Lerik: gərgin zəhmət öz bəhrəsini verir

 

Hər bir insanın illərin arxasından dönüb yurd yerinə, ata evinə, dünya ilə tanışlığının ilk ünvanına qayıtmağı, keçmişi ilə danışmağı var. Mən o ünvana tez-tez qayıdıram. Xüsusilə də son illər. Və hər qayıdanda qələm dostlarımdan birinin "Talış dağlarının mirvarisi" adlandırdığı doğma Lerikdə inkişaf və tərəqqidən, abadlıq və quruculuqdan soraq verən işləri görəndə içim rahatlanır. Çünki Azərbaycan üçün dünyanın ədalətsizliklərinin dünya boyda dərd kimi azərbaycanlıların az qala bütün müstəqillik arzularını puça çıxardığı ötən əsrin 90-cı illərinin əvvəllərində, əslində elə tarixin dünənində, mənə elə gəlmişdi ki, qazandığımız itirdiklərimizə dəyməz. Onda itirə-itirə gedirdik. Nə gizlin, müstəqilliyin quru adından başqa nə qazanmışdıq ki?

 

Və mən hər dəfə Lerikə qayıdanda Qarabağ savaşında oğul itirən ata-anaların baxışlarında kədər qarışıq qınaq, müəmmalı suallar görür, bundan çox sarsılırdım. Axı, əlimə qələm alıb özümü jurnalist kimi təqdim etməyə cəsarət tapandan, böyüdüyüm bu məmləkətdə məni doğru söz sahibi kimi tanıyırdılar. Elə o səbəbdən məmləkəti uçuruma, milləti səfalətə və cəhalətə sürükləməkdə olan xaos və anarxiya bu gözdən, könüldən uzaq doğma yurdun nə vaxtsa inkişaf edəcəyinə və mənim buradakı insanların üzünə dik baxa biləcəyimə olan ümidlərimi tədricən əritməyə başlamışdı...

...Bu günlər doğma yurdun yeni növrağını görəndə ən azından elə buna görə toxtaqlıq tapır və hələ bir az da qürrələnirəm. Hər səfərimdə atamın yaxın dostu, el ağsaqqalı, uzun müddət Lerik rayonunda rəhbər vəzifələrdə çalışmış, rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirovla bu haqda söhbətimiz düşəndə tərəddüd etmədən deyir:

- Qardaşoğlu, nə yazırsınız yazın, amma bir tarixi gerçəkliyi heç zaman unutmayın: Allah o yerdə bizimlə oldu ki, o böyük insan Azərbaycana yenidən qayıtdı və məmləkəti xilas etdi. Elə Lerikin və leriklilərin də baxtı onda gətirdi.

Təbii ki, söhbət məhz ümummilli lider Heydər Əliyevdən gedirdi. Xatirəsi bütün xalqımız üçün müqəddəs və əziz olan bu dahi şəxsiyyətə leriklilərin sevgisi son dərəcə böyük və unudulmazdır. Çünki yurddaşlarım üçün Lerikin inkişaf və tərəqqi tapmasında bu dahinin və onun böyük yolunun davamçısı Prezident İlham Əliyevin xidmətləri bir yana, onların bu dağ adamlarına xüsusi münasibəti leriklilərin heç zaman unutmadığı bir təəssüratdır.

Hidayət müəllimin haqlı sözünə nə deyəsən ki, "Lerik rayon kimi formalaşandan son illərə qədər bu məmləkətə bir dövlət başçısının da ayağı dəyməmişdi. Amma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 8 ildə Lerikə 3 dəfə səfər edib və hər səfər bu ucqar dağ rayonunun həyatında möhtəşəm bir faktla yadda qalıb. Sovetlər Birliyi kimi nəhəng bir dövlətin bacarmadığı bir işin - bu dağlar şəhərinə qazın çəkilişinin məhz gənc müstəqil dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilməsi bu gerçəkliyin yalnız bir nümunəsidir".

Təbii ki, Lerik istisna deyil. Bu gün dünyanın hər yerində doğma Vətənimizin çox böyük sürətlə inkişaf etdiyini, şəhər və qəsəbələrimizin, kəndlərimizin müasir görkəm aldığını, əhalinin həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını bəyan edir və bunu haqlı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümummilli lider Heydər Əliyevin ideyaları əsasında işləyib hazırladığı tərəqqi və inkişaf strategiyasının uğuru kimi dəyərləndirirlər.

