Azərbaycan 2020: Gələcəyə baxış.(əvvəli qəzetin 7 fevral 2012-ci il tarixli sayında)

 

Yeni dövrün astanasında

 

"Azərbaycan dünyaya günəş kimi doğacaq!"

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

 

Sosial sahədə -sosial sistemin strateji inkişaf dinamikası proqramlaşdırılmalı, 2020-ci ilədək sosial siyasətin dünyada mövcud olan bir çox mütərəqqi elementlərinin tətbiqinə nail olunmalıdır. Əhalinin xüsusilə həssas təbəqəsi kimi əlillərin və təqaüdçülərin sosial müdafiəsi daha etibarlı şəkildə təmin olunmalıdir. Cəmiyyətin istiqamət verici təbəqəsi kimi müəllim və həkimlərin maddi təminatının yaxşılaşdırılması və onların peşə nüfuzunun artırılması istiqamətində tədbirlər görülməlidir.

-sosial vəziyyətin əsas göstəricilərindən biri kimi vətəndaşların mənzil təminatının yaxşılaşdırılması məqsədilə ipoteka kreditlərinin həcmı 1 milyard manata çatdırıla bilər. Bu ilk növbədə tikinti sahəsində, tikinti materiallarının istehsalı, idxalı və satışı sahələrində, bank sektorunda, təmir-tikinti işlərinin əmək bazarında fəallığı əhəmiyyətli dərəcədə artırmaqla vətəndaşların daha geniş təbəqələrinin işlə təmin olunmasına və sosial vəziyyətinin xeyli dərəcədə yaxşılaşdırılmasına səbəb ola bilər. Hər mənzil alqısı üçün verilən kreditin həcmini 50.000-70.000 manat arasında saxlamaqla daşınmaz əmlak bazarında qiymətlərin tənzimlənməsinə (cilovlanmasına) və eyni zamanda ipoteka krediti götürən vətəndaşların maaşlarının tam həcmdə leqallaşmasına və nəticədə həm də əmək haqqından ödənilən gəlir vergisinin və sosial ödənişlərin həcminin real artımına nail olmaq mümkündür.

İqtisadiyyat sahəsində son 10 ildə Azərbaycan qlobal böhran şəraitində ən yüksək iqtisadi tərəqqi əldə etməyə nail olmuş ölkə kimi dünya miqyasında kifayət qədər müsbət imic qazanmış və siyasi leksikona "İnkişafın Azərbaycan modeli" anlayışını gətirə bilmişdir. Lakin bir neçə ildən sonra böhran aradan qalxmağa başlayınca Azərbaycanın iqtisadi göstəriciləri əvvəlki kimi cazibədar görünməyə bilər. Buna görə qarşıda duran onillikdə ölkə iqtisadiyyatının daha sürətli və daha keyfiyyətli inkişafını nəzərdə tutan strateji inkişaf proqramı hazırlanmalıdır. Bu proqram ilk növbədə ölkənin investisiya cəlbediciliyinin daim artırılması üçün zəruri tədbirləri, iqtisadiyyatın ümumi çəkisində qeyri-neft sektorunun payının əhəmiyyətli dərəcədə artması üzrə prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidir. Nəticədə Prezident İlham Əliyevin irəli sürdüyü strateji məqsədlərə uyğun olaraq, milli iqtisadiyyatımızın - səmərəli və innovasiya yönümlü, çoxşaxəli iqtisadiyyat kimi formalaşdırılması təmin edilməlidir.

-Bu proqram qeyri-neft sektorunda ən müasir texnologiyalara əsaslanan, əsasən ixracyönümlü və dünya bazarında rəqabətədavamlı istehsal sahələrinin yaranmasını özündə əks etdirməlidir. Gələcəyin texnologiyası sayılan nano-texnologiya və alternativ enerji istehsalına dair ən müasir elmi biliklərin və know-how nailiyətlərinin ölkə iqtisadiyyatına sürətlə tətbiqi nəticəsində yaranacaq istehsal sahələri dünya bazarının yalnız bugünkü tələbatına deyil, 10 il sonra tələbat yarana biləcək əmtəə və xidmət sahələrinin təşəkkül tapmasına fokuslanmalıdır. Bu məqsədlərə nail olunacağı halda ölkənin ÜTT-na üzv olması istiqamətində məqsədəuyğun addımların atılması zərurəti meydana gələ bilər ki, bu da ölkəmizin mənafeyinə uyğunlaşdırılmış ssenari üzrə həyata keçirilə bilər.

