Rəcəb
Tayyib ƏRDOĞAN: Azərbaycan bizim
qardaşımızdır və qardaş çiyni həmişə
bizimlədir
Bizim münasibətlərimiz
güclənibdir və demək olar ki, bütün sahələrdə
uğurlu işbirliyi, əməkdaşlıq var. Siyasi,
iqtisadi, mədəni, bütün digər sahələrdə
işbirliyimiz örnək, nümunə ola bilər. Bizi
bağlayan tarixi köklər əsasında qurulmuş yeni
münasibətlər bölgədə mühüm rol
oynayır. Bölgənin inkişafı üçün,
Qafqazın inkişafı üçün Türkiyə - Azərbaycan
münasibətləri müstəna rol oynayır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Biz iki dövlət, bir millət
olduğumuz kimi, eyni zamanda da, tək ürəyik...
İnşallah, İlham Əliyev qardaşımla bizim
aramızdakı bu həmrəyliyi, bu qardaşlığı
bütün dünyaya bir nümunə olaraq qoruyacağıq
və bir nümunə olaraq göstərməyə davam edəcəyik.
Əl-ələ, çiyin-çiyinə, ən
mühümü də, qəlb-qəlbə bu regionda sabitliyi
və rifahı, inşallah, yaradacağıq.
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Cümhuriyyətinin
Baş naziri
Ötən
20 il bir daha sübut etdi ki, heç bir qüvvə iki
qardaş ölkə arasındakı münasibətləri poza
bilməz
Hər
bir dövlət xarici siyasətini özünün milli
maraqları çərçivəsində qurur və həyata
keçirir. Müstəqil Azərbaycan Respublikası da
dünya dövlətləri ilə əlaqələrində
siyasi, iqtisadi, hərbi mənafeyini ön planda tutur, regional və
qlobal məsələlərdə öz mövqeyini ortaya
qoyur, haqq işimizin müdafiəsi istiqamətində
lazımi addımları atır. Bu mənada bizə dəstək
verən bütün ölkələrlə münasibətlərimiz
təbii olaraq strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlir, durmadan inkişaf edir. Regionumuzun iki
mühüm dövləti - Azərbaycan Respublikası ilə
Türkiyə Cümhuriyyəti arasında mövcud olan
dostluq, qardaşlıq münasibətləri buna ən gözəl
nümunədir. Sarsılmaz dostluğa, əbədi
qardaşlığa söykənən Azərbaycan - Türkiyə
strateji tərəfdaşlığı regionda sülhün,
sabitliyin bərqərar olmasına, iqtisadi inkişafın daha
da sürətlənməsinə istiqamətlənib. Türk
dünyasının xarizmatik liderləri-böyük öndər
Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyevin
"Azərbaycanın kədəri bizim kədərimiz,
sevinci bizim sevincimizdir" və "Biz bir millət, iki
dövlətik" kəlamları ilə ifadə etdikləri
iki qardaş ölkənin münasibətləri bu gün
özünün ən yüksək səviyyəsinə
çatmışdır.
Erməni
lobbisinin, antitürk qüvvələrin Azərbaycanla
Türkiyə arasında siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq
əlaqələrinin gücləndirilməsindən narahat
olaraq iki qardaş xalq arasında münasibətləri zəiflətmək
cəhdləri həmişə iflasa uğlayıb.
Düşmən qüvvələrin, onların
havadarlarının, müxtəlif antitürk və antiazərbaycan
dairələrin ciddi cəhdlərinə baxmayaraq, Azərbaycan
- Türkiyə qardaşlığını, strateji müttəfiqliyini
heç bir qüvvə sarsıda bilməz.
Son
illər Türkiyə ilə Azərbaycan arasındakı
uzumüddətli strateji tərəfdaşlığa söykənən
münasibətlərin, siyasi, iqtisadi, mədəni əlaqələrin
daha da möhkəmlənməsi və bu istiqamətdə tarixi
addımların atılması dünyadakı erməni
lobbisinin, ermənipərəst dairələrin və
antitürk quvvələrin ciddi narahatlığına səbəb
olmuşdur. Onlar iki xalq arasındakı münasibətləri
zəiflətmək üçün hər cür hiyləyə
əl atır, məkrli planlar həyata keçirir, hər iki
ölkənin daxilindəki bəzi kütləvi informasiya
vasitələrindən, maraq qruplarından məharətlə
istifadə edərək, Ankara ilə Bakının əlaqələrinə
kölgə salan "məqalələr"in, "siyasi
şərhlər"in işıq üzü görməsini
təmin edirlər. Türkiyədə "Həpimiz erməniyiz,
həpimiz Hrantız" şüarı ilə keçirilən
nümayişlər, qardaş ölkənin mətbuatında
Azərbaycana qarşı əsassız ittihamlar, bu zərərli
xəttin Azərbaycanda bəzi siyasi qüvvələr və
qəzetlər tərəfindən dəstəklənməsi
də həmin antitürk dairələrin fəaliyyətinin nəticəsi
hesab edilir.
