Azərbaycanda
"neft kapitalı"nın "insan kapitalı"na
çevrilməsi siyasəti uğurla həyata keçirilir
Regionlarda
mövcud potensialdan səmərəli istifadə etməklə
iqtisadiyyatın ayrı-ayrı sahələrinin
inkişafına, iqtisadiyyatın diversifikasiyasına,
tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa,
istehsal müəssisələrinin fəaliyyətinin daha da
genişləndirilməsinə, ixracyönümlü məhsul
istehsalının stimullaşdırılmasına, əhalinin
həyat səviyyəsinin daha da
yaxşılaşdırılmasına, məşğulluğun
səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə
məşğulluğunun artırılmasına nail olmaq məqsədilə
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"
uğurla icra edilmişdir.
Hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində tədbirlər isə cədvəl üzrə həyata keçirilir. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən 40 mindən çox yeni müəssisə yaradılmışdır.
Azərbaycanda
son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə
artmışdır. Qeyri-neft sahələrinin inkişafına
və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə
də bu sahələrdə mövcud müəssisələrin
maddi və texnoloji bazasının yüksəldilməsinə
yönəlmiş tədbirlər nəticəsində son 5
ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən
44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə
53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Elektrik
enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində
davamlı işlərin aparılması, yolların və digər
infrastruktur obyektlərinin inşası, yenidən qurulması
və inkişafı layihələrinin həyata keçirilməsi,
ekoloji vəziyyətin yaxşılaşdırılması,
sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə,
mədəniyyət, idman, turizm və s.) beynəlxalq
standartlara uyğun yenidən qurulması və inkişafı,
yeni iş yerlərinin və yeni müəssisələrin
açılması, əhalinin həyat səviyyəsinin daha
da yaxşılaşdırılması məqsədilə
özündə 817 tədbiri əks etdirən
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" həyata keçirilir.
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Prezident İlham Əliyev 9 sərəncam imzalamış,
Prezidentin Ehtiyat Fondundan Bakının rayon və qəsəbələri
üçün 28,5 milyon manat vəsait
ayrılmışdır.
Regionların
inkişafı, yoxsulluğun və işsizliyin
azaldılmasını nəzərdə tutan dövlət
proqramlarının həyata keçirilməsi, ölkə
iqtisadiyyatının diversifikasiyasının təmin edilməsi,
qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə
iri həcmli investisiyaların yönəldilməsi regionlarda
müasir infrastruktur layihələrinin
reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin
fəaliyyətə başlaması üçün zəmin
yaratmış və bütün bunların nəticəsi
olaraq 2004-cü ildən indiyədək ölkədə 1
milyona yaxın yeni iş yeri yaradılmışdır.
Əldə
olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması ilə bağlı zəruri
tədbirlərin gerçəkləşdirilməsinə,
xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımların atılmasına daha əlverişli
şərait yaratmış, bütün sahələrdə
olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin
etibarlı sosial müdafiə sisteminin inkişafını təmin
etmişdir. Müstəqillik illərində dövlət
büdcəsindən əhalinin sosial müdafiəsi və
sosial təminatına çəkilən xərclər 30,8,
iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər
isə 93 dəfə artmış, əməkhaqqı, pensiya
və müavinətlərin ödənilməsinə 52 dəfə
çox vəsait sərf olunmuşdur. Son 20 il ərzində əhalinin
real gəlirləri 2,4, ölkə üzrə iqtisadiyyatda məşğul
olan işçilərin orta aylıq əməkhaqqı
nominal ifadədə 107 dəfə artmışdır. Əhalinin
hər nəfərinə düşən gəlirləri də
16,2 dəfə artmışdır.Ən əsası, məqsədyönlü
tədbirlərin həyata keçirilməsi nəticəsində
ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildəki
49 faizdən 2010-cu ildə 9,1 faizə qədər
azalmışdır.
BMT-nin
İnkişaf Proqramının əhalinin rifah səviyyəsini
əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın
sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək
qiymətləndirilmişdir. İnsan inkişafı üzrə
2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan
öz mövqeyini əhəmiyyətli dərəcədə
yaxşılaşdıraraq 2010-cu ildə 67-ci yerə yüksəlmişdir.
2000-2010-cu illər üzrə ölkəmiz MDB ölkələri
arasında insan inkişafı indeksinə görə ən
yüksək göstəriciyə nail olmuş və "orta
insan inkişafı" qrupundan "yüksək insan
inkişafı" qrupuna keçmişdir. Azərbaycanda insan
inkişafı indeksinin yüksəlməsinə təhsil
göstəriciləri əhəmiyyətli təsir göstərmişdir.
Belə ki, həmin hesabata əsasən, Azərbaycanda
savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə
səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi
95,6 faiz təşkil edir.
