssisələri və bir sıra idarələr başqa yerə köçürülmüşdür. Yolun genişlənməsi ərazisində yaşayan sakinlər, məcburi köçkün ailələri dövlət tərəfindən ayrılmış müvafiq kompensasiyaya mənzillərlə təmin olunmuşlar.

Müsabiqəyə hazırlıqla bağlı yeni mehmanxanaların tikintisidavam edir. 2011-ci ildə rayon ərazisində istifadəyə verilmiş "Hilton-Baku" mehmanxanası ilə yanaşı, hazırda "Azneft" meydanında yeni "Four Seasons" və Neftçilər prospektində "Marriot" (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində misli görünməmiş "Flame Tower" (Alov qüllələri) kompleksinin tikintisi başa çatmaqdadır.

Bu gün Səbail rayonununda görülən işlər, həyata keçirilən layihələr göz oxşayır. Hazırda "Eurovision-2012"yə hazırlıqla bağlı "Şəhidlər Xiyabanı" Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır. Burada yerləşən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi yenidən qurulur. Parlament prospektində yeni yeraltı keçid inşa edilir, Funikulyor da yenidən qurulur. Keçən il baş vermiş sürüşmənin nəticələrinin aradan qaldırılması üçün görülən işlər çərçivəsində Bayıl yamacının alt hissəsində - Neftçilər prospektində yeni beton istinad divarı çəkilmişdir. 2011-ci ildə Səbail Rayon Enerji Təchizatı Satış İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin, 8-ci Polis Bölməsinin inzibati binalarında aparılan təmir işləri başa çatdırılmışdır. Hazırda Dövlət Musiqili Komediya Teatrının, "Səadət sarayı"nın Dövlət Filarmoniyasının binalarında əsaslı təmir aparılır. Xalq şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmirinə başlanmışdır. Dekabr ayında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "Arxeoloji park" adlı istirahət güşəsinin dahi rəssam Əzim Əzimzadənin büstünün açılış mərasimi keçirilmişdir. Bu gün Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının, Bakı Oksford Məktəbi üçün yeni tədris korpusunun, Zərifə Əliyeva küçəsində "İş Adamları Mərkəzi"nin, Neftçilər prospektində yeni yeraltı keçidin, yeni "İçərişəhər", "Yeni Bayıl" "Bayraq Meydanı" yarımstansiyalarının, İncəsənət Muzeyi üçün əlavə korpusun, "Azadlıq" meydanında yeraltı "Fəvvarələr" meydanında yerüstü qarajların tikintisi aparılır. 20-ci yaşayış sahəsində Bibiheybət stadionunun əsaslı təmir-yenidənqurması AFFA tərəfindən burada müasir stadionun, Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi davam edir.

Milli Bulvarda genişmiqyaslı yenidənqurma işləri bulvarın genişləndirilməsi, mərkəzdə binaların üzlənməsi fasadların təmiri, səkilərə dekorativ daş düzülməsi, mağazaların üzlənməsi aparılır. Şəhərin mərkəz hissəsinə xüsusi gözəllik verən yeni mətbuat köşkləri müasir dayanacaqlar quraşdırılır. Bu işlərlə yanaşı, rayonun qəsəbələri yaşayış sahələrindəki məhəllədaxili yollar da təmir olunur asfaltlaşdırılır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna ayrılan maliyyə vəsaiti hesabına Səbail rayonu ərazisində, Əhəd Yaqubov küçəsində media işçiləri üçün 146 mənzilli yeni bina tikilir.

Səbail Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 2011-ci ildə rayonda bir sıra genişmiqyaslı təmir-abadlıq işləri aparılmışdır. Onların əksəriyyəti sosial yönümlü olmuş, vətəndaşların rifahının yüksəldilməsinə yönəlmişdir. İlin əvvəlində Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi -14 ünvanda "Abad həyət" layihəsi çərçivəsində əsaslı təmir işləri görülmüşdür. Üzeyir Hacıbəyov küsəsində yerləşən artıq 52 ildir ki, fəaliyyət göstərən 39 saylı uşaq bağçasında aparılmış əsaslı təmir başa çatdırılmışdır. 15 İyun Milli Qurtuluş Günü ərəfəsində Bayıl yamacı ərazisndə Xanlar küçəsi - 2 ünvanda 4000 kvadratmetr sahəni əhatə edən yeni istirahət parkı açılmışdır. Mətbuat prospekti - 2 ünvandakı həyət əsaslı təmir olunmuşdur. Tikintisi yarımçıq qalmış xeyir-şər yerinin başa çatdırılmasına, inventarla təmin olunmasına köməklik göstərilmişdir.

Mərkəzdə Üzeyir Hacıbəyov küçəsi - 45 ünvandakı həyətdə əsaslı təmir işləri başa çatdırılmışdır. Yayda Badamdar qəsəbəsindəki Tofiq Məmmədov Məktəbli küçələrində qəsəbə sakinləri üçün 2 yeni istirahət güşəsi yaradılmışdır.

