Qədim Naxçıvan: yaşayan və yaşadan tarix

 

Dünyada öz doğulduğu Vətənə, torpağa, məmləkətə, şəhərə, rayona, kəndə, hətta aula belə kiçik baxan, onu böyük saymayan insan təsəvvür etmirəm. Babamın (Naxçıvanın "Şahab" məhəlləsində Məşəmmədəli kimi tanınırdı, 1970-ci ildə 106 yaşında dünyasını dəyişib) Naxçıvan haqqında dediyi bayatıları, söylədiyi dastan və nağılları, atalar sözü və zərbi-məsəlləri kağız üzərinə köçürsəydim kitablara sığmazdı. Təəssüf. Hər bir insan keçmişini öyrənmədən, bilmədən özünü dərk edə, bugününü və sabahını qura bilməz.

Naxçıvan bir yaşayış məntəqəsi kimi beş min il bundan əvvəl təşəkkül tapmış, inkişaf etmişdir. İlk orta əsr tarixçisi Moisey Xorerlinin (V əsr) yazdığına görə Naxçıvan şəhəri e.ə. VI əsrdə mövcud olmuşdur. İran coğrafiyaşünası Həmdullah Qəzvini isə şəhərin əsasının eramızdan xeyli əvvəl qoyulması haqqında məlumat vermişdir. Zaman - zaman çiçəklənən Naxçıvan Şərq dünyasının bəzəyi, alınmaz qala, müqəddəs el olmuşdur. Ona görədir ki, Naxçıvanda minilliklərdən minilliklərə qalan, qürur doğuran tarix yaşayır.

Naxçıvan müqəddəs torpaqdır. Ərazinin hər bir qatında tarixin şərəf salnaməsi, müqəddəs rəmzlər əbədiləşib. Burada minilliklər öncə Nuhun gəmisi sığınacaq tapıb. Yer üzünü ağuşuna alan "ağ tufan" - sel yalnız bu torpaqda aciz qalıb. Miladdan əvvəl IV-I minillikləri əhatə edən Gəmiqaya təsvirlərindəki astral rəsmlər də bunu sübut edir. Araşdırmalar Gəmiqaya rəsmlərində insanların həyatının təsvir edilməsi, bu məqsədlə müəyyən ovsunların tətbiqi, Xeyirin Şər üzərində qələbəsinə inam, həyatın kosmik başlanğıc tərəfindən idarə edilməsi ilə bağlı inancların Naxçıvanda məskənləşən qədim tayfaların mənəvi mədəniyyətinin, onların əski dünyabaxışlarının ayrılmaz tərkib hissəsi olduğunu sübut edir. Gəmiqaya təsvirləri ilə bağlı Nuh əfsanəsinin olmasına baxmayaraq, araşdırmalar inancların Nuh əfsanəsindən də qədimlərə gedib çıxdığını göstərir.

"Qurani-Kərim"də iki dəfə xatırlanan "Əshabi-kəhf" ziyarətgahı - tarixilik, dini inancların zənginliyi baxımından müqəddəsləşmiş yer bu torpaqda yerləşir. "Əshabi-kəhf" fiziki təmizlik, ruhi paklıq halında olan qulun Tanrısına yönəldiyi ali məqam olmaqla, Azərbaycan türkünün qədim ata yurdu Naxçıvanda min illər boyu tapındığı mağaranın daşlarına hopmuş mənəvi tarixi, daş yaddaşı, kimlik vəsiqəsi epitetini daşıyır. Oğuz türk yurdunun qüdrət rəmzi sayılan Oğlanqala, Çalxanqala, Govurqala, Əlincə qalası Dərbənddən Kərkükə qədər uzanan elimizin cahangirlik izləri də bu torpaqdadır.

