Poeziyanın məna yükündən və sehrindən bəhs edən tədqiqat əsəri

 

"Şeirşünaslıqda dil sənətkarlığı" (Bakı, 1987), "Sözün poetikası" (1960-80-ci illər Azərbaycan poeziyasının materialları əsasında. Bakı, 2000), "Dil və poeziya (1960-80-ci illər Azərbaycan poeziyasının materialları əsasında. Bakı, 2008), "Poeziya dilinin milli qaynaqları" (1960-80-ci illər Azərbaycan şeirinin materialları əsasında. Bakı, 2009) monoqrafiyaları ilə iyirmi illik Azərbaycan poeziyasında dil üslub məsələlərini tədqiq edən dilçi-alim Məhərrəm Hüseynovun "Səsin poeziyası" (1960-80-ci illər Azərbaycan poeziyasının materialları əsasında. Bakı, 2010) adlı monoqrafiyası da uzun illər aparılan zəngin elmi axtarışların bir növ davamı kimi oxucuların ixtiyarına verilmişdir.

Əsər giriş və iki fəsildən ibarətdir. Monoqrafiyanın I fəsli Azərbaycan şeir dilinin ecazkarlığında mühüm amil olan alliterasiya və assonansa həsr olunmuşdur.

I fəsildə Azərbaycan dilinin zəngin poetik imkanlarından və bu imkanların 1960-1980-ci illərdə yazıb yaradan şairlər tərəfindən yüksək sənətkarlıqla inkişaf etdirilməsindən danışılır. Müəllif qeyd edir ki, nəsrdən fərqli olaraq poeziyada fikrin yaranmasında daha dəqiq desək, poetik nümunələrin əsasında səslərin cazibəsi, səsin ifadə imkanları dayanır. Müəllifin fikrincə, səsin oxucuya təsiri o qədər böyükdür ki, oxucu və ya dinləyici şeirin mənasından daha çox onun səslənməsinin sehrinə düşür. Bu zaman şeirin məna yükü bir qədər arxa plana keçir. Əlbəttə, dilçi-alim burada mənası olmayan sadəcə bir qrup səsin şeir yarada bilməsini nəzərdə tutmur. Bu mövzuda fikrini davam etdirən müəllif qeyd edir ki, şeirin bütün xalqların dilində ta qədimdən günümüzə qədər şifahi şəkildə zamandan-zamana , nəsildən-nəsilə keçə bilməsinin, yaddaşlara həkk olunmasının başlıca səbəbi onun səs tərkibinin ahəngdar olmasıdır.

1960-1980-ci illərin şeirini sistemli şəkildə araşdıran dilçi-alim R.Rza, S.Rüstəm, O.Sarıvəlli, H.Arif, B.Vahabzadə, N.Xəzri, Qabil, Ə.Kürçaylı, M.Araz, M.Aslan kimi poeziya dahilərinin şeirlərində alliterasiyanın şairin daxili polifonikliyi, çevik, ritmi və intonasiyasında oynadığı mühüm rolu qeyd etməklə, xüsusi olaraq vurğulayır ki, alliterasiya şeirdə güclü olduqda oxucunu öz təsiri altına ala bilir. Bu dövrdə yazıb-yaradan şairlərin poetik nümunələrində müəllif alliterasiyanın həm üfüqi, həm də şaquli istiqamətlərini göstərmişdir.

Müəllifin şair Çingiz Əlioğlu poeziyasından seçdiyi poetik nümunəyə diqqət yetirək.

 

Cılxa işıq olur, cılxa-cılxa nur.

Çırpılır toy-düyün, dinir çalğı, şur.

Çatılır ocağı, çırtlayır çat-çat,

Qazanı qaynayır, nehrə çalxanır.

