Dünya geosiyasi prosesinin sistemli təhlili tarixi gerçəklik kontekstində

 

Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovun "Geosiyasətə giriş" (Bakı, 2011) ikicildliyi Azərbaycan dilində geosiyasətin bir bilik sahəsi kimi hərtərəfli tədqiqinə həsr edilmiş ilk nəşrlərdən biridir. Elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan bu kitab köklü dəyişikliklər dövründə dünyanın müasir durumunun öyrənilməsi, qlobal problemlərin dərk edilməsi və həlli yollarının tapılması üzrə mövzuların genişliyi, dərinliyi ilə fərqlənən fundamental elmi əsərdir.

Kitab müasir geosiyasətin müzakirəsi zamanı ön sıralarda olan mövzuları, o cümlədən geosiyasi mübarizənin mənəvi əsaslarını əhatə etməklə, hazırda dünya birliyinin üzləşdiyi böhran vəziyyətini təsvir edir. Burada siyasət və əxlaq dəlilləri, etiqad və dərrakə, din və etika, insan azadlığı və İlahi Qüvvənin qarşılıqlı nisbəti məsələləri gözdən keçirilir.

Müəllif müasir dünyada və siyasətdə qloballaşmanın qarşılıqlı asılılığının artdığı bir şəraitdə, XXI əsrdə nüfuz dairəsi uğrunda mübarizənin əsas forma və amillərini aydınlaşdırır. Sistemli yanaşma və dərin analitik mülahizədən istifadə etməklə, qlobal və regional təhlükələr və çağırışlar, milli təhlükəsizliyin təminatı və qlobal, həmçinin, lokal dövlət və sosial problemlərin həlli yolları müzakirə olunur. İlk dəfə olaraq, geosiyasət elm, həmçinin, ölkələrin müasir dünyada strateji potensialını müəyyən edən amillərin məcmusu kontekstindən dövlətlərin qlobal qarşılıqlı fəaliyyəti siyasi praktikası kimi nəzərdən keçirilir.

Xeyir və Şər arasında mübarizənin sərhədi yoxdur. Mənəvi mübarizə qlobal məfhumdur. Onun geosiyasi mübarizə nəzəriyyəsi fonunda müzakirəsi ölkələrin və ittifaqların gələcəkdə mümkün fəaliyyəti variantlarını ortaya qoyur. Niyə dünyada ədalət prinsipi çatışmır? Şər necə yaranır? Ümumi rifaha aparan yol, yaxud, heç olmasa bu yolda düzgün istiqaməti necə tapmaq olar? Müəllif öz kitabında bu suallara cavab tapmağa çalışır. Bununla əlaqədar olaraq, keçmiş tələbənin "İmtahan biletlərindəki suallar dəyişməyib ki" sualına, qoca professorun "Suallar eynidir, yalnız cavablar dəyişib" cavabı verməsi xatırlanır. Peşəkar tərəfindən yazılmış bu qeyri-adi nəşr dünyada baş verən qlobal proseslərə yeni baxış təqdim edir və çoxdan məlum suallara maraqlı və gözlənilməz cavablar əks etdirir.

"Geosiyasətə giriş" kitabının yazılma məntiqi dəqiq göstərilir. Əsərdə geosiyasi məsələlər, dünyanın dəyişdirilməsində alət kimi geosiyasətin problemləri, eyni zamanda, cəmiyyətin tərəqqisi prinsipləri və siyasət məfhumuna fərqli baxışlar nəzərdən keçirilir. Müasir dövrün bir sıra əsas problemlərinə, xüsusilə də, silahlanma yarışı, beynəlxalq münasibətlərdə din amili, terrorizm, nüvə silahı, informasiyalaşdırma, qloballaşma və regionallaşmanın geosiyasi fəsadlarına toxunulur. Burada həmçinin, coğrafi yerləşmənin postindustrial dövrdə dövlətin geosiyasətinə təsiri araşdırılır, ideologiyanın siyasətdəki yeri müəyyənləşdirilir.

Müəllifin geosiyasətin əsas anlayışlarını müxtəlif tərəflərdən və fərqli nöqteyi-nəzərdən təhlil etməsi, bu anlayışlara həcm və məna dərinliyi gətirir. Kommunikasiya vasitələri və onların siyasətdəki rolunun nəzərdən keçirilməsi mövzusu xususilə aktualdır. Kitabda geosiyasətdə informativ paradiqmanın konseptual təhlili və məkan uğrunda mübarizədə yeni informasiya texnologiyaları barədə məlumat verilir. Müəllif kommunikasiyanın forma və üsullarının, sadəcə, amil deyil, siyasi sistemlərin fəaliyyətinin əsas hissəsi olmasını oxucunun mühakiməsinə yönəldir.

