Sənayeləşən İmişlidə aqrar sahə də diqqət və qayğıdan kənarda qalmır

 

Son illərdə ölkəmizin sosial-iqtisadi sahədə qazandığı ciddi uğurlar beynəlxalq maliyyə hesabatlarında da öz əksini tapır. Bu inkişaf tempini təkcə paytaxt Bakının deyil, rayonlarımızın simasında da müşahidə etmək mümkündür. İndiyədək regionların inkişafını stimullaşdıran isə təbii ki, Prezident İlham Əliyevin bir-birinin ardınca təsdiqləyib icraya yönəltdiyi sosial-iqtisadi proqramlardır. Artıq ölkədə bir neçə belə proqramın icrası başa çatmışdır.

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" isə hələ yerinə yetirilməkdə və rayonların tərəqqisinə öz töhfələrini verməkdədir. Proqramın tələblərindən irəli gələn vəzifələr, digər rayonlarda olduğu kimi, İmişlidə də uğurla həyata keçirilir. Maraqlısı budur ki, İmişli rayonu son illərdə öz inkişafının yeni bir mərhələsinə qədəm qoymuşdurbu, özünü daha çox rayonda sənayeləşmə sahəsinə xüsusi diqqət yetirilməsində göstərir.

Artıq İmişlidə sənaye müəssisələrinin sayının sürətlə artması heç kəsin nəzərindən yayınmır. Bunu bir-birinin ardınca açılmış və bu gün fəaliyyətini uğurla davam etdirən sənaye müəssisələrinin timsalında aydın görmək mümkündür. Burada müvəffəqiyyətlə fəaliyyət göstərən sənaye müəssisələrindən biriİmişli Şəkər Zavodudur. Müəssisənin rayon iqtisadiyyatındakı mühüm və əhəmiyyətli yerini düzgün təyin etmək üçün rəqəmlərə fikir verək. Ötən ilin 9 ayı ərzində zavodda 76,5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da rayon üzrə istehsal olunan sənaye məhsulunun 80,3 faizini təşkil edir. Amma bu heço demək deyildir ki, digər sənaye sahələrinin inkişafına diqqət yetirilmir. Rayonda keçən il təkcə şəkər tozu və şəkər məhsulları istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır, digər məhsulların istehsalında da artıma nail olunmuşdur. Melos, mahlıc, çiyid, dəmir-beton məmulatları, asfalt, qum-çınqıl istehsalı bu sıraya aiddir.

Bütün bu nailiyyətləri, şübhəsiz ki, rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitin nəticəsi hesab etmək lazımdır. Təsadüfi deyildir ki, keçən il istehsal edilən sənaye məhsullarının 94,4 faizi özəl sektorun payına düşür. Rayon rəhbərliyi təkcə sahibkarlığın inkişafı üçün münbit şərait yaratmaqla kifayətlənmir, eyni zamanda, sahibkarların təklif və müraciətlərinə daim diqqətlə yanaşır, onları narahat edən problemlərin operativ şəkildə aradan qaldırılmasına kömək edir. Məsələn, sahibkarlara kredit ayrılması məsələsini götürək. Bu məsələ İmişlidə, necə deyərlər, yaşıl işıqla müşayiət olunur. Bu qayğı və diqqətin nəticəsidir ki, təkcə keçən il rayonda fəaliyyət göstərən sahibkarlara 16,3 milyon manat kredit verilmiş, bunun 4 milyon manatı uzunmüddətli və güzəştli kreditlər olmuşdur. Həmçinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 193 sahibkarlıq subyektinə 763,3 min manat həcmində kreditlər verilmişdir.

Dövlətin artan qayğısı rayonda davamlı sosial-iqtisadi inkişafa stimul verməklə yanaşı, əhalinin rifahının yüksəlməsini də təmin edir, həyat şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Prezident İlham Əliyevin cəsarətlə həyata keçirdiyi uğurlu sosial siyasətin nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına başlanandan təkcə İmişlidə indiyədək 16 min 672 yeni yerləri yaradılmışdır. Bunun da 11 min 487-si daimidir. Dövlət başçısının 11 may 2011-ci il tarixli sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat əlavə vəsait ayrılmışdır. Hazırda həmin vəsait hesabına rayonda bir sıra yeni layihələrin həyata keçirilməsinə başlanmışdır.

Yola saldığımız 2011-ci ili İmişlinin sosial-iqtisadi tərəqqisində yeni mərhələ hesab etmək olar. Prezident İlham Əliyevin mayın 5-də bölgəyə səfəri İmişlinin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilmişdir. Səfər çərçivəsində dövlət başçısı Olimpiya İdman Kompleksinin, İmişli-Qaravəlli-Mirili avtomobil yolunun, Araz çayının yeni qolu üzərində salınmış körpünün, qarışıq yem, bitki yağları, çuğundur yemqurutma zavodlarının, 40 min tonluq xammal anbarının açılışında iştirak etmişdir.