Bu fakta Lerikin ümumi inkişaf dinamikası baxımından yanaşsaq, hətta ucqarların belə mərkəzdən heç nə ilə geri qalmadığının şahidi olarıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dağlar diyarına son səfəri zamanı bir sıra sosial obyektlərin açılışından sonra rayon ictimaiyyəti ilə görüşü zamanı da bu inkişafı yüksək dəyərləndirərək demişdir: "Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Mən artıq üçüncü dəfədir ki, Lerikdəyəm. Hər dəfə gələndə yeni müəssisələr, yeni obyektlər açılır, abadlıq işləri aparılır. Bunları görürəm və çox sevinirəm. Rayonun, sözün əsl mənasında, inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. Çünki Lerik paytaxtdan uzaqda yerləşən dağ rayonudur. Dağ rayonlarına, paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir".

Bu diqqətin nümunəsidir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsindən keçən iki il ərzində rayonda 1951, o cümlədən 2011-ci ildə 621, 2004-2011-ci illər ərzində isə 6701 iş yeri açılmışdır. Açılan iş yerlərinin 30 faizindən çoxu daimi iş yerləridir.

Dövlət vəsaiti hesabına 2011-ci ildə rayonun Hamarmeşə və Veri kəndlərində orta məktəblər inşa edilib istifadəyə verilmiş, Züvüc kəndində 220, Barzavu kəndində 180, Aran, Davradibi, Ləkər, Daster və Kələxan kəndlərində 80 şagird yerlik məktəb binalarının tikintisinə başlanılmışdır. Artıq Davradibi və Daster kənd məktəblərində son tamamlanma işləri görülür.

Ötən il rayon icra hakimiyyəti aparatı Dövlət Neft Şirkətinin vəsaiti hesabına yeni inşa edilmiş üç mərtəbəli, müasir tələblərə cavab verən, şəhərin mərkəzində yerləşən binaya köçmüşdür. Rayon baytarlıq idarəsi də yeni binaya köçmüş, 6 saylı vergilər idarəsi üçün kompyuter terminalının, rayon statistika idarəsi üçün inzibati idarə binasının, Siyov kəndində həkim məntəqəsinin tikintisində son tamamlanma işləri aparılır. Rayon üzrə bütün ATS-lər elektron tipli ATS-lərlə əvəzlənmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Lerik şəhərində 16 mənzilli yaşayış binası, ərazilərdə isə fərdi yaşayış evləri tikilmişdir.

Ötən ilin əlamətdar hadisələrindən biri də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin şəxsi tapşırığı ilə Lerik şəhərində 17 meqavatlıq modul tipli elektrik stansiyasının tikintisinə başlanılmasıdır. Gündəlik 6 meqavat enerjiyə tələbatı olan rayonda dövlət tərəfindən belə bir layihənin həyata keçirilməsi təkcə yeni iş yerlərinin yaradılmasına hesablanmamış, eyni zamanda, cənub zonasının fasiləsiz enerji təminatının təmin olunması üçün atılan addımlardan biridir.

Rayon mərkəzinin daha vacib problemlərinin həlli istiqamətində atılan addımlardan biri də Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə bağlıdır. Bu məqsədlə Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişinə əsasən su təchizatı və kanalizasiya şəbəkələrinin, həmçinin su və çirkab su qurğularının təkmilləşdirilməsi məqsədilə tenderdə qalib gəlmiş Türkiyənin "Gelişim inşaat, turizm, sənaye və ticarət LTD" şirkəti tərəfindən görüləcək işlərə artıq start verilmişdir. 19 kilometrlik Qosmalian-Lerik su xəttinin çəkilməsi üçün texniki işlər həyata keçirilmiş, şirkət tərəfindən rayona ağır texnika, borular və digər texniki vasitələr gətirilmişdir.

Respublika Prezidentinin tapşırığına və müvafiq Dövlət Proqramına uyğun əhalinin içməli su təchizatının yaxşılaşdırılması və fasiləsiz elektrik enerjisi ilə təminatına nail olmaq məqsədilə Lerik şəhərinə su xəttinin çəkilməsi, şəhərin kanalizasiya sisteminin yaradılması, habelə 17 meqavat gücündə modul tipli elektrik stansiyasının tikintisinə ilkin hesablamalara görə 50 milyon manatdan artıq vəsait ayrılmışdır. Bunlar maliyyə vəsaiti baxımından rayonun tarixində həyata keçirilən ən böyük layihələrdir.

