YUNESKO ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin genişlənməsində mühüm rol oynayır

 

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bu beynəlxalq təşkilatlar içərisində BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - YUNESKO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, elmi və pedaqoji kadrların hazırlanmasında kömək göstərir, qlobal elmi layihələrdə iştirak etmək imkanı verir. Azərbaycanın xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən YUNESKO ilə əlaqələri öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olduğu dövrdən əvvələ təsadüf edir.

Azərbaycan Respublikası BMT-nin ixtisaslaşmış qurumu olan YUNESKO-ya 1992-ci il iyulun 3-də üzv qəbul olunmuşdur. Azərbaycanın YUNESKO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmışdır. Belə ki, Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında ən mühüm addım Azərbaycan Prezidenti Heydər Əliyevin 1993-cü ilin dekabr ayında Fransa Respublikasına rəsmi səfəri çərçivəsində YUNESKO-nun Baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Gorüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və inkişaf perspektivləri müzakirə olunmuşdur.

YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması istiqamətində mühüm işlər görülmüş,o cümlədən 1994-cü il fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bununla əlaqədar sərəncam imzalamışdır.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaratdı. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır.

2005-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Azərbaycan YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir.

1994-cü il noyabr ayının 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və YUNESKO-nun baş direktoru Federiko Mayor tərəfindən Azərbaycan Respublikası ilə YUNESKO arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

1994-cü ilin iyun ayında Budapeştdə YUNESKO-nun Avropa Regionu Komitəsinin VII sessiyasında Azərbaycan bu komitəyə üzv seçildi. Avropa regionu üçün akademik tanınma məsələsi bu komitə tərəfindən həll olunur ki, akademik tanınma tədris kurslarının, ali təhsil haqqında diplomların, elmi ad və dərəcələrin beynəlxalq səviyyədə qəbul olunmasını əhatə edir.

YUNESKO ilə əlaqələrin möhkəmlənməsində Azərbaycan Prezidenti Heydər Əliyevin bu ixtisaslaşmış qurumun baş direktoru Federiko Mayorla görüşləri müstəsna əhəmiyyət kəsb edir. Keçirilən görüşlərdə Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət məsələləri müzakirə edilmişdir. YUNESKO-nun baş qərargahında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasimin keçirilməsi, həmin tədbirdə Federiko Mayorun şəxsən iştirakı, nəhayət, onun 1996-cı ilin noyabrında Bakıya gəlişi və yubiley mərasimlərində iştirakı əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanla YUNESKO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasını göstərən amillərdəndir. Səfər zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş də imzalanmışdır.

B ununla yanaşı, "Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları" haqqında beynəlxalq konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində YUNESKO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-YUNESKO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı idi. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihə reallaşdırılmağa başladı, 2000-ci il YUNESKO tərəfindən Böyük İpək yolu - TRASEKA ili elan olundu.

Bundan əlavə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur. Bu mənada, Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından - "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 14 may 1954-cü il tarixli Konvensiyanı, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında" 16 noyabr 1972-ci il tarixli Konvensiyanı, "Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında" 16 dekabr 1983-cü il tarixli regional konvensiyanı, "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 14 noyabr 1970-ci il tarixli Konvensiyanı göstərmək olar.

Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər kompleksi YUNESKO-nun təhlükə altında olan abidələr siyahısından çıxarılmışdır.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. 2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2009-cu il sentyabrın 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıyasına daxil edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.

Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə qalxmış, ümumdünya mədəniyyətinin bir parçası olmuşdur. YUNESKO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığında şərait yaranmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində YUNESKO vasitəsilə müxtəlif ölkələrlə və eləcə də təşkilatın özü ilə geniş əlaqələr qurur və əməkdaşlığını genişləndirir.

Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz rolu vardır. 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Keçən illər ərzində YUNESKO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssamı Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Ümumiyyətlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-YUNESKO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir.

Azərbaycanla İslam Konfransı Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir.

2008-ci il iyunun 10-11-də Bakıda "Gülüstan" Sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nunİSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci Xanımların Bəyanatı qəbul olunmuşdur.

Bundan əlavə, beynəlxalq forumda iştirak edən İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomla təltif etmişdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadını olması çox əlamətdardır.

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin, xüsusilə 2011-ci il aprelin 7-8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forumunun keçrilməsi, eləcə də Bakının 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi ilə bağlı qərar da, Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

H azırda Azərbaycanın hərtərəfli, o cümlədən elmi-mədəni inkişafı elə səviyyəyə çatıb ki, ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında sadəcə kəsişmə nöqtəsi, körpü rolunu oynamaqla yanaşı, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdur. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bu sahədə gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinə böyük töhfədir. Azərbaycan muğamının, aşıq sənətinin, milli xalçaçılıq sənətimizin YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs xəzinəsinə daxil edilməsi, ədəbiyyat, mədəniyyət korifeylərimizin dünyaya tanıdılması, onların yubileylərinin YUNESKO miqyasında qeyd olunması hamımızda məmnunluq doğurur. Azərbaycan incəsənəti, klassik musiqi, muğam, aşıq, xalçaçılıq sənəti ilə bağlı ölkəmizdə keçirilən beynəlxalq festivallar, toplantılar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilər, alimlər arasında fikir mübadiləsi, dialoq atmosferi üçün geniş imkanlar yaradır. Dünyanın liderləri, mədəniyyət, elm, din xadimləri Azərbaycanın ev sahibliyi ilə keçirilən beynəlxalq tədbirlərdə qlobal problemlərin həll yollarını arayır.

Hələ 2005-ci ilin oktyabrında YUNESKO-nun 60 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində Parisdə kecirilmiş "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında" adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamış, sonrakı illərdə bu yöndə əməli addımların, konkret təşəbbüslərin irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqlədi.

Məhz bu fəaliyyətin sayəsində Bakı 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan olundu. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, bu il çərçivəsində də respublikamızın paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi.

Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il iyulun 30-da YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən qızıl Motsart medalı təqdim olunmuşdur.

2010-cu il sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda BMT Baş Məclisinin 65-ci sessiyasında rəsmən bəyan etmişdir: "Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan 2010-cu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Dünya Sammitini təşkil edib, 2011-ci ilin aprelində isə Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir". Ötən müddətdə "Bakı prosesi"nin ideyadan praktik müstəviyə keçməsi üçün görülən işlər nəticəsini vermiş və Azərbaycan paytaxtı 2011-ci il aprelin 7-8-də ilk dəfə olaraq Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumuna ev sahibliyi etmişdir. Hazırda Azərbaycan-YUNESKO əlaqələri ildən-ilə daha da genişlənərək ən yüksək səviyyəyə qalxmışdır. Bu əməkdaşlığın nəticəsi kimi, 2011-ci ilin oktyabr ayında YUNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın 36-cı sessiyasında Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilmişdir.

Azərbaycanın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyaya təkan vermiş və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur.

 

 

Aynur FƏRMANOVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası dillər

kafedrasının baş müəllimi

 

Xalq qəzeti.- 2012.- 5 fevral.- S. 4.