Ulu tarix və yurd sevgisi üzərində
ucalan Naxçıvan
Yaxın-uzaqları ölkə-ölkə,
oymaq-oymaq dolaşsan da tarixlər şahidi
Naxçıvanın cazibədarlığını,
doğmalığını heç yerdə duya bilmirsən. "Vətən mənə oğul desə
nə dərdim, mamır olub qayasında bitərdim" -
söyləyən Məmməd Araz, "Böyük
Turan" - deyən Hüseyn Cavid türk yuvası
Naxçıvandan pərvazlanmışdılar.
Naxçıvanilərin, Ordubadilərin,
Şaxtaxtlıların, Əliyevlərin ruhları dolaşan
bu torpaq bu gün öz yüksəlişi ilə hər yandan
görünür. Coğrafi baxımdan kiçik, təbii sərvətləri
və görkəmli şəxsiyyətləri
baxımından böyük olan Naxçıvanda min illərdən
boylanan Əshabi - kəhf mağarası, Nuhun məzarı,
İlanlı dağ, Əlincə qalası kimi tarixi izlər
onun ən qədim insanla yaşıdlığından, igidlər,
ərənələr oylağı olmasından xəbər
verir.
"Odlar yurdu" Azərbaycanın ayrılmaz bir
parçası olan Naxçıvan öz iqlimi və
möcüzəli yerləri ilə həmişə diqqət
mərkəzində olmuşdur. Xan Araza axıb tökülən
yüzlərlə xırda çayın əsrarəngiz
şırıltısı, hər qayanın dibindən
qaynayan, indi dünyaca sorağı olan
"Darıdağ", "Badamlı", "Sirab",
"Vayxır", "Şor su" kimi mineral sular, təbiət
muzeyləri adlanan məşhur "Batabat gölü",
"Zor bulaq", "Südlü bulaq", "Əlincə",
"Gəmi qaya", "Oğlan qala", "Ağ
qaya", "Gəlinqaya", "Heykəlli qaya" öz əsrarəngizliyi
ilə turistləri özünə cəlb edir.
Bu müqəddəs torpağın yetişdirdiyi övladlarının
səsi-sorağı dünyanın hər yerindən gəlir.
"Azərbaycana yenidən doğan günəş"
adıyla dünyada yurdumuzu tanıdan, "Mən fəxr edirəm
ki, azərbaycanlıyam!" deyimi ilə öz xalqını
uca tutan, "Biz bir millət, iki dövlətik"
şüarı ilə Türkiyə - Azərbaycan qardaşlığına
möhür basan, tarixin yeni səhifələrinə öz
imzasını atan ümummilli lider Heydər Əliyevin də
doğma yurdudur Naxçıvan.
Bu yurdda zaman-zaman kimlər at oynatmayıb? Hansı
fatehin nəzərindən uzaqda qalıb Naxçıvan?
Bu torpaq yadellilər tərəfindən zaman-zaman
zəbt edilib, dağıdılıb, lakin
övladlarının əlləri ilə yenidən
abadlaşdırılıb. Tarixə nəzər
salaq. Nuh peyğəmbərlə
yaşıd olan Naxçıvan torpağı ta qədimdən
Şərqlə Qərb, Cənubla Şimal arasında karvan
yollarının kəsişdiyi yerdə qərar tutduğuna
görə regiondakı güclü dövlətlərin zərbələrinə
tuş gəlib. Bu torpaqda Atropatena hakimləri,
Sasani şahları ağalıq edib. Naxçıvan
İran - Bizans müharibələri zamanı xarabaya
çevrilib. Sonra bura gələn ərəblər
onu özlərinə istehkama çeviriblər. Babəkin
rəhbərliyi ilə xürrəmilərin 28 il
davam edən hərəkatında Naxçıvan dayaq nöqtəsi
olub.
