Ötən ilin yekunları. Nərimanov rayonunda
hesabat yığıncağı keçirilmişdir
Dünən
Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində
2011-ci ildə rayonun sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələrə həsr
olunmuş hesabat yığıncağı keçirildi. Tədbir
iştirakçıları öncə müasir Azərbaycan
dövlətinin qurucusu, xalqımızın ümummilli lideri
Heydər Əliyevin rayon icra hakimiyyəti binasının
foyesindəki büstü önünə gül dəstələri
qoydular, ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Rayonun
sənaye, təhsil, səhiyyə, mədəniyyət və
digər təşkilatlarının, hüquq-mühafizə
orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin
iştirak etdikləri yığıncağı Nərimanov
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
açdı. "Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında irəli sürülmüş vəzifələrlə
bağlı Nərimanov rayonunun sosial-iqtisadi
inkişafının 2011-ci ilin yekunları və
qarşıda duran vəzifələr barədə" hesabat
məruzəsi ilə çıxış edən natiq
dövlət başçısının məlum
iclasdakı nitqinin bəzi məqamları üzərində
geniş dayandı. 2011-ci ildə ölkə həyatının
bütün sahələrində əldə olunmuş
uğurların Prezident İlham Əliyev tərəfindən
yüksək qiymətləndirildiyini və cari ildə bu
nailiyyətlərin daha da inkişaf etdirilməsinin, nəzərdə
tutulmuş bütün proqram və layihələrin yerinə
yetirilməsinin vacibliyinin qeyd edildiyini diqqətə
çatdıran natiq ötən il baş vermiş davamlı
inkişaf prosesində Nərimanov rayonunun da mühüm rol
oynadığını bildirdi.
Qeyd
olundu ki, 2011-ci ilin yekunlarına görə, rayon
iqtisadiyyatının əsasını təşkil edən sənaye
dinamik şəkildə inkişaf etdirilmiş və bu
müddət ərzində xidmətlər də daxil olmaqla 1
milyard 870,6 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki
ilə nisbətən 58,7 faiz artım əldə
edilmişdir. Sənaye məhsulunun ümumi həcmində
qeyri-dövlət sektorunun xüsusi çəkisinin 86,9 faizə
çatdığını vurğulayan natiq bildirdi ki, ötən
il istehlakçılara 1 milyard 853, 1 milyon manatlıq məhsul
göndərilmişdir. A. Fərzəliyev qeyd etdi ki, il ərzində
sənaye müəssisələrində işləyənlərin
sayı 8807 nəfər olmuş, onların orta nominal əmək
haqları 4,4 faiz artaraq 375,8 manat təşkil etmişdir.
İl ərzində yeni iş yerlərinin yaradılması ilə bağlı tədbirlərin davam etdirildiyini vurğulayan natiq Nərimanov rayonunda 2375 daimi iş yerinin açıldığını diqqətə çatdıraraq bildirdi ki, ötən il rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşu 172,7 milyon manat təşkil etmişdir. İcra hakimiyyətinin başçısı onu da bildirdi ki, 2011-ci ildə rayonun inşaat sektorunda yüksək göstəricilər əldə edilmiş, tikinti təşkilatları tərəfindən 557,5 milyon manatlıq iş həcmi yerinə yetirilmişdir ki, bu da əvvəlki ilə nisbətən 52,6 faiz çoxdur. Hesabat dövründə tikinti təşkilatlarında çalışan işçilərin orta aylıq əmək haqları 5,1 faiz artaraq 490,1 manata çatmışdır.
Məruzəçi qeyd etdi ki, ötən il iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də xeyli artmış, rayon əhalisinə 262,6 milyon manatlıq belə xidmət göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 34,1 faiz artıqdır. Ötən il rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 838,5 milyon manat olmuşdur. Bundan əlavə, il ərzində ictimai iaşənin əmtəə dövriyyəsinin həcmi 42,6 milyon manat təşkil etmiş, ticarət sahəsində çalışanların sayı 660 nəfər artaraq 14293-ə çatmışdır. Natiq həmçinin bildirdi ki, 2011-ci ildə rayon əhalisinə 69,9 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir ki, bu da əvvəlki ilə nisbətən 39,2 milyon manat çoxdur.
İcra hakimiyyətinin başçısı rayonda çox mühüm iri sosial və digər infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdıraraq qeyd etdi ki, dövlət başçısı İlham Əliyev ötən il 6 dəfə Nərimanov rayonunda gələrək açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir. Ötən ilin buraxılış obyektlərini rayonun sosial-iqtisadi həyatına verilən mühüm töhfə kimi dəyərləndirən A.Fərzəliyev onu da bildirdi ki, hazırda rayon ərazisində inşa olunan Heydər Əliyev Mərkəzində tikinti-quraşdırma işləri artıq başa çatdırılmış, burada geniş abadlıq-quruculuq tədbirləri sürətlə davam etdirilir. Bundan əlavə, rayon ərazisində ötən il reallaşdırılmış və hazırda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi. Rayon icra hakimiyyətinin başçısı bu mühüm proqramların və infrastruktur layihələrinin Nərimanov rayonunda həyata keçirilməsini ölkə Prezidenti İlham Əliyevin və onun xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın xüsusi diqqət və qayğısının təzahürü kimi dəyərləndirdi.
