Azərbaycan
Avropanın enerji təhlükəsizliyində
mühüm rol
oynayır
Azərbaycanda qlobal enerji və nəqliyyat-kommunikasiya
layihələrinin uğurla gerçəkləşdirilməsi,
Avropanın enerji təhlükəsizliyinin təminatında
ölkəmizin rolunun yüksəldilməsi, neft strategiyasının
milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft
sektorunun ümumi daxili məhsuldakı çəkisinin
artırılması, regionların tarazlı və davamlı
inkişafı, yeni istehsal müəssisələrinin
açılması, işsizlik probleminin, yoxsulluğun aradan
qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi məsələləri Prezident
İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil
edir.
Dövlət
başçısı hökumətin həyata keçirməli
olduğu tədbirlərin əhatə dairəsini və
vaxtını dəqiq müəyyənləşdirməklə
onların icra prosesini şəxsi nəzarətdə
saxlayır, habelə ölkənin strateji resurslarını
milli inkişafa təkan verən qlobal layihələrin
reallaşdırılması yönümündə səfərbər
edir.
Yeri gəlmişkən, Azərbaycanın uğurlu enerji siyasətindən beynəlxalq səviyyəli tədbirlərdə də geniş bəhs olunur. Bu il yanvarın 26-da İsveçrənin Davos şəhərində keçirilən 42-ci Dünya İqtisadi Forumunda bildirilmişdir ki, hazırda enerji təhlükəsizliyi dünya gündəminin ən mühüm məsələlərindən biridir. Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın bölgədə yürütdüyü qarşılıqlı əməkdaşlıq siyasəti böyük əhəmiyyət kəsb edir. "Nabukko", ITGI, TAP kimi layihələr Azərbaycanın enerji resurslarından faydalanmaq istiqamətində mühüm layihələrdir. Bu sahədə bir çox imkanlar mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə də bu barədə ətraflı danışılmışdır. Tədbirdə dövlət başçısı demişdir ki, Azərbaycan neft istehsal edən ən qədim ölkələrdəndir. Burada sənaye üsulu ilə ilk neft XIX əsrin ortalarında istehsal edilib. Amma o vaxtdan bəri çox şeylər dəyişib. Müstəqilliyin bərpasından sonra xalqımız öz sərvətlərinin sahibi oldu. Bu 20 il ərzində Azərbaycan əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrildi. 1990-cı illərin ortalarında ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr faktiki olaraq Qafqaz və Xəzər regionlarının enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi və Avropanın da enerji xəritəsini dəyişməkdədir.
Azərbaycan Prezidenti daha sonra demişdir: "Xəzər dənizindən Aralıq dənizinə neft nəql edən böyük boru kəməri kimi tərəfimizdən inşa edilən enerji dəhlizi indi təkcə Azərbaycan xalqı və tərəfdaşlarımız üçün faydalı olmaqla yanaşı, gələcək layihələrimiz üçün də çox səmərəlidir. Azərbaycan indi həm də nəhəng qaz ehtiyatlarına malik ölkə kimi də tanınır. Bizim 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. 2010-cu ildə və ötən il kəşf edilən yeni qaz yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu sübut edib. Aydındır ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız və istehlakçılarımız üçün yetərincə olacaqdır".
Dövlət başçımız həmçinin bildirmişdir ki, biz hazırda daha geniş enerji dəhlizinin yaradılması üzərində işləyirik. Bu, təkcə neft sahəsini deyil, qaz sahəsini də əhatə edəcəkdir. Hazırda regionumuzun enerji təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edəcək mühüm qərarların qəbul edildiyi enerji layihələrimizin çox vacib və çətin mərhələsindəyik. Azərbaycan, əlbəttə ki, öz enerji təhlükəsizliyini təmin edib. Ancaq bazarlar olmadan biz, əlbəttə ki, layihələrimizi tam şəkildə həyata keçirə bilməyəcəyik. Bu gün biz şaxələndirilmiş boru kəmərləri şəbəkəsinə malikik. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Şaxələndirilmiş boru kəməri şəbəkəsi bizə neft və qazımızı müxtəlif istiqamətlərə nəql etməyə imkan verir. Buna görə də şaxələndirmə istehsalçı ölkə kimi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz başa düşürük ki, bu, istehlakçılar üçün də əhəmiyyət kəsb edir. Biz istehsalçı ölkə olan Azərbaycan ilə istehlakçılar arasında enerji təhlükəsizliyi məsələsində düzgün balans tapmalıyıq və düşünürəm ki, tapırıq. Tranzit ölkələrin də maraqlarını unutmaq olmaz. Buna görə də bu maraqların balansı və tərəfdaşlarımızın maraqlarına adekvat yanaşma layihələrimizin uğurla reallaşması üçün əsas səbəbdir.
