Binəqədi rayonunda sosial-iqtisadi inkişaf diqqət mərkəzindədir

 

Binəqədi Rayon İcra Hakimiyyətində 2011-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının həyətindəki büstü önünə gül dəstələri qoymuş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

 

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açmışdır. Hesabat məruzəsi ilə çıxış edən natiq dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqinin bəzi məqamları üzərində geniş dayanmışdır. 2011-ci ildə ölkə həyatının bütün sahələrində əldə olunmuş uğurların Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini və cari ildə bu nailiyyətlərin daha da inkişaf etdirilməsinin, nəzərdə tutulmuş bütün proqram və layihələrin yerinə yetirilməsinin vacibliyinin vurğulandığını diqqətə çatdıran natiq ötən il baş vermiş davamlı inkişaf prosesində Binəqədi rayonunun da mühüm rol oynadığını bildirmişdir.

Qeyd olunmuşdur ki, 2011-ci ildə Binəqədi rayonunda metronun Dərnəgül stansiyası, Bakı Tennis Akademiyasının mərkəzi tennis kortu, "Bakı" futbol klubunun təlim-məşq kompleksi kimi iri obyektlər istifadəyə verilmişdir.

Hazırda metronun "Avtovağzal" və "Depo" stansiyalarında, Moskva Dövlət Universitetinin Bakı filialında, Heydər Əliyev ictimai mərkəzində, Z.Bünyadov prospektindəki yol ötürücüsündə inşaat işləri sürətlə davam etdirilir.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Binəqədi rayonunda 77 tədbir nəzərdə tutulmuşdur. Ötən il həmin tədbirlərdən 7-nin icrası təmin olunmuşdur. Belə ki, 83, 179, 301 saylı məktəblərin, 291, 297 saylı uşaq bağçalarının, Biləcəri qəsəbəsində 15 saylı poliklinikanın əsaslı təmiri, 28 May qəsəbəsində həkim məntəqəsinin tikintisi başa çatdırılmışdır. Hazırda Xocasən qəsəbəsində stadionun yenidən qurulması, 90 saylı uşaq bağçasının əsaslı təmiri yekunlaşmaq üzrədir. Xocasən qəsəbəsindəki 103 saylı məktəb üçün 640 yerlik tədris korpusunun, Biləcəri qəsəbəsində Mədəniyyət və istirahət parkının və Binəqədi qəsəbəsində baytarlıq məntəqəsinin tikintisində işlər isə davam etdirilir.

Yuxarıda adı çəkilən Dövlət Proqramı çərçivəsində ötən il rayonun qəsəbələrində məhəllədaxili yolların asfaltlanması sahəsində də xeyli iş görülmüşdür. Sulutəpə, M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi qəsəbələrində ümumilikdə 35 kilometr yola asfalt döşənmişdir. Bundan başqa, "Azəryolservis" ASC xətti ilə Binəqədi-Mehdiabad yolu və Binəqədi şosesi yenidən qurulmuşdur.

Natiq bildirmişdir ki, 2011-ci ildə rayon üzrə 1 milyard 810 milyon manatlıq məhsul buraxılmışdır ki, bu da əvvəlki illə müqayisədə 22,5 faiz çoxdur. Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi 6,1 faiz təşkil etmişdir. Sənaye məhsulunun həcmi 2010-cu illə müqayisədə 5,2 faiz artaraq 156,8 milyon manat olmuşdur. Sənaye məhsulunun həcmində dövlət sektorunun payı 32,3 faiz, qeyri-dövlət sektorunun payı isə 67,7 faiz olmuşdur. İl ərzində sənayedə çalışan işçilərin sayı orta siyahı sayı ilə 2,2 faiz artaraq 5287 nəfər, işçilərin orta aylıq əmək haqqı isə 2011-ci illə müqayisədə 29,6 faiz artaraq 447,3 manat olmuşdur.

