Nəsimi rayonu: inkişaf və
müasirləşmə yeni mərhələyə
qədəm qoymuşdur
2011-ci il ölkəmizdə
sosial-iqtisadi vəzifələrin icra edilməsi, bu sahədə
nəzərdə tutulmuş proqram və layihələrin həyata
keçirilməsi, Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunun daha da artması və onun regionun lider dövləti
kimi daha da güclənməsi baxımından uğurlu il kimi
yaddaşlarda qaldı. Bütün bunların əsasında
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın hərtərəfli
inkişafına yönəlmiş müdrik siyasətinin
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi durur. 2011-ci ildə beynəlxalq aləmdə
baş verən siyasi və iqtisadi kataklizmlərə baxmayaraq,
Azərbaycanda sosial-iqtisadi vəzifələr öz həllini
tapmış və ölkəmizin bütün sahələrdə
uğurlu inkişafı davam etmişdir.
Bu
uğurlarda paytaxtımızın Nəsimi rayonunun da öz
yeri, öz payı olmuşdur. Keçən il Nəsimi
rayonunda 2034 yeni iş yeri yaradılmışdır. 2011-ci ildə
rayonda ümumi istehsal həcmi 2010-cu illə müqayisədə
24,8 faiz artaraq 1 milyard 132 milyon 228,8 min manat təşkil
etmişdir. Sənaye məhsulları istehsalı 4,1 dəfə
artaraq 341 milyon 224,7 min manat olmuş, rabitə müəssisələri
tərəfindən görülmüş iş və xidmətlərin
həcmi isə 49,5 faiz artaraq 25 milyon 203,8 min manat təşkil
etmişdir. Həmin dövrdə əhaliyə göstərilən
pullu xidmətlər 12 faiz yüksələrək 681 milyon
783,4 min manat olmuşdur.
2011-ci ildə istehlakçıları fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə Nəsimi Rayon Enerji İdarəsi tərəfindən 3 ədəd yeni Komplekt Transformator Məntəqəsi (KTM), 5 ədəd güc transformatoru quraşdırılmışdır. 97, 99 və 116 saylı yarımstansiyalarda transformatorlar daha güclüsü ilə əvəz edilmiş və 2 dövrəli kabel xətləri çəkilərək istifadəyə verilmişdir. Hazırda 17 saylı yarımstansiyada yenidənqurma işləri aparılır.
Sərf olunan enerji haqqının yığımı əvvəlki illə müqayisədə 7 faiz artaraq 105 faiz təşkil etmişdir. Ötən il Nəsimi Rayon Qaz İstismarı Sahəsi tərəfindən isteklakçılara 9 milyon 112 min 616 manat həcmində təbii qaz satılmışdır. Ümumi satışın 98,2 faizi ödənilmişdir. Əvvəlki illə müqayisədə yığım həcmi 9,1 faiz artmışdır.
Hesabat ilində cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində Nəsimi Rayon Prokurorluğu tərəfindən rayonun digər hüquq-mühafizə orqanları ilə əlaqəli görülən işlərin keyfiyyəti yaxşılaşmışdır.
Cinayətkarlığın ümumi strukturunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən illə müqayisədə 27,8 faiz və ya 64 fakt azalmışdır.
Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli 2292 saylı sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası məqsədilə rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda ciddi daxili nəzarət mexanizmi tətbiq edilmiş, rayon icra hakimiyyəti və struktur bölmələrinin səlahiyyətlərinin dəqiqləşdirilməsi, onların fəaliyyətində şəffaflığın artırılması, təkrarçılığın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Ötən müddət ərzində antikorrupsiya, eyni zamanda, dövlət qulluqçularının etik davranışı, vicdanlılıq məsələləri, maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik prinsipinə əməl edilməsi rayon icra hakimiyyəti rəhbərliyinin daimi diqqət mərkəzində olmuş, idarəetmənin konkret sahələrində mövcud olan nöqsanların aşkar edilməsi və aradan qaldırılması məqsədilə mütəmadi olaraq araşdırma və təhlillər aparılmışdır.
İl ərzində rayon ərazisində istismar müddəti başa çatmış 5990,0 paqonometr magistral su kəməri, müxtəlif diametrli 582 paqonometr kanalizasiya şəbəkəsi, istismara yararsız 45 ədəd quyu və 16 ədəd yağış barmaqlıq dəyişdirilmişdir.