-Dünya iqtisadiyyatında baş verən dəyişikliklərin, baş verə biləcək iqtisadi böhranların və onun Azərbaycana təsir imkanlarının kompleks şəkildə təhlil edilməsi, makroiqtisadi proqnozlaşdırmanın həyata keçirilməsi və mövcud risklərin qiymətləndirilməsi ilə dayanıqlı iqtisadi inkişaf davam etdirilməlidir.

-Azərbaycanın inkişaf etmiş sənaye dövlətinə çevrilməsi üçün milli sənaye infrastrukturunun formaları təkmilləşdirilməli və əlaqələndirilməlidir.

- Mürəkkəb texnologiyalı ağır sənaye istehsalının tutumlu sahələri yaradılmalı və burada çalışmaq üçün mütəxəssislər nəsli yetişdirilməlidir.

- Sənayeləşmiş milli iqtisadiyyatın təkcə paytaxtda və ona yaxın bölgələrdə deyil, bütün ölkə ərazisində mərhələlərlə və əlaqəli şəkildə, yerli və xarici tələbata uyğun, eyni zamanda, beynəlxalq iqtisadi sistemə qoşulma imkanları ilə qurulması nəzərə alınmalıdır.

- Sənaye mallarının istehsalı sahəsində, Azərbaycanda ixracat idxalı mütləq şəkildə üstələməli, milli sənaye mallarımız xarici bazarlarda yüksək satış reytinqi əldə etməlidir. İdxal və ixrac əməliyyatlarının tənzimlənməsi qabaqcıl beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməli, xarici ticarətin stimullaşdırılması üçün ölkənin əsas ticarət tərəfdaşları ilə münasibətlərin dərinləşdirilməsi təmin edilməlidir.

-İcrası uğurla davam etməkdə olan Regionların sosial-iqtisadi İnkişaf Proqramları "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsi çərçivəsində, ümumi strategiyaya uyğun şəkildə uzlaşdırılaraq birləşdirilməlidir.

- Əhalinin davamlı istehlak tələbatını yüksək keyfiyyətlə və tam şəkildə ödəyə biləcək geniş çeşidli və müxtəlif profilli yüngül sənaye sahələri yaradılmalı, xüsusilə pambıq istehsal edən regionlarda insanların (əsasən qadınların) xeyli hissəsinin çalışa biləcəyi yüngül sənaye müəssisələri (trikotaj fabrikləri) qurulmalı, bu sahələrə yerli sahibkarların marağı stimullaşdırılmalıdır.

- İnkişaf Konsepsiyası çərçivəsində müəyyən edilmiş strateji hədəflər üzrə tədbirlərin həyata keçirilməsinin planlı şəkildə maliyyələşməsi təmin edilməli, bu istiqamətdə alternativ maliyyələşmə mənbələrindən istifadə imkanları araşdırılmalıdır. Dünyanın inkişaf etmiş maliyyə bazarlarının təcrübəsini öyrənməklə maliyyə sektorunun şaxələndirilməsi və iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanları genişləndirilməlidir.

- Azərbaycan Respublikasının şəhər və kənd coğrafiyasının yenidən qurulması mövcud məskunlaşma şəraitini daha da yaxşılaşdırmaq məqsədilə rasional şəkildə proqramlaşdırılmalı, əhalinin hərəkəti, şəhərsalma və demoqrafiya prinsipləri uzlaşdırılmalı, burada meqapolisləşmə deyil, paylaşıqlı məskunlaşma prinsiplərinə üstünlük verilməlidir.

- Ölkədə tikinti və memarlıq - quruculuğun sənaye və incəsənət başlanğıclarını birləşdirən və bir-birini tamamlayan sahələr kimi inkişaf etdirilməlidir. Bakıda olduğu kimi, digər şəhərlərdə də "kortəbii tikinti stixiyasından" "planlı tikinti və memarlıq harmoniyasına" dönüş strategiyası həyata keçirilməlidir. Milli şəhərsalma mədəniyyətinin unikal obrazı təkcə paytaxtda deyil, ölkənin bölgələrində və xüsusilə regional mərkəzlərdə özünün özəl tarixi koloriti ilə müasir görkəminin vəhdəti əsasında yaradılmalıdır.