2011-ci ildə daxili imkanlar hesabına 8 kənddə, "Azərsu"ASC tərəfindən isə Gürdəsər, Soru və Zenoni kəndlərində hər biri 40 min manata başa gələn 3 artezian quyusu qazılmışdır. Cari ildə isə bu kəndlərdə su anbarlarının və magistral xətlərin çəkilişinin başa çatdırılması planlaşdırılır.

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə rayonun 6 kəndinə qaz verilmiş, 500-dən yuxarı abonent mavi yanacaqla təmin edilmişdir. Beləliklə, Lerik şəhəri də daxil olmaqla rayonda 1800-dən yuxarı ailə artıq mavi yanacaqdan istifadə edir. 2011-ci ilin dekabr ayından rayonun Piran, Hıramo, Yuxarı Bilnə, Bilnə, Mastail, Livədirqə, Murya, Qədiməkücə, Nısomurya və Əvilə kəndlərinə qaz xətlərinin çəkilməsi işlərinə başlanılmışdır. Bu tədbir, mənim aləmimdə nəinki Lerikin, bütövlükdə Azərbaycanın zümrüd meşələrinin qorunmasında misilsiz bir addım sayılır.

Yeri gəlmişkən, rayonun ekoloji mühitinin qorunub saxlanması istiqamətində görülən işləri də alqışlamaq lazımdır. Belə ki, rayon ərazisində ağacəkmə kampaniyası ötən il də davam etdirilmiş, rayon meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 61 hektar sahədə səpin, 49 hektar sahədə isə ağac əkini aparılmışdır. Rayon icra hakimiyyəti, idarə, müəssisə, təşkilat, icra nümayəndəlikləri və bələdiyyələrin iştirakı ilə Lənkəran-Lerik yolu boyunca müxtəlif ərazilərdə 10 mindən yuxarı ağac əkilmiş və onlara qulluq göstərilmişdir.

Lerik şəhərində aparılan abadlıq işləri nəticəsində küçələrdə mişar daşından 1703,6 kvadratmetr istinad divarı hörülmüş, 1966,84 kvadratmetr divar ağlay üzlük daşla üzlənmiş, 984 kvadratmetr səkiyə tamet döşənmiş, küçələrdə yeni işıqlandırma dirəkləri quraşdırılmışdır.

43 saylı yol istismar idarəsi hesabat ilində şəhərdaxili küçələrə 18760 kvadratmetr, Piran kəndinin daxili yollarına 1 kilometr asfalt döşəmiş, Lənkəran-Lerik yolunda baş verən uçqunlar vaxtında təmizlənərək yol bərpa edilmişdir. Kənd sakinlərinin, ərazidə yaşayan bəzi bələdiyyələrin, iş adamlarının köməyi ilə Nücü-Masallı, Osyodərə-Yardımlı, Əliabad-Livədirqə, Gürdəsər-Nücü, Piran-Tikəband, Hamarmeşə-Bibyani, Peştətük-Vizəzəmin, Bülüdül-Xanagah yollarında təmir işləri aparılmış, Haftoni kəndi yaxınlığında yeni körpü inşa edilmişdir.

Bütün maliyyə mənbələri hesabına 2011-ci ildə rayonda 8 milyon 598 min manatlıq təmir-tikinti işləri aparılmışdır ki, bu da 2010-cu ilə nisbətən 338 min manat çoxdur. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilə nisbətən 6 faiz artaraq 267 manata, adambaşına düşən gəlirlər 1,4 faiz artaraq 859 manata çatmışdır. Gəlirlərin artması ilə yanaşı, əhalinin ticarət şəbəkələrindən aldıqları istehlak malları və onlara göstərilən xidmətlərin çeşidi və həcmi də 951 min manat artaraq 10 milyon 985 min manata çatmışdır.