Qədim "Naxçıvan" adının mənası və mənşəyi barədə hələ orta əsrlərdən müxtəlif mülahizələr irəli sürülmüşdür. Hər bir coğrafi ad onun yarandığı dövrlə, tarixi-sosial şəraitlə bağlı meydana çıxır. "Naxçıvan" toponiminin ilk dəfə tarix səhnəsinə çıxdığı II əsr (məşhur yunan coğrafiyaşünası və astronomu Klavdi Ptolomey "Coğrafiya" adlı əsərində Naxçıvan şəhərinin eramızın II əsrində Naksuana adı ilə mövcud olduğunu qeyd etmişdir) məlum olsa da, onun etimologiyası barədə deyilən fikirlər həmin dövrü tam əhatə etmir. Bu mülahizələr ya toponimin ortaya çıxdığı zamandan çox-çox əvvəlki, ya da xeyli sonrakı dövrlərə aiddir. Halbuki toponimlərin elmi etimologiyası konkret tarixi şəraitə və ona müvafiq hadisələrə və dil faktlarına əsaslanmalıdır.

Nədənsə "Naxçıvan" sözünə daha çox ərəb və fars dilləri baxımından müəyyən məna vermək istəyi üstünlük təşkil etmişdir. "Nəşəva" (nəşəvi, məst) ərəb, "Nəqşi-cahan" izafət tərkibindəki "nəqş" yenə ərəb, "cahan" isə fars sözüdür. Ərəblər Zaqafqaziyaya VII əsrin sonlarında gəlmiş və yalnız bundan sonra bu regionda ərəb dili və ərəb sözləri yayılmağa başlanmışdır. Naxçıvan şəhərinin adı isə artıq yuxarıda qeyd olunduğu kimi, II əsrdən tarixçilər tərəfindən qeydə alınmışdır. Demək, bu adın kökünü daha dərinliklərdə axtarmaq lazımdır. Son illərin elmi tədqiqatları da bunu sübut edir. Bu adı Həmdullah Qəzvini, Şərəfxan Bidlisi, Fəzlullah Rəşidəddin, Həsən Rumlu, İsgəndər Münşi və başqa orta əsr müəllifləri də "Naxçəvan" kimi işlətmişlər. XVII əsr türk səyyahı Övliyyə Çələbi "Kitab cahannumə" əsərində yazırdı: "Bu şəhərə Naxçıvan, Nəqşicahan, Naqçuan dəxi deyirlər". Nəqşicahanın mənasına gəlincə, ərəbcə "dünyanın bəzəyi" mənasını verir.

Naxçıvanda təbiətin palitrası heyrətamizdir. Təbiətin bir hissəsi olan insan, eyni zamanda, ondan asılı vəziyyətdədir. Uzun əsrlər ərzində təbiət insanı yedizdirən yeganə mənbə olmuş və onlar arasında nisbi tarazlıq hökm sürmüşdür. Sonralar insan "ikinci təbiəti" yaratmağı öyrənəndə bu tarazlıq, müvazinət pozulmağa başlamışdır. Lakin təbiət bu gün də insanların həyatında böyük rol oynayır. Naxçıvanda təbiət rənglərinin və onların çalarlarının sayı-hesabı olmur: payızda sarı, qışda sərt soyuq nəticəsində rəng üstünlük təşkil edir. Bu da yazın al-əlvanlığı ilə birləşərək insanda müvafiq hisslər doğurur. Yayda kəskin isti və günəşli gün insanın tonusunu yüksəldir. Təbiətin rəngarəngliyi və universallığı insanda estetik həzz yaradır. Təbiəti estetik şəkildə qavramaqla insan həm də özünü daha dərindən dərk edə bilir.