A.Fərzəliyev hesabat dövründə Nərimanov rayonunun xarici ölkələrlə əməkdaşlığının yaradılması və inkişaf etdirilməsi sahəsində görülən işlərdən bəhs edərək bu baxımdan Rusiya Federasiyasının Həştərxan vilayəti ilə iqtisadi-siyasi və mədəni sahədə dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.
Natiq rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışaraq bildirdi ki, ötən il Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən yaşayış binalarının texniki vəziyyətinə baxış keçirilmiş, hazırlanmış tədbirlər planına əsasən lazımi işlər həyata keçirilmişdir. Belə ki, il ərzində yaşayış binalarında və fərdi evlərdə 6648 kvadratmetr dam örtüyü, lazımi yerlərdə pəncərələr dəyişdirilmiş, su boruları və navalçalar təmir edilmişdir. 2011-ci ildə müxtəlif ünvanlarda abadlıq işləri aparılmış, həyətlərdə yeni söhbətgah və oturacaqlar quraşdırılmışdır. Abadlıq işlərinin gedişi zamanı rayonun ayrı-ayrı küçə və ara yollarına 39650 kvadratmetrlik asfalt örtüyü salınmışdır.
Bununla yanaşı, rayon ərazisində yerləşən, şirkət və nazirliklərin nəzdində fəaliyyət göstərən mənzil kommunal istismar sahələri tərəfindən ayrı-ayrı ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan navalçalar, ümumi girişlərdəki pəncərə və qapılar dəyişdirilmiş, zirzəmilərdə yığılan suların çəkilməsi və kəskin qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilmiş, həyətdəki oturacaqlar və məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər rənglənmişdir.
Məruzəçi rayon əhalisinin elektrik enerjisi, qaz və içməli su təminatı ilə bağlı il ərzində görülmüş işlər barəsində məlumat verdi, təhsil, səhiyyə, idman və gənclər siyasəti, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahələrində həyata keçirilən tədbirlərdən bəhs etdi.
Qeyd olundu ki, ötən il rayon sakinlərinin elektrik enerjisi ilə fasiləsiz təminatına nail olmaq məqsədilə 9654 metr 0,4 kilovoltluq və 31227 metr 6/10 kilovoltluq yararsız kabel xətləri yenisi ilə əvəz olunmuş, köhnə elektrik dirəkləri və transformatorlar dəyişdirilmişdir. Sakinlərin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə Nərimanov Rayon Su Kəmərləri İstehsalat Zonası tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 5127 uzunluğunda boru dəyişdirilmiş, 7 ədəd mühərrik quraşdırılmış, 14 ədəd nasos təmir olunmuş və digər tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, rayonun kanalizasiya şəbəkəsinin yeniləşdirilməsi ilə bağlı müvafiq işlər görülmüşdür. Natiq həmçinin rayon əhalisinin "mavi yanacaq"la təminatı sahəsində həyata keçirilən işləri diqqətə çatdırdı.
2011-ci ildə əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə, yoxsulluğu azaldılması istiqamətində dövlət başçısının fərman, sərəncam və tapşırıqları rəhbər tutularaq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlərin reallaşdırıldığını diqqətə çatdıran A. Fərzəliyev bildirdi ki, ötən il qeydiyyatda olan 23501 pensiyaçıya 36,7 milyon manat vəsait ödənilmiş, ünvanlı dövlət sosial yardım proqramının həyata keçirilməsi ilə əlaqədar 1489 ailənin hər birinə orta hesabla hər ay 135 nanat olmaqla cəmi 300 min manat vəsait ödənilmişdir. Natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən digər işlərdən də bəhs etdi.
Prezident İlham Əliyevin bütün görüşlərində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilməsi barədə tapşırıq verdiyini xatırladan natiq bu məqsədlə ötən il rayonda səyyar qəbul və görüşlərin keçirildiyini və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həll edildiyini bildirdi.
Hesabat məruzəsinin sonunda 2012-cu ildə miqyasına və əhəmiyyətinə görə qarşıda daha böyük və ciddi vəzifələrin dayandığını vurğulayan rayon icra hakimiyyətinin başçısı A. Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ölkə başçısı cənab İlham Əliyevin sosial-iqtisadi və siyasi kursunun uğurla həyata keçirilməsi üçün bütün imkanların gələcəkdə də səfərbər olunacağını, rayon sakinlərinin artan maddi və mənəvi tələbatının ödənilməsi üçün lazım olan bütün tədbirlərin görüləcəyini bildirdi.
Məruzə ətrafında çıxış edən natiqlər rəhbərlik etdikləri sahələrin 2011-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat verdilər. Ötən ilin bütün ölkə kimi, paytaxtın Nərimanov rayonu üçün də əlamətdar olduğunu bildirdilər, bu uğurların artırılması üçün daha böyük əzmkarlıqla çalışmağın vacibliyini qeyd etdilər.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı, YAP sədrinin birinci müavini, icra katibi Əli Əhmədov çıxış edərək 2011-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurların Nərimanov rayonunun timsalında da aydın nəzərə çarpdığını bildirdilər. Belə bir əminlik ifadə olundu ki, rayon sakinləri ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində bundan sonra da səylə çalışacaq və Nərimanov rayonunun daha da çiçəklənməsinə nail olacaqlar.
Sonda rayonun təhsil, səhiyyə, idman, sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fərqlənənlərə xüsusi mükafatlar və fəxri fərmanlar verildi.
Hesabat yığıncağında Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Əhməd Vəliyev iştirak edirdilər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 4 fevral.- S. 6.