Əsas
məqsəd Azərbaycanla Türkiyəni vahid siyasi xətdən
yayındırmaq, onların arasında fikir
ayrılığı yaratmaq və imkan daxilində ziddiyyətlərə,
narazılıqlara yol açmaqdır. Onlar yenidən
Türkiyə ilə Ermənistan arasında sərhədlərin
açılması və diplomatik əlaqələrin
qurulmasını gündəmə gətirmək istiqamətində
fəal iş aparır, buna paralel olaraq, Azərbaycanda
Türkiyə əleyhinə rəy formalaşdırmaq
üçün addımlar atırlar. Bunu edərkən
düşmən qüvvələr yaxşı bilirlər ki,
Türkiyə ilə Azərbaycan arasında münasibətlərin
zəifləməsi qondarma "erməni
soyqırımı"nın dünyada
tanıtdırılması, ermənilərin Türkiyəyə
qarşı ərazi və maliyyə təzminatı
iddialarının reallaşdırılması, Azərbaycan ərazilərinin
işğalının rəsmiləşdirilməsi
üçün geniş imkanlar yaranır. Lakin erməni lobbisi
və Ermənistanın havadarlarının ciddi cəhdlərinə
baxmayaraq, Azərbaycan - Türkiyə
qardaşlığını, strateji müttəfiqliyini
heç bir qüvvə sarsıda bilməz.
Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə
arasında dostluq və qardaşlıq münasibətlərinə
xələl gətirmək istəyən qüvvələrə
qətiyyətli cavab verərək deyib: "Son günlər
bəzi qəzetlərdən oxuyurdum ki, Azərbaycan Türkiyəyə
dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın
dəstəyi lazımdır və bu dəstək var.
İncidici ifadələr işlətməkdənsə, birləşmək
lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri
çalışacaqlar ki, Xocalı soyqırımını
dünyaya tanıtsın. Düşmənlərimiz həmişə
yetərincə olub. Azərbaycan bizim
qardaşımızdır və qardaş çiyni həmişə
bizimlədir".
Azərbaycan
Respublikasının müstəqiliyini bərpa etdiyi gündən
bəri keçən 20 illik bir dövrdə bir daha sübut
etmişdir ki, gücünü tarixdən alan və
sarsılmaz təməllər üzərində qurulan iki
ölkə arasındakı səmimi dostluq və
qardaşlıq münasibətlərinə xələl gətirmək
o qədər də asan deyildir.
Təsadüfi
deyil ki, Azərbaycan Respublikası özünün dövlət
müstəqilliyini bərpa etdikdən sonra ona ən
böyük siyasi, iqtisadi dəstəyi rəsmi Ankara
vermişdir. 1991-ci il noyabrın 9-da birinci olaraq Türkiyə
cəsarətlə Azərbaycan Respublikasının müstəqilliyini
tanıdığını bütün dünyaya bəyan
etmişdi. Bu yolda kövrək addımlar atan Azərbaycana hər
cəhətdən həyan duran, qazandığı dövlət
müstəqilliyini qoruyub saxlamaqda, möhkəmləndirməkdə
və inkişaf etdirməkdə ona ən çox dəstək
verən ölkə də məhz rəsmi Ankara olmuşdur.
Azərbaycan
ilə Türkiyə arasında bütün sahələrdəki
yaxın münasibətlərdən bəhrələnən
iqtisadi və ticarət əlaqələrimiz gündən-günə
daha da genişlənir. Ölkələrimiz arasında iqtisadi
əməkdaşlıq qarşılıqlı mənfəətə
əsaslanan konkret əlaqlələrlə, müştərək
layihələrlə səciyyələnir. Ötən 20 il ərzində
Türkiyə ilə Azərbaycan arasında ticarətin həcmi
xeyli artmışdır: bu göstərici 1993-cü ildə
102 milyon ABŞ dolları idisə, 2002-ci ildə 300 milyon
dolları keçmiş, 2010-cu ildə 2 milyard dollaradək
artmış, 2011-ci ildə isə 3 milyard dollara
çatmışdır. Hədəf bu rəqəmi 5 milyard
dollara çatdırmaqdır. Bunun üçün real
imkanlar var.