Naxçıvanda dünyada analoqu olmayan mineral və termal su mənbələri var. Bu bulaqlar püskürür, haray çəkməklə insanları sağlamlaşdırır, paklaşdırır, ülviləşdirir. Naxçıvanın və naxçıvanlıların həyatında çay mədəniyyətinin adi həyat tərzinin tərkib hissəsinə çevrilməsi də "insan sərvəti"ni üzə çıxaran bir amil kimi adamı düşünməyə vadar edir. Bildiyimiz kimi, çayın mənbəyi sudur. Suyun mənbəyi isə Naxçıvanda tarixən zaman-zaman çağlayan həyat çeşmələri - kəhrizlərdir. XVII əsrdə yaşamış Məhəmməd Mufid Mustafi təkcə Ordubad şəhərində gur və əla suyu olan 70-dən artıq çeşmənin olduğundan xəbər vermişdir. Kəhrizlərin sayı sonrakı əsrlərdə daha da çoxalmış və geniş istifadə edilmişdir. Hazırda dövlət qayğısı nəticəsində 200-dən artıq kəhriz təmizlənir və istifadəyə buraxılır. Həmin kəhrizlərdən axan su aydınlıqdır, həyatdır, müqəddəsdir. Naxçıvanın sərt iqlimi həm də insanlarda dözüm, cəsarət, hünər, rəşadət, qorxmazlıq kimi keyfiyyətlər yaratmaqla, onlarda Vətənə, torpağa bağlılıq kimi hisslər aşılayır, vətəndaşlıq ləyaqəti formalaşdırır. Vətəndaşlıq ləyaqəti isə doğma yurda, ana Vətənə məhəbbətdir. Bu, Vətənin düşmənlərinə qarşı barışmaz, torpağın, millətin azadlığı və istiqlaliyyəti uğrunda mübariz olmaq deməkdir. Tarixin şərti zaman kəsiyində elə bir dövr olmamışdır ki, Naxçıvan "düşmənin göz dağına çevrilməsin", dərdlə, kədərlə və fəlakətlə üz-üzə gəlməsin.

Məhz bu "dərdlilik" Naxçıvanı və orada doğulub ərsəyə gələn insanları formalaşdırmış, onları zəkalı, igid, düşmənə qarşı mübariz tərbiyə vasitələrindən istifadəyə səsləmişdir.

Müqəddəs, bənzərsiz, şöhrətli odlar yurdu, Şərq dünyasının qapısı Naxçıvan. Qədim əcdadlarımız bu torpaqda yaranmış, burada yaşamış və zaman-zaman bu torpağa da qarışmışlar. Ulu Tanrı bu gözəl və ecazkar məkandan heç nəyi əsirgəməyib. Başı qarlı dağları, bol sulu çayları, şəffaf bulaqları, güllü-çiçəkli çəmənləri, zəngin sərvətləri var doğma Naxçıvanın. Əlbəttə, bu füsunkar məmləkətimiz, elimiz, obamız təkcə əsrarəngiz gözəllikləri ilə, bənzərsiz təbiəti, yerüstü və yeraltı sərvətləri ilə deyil, həm də gözəl insanları, böyük dühaları, görkəmli şəxsiyyətləri, əfsanəvi sərkərdələri, yazıçı və şairləri ilə tanınır. Bunların isə yaratdıqlarından təkcə Naxçıvan deyil, Azərbaycan və onun timsalında bütün bəşəriyyət bəhrələnir.

Tarixi məxəzlərdən məlum olur ki, XI əsrin 60-cı illərində Yaxın Şərqin bir sıra ölkələrindən Naxçıvana çoxlu alim, şair və mütəfəkkir toplanmışdı. Bir çox tədqiqatçılar bu fikirdədirlər ki, XI-XIII əsrlərdə islam mədəniyyətinin təsiri altında Azərbaycan mədəniyyəti özünün intibah dövrünü yaşamışdır. Tam məsuliyyət hissi ilə deyə bilərik ki, islam mədəniyyəti özünün ən yüksək zirvəsinə məhz Azərbaycan mütəfəkkirlərinin sayəsində çata bilmişdir. Bu intibahda naxçıvanlı alim və müdriklərin də rolu az olmamışdır.

