Biləsuvar: yeniləşmə və müasirləşmə sürətlənir

 

Son illərdə ölkəmizin bölgələrində aparılan abadlıq və quruculuq işləri Biləsuvar rayonunun da inkişafına güclü təkan vermişdir. Dövlət qayğısı sayəsində burada, o cümlədən rayon mərkəzi olan Biləsuvar şəhərində zəruri sosial infrastruktur yaradılır, əhalinin problemləri ardıcıl həllini tapır. İcra hakimiyyətinin şəhər üzrə ərazi nümayəndəliyinin illik hesabat yığıncağında bu barədə ətraflı danışılmışdır.

Hesabat məruzəsini təqdim edən icra nümayəndəsi Qabil Xammədov il ərzində görülmüş işlərin geniş icmalını verdi. O bildirdi ki, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə yeni işıqlandırma sistemi qurulmuş, səki daşları təzələnmiş, hasarlar üzlənmişdir. Hazırda bu küçədə tikilmiş giriş qapısında son tamamlama işləri aparılır. Şəhərin Heydər Əliyev küçəsində isə səkilərin təmiri davam etdirilir.

Məruzəçi dedi ki, Biləsuvar Bələdiyyəsi ilə birgə işlərin görülməsi müsbət nəticələr verir. Ötən il bələdiyyə tərəfindən ağacgül kolları, işıq dirəkləri, yolların təmiri, H.Əliyev küçəsində salınmış parkın hasarlanması və Babək küçəsində körpünün bərpası üçün 23650 manat vəsait xərclənmişdir.

Şəhər ərazisində 4 tam orta, 1 ümumi orta məktəb, məktəb-lisey kompleksi, Olimpiya İdman Kompleksi, şahmat məktəbi, mərkəzi xəstəxana, uşaq xəstəxanası, 3 məktəbəqədər tərbiyə müəssisəsi, 450 yerlik mədəniyyət evi, poçt və rabitə şöbələri fəaliyyət göstərir. Bir uşaq bağçasında təmirə başlanmış, digər iki bağçaya cari təmir, ərzaq məhsulları, yumşaq inventar və digər avadanlıq alınması, həmçinin kommunikasiya xidməti üçün lazımi vəsait ayrılmış və icrası təmin edilmişdir. Bəzi tərbiyə ocaqlarınınsa təmirə ehtiyacı var. İnam ifadə olundu ki, yaxın vaxtlarda Biləsuvar ərazisində təmir olunmamış məktəb və ya uşaq bağçası qalmayacaq.

Biləsuvar böyük kənd təsərrüfatı rayonu olduğu üçün şəhər əhalisi də heyvandarlıq və əkinçiliklə məşğul olur. Sakinlər 3600 hektara qədər sahədə pambıq, şəkər çuğunduru, günəbaxan, buğda, arpa, kartof, yoncabostan bitkiləri əkmişdir. Heyvandarlıq sahəsində də irəliləyiş var: iri buynuzlu qaramalın sayı 1498 başa, davarların sayı isə 16937 başa çatmışdır. Əkin sahələrində istifadə edilən yanacaqmotor yağlarına görə dövlət büdcəsindən 140 min manatadək vəsait verilmiş, həmçinin Aqrolizinq tərəfindən əkinçilərə 50 faiz güzəştlə mineral gübrələrin satışı həyata keçirilmişdir.

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli də daim diqqətdə saxlanır. Ölkə Prezidentinin bu insanlara qayğısının nəticəsi olaraq 23 ailə evlə təmin olunmuş, 3 nəfərə isə pulsuz maşın verilmişdir. Biləsuvar şəhər ərazisində məskunlaşmış 139 nəfər məcburi köçkünlə də daim əlaqə saxlanılır, dövlət tərəfindən verilən yardım onlara vaxtlı-vaxtında çatdırılır, Qurban bayramında və digər tədbirlərdə hər birinə yardımlar edilir.

Ötən il Biləsuvar şəhərində su-kanalizasiya sisteminin qurulmasına başlanmış və 26 kilometr kanalizasiya, 9 kilometr su xətti, 7 kilometr magistral xətt çəkilmişdir. Hazırda işlər davam etdirilir. Su-Kanal İdarəsi də ötən il şəhər ərazisində yenidənqurma və təmir işləri görmüşdür.

Biləsuvar Mənzil Təsərrüfatı tikinti istismar istehsalat sahəsinin balansında olan binalarda müəyyən təmir işləri aparılmışdır. Bununla bərabər, əksər binaların dam örtüyü, kommunikasiyasu xətti yeniləri ilə əvəz olunmalıdır.

Ötən il şəhərin Nizami küçəsindəki yeni məhəlləyə, S.Rüstəm küçəsinə, habelə H.Əliyev küçəsindəki beş binaya qaz verilmiş, ərazidəki 4 və 5 mərtəbəli binalara daşıyıcı xətlər çəkilmişdir. Beş küçədə qaz təchizatının yaxşılaşdırılması məqsədilə 3 kilometr məsafədən polietilen borularla xətt çəkilmişdir. Melioratorlar qəsəbəsində köhnə qaz xətləri yararlı vəziyyətə gətirilmişdir. Amma şəhər əhalisinin qazla təchizatında hələ də bəzi problemlər mövcuddur.

Biləsuvar rayon paylayıcı elektrik şəbəkəsi tərəfindən ərazidə 7 elektrik transformatoru əsaslı təmir edilmiş, 20 elektrik dirəyi dəyişdirilmişdir. Hazırda şəhərin yeni salınmış məhəllələrində transformatorlara, elektrik naqillərinə və dirəklərinə ehtiyac var.

Kommunal müəssisələri kombinatı şəhərin təmizliyi, abadlığı və yaşıllaşdırılması istiqamətində müəyyən işlər görsə də, kombinatın fəaliyyəti günün tələblərinə cavab vermir. Şəhərin problemlərindən biri də mərkəzi bazar yerləşən küçədə səliqə-sahmanın olmamasıdır. Bazarın giriş hissəsində yaranan maşın sıxlığı hərəkətə mane olur. Biləsuvar şəhərində qanunsuz tikilmiş iaşə və ticarət obyektləri müasir memarlıq tələblərinə cavab vermir.

Yığıncaqda bu və digər məsələlərdən ətraflı danışıldı, problemlərin həlli yolları müzakirə edildi. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev dövlət rəhbərliyinin regionların inkişafına qayğısından, Biləsuvarda həyata keçirilən layihələrdən bəhs etdi, şəhər təsərrüfatının işini yaxşılaşdırmaq zərurətini qeyd etdi. Qaldırılan məsələlərin ardıcıl həllini tapacağını söyləyən natiq dedi ki, bundan ötrü hər kəs ona tapşırılan işi yüksək məsuliyyət və keyfiyyətlə yerinə yetirməlidir.

 

 

Əli NƏCƏFXANLI

 

 Xalq qəzeti.- 2012.- 5 fevral.- S. 4.