Heydər
Əliyevin neft strategiyasının tərkib hissəsi olan
"Əsrin müqaviləsi"nin və sonrakı neft
kontraktlarının imzalanması zamanı Türkiyənin
şirkətlərinə önəmli yerin ayrılması iki
dövlət arasında münasibətlərin
inkişafına xeyli dərəcədə təkan
vermişdir. 1999-cu ilin noyabrında ATƏT-in İstanbulda
keçirilən zirvə görüşü zamanı
Bakı - Tbilisi - Ceyhan neft boru kəməri vasitəsi ilə
xam neftin nəqli haqqında sazişin imzalanması regionda yeni
geosiyasi vəziyyətin yaranmasına səbəb olmuşdu.
Bu saziş Türkiyənin və Azərbaycanın bölgədəki
və dünyadakı rolunu xeyli artırmışdır.
Sonradan Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin çəkilməsi
haqqında sazişin imzalanması da dövlətlərimiz
arasında əlaqələrin inkişafını daha da
sürətləndirmişdir.
Şübhəsiz
ki, həm BTC-nin, həm də BTƏ-nin əfsanədən
reallığa çevrilməsi Türkiyə - Azərbaycan
qardaşlığının təntənəsi, ən
böyük uğurlu nəticəsidir. Hər iki ölkənin
ictimaiyyəti bu gün də Şərq - Qərb enerji dəhlizinin
təməl sütunlarını təşkil edən həmin
qlobal layihələrə siyasət ustası, ulu öndər
Heydər Əliyevin dəmir siyasi iradəsinin, qətiyyətinin
və əzmkarlığının həyat verdiyi həqiqətini
unutmayıblar. Bəli, böyük öndər Heydər Əliyev
enerji layihələrinə qarşı çıxan xarici və
daxili düşmənlərin ciddi təzyiqlərinə məhəl
qoymadı, Azərbaycan və Türkiyənin milli mənafeyini
onların iyrənc məqsədlərinə qurban vermədi.
O, sübut etdi ki, iki qardaş xalqın iradəsini gerçəkləşdirmək
əzmində olan Azərbaycan rəhbərliyi bu yolda maneə
yaratmaq üçün dövlət çevrilişini həyata
keçirməyə çalışan qruplaşmalardan və
onların arxasında dayanan maraqlı xarici qüvvələrdən
qat-qat uzaqgörəndir, qüdrətlidir. Bu müqəddəs
məqsədə çatmaq üçün ulu öndər
Heydər Əliyevin qarşısında heç bir xain
qüvvə duruş gətirə bilmədi. Çünki o,
həm Azərbaycan xalqına, həm də dövlət idarəçiliyində
qazandığı əvəzolunmaz təcrübəyə
arxalanırdı. O, həmçinin ölkəmizin haqq
işini dəstəkləyən dövlətlərin, o
cümlədən, qardaş Türkiyənin və onun xalqının
misilsiz mənəvi dəstəyinə də güvəndi və
güvənməkdə də haqlı idi. Nəticədə,
əfsanə reallığa çevrildi, Türkiyə və
Azərbaycan dünyanın enerjiyə olan təlabatını
müxtəlif funksiyaları ilə təmin edən çox
mühüm strateji əhəmiyyətə malik ölkələrə
çevrildilər.
Onu
da deyək ki, 2002-ci ilin aprelində Trabzon zirvə
görüşündə Azərbaycan, Gürcüstan və
Türkiyənin dövlət başçılarının
imzaladıqları sənədlər də ikitərəfli əlaqələrin
inkişafına, o cümlədən, regionda sülhün və
sabitliyin bərqərar olmasına böyük töhfə vermişdir.
Əsas ixrac neft və qaz kəmərlərinin təhlükəsizliyinin
təmin edilməsi, terrorizm və mütəşəkkil
cinayətkarlığa qarşı birgə mübarizə tədbirləri
məhz həmin anlaşmalardan sonra sistemli şəkildə həyata
keçirilməyə başlanılmışdır.
Cənab
İlham Əliyevin 2003-cü ildə Baş nazir təyin
olunduqdan sonra səfər etdiyi ilk xarici ölkənin
Türkiyə olması da təsadüfi deyil. Bu, münasibətlərin
səviyyəsinin göstəricisi hesab oluna bilər.