Rayonda aparılan genişmiqyaslı quruculuq işlərindən razı qalan dövlət başçısı imişlilərlə görüşdə demişdir: "Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra olunur və layihələr reallaşır... O cümlədən, İmişli rayonunun sosial-iqtisadi inkişafı proqramı icra edilir. Burada bütün istiqamətlər üzrə işlər gedir, sosial infrastruktur yaradılır. Gözəl olimpiya mərkəzi, məktəblər tikilir və təmir edilir. Rayon xəstəxanasının əsaslı təmiri başlanmışdır. Xəstəxana ən müasir avadanlıqla təchiz ediləcəkdir. Böyük qazlaşdırma proqramı reallaşacaqdır. Gələn ilin sonuna qədər İmişlinin bütün kəndləri qazlaşdırılmalıdır. Qarşıya belə vəzifə qoyulub. Əminəm ki, bu vəzifə icra ediləcəkdir. Meliorasiya, içməli su, kanalizasiya xətlərinin çəkilişi ilə bağlı müvafiq göstərişlər verilmişdironlar yaxın zamanlarda icra edilməyə başlanacaqdır".

Sənayenin, xüsusən emal sənayesinin inkişafı İmişlinin genişlənməkdə olan iqtisadiyyatı üçün yeni imkanlar açır. 2006-cı ildə rayonda işə salınan və açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi şəkər zavodu fəaliyyət göstərdiyi beş il ərzində istehsal potensialını artırmağa müvəffəq olmuşdur. Hazırda sutkalıq istehsal gücü 1500 tona çatdırılmış zavod, eyni zamanda, çoxsaylı törəmə müəssisələri də yaratmışdır. "Şəkər" İstehsalat Birliyinin nəzdində yeni yaradılan spirt, qarışıq yem, bitki yağları, çuğundur, yemqurutma zavodları iqtisadi cəhətdən səmərəli işləyir. Törəmə müəssisələrdən biri olan kəllə qənd zavodunun tikintisi isə hazırda müvəffəqiyyətlə davam etdirilir.

Rayonda fəaliyyət göstərən iri sənaye müəssisələrindən biri də "İmişli broyler"dir. Bu marka ilə istehsal olunan məhsullar hazırda Azərbaycanın demək olar ki, bütün regionlarında rəğbətlə qarşılanır, öz alıcısını qazanmışdır. İmişlidə inkişaf etməkdə olan emal sənayesinin yeni qaranquşları olan şirə, konyak və çörək zavodları, "Araz" damazlıq-quşçuluq MMC kimi istehsal müəssisələri də öz potensiallarını artırmaqdadır. İndi bu müəssisələrdə minlərlə İmişli sakini çalışır və yüksək əməkhaqqı alır.

Son illərdə Bəhrəmtəpədə istifadəyə verilmiş 50 min tonluq yeni taxıl anbarı rayonda taxılçılığın inkişafına mühüm stimul vermişdir. Bu, eyni zamanda, ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramının icrası istiqamətində əhəmiyyətli addımlardan biridir.

Qeyd olunduğu kimi, İmişlidə sənaye sahəsi ilə yanaşı aqrar sektor da fəaliyyətini uğurla davam etdirir. Burada sənaye müəssisələrinin yaradılması heçyüz illərlə çörəyini torpaqdan çıxarmış kənd adamlarının əlini işdən soyutmur. Eyni zamanda, son illərdə sovet təsərrüfat sisteminin yerini yeni bazar münasibətləri tutubbu, kəndli üçün daha geniş imkanlar açıb. Bu gün Azərbaycan fermeri öz təsərrüfatını genişləndirməkdə və bol məhsul istehsal etməkdə maraqlıdır. Bu isə son nəticədə bir tərəfdən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması deməkdirsə, digər tərəfdən də, kəndli-fermerin daha yaxşı yaşaması, yüksək səviyyədə dolanışıq qazanması deməkdir. Keçən il İmişlidə taxıl əkilən sahələr əvvəlki illə müqayisədə 4,798 hektar artmışdır. Bu da məhsuldarlığın artmasını şərtləndirən amillərdən birinə çevrilmişdir və nəticədə keçən il rayonda 45,173 ton - 2010-cu ildəkindən 19 min ton çox taxıl istehsal edilmişdir. Elə heyvandarlıq, bostan-tərəvəz məhsulları istehsalı sahələrində də yaxşı nəticələr əldə olunmuşdur.

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2012.- 17 fevral.- S. 10.