Neftqaz hasilatını artırmaq üçün konkert tədbirlər həyata keçirilir

 

Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurları ölkəmizin sabit və davamlı inkişafı üçün möhkəm baza yaratmışdır. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan Respublikası bir sıra mötəbər beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə imicini qazanmışdır.

Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2011-ci ildə də Azərbaycanda sürətli inkişaf dinamikası müşahidə edilmiş, istər ictimai-siyasi, istərsə də sosial-iqtisadi və mədəni həyatda bir sıra yeni nailiyyətlər qazanılmışdır. Təbii ki, bu sırada iqtisadi tərəqqini, xüsusilə də neft-qaz sektorunun daha da inkişafını, modernləşməsini qeyd etmək lazımdır. Təsadüfi deyil ki, yanvar ayının 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu sahədə əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "...2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir... 2011-ci ildə yeni böyük qaz yatağı aşkarlanıb. "Abşeron" qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmışdır. İlkin məlumatlara görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz ehtiyatları vardır. Azərbaycan Dövlət Neft Şirkəti öz gücü hesabına 2011-ci ildə "Ümid" yatağını aşkar etmişdir. Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə artırır..."

Hazırda yeni yataqların kəşf olunması, ixrac imkanlarının genişləndirilməsi və s. sahələrdə əldə olunan müsbət göstəricilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və onun struktur bölmələrinin böyük əməyi var. Bu baxımdan "Azneft" İstehsalat Birliyi üzrə 2011-ci ildə həyata keçirilmiş işləri də qənaətbəxş hesab etmək olar. Ölkənin quru və dəniz yataqlarında neft-qaz hasilatını həyata keçirən birlik artıq uzun illərdir ki, bu sahədə fəaliyyətini uğurla davam etdirir. Məlumat üçün bildirmək istəyirəm ki, hazırda "Azneft" İstehsalat Birliyi tərəfindən dəniz sektorunda 14 neftqaz-kondensat, quruda isə 17 neftqaz yatağı istismar olunur. Ölkəmizin neft-qaz strategiyasına uyğun olaraq bu yataqların işlənməsi və istismarı sisteminin daim təkmilləşdirilməsi mühüm məsələlərdən biridir. Bu məqsədlə yataqların qalıq neft-qaz ehtiyatlarını müəyyənləşdirmək üçün müasir geofiziki tədqiqat işlərinin aparılması, onların geoloji quruluşunun dəqiqləşdirilməsi və eyni zamanda, quyu şəbəkəsinin sıxlaşdırılması işlərinin həyata keçirilməsinə diqqət getdikcə artırılır. Bu da yataqların səmərəliliyinin artırılmasına imkan yaradır. Yeri gəlmişkən, son illər "Azneft" İstehsalat Birliyi tərəfindən görülən işlərin nəticəsi olaraq dəniz yataqları üzrə perspektivli sahələr aşkar edilmişdir. Bundan əlavə, işlənmədə olmayan yeni sahələr aşkarlanmış və qalıq neft ehtiyatının çıxarılması məqsədilə həmin sahələrin işlənməyə cəlb olunması müəyyən edilmişdir.

Ötən il "Azneft" İstehsalat Birliyi tərəfindən yataqların səmərəli işlənməsi, neftqaz- kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilmişdir. Məlum olduğu kimi, yataqların işlənməsinin səmərəliliyinin artırılması, neftqaz-kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsində istismar quyularının qazılması, geoloji tədbirlərin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan 2011-ci ildə birlik üzrə işlərin həm kəmiyyətcə, həm də keyfiyyətcə yüksəlməsi təmin olunmuş, quyuların istismara daxil edilməsi və onların hesabına neft-kondensatqaz hasilatı, istismar quyularının yüksək məhsuldarlıqla və optimal rejimdə işləmələri, həmçinin geoloji-texniki tədbirlərin aparılması sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.