2004-cü il aprelin 13-15-də Prezident İlham Əliyevin
Türkiyəyə dövlət başçısı kimi
ilk rəsmi səfəri də əlaqələrin
inkişafı baxımından çox uğurlu olmuşdur. Həmin
səfər zamanı iqtisadi-siyasi və mədəni əlaqələrin
inkişafını nəzərdə tutan 5 mühüm sənəd
imzalanmışdır. Azərbaycanın dövlət
başçısının 2008-ci il iyulun 24-də Türkiyəyə
növbəti səfəri zamanı isə Qars şəhərində
Bakı - Tbilisi - Qars dəmir yolunun Türkiyə hissəsinin
təməlinin qoyulması mərasimindəki nitqində
çox mühüm məqamlara toxunmuş, bu dəmir yolunun
Azərbaycanı, Gürcüstanı və Türkiyəni nəqliyyat
dəhlizinə çevirəcəyini və ümumən
regionda əməkdaşlığın genişlənməsi
üçün önəmli layihə olduğunu
bildirmişdir.
Qardaş
ölkə ilə hər sahədə olduğu kimi, enerji sahəsindəki
əməkdaşlıq da durmadan inkişaf edir. Bu baxımdan
ötən iki il çox mühüm hadisələrlə
yadda qalmışdır. Azərbaycan Prezidentinin 2010-cu il iyunun
7-8-də Türkiyəyə işgüzar səfəri
zamanı aparılan müzakirələrin parlaq nəticəsi
olaraq dövlət başçısı İlham Əliyevin
və Baş nazir Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti
arasında Azərbaycandan Türkiyəyə və Türkiyə
ərazisindən təbii qazın satışı və nəqlinə
dair bəyannamə, Azərbaycan Sənaye və Energetika
Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər
Nazirliyi arasında təbii qazın satışı və nəqlinə
dair anlaşma memorandumunun imzalanması ölkələrimizin
enerji sahəsindəki əməkdaşlığının
yeni mərhələdə inkişafına bariz nümunədir.
Bunun davamı olaraq, 2011-ci il oktyabrın 25-də Azərbaycan
Prezidenti İham Əliyevin qardaş ölkəyə səfəri
zamanı İzmirdə dövlət
başçımızın və Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə
imzalanan mühüm əhəmiyyətə malik 13 sənəd
arasında "Azərbaycan Respublikası Hökuməti və
Türkiyə Respublikası Hökuməti arasında qaz
alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan
Respublikası Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında qaz tranzitinə dair
Anlaşma Sazişi", "Azərbaycan Respublikası
Hökuməti və Türkiyə Respublikası Hökuməti
arasında enerji sahəsində Əməkdaşlıq
Protokolu", "Azərbaycan Respublikası və Türkiyə
Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının birinci iclasının Protokolu", "Azərbaycan
Respublikası Hökuməti və Türkiyə
Respublikası Hökuməti arasında sərmayələrin
təşviqi və qarşılıqlı qorunması
haqqında Saziş" və digər sənədlər var.
Həmin sənədlərin əhəmiyyəti barədə
danışan Azərbaycan Prezidenti İlham Əliyev
bildirmişdir ki, bütün bunlar bizim üçün yeni
imkanlar, yeni üfüqlər açır, uzunmüddətli
uğurlu əməkdaşlığımız
üçün şərait yaradır. Əminik ki, bu əməkdaşlıqdan
həm xalqlarımız, həm də bizim üçün
dost olan ölkələr faydalanacaqdır. Çünki həqiqətən
də, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı,
işbirliyi olmadan heç bir təşəbbüs, heç
bir layihə həyata keçirilə bilməz.