2011-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi də keçən ilə nisbətən 13 faiz, nəqliyyat daşımalarında gəlirlər 9 faiz, pərakəndə əmtəə dövriyyəsi 18 faiz, pullu xidmət 9 faiz və kənd təsərrüfatı məhsullarının həcmi 14 faiz artmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan fermer və fərdi təsərrüfatlarda mal-qaranın sayı, ət, süd, yumurta, yun istehsalı xeyli artmışdır. 2011-ci il ərzində ət istehsalı 6,8 ton artaraq 4699 tona, süd istehsalı 12,2 ton artaraq 13795 tona, yumurta istehsalı 8000 ədəd artaraq 4421 min ədədə, yun istehsalı 0,7 ton artaraq 224,6 tona çatdırılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə 140 min manat vəsait ödənilmiş, payızlıq buğda əkininə görə isə 46 min manata yaxın vəsaitin ödənilməsi ilə bağlı sənədlər hazırlanaraq respublika komissiyasına təqdim olunmuşdur.

Son illər rayonda gəlirli sahə olan arıçılığa da maraq artmışdır. Rayonda 7497 arı ailəsinə xidmət göstərən fermerlərin istehsal etdikləri yüksək keyfiyyətli bal paytaxtda keçirilən kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkalarında çox böyük tələbatla qarşılanmışdır.

Sahibkarlığın inkişafına göstərilən diqqət rayonda özəl sektorda yeni müəssisələrin və yeni istehsal sahələrinin yaradılmasına öz müsbət təsirini göstərir. 2011-ci ildə Piran kəndində tikintisinə başlanmış quş əti və yumurta istehsalı ilə məşğul olacaq broyler fabrikində hazırda son tamamlanma işləri aparılır.

Rayonda fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən 2007-2011-ci illər ərzində 6146 fiziki və hüquqi şəxsə 7 milyon 406 min, təkcə 2011-ci ildə isə 1 milyon 203 min manat kredit verilmişdir. Bununla yanaşı, əhali tərəfindən banklara əmanət qoyuluşu da artmışdır ki, bu da son illərdə rayon sakinlərinin rifah halının yaxşılaşmasının bir göstəricisidir.

Bu gerçəkliyin bir nümunəsi də rayon sakinlərinin minik avtomobillərinin sayının artmasıdır.Belə ki, ötən il rayondakı avtomobillərin sayı 2547-yə, o cümlədən şəxsi minik avtomobillərinin sayı 1984-ə çatmışdır.

Lerik Rayon İcra Hakimiyyətinin məlumatında göstərildiyi kimi, hazırda rayonda ümum daxili məhsul buraxılışının 27 faizi ticarət və xidmət sektorunun payına düşür. Son beş ildə rayonun müxtəlif ərazilərində fəaliyyət göstərn ticarət obyektlərinin də siması dəyişmişdir. Yeni obyektlər daha geniş, səliqə-sahmanlı və rahat olmaları ilə yanaşı, həm də xüsusi zövqlə, rayonun ümumi mənzərəsinə uyğunlaşdırılaraq tikilir.

Diqqət çəkən məqamlardan biri də son illər rayonda təhsilin keyfiyyətinə göstərilən diqqətdir. Bu, məni daha çox maraqlandırdığından öyrəndim ki, təhsil ocaqlarından 2011-ci ildə 140 məzun ali məktəblərə, 36 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. 10 nəfər 500-dən yuxarı bal toplamışdır. Sevindirici haldır ki, rayon gəncləri təkcə respublikanın ali məktəblərində deyil, eyni zamanda, Türkiyə, Rusiya, Ukrayna, Rumıniya və digər xarici dövlətlərin ali məktəblərində də təhsil alırlar.

Rayon mərkəzi xəstəxanası istifadəyə verildikdən sonra bölgənin səhiyyə xidmətinin səviyyəsi də xeyli yaxşılaşmışdır. Vaxtında həyata keçirilmiş tədbirlər nəticəsində rayonda sanitar-epidemioloji vəziyyətin sabit saxlanılması nəzarətə götürülmüş və il ərzində xüsusi təhlükəli xəstəliklər qeydə alınmamışdır.715 nəfər şəkərli diabet, 137 nəfər onkoloji, 456 ruhi əsəb xəstəliyi olanların müalicəsi üçün 135 min manat vəsait xərclənmişdir ki, bu da dövlətin əhaliyə göstərdiyi diqqət və qayğının bir nümunəsidir.

Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan olunması ilə əlaqədar rayon turizm infrastrukturunun genişləndirilməsinə də xüsusi diqqət yetirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən turizm müəssisələrinin rəhbərləri ilə aparılan təbliğati işlər öz bəhrəsini vermişdir. Nəticədə 2011-ci ildə rayonda fəaliyyət göstərən turizm-istirahət əyləncə mərkəzlərində 2010-cu ilə nisbətən 137 nəfər çox turist yerləşdirilmişdir. 482 turistin istirahəti üçün nəzərdə tutulan turizm obyektlərində əvvəlki illərdən fərqli olaraq payız və qış aylarında da turistlər istirahət etmişlər.