Kənd təsərrüfatı - Ölkə iqtisadiyyatının alt-layını təşkil edən kənd təsərrüfatı əhalinin əksəriyyətinin çalışdığı, vergilərə daha az cəlb edilən, subsidiyalaşdırılan bir sahə olaraq vətəndaşlar üçün gəlir gətirən bir fəaliyyət sahəsinə çevrilməlidir. Gəlirli kənd təsərrüfatı siyasəti kənd əhalisinin şəhərə axınının təbii yolla qarşısını alan prosesə çevrilməlidir. Ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün müasir iqtisadi sistemin quruluşuna və tələblərinə uyğun olaraq kənd təsərrüfatının müəyyən ölçüdə və proporsiyada sənayeləşdirilməsi təmin olunmalıdır. Ölkənin kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əlverişli regional bölgüsünün qarşılıqlı şəkildə tənzimlənən çoxsəviyyəli sistemi yaradılmalıdır.

- Kənd təsərrüfatının ənənəvi sahələri - xüsusilə çayçılıq, pambıqçılıq, üzümçülük, bağçılıq və s. sahələrdə əldə olunan keyfiyyətli məhsul üçün bazar təminatı yaradılmalıdır. Kənd təsərrüfatı sahələrinin yerləşmə xəritəsinə uyğun olaraq, mükəmməl suvarma, şoranlıqdan təmizləmə, torpağın bərpa sistemləri qurulmalıdır. Bu məqsədlə həmçinin Kür çayının axarı boyunca müxtəlif "qolların" ( kanalların) şaxələndirilməsi ilə on minlərlə hektar suvarılmayan torpaq sahələrini kənd təsərrüfatı üçün yararlı vəziyyətə gətirmək və eyni zamanda sel daşqınlarına məruz qalan ərazilərdə Kür sularının idarə olunmasını təmin etmək olar.

 

Nəqliyyat sahəsində

 

- Ölkədaxili nəqliyyat infrastrukturu modernləşdirilməli və ən yüksək keyfiyyət göstəricilərinə cavab verməklə beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulmalıdır. Nəqliyyat infrastrukturunun daha da inkişafı, "Avropa - Qafqaz - Asiya", "Şimal - Cənub" beynəlxalq dəhlizlərinin tam gücündə fəaliyyət göstərməsi ilə ölkənin tranzit potensialının artırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.

-Hava nəqliyyatının uçuş coğrafiyası vətəndaşların arzuolunan miqrasiyası istiqamətində genişləndirilməli və müvafiq ölkələrlə humanitar əlaqələrin stimullaşdırılması məqsədləri ilə uzlaşdırılmalıdır.

Sahibkarlıq - iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi bazar iqtisadiyyatının və təşəbbüskarlığın bütün üstünlüklərini və onunla məşğul olan insanların yaradıcı potensialını aşkara çıxaran fəaliyyət sahəsi kimi dövlət tərəfindən daim stimullaşdırılmalıdır. Sahibkarlığa milli, regional və qlobal səviyyədə biznes mühitinin dinamikləşməsində, qarşılıqlı iqtisadi münasibətlərin çevikləşməsində və beynəlxalq iqtisadi əlaqələrin inkişafında, eyni zamanda, ölkənin orta və varlı təbəqəsinin formalaşmasında əhəmiyyətli rol oynayan mühüm sosial komponent kimi önəm verilməlidir.

-Sahibkarlığın inkişafı üçün ayrılan güzəştli kreditlərin sahibkarlıq subyektləri tərəfindən əldə edilməsi mexanizmi daim təkmilləşdirilməli və əhatə dairəsi genişləndirilməlidir. Kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli şəkildə yardım göstərilməsi ilə ölkə iqtisadiyyatına investisiya qoyuluşunda daxili imkanların xüsusi çəkisi əhəmiyyətli şəkildə artırılmalıdır.

-Xüsusilə innovasiya yönümlü sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün yeni özəl təsərrüfat subyektlərinin yaranması və səmərəli şəkildə fəaliyyət göstərməsi təşviq edilməlidir.

- Sahibkarlarla icra qurumları arasındakı münasibət qarşılıqlı əməkdaşlıq və yardım prinsiplərinə söykənməli, milli iqtisadiyyatın inkişafına xidmət edən sahibkarlıq fəaliyyəti bütün bölgələrdə daim dəstəklənməli və təşviq ediməlidir.