Əlaqələrimizin
səviyyəsini göstərmək üçün bunu da
xatırlatmaq yerinə düşər ki, Türkiyə
Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Bakıya səfəri
zamanı ölkələrimiz arasında "Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında müqavilə"
imzalanmışdır. Bundan əvvəl də, yəni 2007-ci
il noyabrın 6-8 də Türkiyə Prezidenti Abdulla
Gülün Azərbaycana səfəri çərçivəsində
də iki dövlət arasında strateji tərəfdaşlıq
haqqında birgə bəyannamə və ümumilikdə 5
mühüm sənəd imzalanmışdı. Ancaq "Azərbaycan
Respublikası və Türkiyə Respublikası arasında
strateji tərəfdaşlıq və qarşılıqlı
yardım haqqında müqavilə" strateji tərəfdaşlıq
haqqında birgə bəyannamənin konkret əsaslarla
davamı hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev həmin
müqavilə barədə danışarkən demişdir ki,
tarixi əhəmiyyətə malik olan sənəd gələcək
fəaliyyətimizi müəyyən edir və bundan sonra
onilliklər ərzində Türkiyə ilə Azərbaycan
arasındakı dostluq, qardaşlıq münasibətlərini
müəyyən edəcəkdir. Dövlət
başçısının bu bəyanatı həmişə
olduğu kimi, bu dəfə də Azərbaycan tərəfinin
imzaladığı sənədə və ya verdiyi vədə
daim sadiq qalacağını ifadə edirdi. Bu, rəsmi
Bakının məsələyə baxışı və dəyişməz
mövqeyidir. 2011-ci il oktyabrın 25-də İzmirdə
keçirilən Türkiyə - Azərbaycan Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının ilk
iclasında da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
rəsmi Bakının bu mövqeyini yüksək qiymətləndirmiş,
onun nümunəvi tərəfdaş olduğunu
bildirmişdir.
Hər
iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində
də sıx əməkdaşlıq edir. Dünyaya inteqrasiya
yolunda Azərbaycan ilə Türkiyə biri-birinə tam dəstək
verir. Bu gün durmadan inkişaf edən, yüksələn hər
iki ölkənin beynəlxalq aləmdə nüfuzu sürətlə
artmaqdadır. Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini
alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilməsi göstərir ki, güc mərkəzinə
çevrilən Türkiyənin regionda artan roluna paralel olaraq,
Azərbaycanın da regiondakı və dünyadakı
mövqeləri möhkəmlənir, sabit ölkə,
etibarlı tərəfdaş, sülhməramlı dövlət
kimi tanınır. Qardaş Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğan Azərbaycanın belə tarixi uğurlar
qazanmasından iftixar hissi keçirdiklərini bildirərək
demişdir: " Həqiqətən də
qarşımızda dəyişən, yeniləşən Azərbaycan
vardır. Azərbaycana hər səfərimizdə daha fərqli,
dəyişilmiş bir Azərbaycanı görürəm. Bu
da təbii, 20 il ərzində qazanılmış
böyük uğurların bariz nümunəsidir. Bu, həm
azərbaycanlı qardaşlarımıza, həm də bizlərə
ayrı bir qürur verir. Bu, başda mərhum Heydər Əliyev
olmaqla, Prezident İlham Əliyevin və hökumətinin
uğurlu siyasətinin sübutudur. Qardaşım İlham Əliyevi
bu xüsusda ayrıca təbrik edirik".
Təbii
ki, müstəqil Azərbaycan Respublikası bütün beynəlxalq
təşkilatlarla ikitərəfli əlaqələrini
özünün xarici siyasətinə uyğun qurur və
inkişaf etdirir. Ancaq bəzi məqamlarda münasibətlərin
inkişafında yardımçı vasitələr və ya
ölkələr də əhəmiyyətli rol oynayırlar.
Bu mənada ölkəmiz ilə Şimali Atlantika Alyansı
arasında tərəfdaşlığın inkişafında
rəsmi Ankara ilə münasibətlər müsbət rol
oynayır. Çünki qardaş ölkə uzun illərdir
NATO-nun üzvüdür və NATO ölkələri
arasında Türkiyə Ordusunun çox görkəmli yeri
var. Əlbəttə, Türkiyənin bu istiqamətdə
bütün sahələrdə edəcəyi məsləhətlər,
yardımlar bizim üçün önəmlidir.
Əlaqələrimizin
çiçəklənməsi Türkiyəyə və Azərbaycana
düşmən kəsilən qüvvələri ciddi narahat
edir. Buna görə də türk düşmənləri iki
ölkə arasında münasibətlərə mənfi təsir
göstərmək üçün daim yeni vasitələrə
əl atırlar. 2009-cu il oktyabrın 10-da İsveçrənin
Sürix şəhərində Türkiyə ilə Ermənistan
arasında "Diplomatik münasibətlərin təsis
olunması"na və "İkitərəfli əlaqələrin
inkişaf etdirilməsi"nə dair protokolların
imzalanmasına nail olan bəzi tərəflərin məqsədi
də əslində, yüksək səviyyədə olan Azərbaycan
- Türkiyə əlaqələrini korlamaq idi. Onlar elə
düşünürdülər ki, bu yolla əzəmətli
Türkiyəni cılız Ermənistan qarşısında
diz çökdürəcəklər. Ancaq alınmadı.