"Relax" turizm istirahət mərkəzində "AKVA-park" tikilib istifadəyə verilmiş, "Cənub", "Meşəbəyi", "Təbəssüm", "Qala" turizm istirahət mərkəzlərində yeni koteçlər, istirahət meydançaları inşa edilmiş, "Relax" turizm istirahət mərkəzinin Qosmalian ərazisindəki filialında, Bilnə kəndi yaxınlığında "Səfa" turizm istirahət mərkəzində tikinti işləri davam etdirilmişdir.

Son illər rayonda yerli idarəetmə orqanlarının işində də bir canlanma müşahidə edilr. Bələdiyyələrin səlahiyyətlərinə aid yerli əhəmiyyətli məsələlərin müzakirəsi, qarşıya çıxan problemlərin birgə həlli, dövlət orqanları ilə bələdiyyələrin qarşılıqlı əlaqəli fəaliyyətinin təşkili məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə rayon üzrə bələdiyyələrin koordinasiya şurası yaradılmış, şuranın əsasnaməsi təsdiq edilmişdir.

Bu orqanların fəallığının artırılması üçün daha hansı addımların atılmasının lazım gəldiyi barədə söhbət düşəndə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov dedi:

- Rayonumuzda fəaliyyət göstərən əksər bələdiyyələr vergi və rüsumların toplanması, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsi ilə işlərini bitmiş hesab etməməlidirlər. Əhalinin sosial problemlərinin həllində lazımi təşəbbüs və səy göstərməli, xalqın onlara verdiyi mandatdan istifadə edərək şəhərin və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməli, normal fəaliyyət göstərmək üçün yeni maliyyə mənbələri yaratmalıdırlar.

Məsələn, biz ötən il ərazilərdə keçirdiyimiz 42 səyyar qəbulda 4917 vətəndaş iştirak etmişdir və 551 vətəndaşın müraciətinə baxmışıq. Müraciətlərin bir çoxu yerində həll edilmiş və ya həll edilməsi üçün əlaqədar təşkilatlara tapşırıqlar verilmişdir, rayonda həlli mümkün olmayan digər məsələlər barədə yuxarı dövlət orqanları qarşısında vəsatət qaldırılmışdır. Təhlillər göstərir ki, bu müraciətlərdə qaldırılan bir çox məsələləri yerli bələdiyyə orqanları da həll etmək iqtidarındadır. Sadəcə, bəzən təşəbbüskarlıq çatmır.

Etiraf etmək lazımdır ki, təkcə Lerikdə deyil, bütün bölgələrdə keçirilən səyyar qəbullar həqiqətən çevik bir icra mexanizminə çevrilmişdir. Bu səbəbdən də əhalinin muxtəlif instansiyalara ərizə və şikayətlərinin sayı da xeyli azalmışdır.

Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov söbətimizin sonunda bildirdi ki, görülmüş işlər nə qədər sevindirici olsa da, onlar artıq keçmişdədir... Qarşıda çox böyük işlər var: rayonun kənd yollarının bərpası, yeni su və qaz xətlərinin çəkilişi, daha çox iş yerlərinin açılması, rayonun elektrik təsərrüfatının əsaslı şəkildə yenilənməsi, mədəni-tarixi abidələrin bərpası və sair.Bütün bunlar onu göstərir ki, Lerikdə həyat inkişaf edir, çünki bura dövlət qayğısı, dövlət başçısının diqqəti var.

...Məktəb illərindən xatirimdədir, atam eyvandan Leriki seyr edib yeni bir tikili görəndə deyərdi ki, hansı torpaqda ev tikilirsə, yurd salınırsa, demək orada inkişaf var, həyat var. Lerikə son səfərimdə müşahidə etdim ki, eldən, obadan perik düşmüş gənclərimiz rayona, doğma yurd yerlərinə qayıdır, ev tikir, təsərrüfatları bərpa edir və bir zamanlar ata ocaqlarının çatıldığı Lerikin tərəqqisinə öz töhfələrini verirlər...

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.- 15 fevral.- S. 6.