Qayğıkeş insan, pedaqoq,
görkəmli rejissor
Lütfi Məmmədbəyov-85
Hər dəfə onu xatırlayanda "Atayevlər ailəsi" teletamaşası yada düşür. Bu tamaşadakı rejissor işi adamı həqiqətən valeh edir. Lütfi müəllim sözün həqiqi mənasında əvəzsiz rejissor idi. Qurulus verdiyi əsərlərin hər biri teatr tariximizdə böyük hadisəyə çevrilirdi.
Lütfi Şahbaz oğlu Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nin rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib, 40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlandığından Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. 1961-ci ildə Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olub, 60-dan çox televiziya tamaşasına quruluş verib. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) rejissoru da Lütfi Məmmədbəyov olub .
On beş il əvvəl dost-tanışları, sənətsevərlər milli teatrımızın görkəmli nümayəndələrindən biri, respublikanın xalq artisti, gərgin əməyi, istedadı sayəsində yüksək nüfuz qazanmış Lütfi Məmmədbəyovun ad gününü qeyd etməyə hazırlaşırdılar. Həmin ərəfədə onun ünvanına ulu öndər Heydər Əliyev təbrik məktubu göndərmişdi: "Hörmətli Lütfi Məmmədbəyov! Sizi - Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm"...
Sevilən sənətkar bu isti, doğma təbriki məhəbbətlə qarşıladı. Fəxr etdi ki, xidmətləri belə dəyərləndirilir.
Əlbəttə, bu hörmət ona asan başa gəlməmişdi. Çətin həyat yolu keçmişdi. Onu mərd, həssas ürək sahibi kimi tanıyırdılar. Dostları onun haqqında deyirdilər ki,dilinə "yox" sözü gəlməzdi. Gecənin hansı aləmində mənzilinin qapısı döyülsəydi, tərəddüdsüz açardı, gələnə imkanı daxilində əl tutar, qayğısını ondan əsirgəməzdi. Bu məziyyətinə görə ona "təcili yardım" təxəllüsü vermişdilər. Lazım gələndə ayrı-ayrı vəzifə sahibləri ilə görüşər, nüfuzu sayəsində çalışardı ki, ona müraciət edənin probleminə son qoyulsun. Əzab-əziyyətə tab gətirib səhnədə, ekranda oynayacağı rolu varlığında yaşadardı. Hazırda Azərbaycan teatr sənətində çalışanların əksəriyyəti onun tələbələri, yetirmələridir. Lütfi müəllimin bədii rəhbəri olduğu xalq teatrını "bitirənlərdən" 50 nəfər xalq artisti, 54 nəfər əməkdar incəsənət xadimi fəxri adlarına, 28 nəfər isə Dövlət mükafatına layiq görülmüşdür
1953-cü ildə öz təşəbbüsü ilə yaratdığı xalq teatrına qırx ildən artıq rəhbərlik etmişdi. Bu gün tanınan aktyorların, rejissorların əksəriyyətinin ilk sənət yolu həmin xalq teatrından başlayıb.
Uğurlu, baxımlı ekran əsərlərinə görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdü.
Xalq artisti Yaşar Nuri Lütfi müəllimi belə xatırlayır: "O, mənim kimi çoxlarının əlindən tutub, səhnəyə, sənətə aparıb. Bizlərə yeriş, duruş, baxış, gülmək-ağlamaq öyrədib. Ona inandığımızdan ardınca getmişik. Hər tapşırığına əməl etmişik, məsləhətlərini, verdiyi mizanları yadımızda saxlamışıq. Onunla eyni sənət məbədində birgə işləməyimizi ən yüksək nailiyyətimiz, qələbimiz bilmişik. Lütfi müəllim həddən artıq sadə, qədirbilən insan idi. Elədiyi, göstərdiyi yaxşılıqları heç vaxt dilinə gətirməz, üzə vurmazdı. Yetirmələrini harada görsəydi: "Gülüm oğlan, necəsən?" - deyib, bizlərlə səmimi görüşər, əhvalımızı soruşardı. Uğurumuza sevinər, qüsurlarımızı üzümüzə deyərdi. Onu tanıdığım gündən mənzilinin telefon nömrəsi dəyişmədi. Vaxt-bivaxt çoxları ona zəng edər, məsləhət alar, maddi-mənəvi kömək istəyərdi. Bəzən özüm-özümdən soruşuram: görəsən, həmin telefon zəngləri onu, ailə üzvlərini bezdirmirdi? Şəxsən mən bunu heç zaman hiss etmədim. Lütfi müəllim çoxlarımızın elçiliyinə gedib, toylarımızda doyunca oynayıb, küsülüləri barışdırıb. Birimizin ürcahına gözlənilməz hadisə çıxanda narahat olar, tez-tez əlaqə saxlar, vəziyyəti öyrənərdi. Dost-tanışına səadət, xoşbəxtlik arzuladığından özü də nümunəvi həyat yoldaşı, ata, baba, əsl ailə başçısı kimi tanınmışdı".