Əsərdə müəllif geoiqtisadiyyat anlayışını, enerji amilinin beynəlxalq münasibətlərə təsirini açıqlayır, həmçinin, beynəlxalq enerji və qida təhlükəsizliyi məsələlərini işıqlandırır. Kitabda müasir dünyada mühüm rol oynayan və siyasi bazar fenomeninin yaranmasını şərtləndirən siyasətlə iqtisadiyyatın qarşılıqlı fəaliyyəti problemi gözdən keçirilir. Lakin, sözsüz ki, bazar etika və siyasəti əvəz edə bilməz. Müəllif bazarın din deyil, alət olduğunu, vasitə deyil, məqsəd olduğunu diqqətə çatdırır.

Kitabda geofəlsəfə, siyasi sosiologiya və psixologiya üçün prinsipial dərəcədə vacib bir sıra problemlər qeyri-ənənəvi üsulla nəzərdən keçirilir. Vurğulanmalıdır ki, problemlərin araşdırılması zamanı müəllif antik dövr və orta əsr klassiklərindən olan Konfusi, Sun-szı, Herodot, Fukidid, Platon, Aristotel, Əl-Fərabi, İbn Rüşd, Siracəddin Urməvi, Nəsirəddin Tusi, İbn Xəldun, Makiavelli, Monteskyö, Hegel, Klauzevis, həmçinin, XIX-XX əsr alimləri N.Berdyayev, P.Sorokin, F.Brodel, K.Yaspers, K.Popper, İ.Vallerstayn, N.Kondratyev, S.Kohen, S.Hantinqton, H.Kissincer, Z.Bjezinski, F.Fukuyama və bir çox başqalarına müraciət edib. Müəllifin dərin biliyi və ən müxtəlif konsepsiyalara təfərrüatı ilə bələd olması fəlsəfi-siyasi sistemin qədim dövrdən müasir günlərədək inkişafının ətraflı təsvirini yaratmağa imkan verir. Bütün dünyada fəaliyyətdə olan və özünü göstərən Kosmik Qanunlar maraqlı şəkildə təsvir olunub. Kitabda verilənlərin çoxu bizim mövcud olduğumuz dünyanın üçölçülü olduğunu daha dərindən dərk etməyə imkan verir.

Bundan başqa, bəzi tendensiya və halların ilkin baxışdan dördüncü ölçüyə aid olmaları, onların bugünkü koordinatlar sistemində yerini müəyyənləşdirəcək tədqiqatı fəallaşdırılmasının vacibliyini ortaya çıxarır. Kitabın müasir dövrün geosiyasi proseslərinə həsr edilmiş bölmələri xüsusi maraq doğurur. Bu bölmələrdə dünya birliyi, aparıcı ölkələrin müasir geosiyasi inkişaf dövrünün təhlili məsələləri işıqlandırılır. Bundan başqa, müasir dünyada qarşılıqlı asılılığın artdığı və siyasətin qloballaşdığı bir şəraitdə, XXI əsrdə ərazilər uğrunda mübarizənin əsas amil və formaları aşkar edilir. Qlobal və regional səviyyədə təhlükə və çağırışların dinamikası, həmçinin, milli təhlükəsizliyin təmin edilməsi, o cümlədən, qlobal və lokal münaqişələrin həlli yolları axtarılır. Bu kontekstdə, ilk dəfə olaraq, geosiyasət dövlətlərin qlobal qarşılıqlı münasibətlərinin siyasi nəzəriyyəsi kimi qiymətləndirilir. Həqiqətən də, müasir dövrdə geosiyasətin rolu daimi olaraq artmaqdadır. Dünyanın bütün ölkələrində bu elmin iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində rolu durmadan yüksəlməkdədir. Müəllif geosiyasi ideyaların siyasi arenaya axını ilə bağlı artıq təşəkkül tapmış və tapmaqda olan tendensiyaları konkret misallarla təhlil edir.

Əsərdə mürəkkəb beynəlxalq problemlərin həlli yolu kimi sülh diplomatiyasının əsas prinsipləri təsvir olunur. ABŞ-ın Milli Kəşfiyyat Şurasının və Almaniya kəşfiyyatının hesabatlarından çıxarışlar dünyanın bir neçə onillik sonra necə olacağını bilməyə imkan verir. Bir sıra nəzəri və ümumfəlsəfi çıxarışların praktika ilə əlaqələndirilməsi cəhdi siyasi diskursda dəyişikliklər barədə ciddi xəbərdarlıq siqnalıdır.

Tədqiqatda, eyni zamanda, Azərbaycanın müstəqillik illərində keçdiyi yol sistemli şəkildə təhlil edilir və ümumiləşdirilir. XX əsrin sonu - XXI əsrin əvvəlində bütün dünyada gedən geosiyasi dəyişikliklər şəraitində milli dövlətçiliyin təşəkkülünün və inkişafının əsas meyilləri göstərilir. Müəllif regionda yeni geosiyasi vəziyyətin yaranmasında, Azərbaycanın bütün Qafqazda güc mərkəzinə çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd edərək yazır: "Ulu öndər Heydər Əliyevin yaratdığı sabitlik, müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyası, balanslı xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dünya birliyinin ən önəmli üzvlərindən biridir, Qərb və Şərq sivilizasiyalarını birləşdirən strateji məkandır. Dünya əhəmiyyətli layihələr məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşır. Son səkkiz ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, 950 min yeni iş yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, bütövlükdə, hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi və s. vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir". Ümumilikdə, Novruz Məmmədovun "Geosiyasətə giriş" ikicildliyi son illər Azərbaycanda görülən yüksək səviyyəli işlərin, aparılan uğurlu daxili və xarici siyasətin əhəmiyyətini dərk etmək baxımından böyük siyasi-tarixi və elmi nəzəri önəm kəsb edir.