Zaman ötdükcə Naxçıvan Sacilər, az sonra
Salarilər dövlətinin tərkibinə qatılıb,
yenidən Bizansın oylağına çevrilib. Orta Asiyadan
yürüş edən səlcuqlar bizansları qovaraq
Naxçıvanı özlərinə paytaxt ediblər.
Bu ara Şərq tarixində Eldəgizlər
dövrü adlanıb. Həmin vaxtdan Eldəgizlərlə
bərabər, Atabəylərin də iqamətgahı olan
Naxçıvanın inkişaf, tərəqqi dövrü
başlanıb. Naxçıvan həm mədəni,
həm də iqtisadi cəhətdən inkişaf etməyə
başlayıb. Məhz həmin dövrdən qalma və
bu günə qədər də qorunub saxlanan möhtəşəm
tarixi abidələr - Möminə xatun və Yusif ibn
Hüseyn türbələri, Qoşaminarəli məscid və
digər abidələr bu gün də Naxçıvanın o
vaxtkı ehtişamına sahidlik edir. Bu abidələrin
çoxunda Naxçıvan memarlıq məktəbinin banisi əcəmi
Naxçıvaninin zəkasının izləri var.
Tarixin sonrakı dövrlərində Eldəgizləri
monqollar devirib, Naxçıvan yenidən zəbt olunub,
talanıb. Sonra diyar Elxanilər dövlətinin tərkibinə
qatılıb. Qızıl Orda xanı
Toxtamış, Türküstan hökmdarı Əmir Teymur,
Qaraqoyunlu, Ağqoyunlu əmirləri Naxçıvanı ələ
keçiriblər. Zaman öz
qamçısını Naxçıvanın üstündən
götürməyib. 1501-ci ildə Səfəvi
hökmdarı Şah İsmayıl Xətai
Naxçıvanı öz dövlətinə qatıb. Nadir şahdan sonra XVIII əsrin II yarısında əyalət
müstəqilliyi qazanıb xanlığa çevrilən
Naxçıvan XIX əsrdə Azərbaycanı 2 yerə
bölən Rusiya işğalından da yaxa qurtara bilməyib.
Azərbaycan Xalq Cümhuriyyətinin öz ərazisi elan etdiyi
Naxçıvanın başı üstündə sovet
işğalının ilk illərində yenidən soyuq yellər
əssə də 1921-ci il martın 16-da
Qarsda imzalanan Sovet - Türkiyə müqaviləsinə əsasən
Naxçıvan Azərbaycanın tərkibində saxlanıb.
Tarixdə azadlıq bayrağını dəfələrlə
ucaltmış Naxçıvanda 1990-cı ilin qanlı yanvar
axşamı Azərbaycana sovet rəhbərliyinin düşmən
münasibətlərinə və Bakıya qoşun yeritməsinə
cavab olaraq SSRİ-nin tərkibindən çıxmaq barədə
qərar qəbul edilmişdi. Bu, cəsarətli
addım sovet imperiyasının ölümünə verilən
ilk fərman olmuşdu. 1991-ci ildə isə
Naxçıvan Ali Məclisinin sədri, ümummilli lider Heydər
Əliyevin təşəbbüsü və iradəsi ilə
Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözləri
çıxarıldı və Azərbaycanın üçrəngli
milli bayrağı ilk dəfə olaraq Naxçıvanda
dövlət bayrağı kimi qaldırıldı. Məhz Heydər Əliyevin dəmir iradəsi ilə
Naxçıvan qorunub saxlandı. Ulu
öndər Azərbaycanda hakimiyyətə qayıdıb
xilaskarlıq missiyasını yerinə yetirməklə
Naxçıvan muxtar dövlətinin də tarixin yeni mərhələsində
mövcudluğunu, dirçəlişini və tərəqqisini
təmin etdi. Prezident İlham Əliyevin
daimi diqqət və qayğısı ilə Naxçıvan
ölkəmizdə modernləşmə poliqonuna çevrildi.
