Tariximizin yeni səhifələri

 

2011-ci ildə Azərbaycanda aparılan arxeoloji tədqiqatların qısa xronikası

 

II məqalə

 

Antik və erkən orta əsr abidələri

Azərbaycan, Almaniya, Rusiya və Gürcüstan mütəxəssislərindən ibarət beynəlxalq tərkibli ekspedisiya Şəmkir rayonunun Qaracəmirli kəndi yaxınlığında aşkar edilmiş saray kompleksində arxeoloji qazıntı işlərini 2011-ci ildə də davam etdirmişdir. Məlumat üçün bildirək ki, eramızdan əvvəl I minilliyin ortalarına, daha konkret desək, V - IV əsrlərə aid edilən bu qədim yaşayış yeri bir neçə hektar sahəni əhatə edir.

Aparılan əsaslı qazıntı və kəşfiyyat işləri nəticəsində orada bir-birindən iri ictimai bina qalıqları aşkar olunmuşdur. Onlardan birinin təmtəraqlı saray kompleksi olduğu güman edilir. Maraqlıdır ki, Qaracəmirlidə aşkar edilən bu saray kompleksi öz həcminə görə Əhəmənilər imperiyasının mərkəzi şəhəri olan Persopolda I Dara və Kserks tərəfindən tikdirilən saraydan daha böyük və daha əzəmətlidir. Saray çoxsaylı zallardan, uzun dəhlizlərdən və kiçik otaqlardan ibarətdir. Ekspedisiya rəisi, AMEA-nın müxbir üzvü İ.Babayevin fikrincə, belə bir möhtəşəm abidə təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın, habelə Yaxın və Orta Şərqin memarlıq ənənələri tarixini daha dərindən öyrənmək baxımından misilsiz elmi əhəmiyyətə malikdir.

Əvvəlki illərdə olduğu kimi, ötən il də qədim Qəbələ şəhər yerində genişmiqyaslı arxeoloji qazıntılar davam etdirilmişdir. Orada aşkar edilən tapıntılar içərisində eradan əvvəl IV - III əsrlərə aid nəhəng ərzaq anbarının qalıqları xüsusilə daha çox marağa səbəb olub. Anbarda şaquli vəziyyətdə qurşağadək yerə basdırılan 240 ədəd təsərrüfat küpü qeydə alınmışdır. Küplərdə ərzaq məhsulları saxlanıldığı ehtimal olunur. Hələlik tam şəkildə açılmadığından anbarın ümumi sahəsi və tutumu barədə son söz demək çətindir. Onu da qeyd edək ki, hələlik bu böyüklükdə ərzaq anbarı nəinki Azərbaycanda, heç qonşu ölkələrdə də aşkar edilməmişdir. Qəbələdə aşkar olunan və 2400 il tarixi olan bu anbarda on tonlarla müxtəlif çeşidli ərzaq məhsulları saxlanılmışdır. Tədqiqatçıların fikrincə, belə bir nəhəng anbar ancaq dövlət əhəmiyyətli ola bilərdi.

Qəbələ ekspedisiyasının antik dəstəsi tərəfindən əvvəlki illərdə aşkar edilmiş oval planlı ictimai bina qalıqlarının öyrənilməsi məqsədilə də qazıntı işləri davam etdirilmişdir. Məlumat üçün bildirək ki, həmin tikintilərdən ən irisinin içərisində eyni zamanda, 600-700 nəfərədək insanın toplaşa biləcəyi ehtimal edilir. Antik dövrdə belə binalarda, adətən, dövlət əhəmiyyətli tədbirlər keçirilirdi.

Qəbələ ekspedisiyasının şəhərin Səlbir və Qala adlanan ərazilərində də arxeoloji qazıntı işləri uğurla davam etdirilmişdir. Nəticədə qədim paytaxt şəhərimizin orta əsrlər dövrünə aid çoxsaylı tikinti qalıqları, istehsalat ocaqları, şəhərin kanalizasiya və su təchizatı sisteminə aid qurğular, habelə rəngarəng çeşidli məişət əşyaları aşkara çıxarılmışdır. Xatırladım ki, 2011-ci ildə də Qəbələdə aparılan tədqiqatlarda Cənubi Koreya arxeoloqları da iştirak etmişlər. Yeri gəlmişkən məlumat üçün onu da xatırladım ki, əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də Qəbələdə aparılan arxeoloji və etnoqrafik tədqiqatlara SEBA-Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən hərtərəfli dəstək göstərilmişdir.

Qəbələ rayonu ərazisində beynəlxalq aeroport tikintisi ilə əlaqədar torpaq işləri görülərkən "Qala yeri" adlanan ərazidə üzə çıxan qədim yaşayış yeri də məhz SEBA-nın müraciəti və maliyyə dəstəyi əsasında öyrənilmişdir. İnstitutumuzun əməkdaşları tərəfindən aparılan arxeoloji qazıntı işləri nəticəsində orada eramızdan əvvəl IV minilliyin I yarısından orta əsrlərədək olan uzun bir tarixi dövrü əhatə edən zəngin maddi-mədəniyyət qalıqları aşkar edilərək tədqiq olunmuşdur.