"Neft
kapitalı"nın "insan kapitalı"na çevrilməsi
siyasəti nəticəsində ölkənin gələcək
inkişafının indiki gənc nəslin təhsil səviyyəsindən
birbaşa asılılığı nəzərə
alınaraq Prezidentin müvafiq sərəncamına əsasən,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" həyata keçirilir. Dövlət
proqramı çərçivəsində bakalavr və
magistratura pillələrinin hər biri üzrə gənclərin
təhsili üçün prioritet sahələr müəyyənləşdirilmişdir.
Neft Fondundan ayrılan vəsait Dövlət Proqramı çərçivəsində
xarici ölkələrdə təhsil alanların təhsil
haqları, viza və qeydiyyat, yaşayış, tibbi
sığorta və yol xərclərinin ödənilməsinə
yönəldilir. Qeyd edək ki, proqram çərçivəsində
1 yanvar 2011-ci il tarixinə 733 nəfərin müxtəlif
ölkələrin aparıcı təhsil müəssisələrində
təhsili ilə bağlı xərclər fond tərəfindən
maliyyələşdirilmişdir.
Ümumiyyətlə,
1993-cü ildən başlayaraq məntiqi
ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi
islahatlar nəticəsində bazar iqtisadiyyatı
üçün səciyyəvi qanunvericilik bazası
yaradılmış, iqtisadiyyatda mülkiyyətin
çoxnövlülüyü təmin olunmuş və azad rəqabət
mühiti formalaşdırılmış, dövlətin
iqtisadiyyata müdaxiləsi minimuma endirilmiş, qiymətlərin
bazar tərəfindən müəyyənləşməsi,
xarici iqtisadi fəaliyyətin liberallaşdırılması təmin
edilmiş və bununla da iqtisadiyyatda keçid
dövrünün başa çatmasına nail olunmuşdur.
Azərbaycanın
əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq
reytinq agentlikləri tərəfindən də qeyd edilir.
Dünya İqtisadi Forumu tərəfindən dərc edilən
dünya ölkələrinin rəqabət qabiliyyətliyi səviyyəsini
xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti
İndeksi" hesabatlarında Azərbaycan 142 ölkə
arasında 55-ci yerə layiq görülmüş və beləliklə
də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14
pillə yaxşılaşmışdır. Bu göstəriciyə
görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB
ölkələri arasında 1-ci yerdədir.
Dünya
Bankı tərəfindən hazırlanan "Doing Business"
hesabatında Azərbaycan biznesin təşkili və
aparılması istiqamətində əlverişli şəraitin
yaradılması və inkişafı üçün tədbirlər
həyata keçirən ölkə kimi qeyd edilir. "Doing
Business" hesabatının nəticələrinə əsasən,
Azərbaycan "top islahatçı" ölkə kimi qiymətləndirilmiş,
97-ci pillədən 33-cü pilləyə yüksəlməklə
öz mövqeyini 64 pillə
yaxşılaşdırmışdır. "Doing
Business" hesabatlarının tarixi ərzində bu ən
yüksək irəliləyiş olmuş və hələ
ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya
Bankının "Doing Business - 2011" hesabatında ölkəmiz
183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında
1-ci olmuşdur.
"Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir. Belə ki, "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, "makroiqtisadi vəziyyət" alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son bir il ərzində ölkəmiz "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə 11, "əmtəə və xidmətlər bazarının səmərəliliyi" alt göstəricisi üzrə isə 14 pillə irəliləmişdir.
"Fitch
Ratings" agentliyi tərəfindən ilk dəfə olaraq
ölkəmizə investisiya reytinqi verilmişdir. Azərbaycan
Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi
almış ilk və indiyədək yeganə iqtisadiyyatlı
ölkə olaraq qalmaqdadır. Xüsusilə ilə qeyd edilməlidir
ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşlması
Avropanın bəzi inkişaf etmiş ölkələrinin
suveren reytinqlərinin aşağı salınması fonunda
baş verir.
Bir sıra alt göstəricilərə görə Azərbaycan dünya üzrə ilk iyirmilikdə, o cümlədən "mülkiyyətin qeydiyyatı" üzrə 10-cu, "biznesin yaradılması" üzrə 15-ci, "investisiyaların qorunması" üzrə 20-ci yerdə bərqərar olmuşdur. "The Heritage Foundation" fondu və "The Wall Street Journal" məcmuəsi tərəfindən dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik son "İqtisadi azadlıq indeksi" hesabatında Azərbaycan hökumətinin ölkədə iqtisadi azadlığın yaxşılaşdırılması istiqamətində islahatlar aparması, eləcə də vergi azadlığı, valyuta azadlığı və korrupsiyadan azadlıq göstəriciləri üzrə müsbət nəticələr qazandığı qeyd edilmişdir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında da mühüm nailiyyətlərə imkan yaratmışdır. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq etmişdir. Bu gün dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi "İnkişafın Azərbaycan modeli"ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 3 fevral.- S. 1.