Mədəniyyət milli mənəviyyatın və fərdi-sosial psixologiyanın dərin köklərinə, dövlətçilik ənənələrinin tarixi laylarına, yaddaş genezisinə və özünəməxsus etnosa bağlı olduğundan onun inkişafını proqramlaşdıracaq metodologiya daha həssas prinsiplər əsasında formalaşmalı və bu inkişafın perspektivlərini müəyyən etməlidir.

-Mədəniyyətdə yaradıcılıq başlanğıcına xüsusi impuls verilməsi üçün mədəniyyət düşüncəsinin bütün potensialı hərəkətə gətirilməlidir.

-Tətbiqi incəsənət sahəsindəki yaradıcılıq nailiyyətlərindən milli arxitekturanın inkişafında məqsədəuyğun şəkildə istifadə edilə bilər.

-Ədəbiyyat, kino, teatr, musiqi, boyakarlıq, memarlıq, heykəltəraşlıq Azərbaycan xalqının milli mənəviyyatını, vətəndaşlıq keyfiyyətlərini, dövlətimizin varlığı uğrunda mübarizə əzmini daha yüksək sənətkarlıqla əks etdirən, milli ideallara xidmət edən, eyni zamanda, dünya mədəniyyətinin ümumbəşəri dəyərlərindən kifayət qədər bəhrələnən yaradıcılıq nümunələrini ərsəyə gətirmək istiqamətində köklənməlidir.

- Milli mədəniyyət və incəsənət yaradıcılarına dövlət qayğısı daim artmaqdadır, onların əsərlərinin həm ölkədə, həm də xaricdə təbliğ olunması Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində son illərdə daha intensiv xarakter almışdır. Bununla belə dünya mədəniyyətinin klassikasını Azərbaycan dilinə rus dilindən deyil, birbaşa orijinaldan çevirə bilən mütəxəssislərin yetişdirilməsi, eləcə də Azərbaycan mədəniyyətinin ən uğurlu nümunələrinin geniş yayılmış əcnəbi dillərə tərcüməsi işi inkişaf etdirilməlidir.

Elm - öz təyinatına görə bütün istiqamətlərdə milli siyasətin konseptual əsaslarını hazırlayır, cilalayır və daim yeniləşdirir, bu siyasətin yeni ictimai-siyasi reallığa uyğun konkret platformalarını işləyir, milli inkişaf strategiyasını rasional elmi dayaqlarla təmin edir. Bu baxımdan ölkəmizdə də elm ictimai, siyasi, iqtisadi, mədəni həyatın inkişafının nəzəri-intellektual bazası kimi formalaşmalıdır.

-Azərbaycan Milli Elmlər Akademiyası və onun elmi-tədqiqat institutları İnkişaf Konsepsiyası layihəsinin hazırlanması, həyata keçirilməsi, həm də icra mərhələləri üzrə qiymətləndirilməsi prosesində fəal iştirak etməli, müvafiq vəzifələri öz üzərinə götürməli və həmin institutların bu prosesdə icra orqanları ilə müştərək çalışması təmin edilməlidir.

-Azərbaycan humanitar elmlərində milli dövlətçiliyimizin və mədəniyyətimizin tarixi inkişaf yolu Sovet dövrünün inersiyası ilə davam edən birtərəfli ideoloji əsaslarla deyil, yeni konseptual yanaşma və elmi metodologiya əsasında əks etdirilməlidir. Azərbaycan elmi və mədəniyyəti gələcəyə aydın nəzərlə baxa bilən, irəlidəki mərhələlərin inkişaf modellərini tapa bilən bir mövqeyi əldə etməlidir.

-Azərbaycanda fundamental elmlər sahəsində aparılan tədqiqatlar müasir dünya elminin tədqiqat sferasının mühüm bir hissəsinə çevrilməlidir. Elmin bütün istiqamətləri üzrə Azərbaycan və dünya elminin qarşılıqlı əlaqəsi və bir-birini stimullaşdırması təmin edilməlidir.

- Elmi tədqiqatların nəticələri milli iqtisadiyyat və texnologiya sahələrinə davamlı şəkildə tətbiq olunmalı, nəticədə əldə olunan gəlirin müəyyən hissəsi həmin elmi müəssisələrin maddi-texniki bazasının daim yeniləşdirilməsinə və beləliklə elmi nailiyyətlərin stimullaşdırılmasına yönəldilməlidir.

-Və nəhayət Azərbaycan elmi öz sıralarından Nobel mükafatçısı yetişdirmək kimi ali bir məqsəd uğrunda bütün potensialını səfərbər etməlidir ( Pis əsgər odur ki, general olmaq haqqında düşünmür).