X-XI əsrlərdə Şərqdə tanınmış Naxçıvan alimlərindən Həddad ibn Asim Əbül Fədd ən - Nəşəvi, əl - Müfərric ibn - Əbu Əbdullah ən Nəşəvi, Əbu - Əbdullah əl - Hafiz ən - Nəşəvi, Əbu Abbas ən - Nəbhani ən - Nəşəvi, Əhməd ibn əl - Hacaf Əbubəkr ən - Azəri, filosoflardan Əbu Ömər, şəriət elmlərinin mahir bilicisi, geniş erudisiyalı, "Kitab əl - ənşab" əsərinin müəllifi Əbu Xatim Əbu ər - Rəhman ibn - Məhəmməd ən - Nəşəvə, kitabdar Əbu - l - Fədi Xadadad ibn - Bəkran ən - Nəşəvə, zəmanəsinin şöhrətli həkimi Fəxrəddin Əbu Abdulla Əhməd ibn - Ərəbşah ibn Əli Cəbrail ən Naxçivani, daha böyük şöhrətə çatmış "müdriklərin ağası, dünya həkimlərinin rəisi" adlandırılan Ənmələddin ən - Naxçıvani, XI əsr Naxçıvan hakimi Əbu Dilaf Deyraniyyə (XI əsrin fars şairi Əsidi Tusi ona "Gerşasnamə" adlı dastan bağlamışdır), XII əsr rəssam-nəqqaşı Osman ibn Salman (onun əllərinin bəhrəsi olan kiçik güzə üzərində gümüşlə naxışlanmış əsər Parisin məşhur Luvr muzeyində qorunub saxlanılır), Naxçıvanın memarlıq məktəbinin banisi Əcəmi ibn Əbubəkr, Nurəddin Məsud, Cəmaləddin Naxçıvani, XIII əsr Naxçıvan mədrəsəsinin başçısı Qayəməddin, XIII əsrdə elm dühası, kamal dəryası olmuş Qazi Nəcməddin Əhməd ibn Əbubəkr ibn Məhəmməd Naxçıvani (dahi alim İbn Sinanın "Qanun" əsərinə geniş şərh yazmış, ona tənqidi münasibətini bildirmişdir), məşhur alim Həsən ibn Ömər Naxçıvani Azərbaycan intibahını ərsəyə gətirən dahilərdir.

XIV əsr görkəmli tarixçisi və tədqiqatçısı Məhəmməd ibn Hinduşah Naxçıvani, XIV əsr memarları Əhməd ibn Əyyub əl - Hafiz Naxçıvani, Şeyx ibn Cöhənna Naxçıvani, XV əsr görkəmli filosofu Baba Hemətullah Naxçıvani, XV-XVI əsrlərin görkəmli xəttatı Mahmud Bağır Ordubadi, şeirləri geniş yayılmış Ziyai Ordubadi, XVII əsrdə yaşamış İbrahim ibn Zeynəddin Naxçıvani, Sultan IV Muradın saray musiqiçisi Əcəm Murad Ağa, XVIII əsrin dünya şöhrətli alimi Mirzə İbrahim Ordubadi, məşhur şair Fikri Ordubadi sonrakı dövrlərdə torpağına, xalqına şan - şöhrət gətirmişlər.

XIX-XX əsrlərdə də Naxçıvan mənəvi mədəniyyətimizin inkişafında müstəsna rol oynamış, dahi sənətkarlar yetişdirmişdir. Onlardan hələ XIX əsrdə Naxçıvanda ilk qadın məktəbi açan M.T.Sidqi, ilk professional Azərbaycan rəssamı Bəhruz Kəngərli, "Molla Nəsrəddin"in yaradıcısı Cəlil Məmmədquluzadə, şərqin böyük şairi və dramaturqu Hüseyn Cavid, məşhur romançı Məmməd Səid Ordubadini və digərlərini xatırlamaq olar. Elmimizin inkişafında misilsiz xidmətləri olan dünya şöhrətli alim Yusif Məmmədəliyevin adı şərəfimiz, şöhrətimizdir. Hazırda Naxçıvan yetirməsi olan onlarca akademik, müxbir üzv, yüzlərlə professor elmimizin müxtəlif sahələrində qızğın fəaliyyət göstərir, bir sıra ixtira və əsərləri ilə geniş ərazidə şöhrətlənir, xalqımıza baş ucalığı gətirir.

Yağıların zaman-zaman sinəsinə çalın-çarpaz dağ çəkdiyi bu torpağın yenilməz, igid övladları, sərkərdələri xalqımızın qəhrəmanlıq tarixini bəzəmiş, ona baş ucalığı gətirmişlər.

Son iki əsrdə coğrafi şəraitinə görə Azərbaycanın şimalından və cənubundan Naxçıvana kömək edilməsi imkan xaricində idi. Bu qədim yurdun əhalisi yadellilərə qarşı XIX yüzilliyin əvvəlindən başlayaraq öz qüvvələri hesabına vuruşmaq məcburiyyətində qalmışdır.