Payız-qış mövsümü ilə əlaqədar rayonun bütün istilik məntəqələrində və məhəllədaxili qazanxanalarda avadanlıqların təftiş və təmir işləri aparılmışdır. H.Seyidzadə və Ə. İsgəndərov küçələrində müxtəlif diametrli 820 paqonometr boru, S. Rəhimov küçəsində yerləşən qazanxanada isə bütün məhəllədaxili istilik xətləri dəyişdirilmişdir. 45 saylı körpələr evi-uşaq bağçasının istilik xətləri yenisi ilə əvəz olunmuşdur.
Əvvəlki illərdə olduğu kimi 2011-ci ildə də Nəsimi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri həyata keçirlimişdir. İl ərzində rayonun Cavadxan, S. Vurğun, H. Seyidzadə küçələrində, Vaqif, Azadlıq və Tbilisi prospektlərində, mikrorayonların ərazilərindəki park və bağlarda, ümumilikdə 10 mindən çox ağac və gül kolları əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Rayon icra hakimiyyəti tərəfindən müəyyənləşdirilən 20 həyətdə təmir-abadlıq və yenidənqurma işləri görülmüşdür. S. Vurğun, R. Behbudov, A. Bakıxanov, H.Ələsgərov küçələrində, Vaqif və Azadlıq prospektlərində səkilərə tamet plitələr döşənmiş və bardürlər dəyişdirilmişdir.
Keçən il D. Əliyeva, Cavadxan və A. Əliyev küçələrində abadlıq və yenidənqurma işləri aparılmış, məhəllədaxili yollara və meydançalara yeni asfalt örtüyü vurulmuş, həmin ünvanlarda yaşıllıq zolaqları salınmış, uşaq oyun elementləri və oturacaqlar quraşdırılmışdır.
Ötən il "Zabitlər" parkında və Bülbül prospektindəki parkda aparılan yenidənqurma və abadlıq işləri başa çatdırılmış, Əjdərbəy məscidinin əsaslı təmirdən sonra açılışı olmuşdur. 2011-ci ildə "BakıElektrikŞəbəkə" ASC-nin inzibati binası və mərkəzi dispetçer xidmətinin, 28 May küçəsi və Bülbül prospektinin kəsişməsində yerləşən yeraltı keçidin inşası başa çatdırılmışdır. Keçən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonda aparılan bir sıra təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuş və inşası başa çatmış obyektlərin açılış mərasimlərində iştirak etmişdir.
Hazırda 2-ci mikrorayondakı "Heydər park"ında və Cavadxan küçəsində yenidənqurma işləri və 4-cü mikrorayondakı 20 Yanvar küçəsində müasir tələblərə cavab verən stadionun tikintisi davam edir. Füzuli küçəsində "Qış park"ının salınması ilə bağlı işlər həyata keçirilmişdir. İl ərzində rayonda 140045 kvadratmetr əraziyə asfalt vurulmuşdur.
Ötən il Azərbaycan Dövlət Neft Akademiyasının əsas binasına ulu öndər Heydər Əliyevin barelyefi vurulmuş, ətraf ərazidə abadlıq və yenidənqurma işləri aparılmışdır.
Hesabat ilində rayonda 29 tam orta məktəb, 2 xüsusi məktəb, H.Əliyev adına müasir Təhsil Kompleksi, Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Atatürk liseyi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi, 47 körpələr evi-uşaq bağçası fəaliyyət göstərmişdir.
2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərini 1936 şagird bitirmiş, onlardan 1121 nəfəri ali məktəblərə daxil olmuşdur. Abituriyentlərdən 49-u 600-dən, o cümlədən 12-si 650-dən yuxarı bal toplamış, 3 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür. 650-dən yuxarı bal toplayan abituriyentlər rayon icra hakimiyyətində qəbul edilmiş və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Fərəhləndirici haldır ki, 2010-2011-ci tədris ilinin nəticələrinə görə 8, 14, 42, 151 saylı orta məktəblər "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüş, müəllimlərdən 17 nəfər "İlin ən yaxşı müəllimi" nominasiyası üzrə müsabiqənin qalibi olmuş, 2 nəfər "Əməkdar müəllim" adına, 1 nəfər isə "Tərəqqi" medalına layiq görülmüşdür.