Təhsil. Müxtəlif proqram və layihələrin həyata keçirilməsi ilə kifayət qədər böyük təcrübə toplamış milli təhsil sistemi qarşıdakı onillikdə öz inkişafının yeni strateji mərhələsinə keçməlidir. Uğurlu təhsil prosesini təşkil etmək üçün ilk növbədə müasir təhsil proseslərini idarə edən metodologiya və təcrübəyə yiyələnmiş pedaqoji kadrların hazırlanmasına nail olunmalıdır. Bunun üçün isə ilk növbədə pedaqoji universitetlərin özündə təhsil prosesi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

-Təhsil sahəsində qazanılmış təcrübə ümumiləşdirilməli və inkişafın yeni fazasında nəzərə alınmalıdır. Təhsilin daim artan potensiala malik universal və istiqamətləndirilmiş proqram təminatı yaradılmalıdır. Tədris prosesində ayrı-ayrı fənlərin öyrədilməsinin bir-biri ilə uzlaşan yeni proqram-metodları tətbiq edilməli, gənc nəslin nəzəri-praktiki biliklər əldə etməsi ilə yanaşı, onların dünyagörüşünün, müstəqil düşünmə və qərar qəbuletmə qabiliyyətlərinin inkişafı problemi diqqət mərkəzində saxlanmalıdır.

-Təhsil sisteminin bütün pillələrində onun yüksək keyfiyyəti, davamlılığı, innovasiyalara açıqlığı, dünya təhsili nailiyyətlərindən faydalanması və müvafiq sahələrinin qarşılıqlı dinamikası təmin edilməlidir. ( Təhsilin davamlılığı dedikdə ilk növbədə magistrlərə hərbi xidmətdən möhlət verilməsi zərurətini xatırlatmaq yerinə düşərdi)

-Təhsil mübadiləsi, xüsusilə azərbaycanlı gənclərin qabaqcıl xarici ölkələrdə ali təhsil alması və yüksək ixtisas qazanması prosesi daha da gücləndirilməlidir. Ölkədə yüksək səviyyəli müəllim kadrlarının hazırlanması, tələbata uyğun olaraq onların regionlarda yerləşdirilməsi və maddi təminatı ön plana çəkilməlidir. Ali təhsil müəssisələrinin yalnız paytaxtda mərkəzləşdirilməsi deyil, müəyyən zəruri istiqamətlərdə ölkə iqtisadiyyatının coğrafiyası üzrə "regionlaşdırılması" siyasəti həyata keçirilməlidir.

-Ali məktəblərdə xüsusilə ixtisas fənlərinin öyrədilməsi prosesinə əsasən dünya təcrübəsinə yiyələnmiş və ya ona bələd olan mütəxəssis-pedaqoqlar cəlb edilməli və onlar tərəfindən müvafiq dərsliklərin yazılması, tərcümə edilməsi, artıq əhəmiyyətini itirmiş köhnə dərsliklərin yeniləri ilə əvəzlənməsi həyata keçirilməlidir.

Səhiyyə. Müasir dünya səhiyyəsində qarşıya qoyulan əsas vəzifə - uzunömürlülüklə sağlamlığın bir-birini tamamlamasından ibarətdir ki, bunun üçün də Azərbaycanda bütün ilkin təbii şərtlər mövcuddur. Son illərdə səhiyyə sahəsində aparılan uğurlu islahatlar və səhiyyə infrastrukturunun indiki durumu kifayət qədər zəmin yaradır ki, qarşıdakı illərdə dünya tibb elminin ən son nailiyyətlərindən istifadə etməklə müasir müalicə texnologiyalarının tətbiqinə geniş yer verilsin və müalicə işinin keyfiyyət göstəriciləri artırılsın. Başqa ölkələrə müalicə almağa gedən insanların Azərbaycan səhiyyəsinə inamını gücləndirmək üçün real tədbirlər görülməlidir. Milli səhiyyəmiz təkcə xəstəxanaların şəraiti və avadanlığına görə deyil, həm də mükəmməl müalicənin aparılmasına görə dünya standartlarına cavab verən səviyyəyə yüksəlməlidir. İdarəetmə və praktiki müalicə üsullarının təkmilləşdirilməsi baxımından dünya səhiyyəsinin bütün müasir nailiyyətləri Azərbaycanda uğurla tətbiq edilə bilər.

