İnsan hüquq
və azadlıqlarının təmin edilməsi Azərbaycan
dövlətinin ali məqsədidir
Xalq dövlət üçün
yox, dövlət xalq üçün olmalıdır.
Heydər
ƏLİYEV, Ümummilli lider
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsində göstərilir: "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".
İnsan hüquqları dedikdə, insanın təbiətinə xas olan, onsuz insanın varlıq kimi mövcud ola bilməyəcəyi hüquqlar başa düşülməlidir. İnsan hüquq və azadlıqları insanın malik olduğu ən yüksək ictimai-siyasi, sosial və mənəvi dəyərləridir. İnsan hüquq və əsas azadlıqlarının verilməsindən imtina, onların həyata keçirilməsi üçün təminatlar yaradılmaması ayrı-ayrı fərdlər üçün şəxsi faciə olmaqla yanaşı, sosial və siyasi qarışıqlıq, cəmiyyətdə və dövlətlər arasında münaqişə və zorakılıq üçün zəmin yaradır.
BMT-nin Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da Parisdə qəbul edilmiş "İnsan hüquqları haqqında Ümumi Bəyannamə" bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə" insan birliyinin bütün üzvlərinin hüquqlarının toxunulmazlığını və ayrılmazlığını təntənəli surətdə elan edən əsas beynəlxalq sənəddir. Bu bəyannamə insan hüquq və azadlıqlarını özündə əks etdirən digər beynəlxalq hüquqi sənədlərin qəbul edilməsi üçün baza rolu da oynamışdır.
Sülh və insan hüquqları bir-birindən ayrılmazdır. İnsan hüquqlarına yalnız sülh və əməkdaşlıq şəraitində hörmət və əməl oluna bilər. Bütün ölkələrdə bu hüquqların tapdalanması bəşəriyyətə qarşı cinayətlərlə və sülhün pozulması ilə nəticələnə bilər. Ona görə də Ümumi Bəyannamədə elan edilir ki, "bəşər nəslinin bütün üzvlərinə mənsub olan bərabər və ayrılmaz hüquqların tanınması azadlıq, ədalət və ümumi sülh üçün əsasdır".
Ümumi Bəyannamədə beynəlxalq münasibətlər tarixində, ilk dəfə olaraq, hamı tərəfindən əməl olunmalı əsas insan hüquqları və azadlıqlarının siyahısı müəyyən edilmişdir. Bu beynəlxalq sənəddə vətəndaşların şəxsiyyət, vətəndaşlıq və siyasi hüquqları, habelə sosial-iqtisadi hüquqları da hamının əməl etməli olduğu insan hüquqları sırasına aid edilir.
Sovet dövründə Azərbaycana qarşı, əslində, müstəmləkəçilik siyasəti yeridilir, təbii ehtiyatlarımız amansızcasına istismar olunur, milli sərvətlərimiz çapılıb-talanırdı. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalır, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq, xalqımız dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi. Tarixi qanunauyğunluq nəticəsində keçmiş SSRİ-nin süqutu ilə əlaqədar xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb inkişaf etdirmək imkanı əldə etmiş oldu.
Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində köklü dəyişikliklər aparılmış, o cümlədən məhkəmə-hüquq islahatları həyata keçirilmişdir. Hazırda həmin islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən insan hüquqlarının müdafiəsi ilə bağlı 70-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir.
Müstəqil dövlətimizin ilk Konstitusiyasının preambulasında göstərilir ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyaraq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edir. Başqa sözlə, öz tarixi müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu özü üçün inkişaf yolu seçmişdir.