Qardaş ölkənin bütün ictimaiyyəti və istər
iqtidar, istərsə də müxalifət partiyalarından
olan nümayəndələr məkrli planlara qarşı
çıxdılar. Türkiyə rəhbərliyi birmənalı
şəkildə bəyan etdi ki, Azərbaycan torpaqları
işğaldan azad edilməyənədək Ermənistanla əlaqalərin
qurulmasından söhbət gedə bilməz. Hətta 2009-cu
il mayın 13-də Bakıya gələn qardaş ölkənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha
vurğulamışdı ki, Türkiyə və Azərbaycan
ictimaiyyətinin narahatlığına heç bir əsas
yoxdur. O demişdir: "İsrarla bəyan edirəm: Bizim sərhədlərimiz
Dağlıq Qarabağın və ətraf rayonların
işğalından sonra bağlanmışdır.
İşğala son verilməyənədək biz sərhədləri
açmayacağıq". Bunun ardınca R.T. Ərdoğan bəyanatı
daha da gücləndirən sözlər demişdi: "Sərhədlərin
açılmayacağına dair vədi kim verir? Bunu Türkiyə
Cümhuriyyətinin Baş naziri deyir. Bundan başqa daha zəmanətli
ifadə ola bilərmi? " .
Baş
nazir Ərdoğanın bəyanatın "səmimiliyi"
qısa zamanda öz təsdiqini tapmışdı. Belə ki,
2010-cu il sentyabrın 11-17-də NATO çərçivəsində
Ermənistanda keçirilən təlimlərlə
bağlı Türkiyə - Ermənistan sərhədinin
açılacağına dair məlumatlar
yayılmışdı. Lakin bu, baş vermədi. Rəsmi
Ankara türk düşmənlərini bir daha məyus etdi. Biz
əminik ki, indiyədək Türkiyə - Azərbaycan
qardaşlığının əzəməti
qarşısında aciz qalan qüvvələr innən belə
də heç bir nəticə əldə edə bilməyəcəklər.
Çünki qeyd etdiyimiz kimi, vaxtilə Türkiyənin milli
mənafeyinə cavab verən siyasətinin dəyişməsi
üçün müxtəlif dövlətlər, qüvvələr
rəsmi Bakıya təzyiq göstərmişdi. Ancaq ölkəmizin
rəhbərliyi buna əhəmiyyət verməmiş, öz
siyasi kursunu davam etdirmişdir.
Beynəlxalq
aləmdə mövqeləri günbəgün güclənən
Azərbaycan bu gün dünya miqyasında da Türkiyəni dəstəkləyir.
"Mavi Mərmərə" gəmisi ətrafında
baş verən hadisələrdə, ABŞ Konqresinin Nümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsində
qondarma "erməni soyqırımı" ilə
bağlı qətnamə, Fransa Milli Assableyasında və
Senatında "Qanunla tanınmış
soyqırımların mövcudluğunun təkzib edilməsinə
görə cəza nəzərdə tutan" qanun layihəsi
qəbul edilərkən də Azərbaycan dövləti
açıq şəkildə Türkiyəni dəstəklədi.
Azərbaycan
- Türkiyə qardaşlığı tarixi köklərə
söykənən, çətin sınaqlara sinə gərən,
eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki
xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir,
ondan güc alır. Buna görə də Azərbaycan -
Türkiyə əlaqələri daim möhkəmlənir,
güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf
edir, regionda sabitliyin, əmin-amanlığın qarantına
çevrilir. Ölkələrimiz bundan sonra da biri-birinə
dayaq, arxa olacaqdır. Türk dünyasının böyük
oğlu Heydər Əliyevin siyasəti məhz bu istiqamətdə
olmuşdur. O, həmişə çalışırdı
ki, Türkiyə-Azərbaycan münasibətləri inkişaf
etsin, güclənsin. Bu gün hər sahədə olduğu
kimi, Türkiyə ilə əlaqələrin inkişafında
da hər iki xalqın böyük oğlu, ulu öndər Heydər
Əliyevin siyasi tezisləri, göstərdiyi istiqamətlər
əsas götürülür. Ona görə də Türkiyə
ilə Azərbaycan arasındakı ənənəvi dostluq,
qardaşlıq münasibətləri heç bir maneə
tanımadan inkişaf edir və bundan belə də inkişaf
edəcəkdir. Bu münasibətlərin
inkişafının qarantı isə Azərbaycan
Respublikasının Prezidentidir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 3 fevral.- S. 3.