Cəlilabad: inkişafın geniş üfüqləri

 

"Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanın inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlarından biridir".

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

 

Ötən ilin payızında, 17 noyabr - Milli Dirçəliş Günündə Cəlilabadın Günəşli və Alar kəndlərinin sakinləri üçün ikiqat bayram idi. Çünki uzun fasilədən sonra,nəhayət, bu kəndlərə təbii qaz verilirdi. Bayram günü 2500 ailənin evində mavi yanacağın şölələnməsi onlar üçün ən böyük hədiyyə oldu. Hamı hədsiz dərəcədə sevinirdi. İcra hakimiyyətinin başçısı Əziz Əzizov və "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev sakinləri bu münasibətlə təbrik edərək təbii qazla təchizatın tezliklə daha 12 kəndi əhatə edəcəyini açıqladılar. Camaat dövlət rəhbərliyinə minnətdarlığını bildirdi...

Son illərdə, demək olar ki, hər ay Cəlilabadda bu cür fərəh doğuran, unudulmaz tədbirlər keçirilir, əhalinin buya digər sosial problemi birdəfəlik həllini tapır. Adamlar artıq buna adət ediblər. Elə rayonun siması da gündən-günə dəyişir. Cəlilabad gözəl, abad bir diyara çevrilir. Amma vaxt vardı ki, bu yerlərin tozu-torpağı, zığı-palçığı, bürküsü-soyuğu hər kəsi zinhara gətirirdi.

...Təxminən otuz il öncə isti yay günlərindən birində avtobusla Cəlilabada gedirdik. Salyan ərazisində, bir yeməkxananın qarşısında sürücü maşını saxladı ki, mühərrik "nəfəsini dərsin", biznahar edək. Onda gördük ki, görkəmli xanəndəmiz, rəhmətlik Sabir Mirzəyev də bizimlə birlikdədir. İstər-istəməz sənətkarın başına toplaşdıq. "Bu istidə xeyir ola?" -deyə soruşduq. Cavabı qısa oldu: "Cəlilabada, doğma Bayxanlı kəndinə gedirəm. Yurd üçün darıxmışam". Xeyli söhbət elədik. Kimi xanəndənin həm bəmdə, həm də zil pərdələrdə heyranedici məlahətli səsindən, kimi "Çahargah"ı çox gözəl ifa etməsindən, kimionun "Mirzə Hüseyn segahı"nı, "Rast"ı, "Dəşti"ni məxsusi səsləndirməsindən söz saldı. Təşəkkürünü bildirən sənətkar dedi: "Amma bəziləri məni İran muğam ifaçılığına xas zəngulələr vurmaqda suçlayır. Bəlkə də elədir, bəlkə də bu, mənə tanınmış xanəndə olmuş atam Nüsrət kişidən keçib. Hər bir halda, mən bunda bir qəbahət görmürəm".

Sonralar öyrəndim ki, Sabir Mirzəyev Cəlilabad Şəhər Mədəniyyət Evində muğam dərsləri keçir, gənc istedadları başına yığıb onlara sənətin sirlərini mənimsədir. O zamanlar həftədə bir-iki dəfə Bakıdan rayona gəlib cavanlara dərs keçmək böyük idi. Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Mirzəyev indi aramızda yoxdur. Ancaq Cəlilabadda xeyli gözəl xanəndə yetişib. Aralarında unudulmaz sənətkarı xatırladanlar da var, doğma yurdun "səs açan" möcüzəli bulaqlarının sirrini-sehrini aləmə yayanlar da. Xanəndənin nəvəsi - balaca Sabir Mirzəyev də oxuyur, görkəmli sənətkarımız, xalq artisti Əlibaba Məmmədov onun ifalarını bəyənib, qabiliyyətini təqdir eləyib...

Gözəlliklər məskəni Cəlilabadda abadlıq-quruculuq işləri davamlı şəkildə aparılır. Dövlət müstəqilliyimizin nailiyyətlərindən yetərincə bəhrələnən bu rayon sürətlə inkişaf edir, sosial-iqtisadi durumu fərəh yaradır.

Bu dəfə Cəlilabadda olarkən mərkəzi küçədə ucaldılmış yaraşıqlı bir bina diqqətimi çəkdi. Maraqlandım. Heydər Əliyev adına Yaradıcılıq Mərkəzi olduğunu söylədilər. Mədəniyyət və turizm şöbəsinin müdiri İsa Allahverdiyevlə həmin mərkəzi gəzdik. İkimərtəbəli böyük bina, geniş, işıqlı salonlar, məşğələ otaqları, konfrans zalı və sair yüksək zövqlə, müasir tələblər səviyyəsində hasilə gətirilib.Yaradıcılıq Mərkəzinin az vaxtda Cəlilabadın ən qaynar ünvanlarından birinə çevriləcəyi şübhəsizdir.

Dövlət Bayrağı Meydanı şəhərin ən uca yerində salınıb. Bura, sözün əsl mənasında, vətənpərvərlik duyğularının coşduğu bir məkandır. Ətrafı yüksək zövqlə səliqəyə salınıb. Ərazidəki yeni istirahət mərkəzi də göz oxşayır. Ötən il burada keçirilmiş tədbirlərdən birinin mən də iştirakçısı olmuşam. Çal-çağır, şən musiqi sədaları ətrafa yayılır, adamlar doğma diyarın belə gözəlləşməsinə qəlbən sevinirdilər.