Təcrübəli mütəxəssis Q.Qoşqarlının rəhbərliyi ilə Xızı rayonunun arxeoloji xəritəsinin işlənməsi istiqamətində araşdırmalar ötən il də davam etdirilmişdir. Bu məqsədlə aparılan arxeoloji kəşfiyyat tədbirləri nəticəsində bir sıra qədim yaşayış yerləri, qəbir abidələri, o cümlədən kurqan tipli qəbirlər və ibadətgahlar aşkara çıxarılaraq tədqiq olunmuşdur. Axtarışlar nəticəsində Şitalçay çölündəki kurqanlardan ilk tunc dövrünə, Noxudlar kəndi yaxınlığındakı kurqanlardan isə eramızdan əvvəl II-I minilliklərə aid çox zəngin maddi mədəniyyət qalıqları əldə olunmuşdur.

Professor A.Məmmədovun rəhbərlik etdiyi Bərdə və Gəncə ekspedisiyaları da ili uğurlu nəticələrlə başa vurmuşlar. Məsələn, Bərdə ərazisindəki Balatəpə abidəsində aparılan tədqiqatlar nəticəsində aşkar olunan çoxsaylı maddi mədəniyyət qalıqaları əsasında orada son eneolit və ilk tunc dövründən başlayaraq intensiv həyat olduğu sübuta yetirilib. Bərdə-Ağdam yolunun kənarından isə yaxınlıqdakı "Qarı körpü"nün dayaqlarını möhkəmlətmək məqsədilə istifadə olunan və eramızdan əvvəl VIII-VII əsrlərə aid edilən put daşlar və kapitellər tapılmışdır. Gəncə ekspedisiyasının Goranboy rayonunun Kələk kəndi ərazisində aşkar etdiyi və mütəxəsislər tərəfindən IX-XII əsrlərə aid edilən kərpic küzəxanası və Kür çayının Mingəçevir su anbarına töküldüyü ərazinin yaxınlığında, çayın köhnə yatağının sağ sahilində tapılan buxta və hücrə qalıqları da elmi ictimaiyyətin böyük marağına səbəb olub. Hansı ki, bu tapıntılar təqribən 2400-2500 il bundan öncə həmin ərazidə yüksək dərəcədə inkişaf etmiş liman və ticarət mərkəzi olduğundan xəbər verir.

Ötən il Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığındakı antik və erkən orta əsrlərə aid şəhər tipli yaşayış məskəni olan Qalatəpə abidəsində aparılan tədqiqatlar da olduqca uğurlu nəticələr verib. Maraqlı burasıdır ki, orada aparılan arxeoloji qazıntılar yazılı mənbələrin həmin ərazidə şəhər olması barədəki məlumatlarını maddi faktlar əsasında bir daha təsdiqlədi.

2011-ci ildə arxeoloq T.Əliyevin rəhbərliyi ilə aparılan qazıntılar nətcəsində Qalatəpədə möhtəşəm şəhər memarlığının qalıqları - çiy kərpicdən inşa edilmiş bir neçə mərtəbəli evlərin və küçələrin qalıqları, daşdan iri sütun altlığı, şəhər sənətkarlığına aid maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Hansı ki, bu tapıntılar Qalatəpə şəhər yerinin eramızdan əvvəl III-II əsrlərdən etibarən mövcud olduğunu söyləməyə əsas verir. Eradan əvvəl I - bizim eranın II əsrlərində Qalatəpədə kifayət qədər izdihamlı şəhər həyatı olmuşdur. Tapıntılar, həmçinin Qalatəpənin qonşu regionlarla, o cümlədən Roma imperiyası və onun əyalətləri ilə intensiv mədəni, iqtisadi, xüsusilə ticarət əlaqələri olduğundan xəbər verir. Şəhərin III əsrdən başlanan Sasani-Roma müharibələri nəticəsində tənəzzül etdiyi güman olunur.

Qalatəpə nekropolunda aparılmış tədqiqatlar da elm üçün maraqlı olan nəticələr vermişdir. Hələlik orada antik dövrə aid üç küp qəbir öyrənilmişdir. Qəbirlərdən müxtəlif silah nümunələri, tunc və dəmirdən hazırlanmış bəzək əşyaları, habelə xeyli miqdar boyalı qab nümunələri əldə edilmişdir.