2011-ci ildə "Azneft" İB üzrə 7 milyon 146 min 484 ton neft hasil edilmişdir. Hesabat ilində birlik tərəfindən 7 milyon 93 min 624 ton neft təhvil verilmişdir. Qaz hasilatı sahəsindəki uğurlarımız isə ilbəil artır. Bu da Dövlət Neft Şirkəti rəhbərliyinin xüsusi diqqət qayğısı sayəsində yeni qaz proqramının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Ötən il birlik üzrə 6 milyard 797 milyon 324 min kubmetr qaz hasil olunmuşdur.

Neftqaz hasilatının artırılması üçün prioritet sahələrdən biri quyu fondu üzrə mühüm işlərin həyata keçirilməsindən ibarətdir. Bu baxımdan 2011-ci ildə bir sıra vacib işlər görülmüş, qazmadan 76 quyu istismara daxil edilmişonlardan 213 min 157 ton neft çıxarılmışdır. Bundan əlavə, il ərzində fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimlərin seçməklə istifadə edilməsi və səmərəli geoloji-texniki tədbirlərin aparılmasına da diqqət xeyli artırılmışdır. Ötən il 117 əvəzinə 202 quyu təmir edilərək istismara qaytarılmış, bunun da hesabına nəzərdə tutulmuş 31400 ton əvəzinə 59178 ton əlavə neft hasil edilmişdir. Bununla yanaşı, hesabat ilində 4115 quyuda texniki tədbir həyata keçirilmişonlardan 74950,9 ton neft çıxarılmışdır. Nəzərdə tutulduğundan 810 tədbirin çox həyata keçirilməsi əlavə 13309 ton neft hasilatına imkan yaratmışdır. İl ərzində həmçinin 937 geoloji tədbir reallaşdırılmış, 394667 ton əlavə neft hasil edilmişdir. Bu da plandan 170 tədbir artıq 72867 ton çox neft deməkdir.

"Azneft" İstehsalat Birliyində gələcək perspektiv üçün 2025-ci ilə kimi strateji inkişafa dair kompleks plan, o cümlədən "28 May", "Neft Daşları", N.Nərimanov adına və "Abşeronneft" neft və qazçıxarma idarələri üzrə 2011-2015-ci illərə qədər neftqaz hasilatının sabit saxlanılması üçün tədbirlər proqramları işlənib hazırlanmışdır. Artıq həmin proqramların icrası istiqamətində konkret işlər həyata keçirilir. Bu baxımdan "28 May" NQÇİ-də görülən işləri xüsusi olaraq vurğulamaq lazımdır. Məlumat üçün bildirirəm ki, 2011-2015-ci illərdə adı çəkilən idarə üzrə neftqaz hasilatının sabitləşdirilməsi üçün kompleks tədbirlər proqramına əsasən, bir sıra işlərin görülməsi nəzərdə tutulur. Belə ki, yeni neft quyularının qazılması üçün ehtiyat baxımından perspektivli sahələrin müəyyənləşdirilməsi, əlavə özüllərin tikintisimövcud özüllərdə qazma nöqtələrinin artırılması planlaşdırılır. Bu məqsədlə "Günəşli" yatağında qalıq neftqaz ehtiyatlarının çıxarılması üçün yeni tikiləcək 12 quyuluq 7 saylı özülün və "Çilov" yatağında 10 istismar quyusunun qazılması üçün 112 saylı stasionar dəniz özülünün inşası nəzərdə tutulur. Bundan əlavə, "Neft Daşları" yatağında 98 ədəd istismar quyusunun qazıntısına imkan yaradan 10 ədəd stasionar özülün tikintisi, eləcə də "Palçıq Pilpiləsi" yatağında 19 istismar quyusu üçün nəzərdə tutulan 5 ədəd bu tip özülün inşası da yaxın illər üçün planlaşdırılan mühüm işlərdəndir. Eyni zamanda, "Pirallahı", "Darvin Bankəsi" və "Qərbi Abşeron" dəniz yataqları üzrə perspektivli sahələr araşdırılmış və qalıq neft ehtiyatının çıxarılması üçün təkliflər paketi hazırlanmışdır.