Konstitusiyanın III fəsli bütövlükdə, başqa sözlə, 158 maddədən 48-i, yəni üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Demək olar ki, insan hüquqları Ümumi Bəyannaməsi və insan hüquqlarına dair digər beynəlxalq aktlarla müəyyən edilən əksər hüquq və azadlıqlar bu Konstitusiyada təsbitini tapmışdır. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan vətəndaş hüquqlarının, azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra, konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
Ölkəmizdə həmin vaxtdan başlayaraq,
ciddi sosial iqtisadi islahatlarla yanaşı, hüquq islahatı,
həmçinin, onun tərkib hissəsi olan məhkəmə-hüquq
islahatı həyata keçirilməyə başlamış
və respublikamızda, ilk dəfə olaraq, üçpilləli
məhkəmə sistemi yaradılmışdır. 1998-ci ildə
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin təşəbbüsü ilə Şərqdə,
ilk dəfə olaraq, ölüm cəzası ləğv
edilmişdir. Bununla da
ümummilli liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir.
Ölkəmizdə insan və vətəndaş
hüquqları və azadlıqlarının müdafiəsi
işində ümummilli lider Heydər Əliyevin 1998-ci il
fevral ayının 22-də imzaladığı "İnsan və
vətəndaş hüquqları və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "İnsan hüquqlarının
müdafiəsinə dair Dövlət Proqramı"
mühüm rol oynamışdır.
Respublikamız öz müstəqiliyini bərpa etdikdən sonra xarici ölkələrlə əlaqələri genişlənmiş və dərinləşmişdir. Təsadüfi deyildir ki, 2001-ci ilin yanvar ayında, Azərbaycan Respublikası Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ücaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü daxili və xarici siyasətin məntiqi nəticəsi hesab edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Həmin sərəncamda qeyd edilir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması işinin təkmilləşdirilməsi bu gün də davam edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə müdafiəsini təmin etmək məqsədilə 28 dekabr 2001-ci ildə Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmişdir. Ölkəmizdə ilk dəfə olaraq Ombudsman təsisatı yaradılmış və hazırda bu qurum səmərəli fəaliyyət göstərir.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir. Sərəncamda göstərilir ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli kollegiya iclasında Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının icrası ilə əlaqədar qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət başçısı humanizm prinsiplərini əldə rəhbər tutaraq 50 əfv fərmanı imzalamış və bu əfv cəza çəkən 5300-dən artıq şəxsə tətdiq edilmişdir. Bunun nəticəsində onların böyük əksəriyyəti cəza çəkməkdən vaxtından əvvəl azad edilmiş, digər bir qisminin cəzasının müddəti azaldılmış, yaxud yüngül cəza ilə əvəz edilmişdir.
Prezident İlham Əliyevin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilmişdir. İnsan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı qorunması haqqında qanunvericiliyin, o cümlədən, bu sahədəki beynəlxalq hüquq normalarının öyrənilməsi, əhali arasında, xüsusilə, gənclər arasında izahı akademiyanın professor-müəllim heyəti qarşısında duran mühüm vəzifələrdən biridir. Ədliyyə Nazirliyinin yuxarıda qeyd edilən kollegiya iclasının qərarına müvafiq olaraq, 12 yanvar 2012-ci il tarixdə Ədliyyə Akademiyasının kollektiv yığıncağı keçirilmişdir. Burada insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının hər bir əməkdaş tərəfindən dəqiq öyrənilməsi, Ədliyyə Akademiyasında keçirilən tədris kurslarının təqvim-tematik proqramlarına daxil edilməsi, proqramın əhali, xüsusilə, gənclər arasında izahının təşkil edilməsi üçün akademiya əməkdaşlarının mətbuat və digər kütləvi informasiya vasitələrində çıxışlarının təşkil edilməsi qərara alınmışdır.
Hesab edirik ki, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın həyata keçirilməsi ölkəmizdə bundan sonra da insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması işinə xidmət edəcəkdir.
İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının
prorektoru, hüquq üzrə fəlsəfə
doktoru,
baş ədliyyə
müşaviri, prokurorluğun fəxri işçisi
Xalq qəzeti.- 2012.- 11 fevral.- S. 3.