 

M.Hüseynov qeyd edir ki, poetik örnəkdə özünü göstərən şaquli alliterasiya poetik hadisə səviyyəsi qazanaraq mətndə "ritm-kompozisiya rolunu oynamışdır. Poetik forma alliterasiya üzərində qurulmuşdur". Həqiqətən də verilmiş nümunədə şaquli istiqamətdə "ç" samiti hər misranın ilk səsi kimi işlənərək şeirə əvəzsiz bənzərlik vermişdir. "Ç" samitinin ikinci misrada üfüqü istiqamətdə də "çırpılır", "çalğı" sözlərində, üçüncü misrada "çatılır", "çırtlayır", "çat-çat" və nəhayət, dördüncü misrada "çalxalanır" sözünün ilk səsi kimi çıxış etməsi şeirdə güclü bir alliterasiyanın yaranmasını təmin etmişdir. Burada bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, qeyd olunan formada poetik nümunə yaratmaq şairdən yüksək istedad, sözə zərgər dəqiqliyi ilə yanaşmaq bacarığı tələb edir. Bəndin birinci misrasına diqqət yetirsək, görərik ki, burada ilk gələn söz "cılxa" sözü Azərbaycan dialekt və şivələrində işlənən sözdür. Şair "cılxa" sözünü ədəbi dilə gətirməklə yanaşı, poetik fikrin ifadəsini gücləndirir. Daha dəqiq desək, çoxlu işıq nurunun çoxlu işığa çevrilə biləcəyi "fikrini" alliterasiyanın bədii gücü ilə oxucuya çatdırır. İkinci misrada da şair alliterasiyanın güclü təsirindən istifadə etmişdir. Belə ki, adətən "toy vurulur" formasında işlənən bir ifadənin baş üzvlərinin yerini dəyişən şair həm də sırf alliterasiya xatirinə "vurulur" felinin yerinə onun sinonimi olan "çırpılır" felini şeirə gətirmişdir. Həmin misrada işlənmiş "çalğı" sözü ilə həm alliterasiya baxımından, həm də məzmun baxımından çırpılan toy-düyün üçün xarakterikdir və fikri tamamlayır.

Üçüncü misrada "çatılır" sözü misranın önündə işlənib alliterasiya yaratmaqla yanaşı, canlı xalq dilindən götürülən ocağı qalamaq birləşməsinin əsas tərəfi "qalamaq" sözünün sinonimi kimi misraya uğurla oturdulan bədii tapıntıdır. Doğurdan da, bu fikir həmin misrada uğurla davam etdirilir. Aydındır ki, ocaq çatılması birləşməsinin əsas tərəfi ocağın yanarkən "çat-çat" səs çıxarmasından təqlidi yolla yaranmışdır. Ona görə də çatılan ocağın çat-çat yanması və ətrafa çırtıldaması çox təbii görünür. Burada alliterasiya ilə güclü poetik fikir vəhdət halında birləşərək bir təbiət lövhəsi yaradır. Dördüncü misrada "Qazanın qaynaması"nda olan "q" samitlərinin alliterasiya yaratması ilə yanaşı, "nehrənin çalxalanması" fikri də bədii lövhənin qurulmasında müstəsna rol oynayır.

1960-80-ci illər poeziyasında alliterasiyanın işlənmə tezliyini araşdıran müəllif bu qənaətdədir ki, həmin dövrdə yaranmış poetik nümunələrdə alliterasiya prinsipi üzrə bütün səslər münasib məsafələrdə misralarda düzülüb müxtəlif mənalarla daxilən bağlı olan ahəngdarlığın yaradılmasında iştirak edirlər.