Ötən il qazın yığılması proqramı istiqamətində də böyük işlər həyata keçirilmişdir. Qaz hasilatını artırmaq məqsədilə yeni qaz quyularının qazıntısı davam etdirilmişdir. "Günəşli" yatağından Neft Daşlarınadək 500 millimetrlik iki yüksək təzyiqli boru kəməri çəkilmiş və qazın qurudulması üçün separator qurğusu inşa olunmuşdur. Bundan əlavə, qazın sahilə çatdırılması üçün Neft Daşları-Bahar və Bahar-Hövsan sualtı boru kəmərləri çəkilmişdir. Neft Daşlarında 2 saylı kompressor stansiyasının genişləndirilməsi məqsədilə əlavə 4 kompressor quraşdırılaraq istismara buraxılmışdır. Bu da stansiyanın məhsuldarlığını 11 milyon kubmetrə çatdırmağa imkan yaratmışdır. Son illər qaz itkilərini minimuma endirmək məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu qəbildən olan işlər ötən ildavam etdirilmişdir. Belə ki, qazın havaya atılmasının qarşısını almaq üçün "Günəşli" yatağında gündəlik məhsuldarlığı 4 milyon kubmetr olan kompressor stansiyası quraşdırılmış və yanvar ayının sonunda istismara buraxılması nəzərdə tutulmuşdur. "Neft Daşları" yatağında qazın havaya atılmasının qarşısını almaqonun yığılması üçün müvafiq sistem tətbiq edilmiş, NQK tipli 56 kompressor işə buraxılmışdır. "Palçıq Pilpiləsi" yatağında isə havaya atılan qazın yığılması üçün 10 kompressor quraşdırılaraq istismara verilmişdir.

Yaxın vaxtlarda "Günəşli" yatağında quyuların qazlift üsulu ilə istismarı üçün gündəlik məhsuldarlığı 3 milyon kubmetr olan qazlift kompressor stansiyasının və Neft Daşlarında 2 saylı kompressor stansiyasında gündəlik məhsuldarlığı 7,2 milyon kubmetr olan yeni kompressor stansiyasının tikintisi nəzərdə tutulmuşdur. . Payız-qış mövsümündə əhalinin "mavi yanacaq"la təminatını yaxşılaşdırmaq məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində yeraltı qaz anbarlarında yığılan qazın həcmi 1,9 milyard kubmetrdən 3 milyard kubmetrədək artırılmışdır. Bununla yanaşı, anbarların məhsuldarlığının daha da artırılması üçün mühüm işlər görülmüş, yeni qurğu və avadanlıqlar quraşdırılmışdır. Hazırda QalmazQaradağ yeraltı qaz anbarlarına vurulan qazın həcminin artırılması üçün kompressor stansiyalarında qazın götürülməsi sisteminin müasirləşdirilməsi üzrə təmir işləri aparılır, təzə xətlər çəkilir, yeni qazyığma məntəqələri tikilir. İstehlakçılara verilən qazın keyfiyyətinin artırılması üçün Qalmaz yeraltı qaz anbarında qazqurutma qurğusu quraşdırılmış və istismara hazırlanır. Bu istiqamətdə planlaşdırılan işlər başa çatdıqdan sonra anbarlara vurulan qazın həcmi 5 milyard kubmetrə çatdırılacaq. 2011-ci ildə "Bulla-dəniz" yatağından cənub-şərqdə yerləşən böyük qaz-kondensat ehtiyatlarına malik "Ümid" yatağı açılmışdır. Geoloji-geofiziki materialların təhlili ilə Bakı arxipelaqında şimal-qərbdən cənub-şərqə doğru layların kollektor xüsusiyyətlərinin getdikcə yaxşılaşdığı və qalınlıqlarının artdığı müəyyənləşdirilmişdir. "Ümid" yatağında quyularda aparılmış geoloji-geofiziki tədqiqatların təhlili ondan cənub-şərqdə yerləşən "Babək" strukturunun böyük potensiala malik qaz-kondensat yatağı olduğunu göstərir. Qeyd olunanları nəzərə alaraq "Babək" strukturunda məhsuldar qat çöküntülərinin VII horizontunun neft-qazlılığının müəyyənləşdirilməsi məqsədilə tağa yaxın hissəsində axtarış quyularının qazılmasına başlanılması üçün hazırlıq işlərinin aparılması nəzərdə tutulur. Bundan əlavə, "Çıraq" yatağından cənubda yerləşən geofiziki üsullarla müəyyənləşdirilmiş və şərti olaraq D-30 adlandırılan qırışığın Qala lay dəstəsinə kimi çöküntü kompleksinin geoloji quruluşunun və neft-qazlılığının öyrənilməsi üçün axtarış quyusunun qazılması məqsədilə hazırlıq işlərinin aparılması nəzərdə tutulur. Abşeron neftli-qazlı rayonunun iri tektonik zonalarından olan Şimali-Abşeron qalxımlar zonasında ehtiyatlar aşkar olunmuşdur. Məhz buna görə də "Qarabağ", "Əşrəfi", "Qərbi Abşeron" kimi perspektivli strukturlarda kəşfiyyatın başa çatdırılması zəruri hesab edilir.

