Qubadlı rayonu ötən ilə yekun vurub, qarşıda duran vəzifələri müəyyənləşdirdi

 

Fevralın 14-də Qubadlı rayonunda 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaq keçirilmişdir.

 

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçək dəstələri qoymuş, ulu öndərə dərin ehtiramlarını bildirmişlər. Sonra yığıncağın keçirildiyi Sumqayıt şəhərindəki 28 May Mədəniyyət evinin foyesində təşkil edilmiş və Qubadlı rayonu üzrə 2011-ci ilin yekun statistik göstəricilərini əks etdirən stendlərlə tanış olmuşlar. İclasdan əvvəl Qubadlı rayonunun rəsmi saytı təqdim olunmuşdur.

Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov geniş hesabat məruzəsi ilə çıxış etdi. O bildirdi ki, 2011-ci il Azərbaycanın tarixində əlamətdar hadisələrlə zəngin olan bir ildir. Ötən il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ölkədə böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edilmişdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu daha da möhkəmlənmişdir.

Avropanın bir nömrəli musiqi yarışmasında Azərbaycanın qələbə qazanması mədəniyyətimizin, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə diplomatiyamızın böyük qələbəsi, dövlətimizin dünyada artan nüfuzunun göstəricisi olmuşdur. Azərbaycan 2011-ci ilin yekunlarına görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən strategiyanın Azərbaycan Republikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən yaradıcılıqla həyata keçirilməsinin nəticəsidir.

Malik müəllim ötən il həyata keçirilən konkret tədbirlərdən danışmazdan əvvəl rayon əhalisinin məskunlaşma coğrafiyasını diqqətə çatdırdı. Qeyd etdi ki, hazırda rayonun 34 min 508 nəfər əhalisi vardır. Onlar respublikanın 42 yaşayış məntəqəsində məskunlaşsa da, böyük əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Belə ki, 21 min 835 nəfər, yaxud əhalinin 63,3 faizi Sumqayıt şəhərində, 9843 nəfər, yaxud əhalinin 28,5 faizi Bakı şəhərinin rayonlarında, 1262 nəfər, yaxud əhalinin 3,7 faizi Abşeron rayonu ərazisindədir. 1865 nəfər isə digər şəhər və rayonlarda məskunlaşmışdır.

Əhalinin hamısı rayon icra hakimiyyətinin 31 ərazi vahidi üzrə nümayəndəliyində birləşir. Əksər ərazi nümayəndəliklərinin əhalisi də pərakəndə şəkildə, yəni həm Abşeron yarımadası ərazisini əhatə edən yaşayış məntəqələrində, həm də kənd rayonlarında yerləşmişdir.

Buna görə də rayon icra hakimiyyəti və onun yerli srukturları öz işlərini köçkünlərimizin məskunlaşma spesifikasına uyğun qurmaq məcburiyyətindədir.

Buna baxmayaraq, ötən il rayonumuzda xeyli işlər görülmüşdür. 2011-ci ildə əsas diqqət köçkünlərimizin kommunal problemlərinin həllinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, ümumiyyətlə əhaliyə xidmət edən idarə, müəssisə və təşkilatların, icra strukturlarının işinin səmərəli qurulmasına yönəldilmişdir. Rayon vergilər idarəsinin, maliyyə, təhsil, mədəniyyət və turizm şöbələrinin, mədəniyyət evinin, Mahmudlu kənd uşaq musiqi məktəbinin, Mahmudlu və Yuxarı Mollu kənd tam orta məktəblərinin yerləşdiyi binalarda istilik sistemləri quraşdırılmışdır. Burada dam örtüklərinin yumşaq materiallarla əsaslı təmiri və mədəniyyət evinin cari təmir işləri başa çatdırılmışdır. Mərkəzi xəstəxananın poliklinika binasında cari təmir işləri aparılmışdır.

Bildirilmişdir ki, il ərzində Sumqayıt şəhərində və digər ərazilərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərin mənzillərində yaranan qəzalı vəziyyət aradan qaldırılmış, divarlarda bərkitmə və suvaq işləri aparılmış, dam örtüyünün təmiri üçün lazım olan tikinti materialları ilə köməklik göstərilmiş, qaz, suelektrik enerjisi ilə bağlı yaranan problemlər öz müsbət həllini tapmışdır.

Malik müəllim qeyd etdi ki, əhalinin kommunal şəraitinin yaxşılaşdırılması başlıca qayğımızdır və bu istiqamətdə həm dövlət proqramları çərçivəsində, həm də yerli imkanlar hesabına tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.

Rayonda son illər həyata keçirilən tədbirlər nəticəsində əmək qabiliyyətli əhalinin xeyli hissəsi işlə təmin olunmuşdur. Bundan əlavə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələblərinə uyğun olaraq indiyədək 2 min 274 yeni yeri, o cümlədən 2011-ci ildə 292 yeri açılmışdır.

Ötən il rayonun təhsil şəbəkəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davam etdirilmişdir. 6 məktəb əsaslı təmir edilərək yenidən qurulmuş, siniflər kompyuter və avadanlıqlarla təchiz edilmişdir. Məzunların 41 faizinin, yaxud 132 nəfərinin 2011-ci ildə ali təhsil müəssisələrinə qəbul olunması, test imtahanlarında 21 nəfərin 500-700 arası yüksək bal yığa bilməsi, bir nəfərin isə Prezident təqaüdünə layiq görülməsi bütövlükdə təhsil şöbəsinin və məktəblərimizin böyük uğurudur.

Ötən il əhalinin yardım və köməyə ehtiyacı olan aztəminatlı hissəsi daim rayon icra hakimiyyətinin diqqətində saxlanılmış, onlara imkan dairəsində kömək göstərilmişdir. 2011-ci ildə şəhid ailələrinə 28 min manatlıq ərzaq yardımı, aztəminatlı ailələrə isə 4 min 225 manat dəyərində sənaye malları paylanmışdır.

İmkansız ailələrə yas mərasimlərinin təşkili, mənzillərinin təmiri, müalicə və dərman preparatlarının alınması üçün il ərzində 90 min manatadək maddi köməklik göstərilmiş, tələbə gənclərə kompyuter hədiyyələri verilmişdir. Ötən il 5 nəfər Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi əlili pulsuz avtomobillə təmin olunmuşdur.

Yığıncaqda çıxış edən təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva, gənclər və idman idarəsinin rəisi Natiq Abbasov, mərkəzi xəstəxananın baş həkimi Nüsrət Əhmədov və başqaları görülən işləri ölkə Prezidentinin bu kateqoriyadan olan insanlara qayğısının təzahürü kimi dəyərləndirmiş, rayon rəhbərliyinin fəaliyyətindən razılıqlarını bildirmişlər. Çıxışların əsas qayəsi bu olmuşdur ki, Qubadlı rayonunun əhalisi dövlətimizin başçısına inanır, onun siyasətini müdafiə edir.

Tədbirdə uzun illər rayonun ictimai-siyasi həyatında səmərəli və fəal iştiraklarına görə bir qrup rayon ziyalısı - Saray kənd sakini Yusif İsayev, Dondarlı kənd sakini Lətif Məhərrəmov, Qubadlı şəhər sakini Süleyman Rüstəmov RİH başçısının fəxri fərmanı ilə təltif olundular.

Yığıncağın işində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov çıxış etdilər.

Sonda yığıncağın qətnaməsi oxundu, iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 15 fevral.- S. 4.