Təkcə Kəngərli tayfası Azərbaycan xalqına 6 general vermişdir. Onlardan 4-ü keçmiş rus ordusunda, bir nəfəri sovet ordusunda, 1 nəfəri isə İran ordusunda xidmət etmişdir. Sonuncu Naxçıvan xanı Ehsan xan Rusiya - İran müharibəsində böyük bir orduya başçılıq etmiş, Krım müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmişdir. Tanınmış sərkərdə Ehsan xan Naxçıvanskinin adı (bu böyük nəsil tarixdə iki dəfə ciddi dəyişikliyə uğrayıb. 1828-ci ildən sonra yüksək silkə mənsub olanların bir çoxu öz familiyalarını dəyişib "Naxçıvanski" kimi yazıblar. Əksər Kəngərlilər isə 30-cu illərdə siyahıya alınma zamanı, 1937-ci il və 1940-cı il repressiyaları dövründə öz soyadlarını dəyişdirmək məcburiyyətində qalıblar - F.İ.) Kremlin Georgi zalında qızıl hərflərlə nəqşlənmişdir. Onun oğlu Kəlbalı xan Naxçıvanski daha böyük şöhrətə çatmışdır. O, 1849-cu ildə Dağıstan yürüşündə iştirak etmiş, Kergebel savaşında igidlik göstərərək mükafatlandırılmışdır. 1874-cü ildə general-mayor hərbi rütbəsinə layiq görülmüşdür. 1819-cu ildə dünyaya gələn və 90 il ömür sürən İsmayıl xan Naxçıvanski öz misilsiz hərbi xidmətlərilə fərqlənmişdi. Atası Ehsan xanın arzusuna çıraq tutan İsmayıl xan Naxçıvanski Vətənə general-leytenant rütbəsində qayıtmışdır.

Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski 1863-cü ildə doğulub. Peterburqda hərbi məktəb qurtarandan sonra hərbi xidmətə başlayıb. Rus - Yapon müharibəsində qəhrəmanlıq göstərdiyinə görə bir sıra orden və medallarla təltif olunub. Birinci cahan müharibəsində Şərqi Prussiya yürüşünün iştirakçısı olub. General-leytenant Hüseyn xan rus qvardiya süvarisi diviziyasına komandanlıq edib. Yüksək hərbi məharətinə görə o, İranın, Rumıniyanın, Avstriyanın, Bolqarıstanın və Rusiyanın orden və medalları ilə təltif olunub.

Cəmşid xan Cəfərqulu oğlu Naxçıvanski 45 illik ömrünün 26 ilini hərbi sənətin sirlərinə həsr etmişdir. O, Kəngərli nəslindən olan generalların hamısından fərqlənmiş, daha ucada dayanmışdır. Əsrimizin əvəzsiz hərbi xadimi, cəngavər sərkərdəsi diviziya komandiri vəzifəsinə qədər yüksəlmişdir. Hərbi Akademiyanı əla qiymətlərlə bitirən Cəmşid xan bir qədər sonra M.V.Frunze adına hərbi akademiyanın ümumi taktika kafedrasına başçılıq etmişdir. Lakin general həyatının və hərbi fəaliyyətinin qaynar çağında ədalətsizliyin qurbanı olmuş, 1938-ci ildə güllələnmişdir.

Naxçıvan torpağı İkinci Dünya müharibəsində Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev kimi Sovet İttifaqı qəhrəmanları yetirmişdir. Dinc dövrdə Azərbaycan uğrunda mübarizədə əslən Naxçıvandan olan Çingiz Babayev, Əmiraslan Əliyev, Səyavuş Həsənov, Kərim Kərimov, İbrahim Məmmədov, Yusif Mirzəyev, Məhərrəm Seyidov, Mirəsgər Seyidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Bir neçə il bundan öncə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun qəzetdə "İnsan var, doğulduğu torpağa görə tanınır, insan da var ki, doğulduğu torpağı bütün dünyaya tanıdır..." mülahizəsini oxuduqda dərhal ümummilli lider Heydər Əliyev fenomeni yadıma düşdü.