"Azneft" İstehsalat Birliyində hər il olduğu kimi, 2011-ci ildə də yeni texnika və texnologiyanın istehsalatda tətbiqinə böyük önəm verilmişdir. Bu məqsədlə kompleks tədbirlər proqramı tərtib edilmişdir. Xatırladaq ki, proqramın əsasını Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun və digər təşkilatların elmi-tədqiqat və təcrübi konstruktor işlərindən alınan işləmələrin, həmçinin əldə edilmiş müasir xariciyerli alət-avadanlıqların istehsalatın müxtəlif sahələrində tətbiqi təşkil edir. Yeri gəlmişkən, duzlaşmayakorroziyaya qarşı VFİKS-82 reagentinin, tıxac təmizləyən qurğuların, ştanqlı dərinlik nasosu ilə işləyən quyularda nasosun qazqumdan mühafizə qurğusu, dərin dəniz özüllərində müasir tipli "ƏKS OSMOS" təmizləyici qurğularının tətbiqi yüksək iqtisadi səmərə vermişdir. Bununla yanaşı, ötən il vintli nasosların tətbiqinə də başlanılmışdır. Bütövlükdə isə 2011-ci ildə "Azneft" İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinin 1309 obyektində yeni texnika və texnologiyaların tətbiqi ilə bağlı tədbirlər həyata keçirilmiş, nəticədə nəzərdə tutulduğundan 5844 ton artıq neft hasil edilmişdir. Bununla yanaşı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev tərəfindən təsdiq olunmuş "2010-2015-ci illər üçün nanoneft proqramı"nın icrası hazırda uğurla davam etdirilir.