L.Məmmədbəyov bənzərsiz aktyor idi.
Teatrda nə qədər
gözəl rollar oynamışdı. Sevib-seçdiyi sənətinə
qəlbən vurğun olan Lütfi müəllim bu və ya
digər cəfalardan əsla bezməzdi.
Tamaşaçılar onun çəkildiyi bədii filmləri
də unutmayıblar. "Səhər"də Aslan,
"Qızmar günəş altında"da Xəlil, "Bəxtiyar"da
Həbib, "Sehirli xalat"da Əli müəllim... Bu rollar
epizodik olsa da, həmin ekran əsərlərinin ümumi məntiqinə,
mənalarının qavranılmasına müsbət təsir
göstərmişdi. Həm də sevimli aktyorun ömründən
qalan kino xatirələri, yadigarlarıdır.
Yaranış
tapdığı çağlardan üzü bəri həmişə
milli teatr sənətinin rejissor işi baxımından bəxti
gətirmişdi. H.Ərəblinski, A.Tuqanov, A.İsgəndərov,
M.Məmmədov, T.Kazımov, Ə.Quliyev, L.Məmmədbəyov...
kimi layiqli sənət xadimlərimiz olub. Lütfi müəllim,
sözün həqiqi mənasında, tamaşalar qalereyası
yaradıb. Hər biri yeni mizanlar, tərtibatlar, quruluşlar,
aktyor seçimi, məşqlər, baxışlar tələb
edən səhnə, ekran əsərinə ən azı 8-10
ay vaxt sərf olunursa, bu 60 rəqəmin fonunda rejissor Lütfi
Məmmədbəyovun hansı əzablara
qatlaşmasını hiss etmək, təsəvvürə gətirmək
çətin deyil.
O, uzun
müddət pedaqoji fəaliyyətlə məşğul
olmuş, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin professoru kimi
çalışmışdır. Tarixə "keçid
dövrü" adı ilə yazılan vaxtlarda öləziyən
teatrlarda yenidən inkişaf, tərəqqi mərhələsi
yaradılmasında onun əməyi, xidmətləri bu gün
də ehtiramla yad olunur
O, eyni
zamanda, respublika teleradio yayımlarında kamera, mikrafon
qarşısında mahir aparıcılardan biri olmuşdu.
Dövrün məşhur televiziya verilişləri "Səhər"
musiqili informasiya proqramı, "Teatr görüşləri",
"Sənətkar və zaman", "Aktyorlar, rollar"
verilişləri məhz L.Məmmədbəyovun səyi,
istedadı, aparıcılığı sayəsində illərlə
ekran ömrü yaşamış, tamaşaçı
alqışı, sevgisi qazanmışdı.
İstedadlı
aktyor, rejissor, qayğıkeş pedaqoq Lütfi Məmmədbəyov
tez-tez deyərdi: "Əgər ikinci dəfə bu
işıqlı dünyaya gəlsəm, yenə də
canımı teatrımızın inkişafı uğrunda
qurban verərdim". O, sənətini sevdikcə özü də
şöhrət zirvəsinə ucaldı. Böyük
tamaşaçı məhəbbəti qazandı. Daim hörmətli
tutulan teatr xadimi idi. Xalq artisti fəxri adına, Dövlət
mükafatına layiq görülmüşdü. 70 illik
yubileyi münasibətilə ədəbiyyatımızın,
mədəniyyətimizin qayğıkeşi ulu öndər
Heydər Əliyev 13 mart 1997-ci ildə fərman
imzalamışdı: "Azərbaycan teatr sənətinin
inkişafındakı xidmətlərinə görə
Lütfi Şahbaz oğlu Məmmədbəyov
"Şöhrət" ordeni ilə təltif edilsin".
Budur, halal əməyə, gərgin zəhmətə verilən
yüksək qiymət! Ömrünün son anınadək o,
bu yaxşılıqdan, etimaddan, ehtiramdan həvəslə
danışardı.
Qayğıkeş
insan, pedaqoq, görkəmli teatr xadimi Lütfi Məmmədbəyov
örnək olası mənalı ömür yaşadı.
İndi onun əziz xatirəsi, səksən beş illik
yubileyi sənətsevərlər tərəfindən hörmətlə,
məhəbbətlə yad olunur.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 12 fevral.- S. 5.