Tədqiqatçı alim 60-80-ci illərin poetik nümunələrində alliterasiya hadisəsini araşdırmaqla yanaşı, alliterasiyanın poeziya üçün nə dərəcədə vacib olduğunu və onun əhəmiyyətini dəqiqliklə ifadə etmişdir. O yazır: "Alliterasiya şeirdə emosional keyfiyyətli poetik hadisədir və onların işləndiyi mətndə istər-istəməz hissi məqamlar ön plana keçir. Onlar forma cəhətdən diqqət çəkən olduğu kimi, məna cəhətdən də xüsusi qüvvət, üslubi dəyər kəsb edir. Canlı insan duyğularını ehtizaza gətirən alliterasiya, əslində, olduqca çətin yaradıcılıq işidir, tək-tək şairə nəsib olan sənətkarlıq amili, sənət yoludur. Alliterasiyanın nəhəng sənət keyfiyyətlərinin poeziyasında bədii-yekginlik səviyyəsi kimi təqdim olunması bunun bariz nümunəsidir."

Müəllif məşhur rus tədqiqatçısı V.A.Zaytsevin "Poeziya, hər şeydən əvvəl, möcüzədir, hisslərin möcüzəsidir, səslərin möcüzəsidir ki, bunlarsız poeziya sənəti təsəvvürə gələ bilməz" fikrinə şərik çıxır və V.A.Zaytsevin tərifinə "hislərin möcüzəliyi-birinciliyi, səslərin möcüzəsinə güzəştə getməlidir" əlavəsi etmişdir. Tədqiqatçı alim bu qənaətdədir ki, hisslərin mövcudluğu səslərin poetik imkanlarından asılıdır. Misralarda səslər professional səviyyədə düzülməklə şəxsi və ictimai duyğular oyadır. Hisslər səslərin vasitəsilə dil açır. Müəllifin bu fikirləri poeziyanı şərtləndirən əsas amil kimi qəbul olunmuşdur. Daha dəqiq desək, insan bütün hiss və duyğularını səs və səsdən yaranan söz vasitəsilə bildirir. Dahi şairimiz Füzulinin təbirincə desək:

 

Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz?

 

Bu, artıq sözün yaranmasını təmin edən səsin birinciliyinin əlamətidir. Bir yerdə ki, söz insanın varlığının əlamətidir və səs sözün əsasıdır, o zaman bu fikrin doğruluğuna şübhə yeri qalmır. Böyük şair Füzulidən söz düşmüşkən qeyd etmək lazımdır ki, M.Hüseynovun 1960-80-ci illər poeziyası üzərində tədqiq etdiyi səslərin alliterasiya və assonansı M. Füzuli poeziyasında daha qüvvətlidir:

 

Səbr qıl, səbr ilə məqsudinə səbr əhli yetər,

Səbr edən səbr ilə sərrişteyi-məqsud tutər.

 

Bu beytdə alliterasiyadan faydalanan Füzuli səbr etməyi təbliğ edir və səslərin təkrarı ilə öz bədii məntiqini əsaslandırır. Bu fikri poetikləşdirən dahi şairimiz "s" samitinin təkrarı ilə şeirə əlavə bir musiqi ahəngi aşılayır. Məhəmməd Füzulinin başqa bir beytində isə "c", "n", "m" samitləri bir beyt içərisində dərin bir məna təzadı yaratmaqla, şeirdə bənzərsiz ahəng yaratmışdır:

 

Canım canan əgər istərsə, minnət canıma,

Can nədir kim, onu qurban etməyim cananıma.

 

İyirmi illik poeziya tariximizi tədqiq edən tədqiqatçı əsərin "Alliterasiya assonans" fəslinin sonunda belə bir nəticəyə gəlmişdir ki, səs düzümünün tənasübü nəticəsində alınan şeiriyyət təbii səslənmə keyfiyyəti ilə 1960-1970-ci illər şeirinin ən vacib koloritli cəhətləri kimi qeyd olunmalıdır.