-əhalinin bütün təbəqələrinin keyfiyyətli müalicəyə əlçatanlığını təmin etmək üçün ilk növbədə dünyanın əksər ölkələrində olduğu kimi bütün dərman preparatları və müalicə vasitələri əlavə dəyər vergisindən azad olunmalıdır. Bununla bərabər səhiyyə xidmətinin ən aktual problemlərindən biri kimi əhalinin tibbi sığortası istiqamətində mərhələli fəaliyyət proqramı hazırlanıb həyata keçirilməlidir.

-Milli əczaçılıq sənayesinin yaradılması da ölkəmiz üçün aktual sayıla bilər. Hal-hazırda dərman preparatları və müalicə vasitələrinin 99 faizi idxala əsaslanır. Dünya əczaçılıq sənayesində isə təmərküzləşmə meylləri vüsət almaqdadır. Azərbaycan geostrateji mövqeyi baxımdan təmərküzləşmə yeri kimi cəlbedici və əlverişli bir ölkə olaraq qlobal miqyaslı istehsal institutlarını ölkəyə cəlb etməklə Azərbaycanı dünya əczaçılıq sənayesinin geniş çeşidli məhsullarının istehsalçısına və ixracatçısına çevirə bilər. Belə bir proqramın uğurla həyata keçirilməsi üçün dünyanın ən nüfuzlu istehsalçı şirkətləri milli əczaçılıq sənayemizə sərmayə qoyuluşuna və müştərək istehsal olunacaq beynəlxalq markalı məhsulların dünya bazarında yerləşdirilməsinə cəlb olunmalıdır.

-Xəstəliklərin qarşısının alınması üçün profilaktika və təbliğat işlərinin aparılması əhalinin bütün yaş qruplarını əhatə etməklə müstəsna olaraq dövlət səhiyyə qurumları tərəfindən həyata keçirilməlidir. Səhiyyə humanizminin təbliğatı genişləndirilməli, müxtəlif kütləvi yardım aksiyalarının (qanvermə və s.) keçirilməsi ənənəsi inkişaf etdirilməlidir.

-əhalinin sağlamlığı keşiyində dayanan yüksək ixtisaslı həkimlərin ölkəmizdə və xaricdə hazırlanması, tələbata uyğun olaraq şəhər və kənd xəstəxanalarında yerləşdirilməsi təmin edilməlidir.

Turizm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda turizmin inkişafı üçün bütün potensial və əlverişli təbii şərait olduğundan bu sahə özünəməxsus cəhətləri ilə İnkişaf Konsepsiyasında önəmli yer almalıdır.

-Azərbaycanda mükəmməl turizm coğrafiyasının elmi əsasları yaradılmalı və buna uyğun olaraq əvvəlcədən müəyyənləşdirilmiş strateji turizm istiqamətləri üzrə müasir infrastruktur qurulmalıdır.

- Turizm sənayesinin əhatə edəcəyi ərazilərdə yüksək xidmət mədəniyyətini tədris edən orta ixtisas müəssisələri (texnikum, peşə məktəbi və s.) yaratmaqla yerli gənclər bu istiqamətdə peşəkar təhsilə həvəsləndirilməlidir.

-Universal turizm, idman turizmi, dağ turizmi, kənd turizmi, kulturoloji turizm, ekstravaqant turizm şəbəkələri əlverişli bölgələr üzrə sistemləşdirilməlidir.

- Beynəlxalq turizm mübadiləsi praktikası genişləndirilməli , "Böyük İpək Yolu" və bu tipli digər layihələr çərçivəsində təşəbbüslər beynəlxalq turizm qurumları və xarici tərəfdaşlarla əlaqələndirilməlidir.

-Milli turizm siyasəti, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edən məqsədləri və fəaliyyətləri özündə ehtiva etməlidir.

İdman. Fiziki və mənəvi cəhətdən sağlam həyatın mənbəyi olan idmanın inkişafına yaradılmış əlverişli şərait növbəti onillikdə daha da yaxşılaşdırıla bilər. Bu məqsədlə:

- kütləvi idman professional idmanın bazisi kimi inkişaf etdirilməli və xüsusilə gənc nəslin böyük əksəriyyətini əhatə etməlidir. Ölkənin bütün regionlarında mövcud Olimpiya komplekslərinin fəaliyyəti vahid proqram əsasında həyata keçirilməli və bu müəssisələr qarşiya qoyulan konkret məqsəd və vəzifələrə uyğun şəkildə tam gücü ilə işləməlidir.