Cəlilabadın üzünü güldürən bir çox yeni binalar son dövrlərdə həyata keçirilən tədbirlərin nəticəsidir. Şahmat məktəbi, qaz istismarı idarəsinin, hərbi məhkəmənin inzibati binaları, rayon baytarlıq idarəsi, tarix-diyarşünaslıq muzeyi, "Tut bağı" istirahət mərkəzi, müharibə veteranları və şəhid ailələri üçün yaşayış evləri, ayrı-ayrı sahələr üzrə çoxlu özəl istehsal və xidmət müəssisələri bu qəbildəndir. Hazırda tikintisi davam edən obyektlər də az deyil. Olimpiya İdman Kompleksi, 2 və 6 saylı məktəblər üçün yeni binalar, quşçuluq fabrikinin yenidən qurulması, anbarsoyuducu kamera kompleksləri tezliklə təvəllüd tapacaq.

Yaxın vaxtlarda Cəlilabad şəhərinin sukanalizasiya sisteminin yenidən qurulmasına başlanacaq. Çirkab sular yeraltı borularla təmizləyici qurğuya axıdılacaq. Bu işlər 2013-cü ilədək sona çatdırılacaq. İçməli su Viləş çayının mənbəyindən götürüləcək ki, bu da bölgədə ən təmiz və ehtiyatı bol olan su hesab edilir.

Hazırda dövlət vəsaiti hesabına Cəlilabad və Yardımlı rayonlarının 67 kəndini əhatə edəcək avtomobil yolunun çəkilişində işlər davam edir: 72 kilometr olacaq bu yolun artıq 16 kilometri hazırdır. Yay aylarına qədər daha 25 kilometri çəkiləcək. Yolun tikintisinə Azərbaycan Prezidenti İlham Əliyev şəxsən xeyir-dua vermişdir. "Biz çalışmalıyıq ki, bütün kəndlərdə yollar yaxşı səviyyədə olsun". Dövlət başçısının bu sözləri öz təsdiqini Cəlilabadda məhz əməli işlərdə tapır.

Cəlilabadda məktəb tikintisi barədə ötən yazılarımda ətraflı söhbət açmışam. Təkcə onu xatırladım ki, son yeddi ildə rayonda otuz məktəb tikilərək istifadəyə verilib, 34 əlavə sinif otağı inşa olunub, on məktəb əsaslı təmir edilib. Hazırda daha üç təhsil ocağının inşası davam edir. Tədricən rayonun bütün köhnə məktəbləri təzələnəcək.

Ötən il iki məktəb respublika üzrə "İlin ən yaxşı məktəbi" nominasiyasında qalib gəlib. Ali məktəblərə qəbul göstəriciləri də yaxşıdır.

Cəlilabad məktəblərində şagirdlərin vətənpərvərlik tərbiyəsinə ciddi fikir verilir. Azərbaycanın Milli Qəhrəmanı Arif Qubadovun doğulduğu Əliqasımlı kəndində onun abidə kompleksi, ötən il düşmənə qarşı döyüşlərdə igidliklə həlak olmuş Fərid Əhmədovla Əhməd Abdullayevin təhsil aldıqları şəhər 1 saylı orta məktəbdə barelyefləri tikilib.

"Milli Ordumuzda minlərlə mübarizlər, fəridlər, əhmədlər vardır və onlar dövlət müstəqilliyimizin, ərazilərimizin keşiyində ayıq-sayıq dayanıblar". Bu fikirlər Azərbaycan Ordusunun kapitanı, qəhrəmancasına həlak olmasından sonra Prezident İlham Əliyevin fərmanı ilə "İgidliyə görə" medalına layiq görülmüş Əhməd Abdullayevin 35 yaşına həsr olunmuş tədbirdə səslənib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən tədbirdə icra başçısı Əziz Əzizov şəhid zabitin şərəfli döyüş yolundan söz açıb, vətənin belə oğullarının həyatının əsl örnək olduğunu vurğulayıb. Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, ailələrinə göstərilən qayğıdan danışılıb. Şəhid Əhməd Abdullayevin atası Hüseynağa kişi daimi diqqətə və qayğıya görə Azərbaycanın dövlət başçısına hədsiz minnətdarlığını bildirib. Sonra Asif Həsənlinin "Şəhidliyin uca zirvəsində" adlı romanı əsasında rayon xalq teatrının hazırladığı "Məndən ötrü darıxmayın" adlı ikihissəli pyesin tamaşası olub. Mərasimə qatılan gənclərin, yeniyetmələrin, çağırışçıların hərbi-vətənpərvərlik tərbiyəsi baxımından həmin günün əhəmiyyəti böyük olub.

Bəli, Cəlilabad gündən-günə tərəqqi etməkdədir. Elə neçə-neçə cəlilabadlının Prezident sərəncamları ilə məhz "Tərəqqi" medalına layiq görülməsi də əlamətdar haldır. Bu yaxınlarda icra hakimiyyətinin başçısı Əziz Əzizov dövlət başçısının adından rayonun inkişafında xidmətlərinə görə İzzət Abdullayevinİbrahim Qələmovun sinəsinə "Tərəqqi" medallarını taxmışdır.

İnanırıq ki, tərəqqi meyilləri bundan sonra da cəlilabadlıları yeni-yeni uğurlara, qələbələrə qovuşduracaq.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 11 fevral.- S. 4.