Bu gün dünyanın hansı bir yerində kimdən soruşsan ki, Azərbaycan adlı ölkədən kimi tanıyırsan, həmin an deyəcək ki, Heydər Əliyevi. Bəli, məhz onun adı çəkiləcək. Çünki 30 ildən artıq müddət ərzində onun siyasi həyat sahəsindəki fəaliyyəti hamıya məlumdur. Sovetlər dövründə 13 il Azərbaycana başçılıq edib, sonra dünyanın qüdrətli superdövləti olan SSRİ-nin rəhbərlərindən olub. 1990-1993-cü illərdə Naxçıvan tarixinin ən şanlı səhifəsini yazıb, bu qədim torpağı erməni işğalı təhlükəsindən hifz edib, muxtar respublikanın mövcudluğunu qoruyub saxlayıb. Sonra Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, müasir Azərbaycan Respublikasının müstəqilliyini qoruyub-möhkəmləndirib, 10 il onu dünyada tanıdıb.

Dünyada hər il çox böyük tirajla "100 məşhur adam" adlı kitab buraxılır. 1-ci yerdə peyğəmbərimiz Məhəmməd (ə.s.) duran kitaba ümummilli liderimiz Heydər Əliyev də daxil edilib. Maraqlıdır ki, dünya dinlərinin banilərindən (Budda, İsa, Məhəmməd) sonra ən çox məşhur olan şəxsiyyətlər görkəmli dövlət başçılarıdır. Bunun səbəbi aydındır. Onlar cəmiyyət həyatının bütün sahələrinə başçılıq edirlər. Belə universal dövlət başçıları, görkəmli siyasi xadimlər, təbiidir ki, daha çox məşhurlaşır, tarixə düşürlər.

Söz və qılınc sərkərdəsi Şah İsmayıl Xətai deyirmiş: "Məqsədi bilmədən daim irəli gedən min fədaidənsə, bir sözü anlanan, fikri qəbul olunan şəxsiyyət xalqına daha çox xidmət göstərə bilər". Həzrəti Əli deyib ki, "Hər bir insanın qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür". Peyğəmbərimiz isə hədislərinin birində yazıb ki, "Bir nəfərə xeyirxahlıq etmək on il ibadət qılmaqdan üstündür". Deməli, milyonlara xeyirxahlıq edən Heydər Əliyev üçün ölçü meyarı yoxdur.

Böyük şəxsiyyət və müdrik dövlət xadimi Heydər Əliyevin keçdiyi zəngin həyat yoluna nəzər saldıqda, xalq üçün, millət üçün etdiklərini bir-bir göz önünə gətirdikdə bütün bunların bir insan ömrünə sığacaq zaman kəsiyində baş verdiyinə inanmaq olmur. Çoxları bunu ümummilli liderin fenomenal iş qabiliyyəti, enerjisi ilə, həddən artıq məsuliyyəti və tələbkar olması ilə izah edir. Bu keyfiyyətlər mənsub olduğu xalqa, millətə, Vətənə, doğulduğu torpağa hədsiz məhəbbət və sevgi ilə döyünən qəlbdən qida almasaydı tükənərdi.

Naxçıvan yalnız dünyanın ən böyük azərbaycanlısının - Heydər Əliyevin ata yurdu olmaqla da ən şərəfli bir məqama yüksələ bilərdi. Azərbaycan məmləkətinə belə övladlar bəxş etmiş Naxçıvanın müqəddəsliyini saxlamaq və onun daha yüksək inkişafına nail olmaq hər bir vətənsevərin borcudur.

Ən qədim insanın nicata qovuşduğu məskən kimi mifik təsəvvürlərdə inanc yerinə çevrilən bu torpaq tarixi qüdrətini müasir inkişaf dinamikası və quruculuq işləri ilə yenidən özünə qaytarır. Bu da ilk növbədə muxtar respublikada son 15 ildə aparılan yüksəliş salnaməsinin bəhrəsi və Heydər Əliyev siyasətini burada uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun səmərəli idarəetməsinin nəticəsidir.

Ümummilli lider Heydər Əliyev demişdir: "Naxçıvanın tarixi təkcə muxtar respublikamızın yaranmasından başlanmır. Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir".

 

Fizuli İBRAHİMZADƏ,

Fövqəladə Hallar Nazirliyi Akademiyasının

humanitar fənlər kafedrasının baş müəllimi,

tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 16 fevral.- S. 5.