- beynəlxalq miqyaslı yarışların keçirildiyi müxtəlif növlər üzrə idman təmayüllü opta məktəblərin yaradılması gələcəkdə həmin idman növləri üzrə Azərbaycanın yüksək nailiyyıtlər əldə etməsi üçün keyfiyyətli zəmin yarada bilər.

- Ölkəmizdə olimpiya hərəkatı daha da genişləndirilməli, olimpiya oyunlarının ölkəmizdə keçirilməsi üçün beynəlxalq səviyyədə təşəbbüslər artırılmalı və Azərbaycanın 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməsinə nail olunmalıdır.

- müxtəlif idman yarışları üzrə dünya birinciliklərində, olimpiadalarda Azərbaycan idmançılarının daha geniş tərkibdə təmsil olunması və ən yüksək pillələri tutması üçün səylər artırılmalı və bu işə ən yüksək səviyyəli peşəkar mütəxəssislər cəlb olunmalıdır.

- İdman, turizm və mədəniyyətin kompleks təbliğatı uzlaşdırılmalıdır.

Ekoloji sistemin qorunması siyasəti davamlı şəkildə aparılaraq, bu sahədəki problemlərin daha effektli üsullarla aradan qaldırılmasına yönəldilməlidir.

- Eko-sistemlə sosio-sistemin harmonik inkişafı - ekoloji dünyagörüşünün əsas prinsipi kimi müəyyənləşdirilməlidir. Bu prinsipə görə, hər bir tərəqqinin başlanğıcında onu yaradan təməlin özünün inkişafı ideyası dayanır. Təbiətmənşəli və sosialmənşəli ekoloji böhranların aradan qaldırılmasına mütəşəkkil səfərbərlik müasir etik-rasional humanizmin qlobal aktı kimi təsdiqlənir. Belə bir prinsipial yanaşma insanın təbiətə münasibətinin yeni dialektik əsaslarını yaradır: dövlət və əhali ölkənin təbii ehtiyatlarından istifadə etdikcə, onun tükəndirilməsinə yox, yenidən bərpasına çalışır, insanın təbiətə münasibəti tükəndiricilik yox, yaradıcılıq motivində qurulur. Eko-sistemə yaradıcı münasibətin elmi-rasional əsaslarının təşəkkülü və belə bir münasibətin reallığında yaşamağın üstünlükləri ekoloji mədəniyyətin prinsipial əhəmiyyətini üzə çıxarır. Azərbaycan beynəlxalq təşkilatların yer kürəsinin qlobal ekosisteminin mühafizəsinə yönəlmiş bütün təşəbbüslərini dəstəkləməklə yanaşı öz ərazisində ekoloji mühitin ən yüksək səviyyədə sağlamlaşdırılması istiqamətində konkret addımları əks etdirən Fəaliyyət Proqramını hazırlayıb həyata keçirməlidir.

- Azərbaycanın inkişaf etmiş sənaye dövlətinə çevrilməsi və kənd təsərrüfatının zəruri səviyyədə sənayeləşdirilməsi strategiyası eko-sistemin qorunması prinsipləri ilə uzlaşdırılmalıdır. Azərbaycanın dünyanın ekoloji cəhətdən ən sağlam ölkələrindən birinə çevrilməsi, təbii ehtiyatların artırılması, təbii landşaftın zənginləşdirilməsi üçün dövlət - vətəndaş həmrəyliyi, sənaye və təsərrüfatçılıq mədəniyyəti ilə birgə formalaşdırılmalı olan ekologiya mədəniyyəti geniş təbliğ olunmalıdır.

-XXI əsrin ikinci yarısında bəşəriyyətin qarşısında duracaq ən qlobal problemlərdən birinin su qıtlığı olacağı ehtimal olunur. Ölkənin Kür çayı boyunca yerləşən yaşayış məntəqələri vaxtaşırı daşqınlara məruz qalaraq sel suları altında qaldığı halda müxtəlir bölgələrdə on minlərlə hektar suvarılmayan torpaq sahələri istifadəsiz qalmaqdadır. Məqalənin kənd təsərrüfatına aid hissəsində qeyd edildiyi kimi, Kür çayının suyunun bir qismini zəruri rayonlar uzrə istiqamətləndirməklə həm daşqınların qarşısını almaq, həm də ehtiyac hiss olunan digər bölgələrdə su qıtlığını birdəfəlik aradan qaldırmaqla həmin ərazilərdə kənd təsərrüfatının inkişafı üçün və nəticədə həm də ekoloji durumun yaxşılaşdırılması üçün yeni imkanlar əldə etmək olardı.

