Uşaq musiqi məktəbinin uğurları

 

Təcrübə göstərir ki, hər hansı bir kollektivin uğurlarında ona rəhbərlik edən şəxsin həlledici rolu olur. Yəni böyüklüyündən kiçikliyindən asılı olmayaraq kollektivin hər bir üzvü rəhbərinə baxıb düzlənir, öz fəaliyyətini onun şəxsi nümunəsinə və keyfiyyətlərinə uyğun qurur. İşgüzar, təşəbbüskar, eyni zamanda, qayğıkeş və ədalətli şəxslərin rəhbərlik etdikləri kollektivlərin üzvləri, bir qayda olaraq, həvəslə çalışır, uğurlar qazanırlar. Bunu Samux şəhərindəki Uşaq Musiqi Məktəbinin (UMM) timsalında da görmək olar.

Məktəb 1973-cu ildən fəaliyyət göstərir. Burada tar, kamanca, qarmon, saz, xanəndəlik, fortepiano, skripka, vokal, klarnet, nağara ixtisaslarının tədrisi ilə peşəkar və təcrübəli müəllim heyəti məşğul olur.

Kollektiv üzvləri də təsdiqləyirlər ki, Samux şəhər UMM-in əsas uğurları 2004-cü ildən - Ülviyyə Rafiq qızı Nadirovanın məktəbə direktor təyin olunduğu vaxtdan başlayıb.

Ülviyyə Nadirova 1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1984-cü ildə Gəncə Musiqi Texnikumunu fortepiano ixtisası üzrə bitirmiş, ali təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirmişdir. Əmək fəaliyyətinə Göygöl (Xanlar) rayon UMM -də başlamış, 15 ildən artıq Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunda pedaqoji fəaliyyət göstərmişdir.

Samux şəhər UMM-də direktor kimi fəaliyyətə başlayan Ü.Nadirova kollektivə bir yenilik, canlanma gətirmiş, ilk növbədə nizam-intizamın, tədrisin keyfiyyətinin yüksəldilməsinə çalışmışdır. Məktəbə Gəncə Musiqi Texnikumundan təcrübəli müəllimlər dəvət etmiş, istedadlı şagirdlərin respublika səviyyəli müsabiqə və baxışlarda uğurlu iştirakına, şəhərin ictimai-siyasi həyatında, mədəni-kütləvi tədbirlərdə fəal iştirakına nail olmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivlərinin baxış və müsabiqələrində məktəbin birləşmiş xoru mütəmadi olaraq iştirak etmiş, fəxri fərman və pul mükafatları almışdır. 2004-cü ildən etibarən hər tədris ilinin sonunda ənənəvi olaraq məktəbin istedadlı şagirdlərinin iştirakı ilə yekun konsertləri keçirilir.

Fortepiano şöbəsində məktəbdaxili müsabiqə, bəstəkarların yubileylərinə həsr olunmuş konsert-mühazirələr keçirilir, fərqlənən şagirdlərə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunur. 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyi ilə əlaqədar təşkil etdiyi "Gənc müsiqiçilər təhlil və ifa edir" adlı müsabiqədə məktəbin V sinif şagirdi Könül Bayramova I dərəcəli diploma layiq görülmüşdür.

Məktəbin tar ixtisası üzrə III sinif şagirdi Əli Əliyevin (müəllim Sabir Məmmədov) 2009-cu ildə - Uşaq ilinə həsr olunmuş tədbirlər çərçivəsində solo konserti keçirilmişdir. Yüksək səviyyədə keçən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, muğamlar ifa olunmuşdur. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin xalq çalğı alətləri üzrə keçirilən II respublka müsabiqəsində o, III dərəcəli diploma layiq görülmüşdür. 2011-ci lldə Əli Əliyev Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş milli musiqi alətləri ifaçılarının respublika festivalında da yüksək səviyyədə çıxış edərək III dərəcəli diplomla mükafatlandırılmışdır. Festivalda həmçinin məktəbin kamança ixtisası üzrə V sinif şagirdi Könül Məmmədova (müəllim Nürəngiz Əhmədova) fəxri fərmanla təltif olunmuşdur. Həmin festivalda uğurlu iştirakına görə Samux şəhər UMM də fəxri fərmana layiq görülmüşdür.

Samux şəhər UMM-də artıq 2007-ci ildən YAP Samux RT nəzdində ilk partiya təşkilatı fəaliyyət göstərir. Təşkilatın 55 nəfərdən artıq üzvünün əksəriyyətini gənclər təşkil edir. Samux şəhər UMM ilk partiya təşkilatının planına əsasən vaxtaşırı olaraq iclas və yığıncaqlar keçirilir, partiyanın xətti ilə keçirilən ictimai-siyasi tədbirlərdə partiya fəalları yaxından iştirak edirlər.

2010-cu ilin fevral ayında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva məktəbdə olmuş, tarkamança sinifləri şagirdlərinin ifasını dinləyərək, onları çox bəyəndiyini bildirmişdir.

Məktəbin direktoru Ülviyyə Nadirova kollektivin digər uğurlarından danışarkən dedi:

- Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xalqımızın milli sərvəti olan muğam və aşıq sənətinə diqqət və qayğısına cavab olaraq biz məktəbin tarixində ilk dəfə olaraq 2006-cı ildə muğamsaz siniflərini açmışıq. 2010-cu ildə uşaq muğam ifaçılarının V respublika müsabiqəsində muğam sinfinin şagirdləri Əli Əliyev, Vüsal Xəlilov, Dilguşə Əhmədova fəxri fərmanlara layiq görülmüşdür. Böyük ustad Aşıq Ələsgərin 190 illik yubileyinin keçirilməsi məqsədilə məktəbdə xüsusi komissiya yaradılmışdır. Mart ayında Dədə Ələsgərin 190 illik yubileyi geniş konsert proqramı ilə keçiriləcəkdir.

Məktəbimizin mehriban kollektivi var. Burada istedadlı musiqiçi və ifaçılar yetişir. Hazırda öz müəllimləri ilə doğma məktəbdə çalışan, Gəncə Dövlət Filarmoniyasında işləyən, el şənliklərində ansamblqruplar kimi fəaliyyət göstərən məzunlarımız vardır. Hər tədris ilinin sonunda respublikanın müxtəlif ali musiqi təhsili ocaqlarına - musiqi kolleclərinə, musiqi akademiyasına və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Gəncə Dövlət Universitetinin musiqi fakültəsinə sənəd verərək qəbul olunan məzunlarımız Samux şəhər UMM-nin çox böyük uğurlarıdır.

Gələn il 40 yaşını təntənəli şəkildə qeyd edəcəyimiz Samux şəhər UMM-in kollektivi bundan sonra da rayonun istedadlı şagirdlərinin aşkar edilməsi və onların milli-vətənpərvərlik ruhunda tərbiyə olunması işini günün tələbləri səviyyəsində qurmağa, bədii təhsil sahəsində aparılan islahatların səmərəliliyinin artırılması sahəsində yeni-yeni nailiyyətlər qazanmağa çalışacaqdır.

 

Q.PİRİYEV

 

Xalq qəzeti.- 2012.- 12 fevral.- S. 8.