"Geosiyasətə giriş" kitabında informasiya inqilabının təsiri altında rolu və əhəmiyyəti güclənən dini, sivil və mədəni amillərin üzərində dayanmaqla, humanitar elm kimi geosiyasətin konsepsiyaları təqdim olunur. Burada dünya ictimaiyyətinin, lider dövlətlərin və Azərbaycanın müasir dövrdə geosiyasi inkişafının təhlilinə xüsusi diqqət ayrılır.

Müasir dünya gücün qlobal konfiqurasiyasında sistemləşdirici elementdir. Dəyişikliklərin baş verməsi labüddür, belə ki, mənəvi cəhətdən kasıb cəmiyyətlər çox təhlükəlidir. Lakin sosiumun uğurla tranziti üçün düşünən insanın yaradıcı enerjisi tələb olunur.

Bəşəriyyətin qədəm qoyduğu informasiya sivilizasiyası insanın prinsipcə fərqli keyfiyyətini ortaya çıxarır. İtalyan iqtisadçısı, iş adamı, ictimai xadim və "Roma klubu"nun qurucusu A.Peççei isə, hələ 1980-ci illərdə diqqəti buna yönəltməyə çalışıb. O, hazırkı çıxılmaz vəziyyəti dağıda biləcək yeni istiqamətin yalnız insan təfəkkürü və əxlaqında təkamül yaradan keyfiyyət sıçrayışı nəticəsində meydana gələ biləcəyini bildirirdi. "Geosiyasətə giriş" əsərinin müəllifinin gəldiyi əsas nəticələrdən olan geosiyasi mifin konkret hökmranlıq praktikası ilə kəsişməsi də bu tezisi təsdiqləyir. Bu dəyərli kitabın məqsədi beynəlxalq siyasi təfəkkürün materializmdən metafizikaya, beynəlxalq siyasi praktikanı isə rəqabətdən əməkdaşlığa yönəltməkdir.

Kitabın əsas ideyası isə, Qərb ölkələri tərəfindən təqdim olunan müasir sivilizasiyanın gələcək aqibətinin insanın dünyagörüşündən asılı olduğunu çatdırmaqdır. Bu gün təkcə bu sahədə çalışanlar deyil, heç kim geosiyasətə etinasız yanaşa bilməz. Çünki o, artıq ümumbəşəri mədəniyyətin bir hissəsinə çevrilməyi bacarıb. İndi cəmiyyətdə özünə fəal mövqe tutmağa çalışan istənilən şəxsin geosiyasi biliyə ehtiyacı var. Bu halda müəllifə xüsusi minnətdarlıq düşür.

İlk baxışdan yalnız bu sahənin mütəxəssislərini maraqlandıra biləcək faktlar şərh olunduqca fəsildən fəslə oxucuda problemə maraq oyadır, həmçinin, səbirsizliklə nəticə və daha geniş planda desək, bəşəriyyətin xilası yolunun açıqlanmasını gözləməyə məcbur edir. Reallığa və sənədlərə əsaslanan bu kitab, sanki, beyin üçün qida olmaqla, biliyini inkişaf etdirmək və ətrafı başa düşməyi öyrədir. Hesab edirik ki, müəllif bu məqsədinə çatmağa nail olub.

Yekun olaraq belə nəticəyə gəlmək olar ki, professor Novruz Məmmədovun "Geosiyasətə giriş" əsəri ümumilikdə, siyasi elm üçün əhəmiyyətli hadisəyə çevrilib. Kitabda təsvir olunan ideyaların gündəlikdə olması tələb olunur. Yalnız bununla, intellektual inqilaba nail olmaq, siyasi monoloqu universal dialoqa çevirmək, qlobal gərginliyin zəifləməsinə və gələcək nəsillər üçün daha təhlükəsiz dünya yaratmağa imkan verəcək yeni dünyagörüşü formalaşdırmaq olar.

Kitab siyasət, iqtisadiyyat, beynəlxalq münasibətlər, siyasi sosiologiya mütəxəssisləri, alimlər, ictimai və siyasi xadimlər üçün, həm də yüksək nöqteyi-nəzərdən düşünməyi bacaran şəxslər üçün nəzərdə tutulub. Problemlərin mürəkkəbliyinə baxmayaraq, kitabın anlaşıqlı dillə, çoxsaylı iqtibaslardan istifadə etməklə yazılması onun qlobal problemlər üzrə ən oxunaqlı kitablardan olacağını şərtləndirir.

 

Həsən ƏLİBƏYLİ, tarix elmləri doktoru, professor, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2012.- 12 fevral.- S. 3.