Kütləvi İnformasiya Vasitələri (KİV) "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ətrafında müzakirələri canlandırmalı, bu konsepsiyanın reallaşma mərhələlərini nəticələrə qədər yaxından müşayiət etməli və cəmiyyətin siyasi, ictimai, mədəni həyatında baş verən bütün prosesləri işıqlandırmalıdır.

-ölkə mediasının səmərəli fəaliyyəti sayəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzunmüddətli Yeni Quruculuq Siyasəti milli-ictimai şüurda aktiv başlanğıca və hərəkətverici qüvvəyə çevrilməlidir.

- Azərbaycan Respublikasının kardinal inkişaf proqramları və layihələrinin həyata keçirilməsində medianın fəal iştirakı təmin edilməlidir. Geniş sosial marağın obyektivi ölkədəki quruculuq işlərinin mahiyyətinə, milli inkişafın prioritet sahələrinə yönəldilməlidir.

-İnformasiya yükü artırılaraq onun optimal təminatı yaradılmalı, informasiya məkanının dinamikliyi təmin olunmalı, informasiya subyektlərinin effektli koordinasiyası qurulmalı, region mətbuatının səviyyəsi artırılmalıdır.

-Milli KİV özünün ən üstün məziyyətləri ilə Azərbaycanın milli-siyasi mədəniyyətinin qorunmasının mənəvi istinadgahına, təhlükəsizlik strategiyasının vasitəsinə çevrilməlidir.

-Milli KİV Azərbaycan cəmiyyətinin mədəni-intellektual inkişafının ön cərgəsində duraraq öz fəaliyyətini bu gün daha geniş informasiya məkanına çıxa bilən və daha geniş dünya görüşünə malik olan vətəndaşların tələbatını ödəyə biləcək və rəğbətini qazana biləcək səviyyədə, xarici KİV-lə rəqabətə davamlı səviyyədə qurmalıdır.

-İnformasiya proseslərinin idarə olunması təkmilləşdirilməli, informasiyalaşdırmanın yeni forma və texnologiyaları tətbiq edilməlidir. Bu baxımdan Azərbaycan KİV-nin beynəlxalq informasiya məkanında beynəlxalq forma və standartlara uyğun şəkildə təmsil olunması zəruridir. Məsələn, European Broadcasting Union və sair bu kimi KİV korporasiyalarının tərkibində Azərbaycan redaksiyasının təşkili ölkənin nüfuzu və beynəlxalq arenada PR imkanları, eləcə də ölkəmizə qarşı qərəzli informasiya materiallarının önlənilməsi və ya neytrallaşdırılması və bir çox digər cəhətdən olduqca faydalı ola bilərdi.

 

* * *

 

"Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası özünün bütün strateji hədəfləri ilə ölkəmizdə "xalq-hakimiyyət" vəhdətinin təcəssümüdür. Konsepsiyanın hazırlanıb həyata keçirilməsi Azərbaycan hakimiyyətinin xalq naminə, yüksək ideallar uğrunda apardığı məqsədəyönlü siyasətin bariz nümunəsi kimi Azərbaycanın yüksəlişində növbəti uğurlu bir mərhələ olacaqdır. Cəmiyyətin bütün sağlam qüvvələrini ölkəmizin intibahına səfərbər etməli olan İnkişaf Konsepsiyasının həyata keçirilməsi bir həqiqəti daha böyük inamla təsdiq edəcəkdir. Bu həqiqət ondan ibarətdir ki, gələcəyi - ona düzgün istiqamətlənən məqsəd təyin edir. Zəka, əxlaq və siyasətin yüksək meyarlarına cavab verən düşünülmüş gələcək öz-özünə baş vermir, onu bizim məqsədlərimiz yaradır. Deməli, ölkəmizin dünya birliyində ən layiqli yerlərdən birini tutması üçün, vətəndaşlarımızın yüksək rifah cəmiyyətində yaşaması üçün biz özümüzün - məhz Azərbaycan xalqının yaratmalı olduğu gələcəyə doğru getməliyik.

 

 

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı,

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 9 fevral.- S. 6.