Ötən il Salyan rayonu ərazisindəki Babazanlı karxanasında torpaq işləri görülərkən antik dövrə aid küp qəbirlər üzə çıxmışdır. Professor Arif Məmmədovun rəhbərliyi ilə Babazanlı nekropolunda 21 küp qəbir öyrənilmişdir. Qəbirlərdən müxtəlif bəzək əşyaları, boyalı və sadə saxsı qablar və digər maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi üzrə Şəmkir şəhər yerində aparılmaqda olan genişmiqyaslı tədqiqatlar 2011-ci ildə də davam etdirilmişdir. Nəticədə şəhərin qala divarlarının bir hissəsi açılaraq təmizlənmişdir. Aparılan tədqiqatlar nəticəsində Şəmkir şəhərinin tarixinin indiyə qədər bəlli olduğundan daha bir neçə əsr qədim olduğu sübuta yetirilmişdir. Maraqlıdır ki, Şəmkir qazıntıları zamanı orta əsrlərə aid mədəni təbəqənin altında daha qədim dövrə - dəmir dövrünə (eradan əvvəl I minilliyin I yarısı) aid torpaq qəbir qeydə alınmışdır. Qəbirdə bükülü vəziyyətdə dəfn edilən və üzərində müxtəlif bəzək əşyaları olan qadın skeleti aşkar edilmişdir. Bu isə Şəmkir ərazisində insanların erkən olaraq təqribən 3000 il bundan öncə məskunlaşdığından xəbər verir.

2011-ci ildə Şamaxıda da arxeoloji qazıntı işləri davam etdirilmişdir. Tədqiqatlar zamanı orta əsrlərə aid mədəni təbəqənin altında antik dövrün sonlarına aid keramika nümunələrinə rast gəlinmişdir. Bu isə Şamaxı şəhərinin antik dövrdə də məhz həmin ərazidə yerləşdiyini ehtimal etməyə əsas verir. Bundan əlavə, ekspedisiya axtarış-kəşfiyyat işləri nəticəsində Şamaxı şəhərindən şimali-şərqdə orta əsrlərə aid daha bir şəhər yeri aşkar etmişdir. Həmin abidənin isə yazılı mənbələrdə tez-tez adı çəkilən, lakin hələlik yeri bəlli olmayan orta əsr Şirvan şəhərinin qalıqları olduğu ehtimal edilir.

Uzun fasilədən sonra ötən il Şamaxı rayonu ərazisindəki Gülüstan qalasında yenidən genişmiqyaslı arxeoloji qazıntı işlərinə başlanılmışdır. Nəticədə orta əsr şəhər həyatı üçün xarakterik olan təsərrüfat və məişət qalıqları, sənətkarlıq nümunələri aşkar edilmişdir.

Ağsu şəhər yerində 2010-cu ildə başlanılmış qazıntı işləri 2011-ci ildə də davam etdirilmişdir. Dörd ay ərzində 5 min kvadratmetr sahədə XVIII əsrə aid mədəni təbəqə öyrənilmişdir. Axtarışlar nəticəsində şəhərin 56 sütundan ibarət Cümə məscidinin qalıqları, ətrafı yonulmuş çay daşı ilə hörülmüş bir neçə su quyusu, şəhər əhalisinin içməli su ilə təchizatına xidmət edən və 140 kubmetr tutumu olan su anbarı, habelə şəhərin baş meydanlarından biri aşkara çıxarılaraq qismən təmizlənmişdir. Ağsuda arxeoloji cəhətdən öyrənilən sahələrin üstünün örtülərək konservasiya olunması istiqamətində də olduqca səmərəli işlər görülmüşdür.

Sadalananlardan əlavə, ötən ilin çöl-tədqiqat mövsümü ərzində arxeoloqlardan A.Ələkbərovun rəhbərliyi ilə Lerik, T.Göyüşovanın rəhbərliyi ilə Gədəbəy, M.Xəlilovun rəhbərliyi ilə Quba, Q.Ağayevin rəhbərliyi ilə Kəngərli, Ş.Nəcəfovun rəhbərliyi ilə Qazax, M.Hüseynovun rəhbərliyi ilə Goranboy, V.Cəlilovun rəhbərliyi ilə Göygöl, Ə.Əliyevin rəhbərliyi ilə Siyəzən rayonları ərazisində qeydə alınan onlarca abidədə də arxeoloji qazıntı və kəşfiyyat işləri aparılmışdır.

Oxuculara təqdim olunan bu qeydlərin amacı ötən il Azərbaycan ərazisində aparılmış arxeoloji tədqiqatların qısa xronikası barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır. Gəlin, razılaşaq ki, arxeoloq alimlərimiz əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2011-ci ildə də məhsuldar və səmərəli işləmişlər. Alimlərimizin gərgin səyləri, yüksək peşəkarlığı və sözün əsl mənasında, fədakarlığı sayəsində hələ də tariximizin bir çox sirlərini özündə yaşadan onlarca yeni abidə aşkara çıxarılıb. İllər, onilliklər boyu tədqiqi davam etdirilən bir çox abidələrin yeni-yeni qatları açılmaqla, onların elmimiz, tariximiz üçün çox vacib və əhəmiyyətli olduğu sübuta yetirilib. Bir daha xüsusi vurğu ilə bildiririk ki, bütün bunlar son bir il ərzində Azərbaycan arxeoloqlarının gördüyü işlərin yalnız bir hissəsidir. Təbiidir ki, aşkara çıxarılan yeni abidələr və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələrinin zəngin kolleksiyası gələcəkdə tariximizin yeni səhifələrinin yazılmasında çox faydalı mənbəşünaslıq bazası olacaqdır.

 

(əvvəli qəzetimizin 10 fevral tarixli sayında)

 

Maisə RƏHİMOVA, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 12 fevral.- S. 5.