Prezident İlham Əliyev demişdir: "Bu gün - 2012-ci ilin əvvəlində bu konfransda çıxış edərək mən "Cənub qaz dəhlizi"nin gələcəyi ilə bağlı daha nikbinəm. Nikbinliyi artıran bir neçə səbəb vardır. Hər şeydən öncə, əvvəl dediyim kimi, yeni qaz yataqlarının kəşfi, artıq mövcud olan nəqletmə infrastrukturu, baxmayaraq ki, bunun sayı elə də çox deyildir. İkincisi, Avropada bizim enerji ehtiyatlarımıza artan tələbat, o cümlədən Avropa institutları və Azərbaycan arasındakı olduqca məhsuldar əməkdaşlıq son bir neçə ildə əsl tərəfdaşlıq münasibətlərinə çevrilib. Avropa Komissiyası prezidentinin 2011-ci ildə Azərbaycana səfəri və "Cənub qaz dəhlizi" ilə bağlı Bəyannamənin imzalanması və hörmətli Ottingerin həmsədrlik etdiyi işçi qrupunun yaradılması. Bütün bu amillər gələcək planlarımızla bağlı çox müsbət mənzərə yaradır".
Konfransda vurğulanmışdır ki, Azərbaycanın Avropa bazarına ehtiyacı vardır. Çünki birincisi, bu, böyük bazardır. İkincisi, bu bazar qanunvericilik və qanun normaları ilə tənzimlənir. Əlbəttə ki, bu, artan bazardır və Azərbaycanın tərəfdaşlarının bazarıdır. Avropa bazarının da təchizatla bağlı alternativ mənbələrə ehtiyacı vardır.
Şaxələndirmə və enerji təhlükəsizliyi məsələləri bir-biri ilə birbaşa bağlıdır. Amma burada ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsinə mühüm diqqət yetirilməlidir. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni, böyük mənbədir. Əgər güclü "Cənub" dəhlizinin inşasında planların həyata keçirilməsi reallaşsa, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə də daxil olmaq öz həllini tapacaq. Buna görə də enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Azərbaycan istehsalçı kimi bunu başa düşür və bütün tərəfdaşların da məsələyə bu cür yanaşılması arzulanır.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda həmçinin demişdir: "Enerji təhlükəsizliyi və proqnozlaşdırma olmadan heç bir ölkə gələcək inkişafı ilə bağlı planlar qura bilməz. Biz, xüsusilə də, Fukusimadakı elektrik stansiyasında baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə münasibətdə dəyişikliklər və yanaşmalar haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii qaza tələbat artacaqdır. Azərbaycan ehtiyatları olan, sadiq, açıq siyasətə və Avropanın institutları ilə möhkəm əlaqələrə malik bir ölkədir".