2011-ci ildə neft-qaz hasilatına xidmət edəcək bir sıra vacib obyektlərdə tikinti işləri də uğurla davam etdirilmişdir. Belə ki, 4 saylı dərin dəniz özülündə alçaq təzyiqli kompressorqazlift kompressor stansiyalarının, 7 saylı dərin dəniz özülünün tikintisi, eləcə də yeni istismar quyularının qazılması üçün 14 və 6 saylı dərin dəniz özüllərinin yenidən qurulması, özüllərin qazlift istismarı üçün abadlaşdırılması işləri uğurla başa çatdırılmışdır. Bundan əlavə, Qaradağ qaz separasiya məntəqəsinin tikintisi, "Palçıq Pilpiləsi" yatağında alçaq təzyiqli qazın yığılması üçün 1201 saylı meydançada 10 ədəd kompressorun quraşdırılması, Qalmaz kompressor stansiyasının yenidən qurulması, Qalmaz qazpaylama məntəqəsinin inşası, Buzovna sahəsində 3 və 4 saylı neft- qazçıxarma sexlərinin neftyığma sahəsinin və neftin-suyun kompleks hazırlanması və vurulması məntəqəsinin tikintisiil ərzində həyata keçirilən mühüm işlərdəndir.

Ötən il "Neft Daşları" NQÇİ-də 9 mərtəbəli 316 çarpayılıq binada yenidənqurma və əsaslı təmir işləri başa çatdırılmış və müasir məişət avadanlıqları ilə təchiz olunmuşdur. Yataqxananın açılışında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev iştirak etmişdir. "28 May" NQÇİ-də inzibati binanın, müasir tələblərə cavab verən çörəkbişirmə sexinin, Çilov adasında 4A saylı yataqxananın tikintisi başa çatdırılmış və müasir məişət avadanlıqları ilə təchiz edilmişdir. Çilov adasında sutkada 500 kubmetr istehsal gücünə malik su təmizləyici qurğu quraşdırılaraq istifadəyə verilmişdir. 19 saylı dərin dəniz özülündə çalışan neftçilərə 2 ədəd yaşayış evciyi verilmiş, 5, 8 və 19 saylı özüllərin yaşayış bloklarında təmir işləri başa çatdırılmış, müasir tipli mebel və avadanlıqlarla təchiz edilmişdir. Son illər neftçilərimiz ağacəkmə kampaniyalarında və yaşıllaşdırma tədbirlərində də yaxından iştirak edirlər. Məhz onların səyi ilə artıq Çilov adası yaşıllıqlar diyarına çevrilmişdir. Belə ki, ötən il burada 35 min ədəd ağac əkilmiş və həmin ərazilər dəmir torla hasara alınmışdır.

"Bibiheybətneft" NQÇİ üzrə bir sıra inzibati binalarda əsaslı təmir işləri həyata keçirilmiş, həmin binalar müasir məişət avadanlıqları ilə təchiz edilmişdir. Hazırda isə 2 saylı neft-qazçıxarma sexinin yeni inzibati binasının tikintisi davam edir. Ötən il H.Z.Tağıyev adına NQÇİ-nin 1 və 2 saylı neft-qazçıxarma sexlərində, qaz-kompressor sexinin 17 saylı kompressor stansiyasında əsaslı təmir işləri aparılmış, NQÇİ-nin inzibati binası və sexlərdə olan xidməti, məişət və digər otaqlar avadanlıqlarla təchiz olunmuşdur. Bununla yanaşı, Qaraçuxur İriləşdirilmiş Neft Mədənində inzibati binalar tikilmiş və lazımi avadanlıqlarla təchiz edilmişdir. Qaz Anbarlarının İstismarı İdarəsinin sosial obyektlərində də əsaslı və carı təmir işləri aparılmış, inzibati binanın ətrafı və əsas yola qədər olan məsafəyə yeni asfalt örtüyü salınmışdır. İdarənin yeməkxanası əsaslı təmir olunaraq, bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. Ötən il "Siyəzənneft" NQÇİ-nin sex və sahələrində də abadlıq işləri həyata keçirilmişdir. Hazırda "Azneft" İstehsalat Birliyinin strukturuna daxil olan digər idarə və müəssisələrdə də sosial yönümlü məsələlərin həlli istiqamətində işlər davam etdirilir.

 

Daşqın İSKƏNDƏROV, "Azneft" İstehsalat Birliyinin baş direktoru

 

Xalq qəzeti.- 2012.- 10 fevral.- S. 3.