Badamdar yolunun kənarında istifadəyə verilmiş 250 nəfərlik xeyir-şər evinin yanında əlavə yeni mərasim zalı tikilmiş, Bibiheybət qəsəbəsindəki xeyir-şər evi təmir olunmuşdur. Salyan şosesi -32 ünvanda piyadalar üçün keçid tikilərək istifadəyə verilmiş, xeyir-şər evitibb məntəqəsinin tikintisinə başlanmışdır. 20-ci yaşayış sahəsindəki 332-saylı körpələr evi-uşaq bağçasında da təmir işləri aparılmışdır. Dekabr ayında Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında əsaslı təmir-yenidənqurma işlərinə başlanmışdır. Burada ümummilli liderimiz Heydər Əliyevin əzəmətli büstü ucaldılacaq, sakinlərin istirahəti üçün bütün şərait yaradılacaqdır.

 

Sosial-mədəni həyat

 

Görülən işlərlə yanaşı, hesabat dövrü ərzində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmiş, əlamətdar günlərə, dövlət bayramlarına həsr olunmuş mərasim və tədbirlər təşkil olunmuşdur. Rayon icra hakimiyyəti başçısı yanında şuranın iclasları təsdiq olunmuş tədbirlər planı əsasında keçirilmiş, rayonda görülmüş işlər, müxtəlif xidmət sahələri və idarə rəhbərlərinin hesabatları müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmiş, həmin gün YAP sıralarına yeni qəbul olunmuş veteranlara üzvlük biletləri təqdim olunmuşdur. Azərbaycanın Dövlət Müstəqilliyinin 20-ci ildönümü ilə bağlı rayonda bir sıra tədbirlər keçirilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimində, ulu öndərin xatirəsi dərin hörmət və ehtiramla anılmışdır.

İl ərzində müxtəlif hadisələrin ildönümü ilə bağlı da Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir çox görüşlər keçirilmiş, iştirakçılara müxtəlif yardımlar paylanmışdır. Ümumilikdə isə 2011-cu il ərzində rayon icra hakimiyyəti tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 14000-ə yaxın olmuşdur.

Rayonun təhsil müəssisələrinin vəziyyəti də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, yay aylarında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rəhbərliyi ilə rayondakı digər təhsil müəssisələrində də təmir işləri aparılmışdır. 2 saylı texniki-humanitar elmlər liseyi, vaxtilə dahi Üzeyir Hacıbəyovun müəllim kimi çalışdığı 51 saylı və1937-ci ildə tikilmiş 91 saylı və rayonun ən qocaman məktəblərindən biri olan 189 saylı orta məktəblər, mərkəzdə yerləşən 160 saylı klassik gimnaziya, 1 əsrdən çox yaşı olan binada yerləşən 6 saylı Bakı Peşə Məktəbi, 20-ci sahədə yerəşən 1952-ci ildən fəaliyyət göstərən 20 saylı uşaq yaradıcılıq və 35 saylı texniki yaradıcılıq mərkəzləri əsaslı, Badamdar qəsəbəsindəkı 239 saylı orta məktəb cari təmir olunmuşdur.

190 saylı orta məktəbin dam örtüyü əsaslı təmir olunmuşdur. Bayıldakı 3 saylı uşaq musiqi məktəbinin sökülərək yenidən tikintisi, 203 saylı orta məktəbdə isə təmir-yenidənqurma işləri aparılır. Hazırda Məmməd Rahim adına 7 saylı orta məktəb üçün idmanakt zalı olan, Bayıl yaşayış sahəsindəki 1929-cu ildə tikilmiş 49 saylı intellekt liseyi üçün 660 şagird yerlik əlavə korpuslar tikilir.

2011-ci ildə rayonun orta məktəblərini bitirmiş şagirdlərdən 763 nəfəri tələbə adını qazanmışdır. 167 nəfər 500-dən çox, 44 nəfər 600-dən çox, 13 nəfər isə 650-dən çox bal toplamış, 4 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. 81 məzun xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində 51 və 91 saylı orta məktəblər, "İlin ən yaxşı müəllimi" müsabiqəsində isə rayon orta məktəblərinin 6 müəllimi qaliblər sırasında olmuşlar.

Ölkə başçısı İlham Əliyevin Azərbaycanı yaşıl diyara çevirmək çağırışı ilə əlaqədar keçən il rayonda mütəmadi olaraq iməciliklər keçirilmiş, 24500 ədəd yeni ağac əkilmiş, əvvəl əkilən ağaclara qulluq göstərilmişdir. Bayıl yamacı kimi sürüşmə meyilli əraziyə Səbail RİH xüsusi diqqət yetirmişdir.

Ötən ili həyatın bütün sahələrində ciddi uğurlarla başa vurmuş səbaillilər bu il də xalqımız qarşısında duran böyük vəzifələrin, ölkəmizin tərəqqisinə xidmət edən proqramların uğurla həyata keçirilməsi əzmi ilə fəaliyyətlərini davam etdirirlər.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 1 fevral.- S. 7.