Bu gün Naxçıvan torpağına kimin
ayağı dəyirsə, heyrətlənməyə bilmir. Naxçıvanın
hər yerində geniş quruculuq, gözəllik, abadlıq
göz oxşayır. Tərtəmiz,
yaraşıqlı küçələri, insanların
bir-birinə mehriban münasibəti, bolluq və xoş güzəran
bu yurda başqa bir ahəng verir. Tarix, mədəniyyət
abidələrinin qorunmasında, iqtisadi inkişafda, sosial tərəqqidə,
idman və turizmin inkişafında, bir sözlə, hər sahədə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun təşəbbüskar, səriştəli
rəhbərliyi ilə qazanılan uğurlar
danılmazdır. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin daxili və xarici siyasətinə əməli
işlərlə töhfələr verən, Azərbaycanın
bir parçası olan Naxçıvanda tərəqqi,
rifahın daha da yüksəldilməsi üçün
yorulmadan çalışan, bütün sahələrin
inkişafını diqqətdə saxlayan Vasif Talıbov muxtar
respublikanın işıqlı gələcəyi
üçün əlindən gələni edir.
Bu gün Naxçıvan Muxtar Respublikasında ən təqdirəlayiq
hal milli-mənəvi dəyərlərə yüksək
qayğı və ciddi tələblərlə
yanaşılmasıdır. Tədris
ocaqlarındakı təlim-tərbiyə, hər hansı bir
sahədəki işgüzarlıq, əhalinin mədəni tələbatının
cavablandırılması, işlərə həssaslıqla
yanaşma bilavasitə qayda-qanuna və milli normalara riayət
olunmasından xəbər verir. Ümummilli
lider Heydər Əliyevin ideyalarına sayğı ilə
yanaşan Ali Məclis sədri Vasif Talıbov bu günlərdə
Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfər
etmişdir. Səfərin əsas məqsədi
iki muxtariyyət arasında əlaqələrin daha da
genişlənib inkişaf etdirilməsidir.
Ümummilli
lider Heydər Əliyevin belə bir sözü var: "Yol - mədəniyyət,
iqtisadiyyat, bir sözlə həyat deməkdir!".
Buradakı inkişafdan xəbər tutmaq
üçün Naxçıvanın yollarına baxmaq kifayət
edir. Görkəmli ədibimiz Balaş Azəroğlunun
isə belə bir sözü var: "İnsanın ruhunun və
qələminin azad olması üçün onun
başının üstündə azad Vətən
torpağı olmalıdır. İnsanın
gücü də, qüdrəti də Vətən
torpağındadır. Vətəndən uzaq düşən
adam budağından qopmuş sarı yarpaq
kimidir". Bu gün hər bir kəs
başı üstündə azad göylər istəyir.
Bu göylərin təmiz, təhlükəsiz
olması üçün gecə-gündüz
çalışan insanlara dəstək verməli və minnətdar
olmalıyıq. Olmalıyıq ki,
balalarımız xoşbəxt və firavan yaşaya bilsinlər.
Son günlər yenə də yolum Naxçıvana
düşmüşdü. Şəhərin
küçələrini gəzdikcə qəlbim fərəhlə
dolurdu. Naxçıvanda dirçəlişin
başlandığı 1995-ci ildən əldə olunmuş
misilsiz nailiyyətlərin miqyasını və çəkisini
təsəvvür etmək üçün bəzi diqqətçəkən
rəqəm və faktları oxucuların da diqqətinə
çatdırmaq istəyirəm. Ötən
ilin noyabrında muxtar respublikada ümumi daxili məhsul
istehsalı bu diyarın tarixində ən yüksək səviyyəyə,
2 milyard ABŞ dolları həcminə
çatmışdır. Bu 16 il əvvəlkindən
38 dəfə çoxdur. Bu rekorda çatmaq
üçün son 16 ildə Naxçıvanda istehsalın
bütün sahələri modernləşdirilmiş və
genişləndirilmiş, yeni təsərrüfat sahələri
istifadəyə verilmişdir.