Ötən ilin yekunu üzrə bütün maliyyə mənbələri hesabına 22693,2 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da 2010-cu illə müqayisədə 132,4 faiz təşkil edir. Rayonda hesabat ilində 1936 kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilmişdir. Sözügedən dövrdə əsas kapitala 27883,9 min manat investisiya yönəldilmişdir ki, bu da 2010-cu illə müqayisədə 4,8 dəfə çoxdur. 2011-ci ilin yanvar-dekabr aylarında 201568,4 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

Rayon iqtisadiyyatının başqa sahələrində olduğu kimi, istehlak bazarında da son illər müsbət irəliləyişlər əldə edilmişdir. Ötən il ərzində istehlak bazarı dinamik inkişaf etmiş, rayon əhalisinə 1 milyard 120 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Binəqədi rayonunda ötən il ərzində 4240 yeni iş yeri yaradılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.

Rayonda il ərzində nümunəvi məhəllələrin salınması, uşaq meydançalarının, məhəllədaxili yolların təmiri davam etdirilmiş, mənzil fondunun yaxşılaşdırılması üçün bir sıra işlər görülmüşdür.

Rayon əhalisinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayonun Biləcəri, Sulutəpə və Binəqədi qəsəbələrində 7 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 6 ədəd transformator daha güclüsü ilə əvəz edilmiş, ilboyu kabellərin "SİP"ləşməsi davam etdirilmiş, 6,8 kilometr kabel xətti təmir olunmuş, 1550 metr yeni hava xətti çəkilmiş, 1450 abonentə sayğac qoyulmuşdur. Görülmüş tədbirlər nəticəsində istehlak olunan elektrik enerjisinin dəyəri 97 faiz olmuşdur.

Hesabat ilində əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, Binəqədi qəsəbəsində tutumu 500 kubmetrlik su anbarları və nasos stansiyasının tikintisinə başlanılmış, 9-cu mikrorayondakı şimal su anbarından 6-cı mikrorayondakı S.Məmmədova küçəsinədək 2200 metr uzunluğunda magistral su xətti çəkilmiş, məhəllədaxili nasosxanalarda cari və əsaslı təmir işləri aparılmış, 1680 ünvanda su axınının qarşısı alınmışdır.

Rayon əhalisinin və digər istehlakçı qruplarının qaz təchizatını yaxşılaşdırmaq məqsədilə il ərzində qəsəbələrdə və yaşayış massivlərində 16 min metr qaz xətti çəkilmiş, 20 ədəd qaz tənzimləyici quraşdırılmışdır. Görülən tədbirlər nəticəsində istehlak olunan qazın dəyərinin ödənilməsi 92,5 faiz olmuşdur.

Hesabat ilində rayondakı təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Təhsil sektorunun maliyyələşdirilməsinə ayrılan büdcə 2011-ci ildə 52 faiz artırılmışdır. Yeni tikilən və əsaslı təmir edilən bütün məktəblər müasir avadanlıqlarla təchiz olunmuşdur. Məktəblərə büdcə vəsaitləri hesabına 6193 şagird partası, 1439 stol, 2285 stul, 603 yazı lövhəsi, 126 şkaf, 392 kompyuter, 347 kompyuter stolu verilmişdir.

Prezident İlham Əliyevin bütün görüşlərində vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilməsi barədə tapşırıq verdiyini xatırladan A. Qocayev bu məqsədlə ötən il rayonda səyyar qəbul və görüşlərin keçirildiyini və vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həll edildiyini bildirmişdir.

Hesabat məruzəsinin sonunda 2012-ci ildə miqyasına və əhəmiyyətinə görə qarşıda daha böyük və ciddi vəzifələrin dayandığını vurğulayan rayon icra hakimiyyətinin başçısı A.Qocayev Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ölkə başçısı İlham Əliyevin sosial-iqtisadi və siyasi kursunun uğurla həyata keçirilməsi üçün bütün imkanların gələcəkdə də səfərbər olunacağını, rayon sakinlərinin artan maddi və mənəvi tələbatının ödənilməsi üçün bütün tədbirlərin görüləcəyini bildirmişdir.

Məruzə ətrafında çıxış edən natiqlər rəhbərlik etdikləri sahələrin 2011-ci ildəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə hesabat vermişlər. Ötən ilin bütün ölkə kimi, paytaxtın Binəqədi rayonu üçün də əlamətdar olduğunu bildirmişlər, bu uğurların artırılması üçün daha böyük əzmkarlıqla çalışmağın vacibliyini diqqətə çatdırmışlar.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı Madər Musayev, Dövlət Sığorta Şirkətinin prezidenti Məmməd Məmmədov iştirak etmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 15 fevral.- S. 4.