"Səsin poeziyası" monoqrafiyasının ikinci fəsli "Ritm intonasiya" adlanır. Şeirdə formanın üslubi aspektlərindən danışan müəllif bu fəsildə şeirin ritm intonasiyasında bədii mətnin rolunu qeyd edərək, şeir üçün ən vacib atributu ritm hesab edir. Müəllifin bu qənaəti, bir çox söz sənətkarlarının tənqidçilərin ortaq məxrəcə gəldiyi bir fikirdir. Yəni bu fikir poeziya aləmində hər kəs tərəfindən qəbul edilmişdir. Məhərrəm Hüseynov burada ritm haqqında danışarkən ritmi təkcə şeiriyyət baxımından deyil, bir qədər geniş mənada izah etmişdir. Onun fikrincə, ritm vahidlərinin simmetrik funksiyası, kainatın təbiətin hərəkətini bu konstrastlar üzərində qurur.

M.Hüseynov əsərin bu fəslində 1960-80-ci illər poeziyasının fonetik-üslubi məziyyətlərindən danışır belə bir qənaətə gəlir ki, bu dövr Azərbaycan poeziyasında spesifik fonetik-üslubi xüsusiyyət özünü həm eynicinsli səslərin sadəcə təkrarında, həm müəyyən səs komplekslərinin, morfoloji əlamətlərin təkrarında təzahür edir.

Saysız-hesabsız poetik nümunələri tədqiq edən müəllif 1960-80-ci illər poeziyasında şeir kontekstinin fəallaşdırdığı leksik vahidləri diqqətdən kənarda qoymamış, onların bu dövr poeziyamızda üslubi mövqeyini aydınlaşdırmışdır. B.Vahabzadənin "Axı dünya fırlanır", Vaqif Nəsibin "Dağ havası", İsa İsmayılzadənin "Salam Yer kürəsi" şeirlərini bu mənada tədqiqata cəlb edən alim qeyd edir ki, həmin şeirlərdə işlənmiş omonimlər səs diapozonunu nizama salır, şeirin intonasiyasının emosional-ekspressiv funksiyasını gerçəkləşdirir, bu funksiyanın ifadə vasitəsi olan tembr melodiyanı, məna emfatik vurğunu, temp tembrin hərəkətini sahmanlayır. Dilçi-alim həmin şairlərin əsərlərində omonimlərlə yanaşı, omonimlərə oxşar söz qruplarını da tədqiqata cəlb etmişdir. M. Hüseynov həmin dövr poeziya örnəklərinin janr ölçülərini tədqiqatdan kənarda qoymamış, bir çox poeziya nümunələrində qafiyə, rədif bu kimi şeir ölçülərini onların işlənmə texnikasını aydınlaşdırmışdır. Gərgin çoxşaxəli tədqiqat aparan müəllif əsərin sonunda belə bir qənaətə gəlmişdir ki, 1960-80-ci illərə aid lirik şeirdə köhnə formaların, mahnı ladlarının musiqiliyin nisbətən itməsi, bir sıra hallarda lirik epik notların qovuşması, nəsr dili ünsürlərinin poeziya dilinə nüfuzu hiss olunur: nəsr elementlərinin şeir nitqində, ifadəsi demək olar ki, kütləviləşmişdir.

Tədqiqatçı alim M.Hüseynovun "Poeziyanın səsi" əsəri gərgin elmi araşdırmaların məhsuludur. Müəllif bu elmi əsəri ərsəyə gətirmək üçün Azərbaycan rus dillərində yüzdən artıq elmi ədəbiyyatdan, iki yüzə yaxın bədii ədəbiyyatdan yararlanmış, beş yüzə yaxın poetik örnəyi tədqiqata cəlb etmişdir. İnanırıq ki, M. Hüseynovun bu əsəri Azərbaycan poeziyasının dil-üslub xüsusiyyətlərinin tədqiqi ilə məşğul olan alimlər üçün əvəzsiz mənbə olacaqdır.

 

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru,

professor

 

Bəhram CƏFƏROĞLU,

AMEA-nın Nəsimi adına

Dilçilik İnstitutunun dissertantı

 

Xalq qəzeti.- 2012.- 5 fevral.- S. 5.