Dövlət başçısı konfransda həmçinin qeyd etmişdir ki, bir əsrdən artıqdır ki, Azərbaycanın neft ehtiyatları ətraf mühitin mühafizəsinə heç bir hörmət qoyulmadan işlənilib. Bizim keçmişimizdə "ətraf mühit" anlayışı faktiki olaraq bir o qədər də lazımınca qiymətləndirilməyib. Bu gün bizim öhdəliyimiz onilliklər boyunca suda və quruda neft istehsalından qalan bütün o "miras"ı təmizləmək və həmçinin qlobal ətraf mühitin mühafizəsi işinə öz töhfəmizi verməkdir. Buna görə də baxmayaraq ki, neftimiz, qazımız və bazarlarımız var, biz indi bərpa olunan enerji sahələrinə sərmayə yatırırıq. Biz düşünürük ki, bu, bizim öhdəliyimizin bir hissəsidir. Biz su enerjisinə sərmayə yatırırıq. Biz keçən ildən başlayaraq günəş və külək enerjisinə sərmayə qoymağa başlamışıq. Ona görə yox ki, bizim bu alternativ mənbələrə kəskin şəkildə ehtiyacımız vardır. Xeyr. Ona görə yox ki, bu, bizim enerji balansımızın əhəmiyyətli hissəsidir. Ona görə ki, biz buna keçmiş və gələcək nəsillərimiz qarşısında öhdəlik kimi yanaşdıq. Buna görə də mən çox şadam ki, bu gün biz ekoloji mühafizə ilə bağlı məsələlərlə yanaşı, enerji təhlükəsizliyi, enerji ehtiyatlarını birlikdə müzakirə edirik. Azərbaycan öz rolunu oynamağa, enerji təhlükəsizliyini təmin etməyə, şaxələndirməyə və təbiətimizi mühafizə etməyə hazırdır.
Xatırladaq ki, yuxarıda sözügedən tədbirdə mövzu ilə bağlı fikir mübadiləsi də aparılmışdır. Ölkəmizin əldə etdiyi uğurlara kölgə salmaq istəyən iştirakçının sualına dövlət başçımızın cavabı diqqəti çəkmişdir. Prezident İlham Əliyev demişdir: "Mən faktiki olaraq, Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan suala şərh vermək istərdim. Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində
1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz vardır. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız vardır. Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır.
Azərbaycanda müasir, sabit cəmiyyət vardır. Kimsə Azərbaycanda
Misirdə baş verən hadisələr kimi nə isə
görmək istəyirsə,
sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı
olmayaraq bunu görməyəcəksiniz".
Göründüyü kimi, böyük neft-qaz ehtiyatlarına malik ölkələr qarşısında duran əsas məsələ bu resurslardan səmərəli faydalanmaq,
onun əsasında inkişafın möhkəm
təməlini yaratmaqdır. Mövcud dünya
xəritəsinə nəzər
yetirdikdə belə aydın olur ki, zəngin enerji resurslarına malik ölkələrin heç də hamısı bundan böyük perspektivlərə
yol açan, dinamik tərəqqini təmin edən inkişaf naminə istifadə edə bilmir. Lakin bu müstəvidə
uğurlu nümunənin
əsasını yaradan,
neft kapitalını insan kapitalına müvəffəqiyyətlə çevirməyi bacaran ölkələr də mövcuddur ki, onların sırasında Azərbaycan xüsusilə
seçilir. Bu gün ölkəmiz malik olduğu enerji ehtiyatlarından səmərəli və sürətli tərəqqiyə
hesablanmış inkişaf
məqsədilə istifadə
olunmasında kifayət
qədər uğurlu
bir nümunənin əsasını qoyub.
Azərbaycan daxili enerji təhlükəsizliyinə tam şəkildə nail olan,
o cümlədən alternativ,
yaxud bərpa edilən enerji hesabına qeyd olunan sahə üzrə məcmu istehsalını davamlı
şəkildə artıran
azsaylı ölkələr
sırasına daxildir.
Təqdirəlayiq haldır ki,
ölkəmiz qeyd edilənlərə paralel
olaraq qlobal enerji təhlükəsizliyinin
təmin olunması sahəsində xüsusi çəkisini mütəmadi
artıran və əsas söz sahiblərindən olan dövlətlər cərgəsindədir.
Elə bunun nəticəsidir ki, təkcə MDB yox, daha böyük
coğrafi məkanı
əhatə edən məkanda yeni transmilli layihələrin reallaşmasında əsas
iştirakçı dövlətlərdən
biri qismində məhz Azərbaycanın adı çəkilir.
Bütün bunlar bir daha
qlobal enerji təhlükəsizliyinin təmin
olunmasında ölkəmizin
rolunun getdikcə artdığını, Azərbaycanın
böyük karbohidrogen
resurslarına malik olduğuna dair verilən proqnozların reallığını aydın
surətdə göstərir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 7 fevral.- S. 1-2.