Tikinti bölməsinin sürətli inkişafı
sosial-iqtisadi tərəqqi üçün məhsuldar zəmin
yaratmışdır. Təkcə bir faktı deyək ki, indi
Naxçıvanda sovet dövrünün ən yüksək
göstəricisi olan 1989-cu ilin bir ayında işlədilən
2535 ton beton qarışığı bir gündə sərf
edilir. 1995-ci ilə nisbətən bir adama düşən
illik ÜDM 31 dəfə, sənaye məhsulu 69 dəfə, əsas
kapitala yatırım 261 dəfə, kənd təsərrüfatı
məhsulu 7 dəfə, nəqliyyat daşınması 18 dəfə,
pullu xidmətlər 30 dəfə, rabitə xidməti 90 dəfə,
ixracın həcmi 142 dəfə, büdcə gəlirləri
26 dəfə, əhalinin gəlirləri 44 dəfə
artmışdır.
Son 16 ildə muxtar respublikada 373 yeni sənaye müəssisəsi
işə salınmışdır. Hazırda 243 adda sənaye
məhsulu buraxılır. Azərbaycanda
ilk dəfə Naxçıvanda minik maşınları
istehsal olunur. Ümumiyyətlə, 1995-ci ildən bəri
Naxçıvanda 9700-dək obyekt istifadəyə verilmiş,
quruculuq işlərinə 2,8 milyard manat
investisiya qoyulmuşdur. Son 16 ildə diyarda 178 məktəb
tikilmiş və yenidən qurulmuşdur. Bu
qədər məktəb sovet dövründə 43 ilə ərsəyə
gətirilmişdi. 1995-ci ildən bəri
yeni və yeniləşdirilmiş 185 səhiyyə
ocağının istifadəyə verilməsi ilə o
vaxtın yarım əsrinə bərabərdir. Naxçıvan özünü elektrik enerjisi ilə
təmin edir, xaricə də enerji satır. Qazlaşma tam başa çatmışdır.
Muxtar respublikada əkinə yararlı bütün
torpaqlardan məhsul götürülür, suvarma probleminə
son qoyulmuşdur. İndi ildə 60,2 min hektar - 16 il əvvəlikindən
2,4 dəfə çox torpaq əkilib-becərilir. Ümumiyyətlə, bu gün Naxçıvanda 308
növdə, 810 çeşiddə məhsul buraxılır.
259 növdə məhsula, o cümlədən əsas
ərzaq məhsullarına tələbat tamamilə yerli
istehsal hesabına ödənilir. 1995-ci ildə
yaradılan 68500 yeni iş yerinin 42500-ü daimidir. Bu dövrdə əhalinin sayı 80 min nəfər
artaraq 420 min nəfərə çatmışdır.
Bütün bunlar ulu öndər Heydər Əliyevin
Naxçıvanı türk dünyasının
qovşağında yüksək inkişaf etmiş bir diyara
çevirmək arzusunun gerçəkləşməsidir. Prezident İlham Əliyev
bütün bunları yüksək qiymətləndirərək
demişdir: "Naxçıvanın uğurlu inkişafı
Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi
deməkdir. Burada gedən işlər məni
çox sevindirir".
Tarix boyu
başı çox bəlalar çəksə də dəfələrlə
yüksəliş dövrü yaşamış,
torpağın üstündə və altında zəngin mədəni
irs qoymuş qədim Naxçıvan
bugünkü intibahı ilə sanki çəkdiyi müsibətlərin
əvəzini çıxır, ulu köklər üstündə
qol-qanad atıb daha xoş sabahına doğru irəliləyir.
Tarixin yeni Naxçıvanı
dostlarımızı sevindirir, düşmənlərə
gözdağı verir. Türk
qapısı Naxçıvandan bir dəfə keçənlər
belə onun hüsnünə, cəlalına "əhsən!"
deyirlər.
Ramin
ƏHMƏDOV, yazıçı-publisist
Xalq qəzeti.- 2012.- 18 fevral.- S. 5.