2011-ci ildə rayondakı 6 təhsil müəssisəsində əsaslı təmir işləri görülmüş, 35 və 151 nömrəli orta məktəblərdə müvafiq olaraq 250 və 160 yerlik əlavə korpuslar inşa edilmiş, 4 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmış, 76 saylı körpələr evi-uşaq bağçasında isə təmir işləri başa çatdırılmışdır. 164 nömrəli orta məktəbdə təmir işləri başa çatdırılır.
Əsaslı təmirdən sonra 2 saylı Kliniki Uşaq Xəstəxanası fəaliyyətə başlamışdır. Hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Korpusunda inşa işləri davam edir.
Ötən il "Nizami" kinoteatrı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir. Bununla əlaqədar keçirilmiş mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
2011-ci ildə Dövlət Sosial Müdafiə Fondu Nəsimi Rayon Şöbəsi tərəfindən 25227 nəfər pensiyaçı və müavinət alan vətəndaşa xidmət göstərilimişdir. İl ərzində Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4060 nəfərə sosial müavinət və təqaüd, 1912 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəz tərəfindən 361 ahıl və əlilə evlərdə sosial-məişət xidməti göstərilmişdir.
Rayonda məskunlaşmış məcburi köçkün ailələrinin problemləri daim rayon icra hakimiyyətinin diqqət mərkəzindədir. Keçən il 79 məcburi köçkün ailəsi mənzillə təmin olunmuşdur.
İl ərzində Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında rayondakı sosial-iqtisadi vəziyyət müzakirə edilmiş, sakinlərin təkilf və şikayətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Vətəndaşların müraciətləri, onların problemlərinin həlli rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. İl ərzində 45 səyyar qəbul keşirlmiş və burada 285 nəfərin müraciəti ilə bağlı tədbir görülmüşdür. Rayon icra hakimiyyətində daimi fəaliyyət göstərən "Qaynar xətt"ə daxil olan məlumatlar əsasında operativ tədbirlər sistemi təşəkkül tapmışdır.
Ötən il Nəsimi rayonu ilə ABŞ-ın Kaliforniya ştatının San Diyeqo şəhərinin Svitzer Hayland rayonu arasında qardaşlaşma münasibətlərinin qurulması məqsədilə rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, başçının müavini Anar Tağıyev və Nəsimi rayonundan seçilmiş millət vəkili Asim Mollazadədən ibarət nümayəndə heyəti həmin ölkədə səfərdə olmuşdur. Svitzer Hayland rayonu ilə Nəsimi rayonu arasında "Qardaşlaşmış rayonlar" münasibətinin qurulması haqqında bəyannamə qəbul edilmişdir. Səfər zamanı nümayəndə heyəti San Diyeqo şəhərinin mədəni, ictimai-siyasi həyatı, turizm infrastrukturu və təhsil sistemi ilə tanış olmuşlar. San Diyeqo Diplomatik Şurasında, San Diyeqo Dövlət Universitetində, dövlət və özəl məktəblərdə, Monterey şəhər meriyasında, Los Anceles şəhərində ayrı-ayrı icma nümayəndələri ilə görüşlər keçirilmiş, əməkdaşlıq imkanları araşdırılmışdır.
Bütün görüşlərdə nümayəndə heyətinin üzvləri çıxışlarında Azərbaycanın tarixi, mədəniyyəti, son illər ərzində keçdiyi sürətli inkişaf yolu, dövlət quruculuğu, siyasi, iqtisadi, hüquq sahələrində aparılmaış islahatlar, əldə olunmuş nailiyyətlər, ölkəmizin paytaxtı Bakı şəhəri və Nəsimi rayonu barədə ətraflı məlumatlar verilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan və ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinə böyük önəm verdiyi vurğulanmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına əsaslanan birmənalı və ədalətli mövqeyi bir daha ifadə edilmişdir.
2011-ci ili uğurlarla başa vurmuş Nəsimi rayonunda insanlar bu il də qurub-yaratmaq əzmindədirlər.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2012.- 7 fevral.- S. 6.