Muğamın 7 lad-məqamını fəth edən sənətkar

 

Mənəvi yaddaşımızın möhtəşəm səs abidəsi olan Muğam Azərbaycan xalqının bədii yaradıcılığının zəngin bir hissəsi, əsrlərdən bəri şifahi şəkildə inkişaf edərək, dövrümüzə gəlib çatmış unikal sənət nümunəsi, Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (ənənəvi musiqi) sistemində özünəməxsus orijinal janrdır. Dərin fəlsəfi məzmuna və emosional təsir gücünə malik bu klassik sənəti yaşadan, onu nəsildən-nəslə ötürən və inkişaf etdirən, cilalayıb təkmilləşdirən ifaçılar sazəndə və xanəndələrdir.

 

Musiqişünasların birmənalı rəyincə, sazəndə və xanəndə sənətinin inkişafı nəticəsində XIX - XX əsrlərdə Azərbaycan muğam ifaçılıq sənəti özünün zirvəsinə çatmışdır. XIX əsrdə Azərbaycan muğam sənətkarlarının şöhrəti, nəinki bütün Qafqazda, həmçinin Türkiyədə, İrandaOrta Asiyada geniş yayılmışdır. Fərəhli haldır ki, 2003-cü ildə ecazkar Azərbaycan muğamı YUNESKO tərəfindən, bəşəriyyətin şifahi ənənəli mənəvi şedevrləri siyahısına daxil edilmişdir.

Muğam sənətini çağdaş günümüzdə yaşadan, yorulmadan təbliğ edən və qeyd olunan uğurlarda xidməti olan xanəndələrdən biri, nadir təbii səsi, güclü nəfəsi, incə zövqü, yüksək, peşəkar ifaçılıq məharəti ilə sayılıb-seçilən, nüfuz qazanan pedaqoq Qəzənfər Abbasovdur. 1962-ci il təvəllüdlü Qəzənfər Abbasov zəngin mədəni, o cümlədən muğam ənənələri ilə şöhrət qazanmış Qarabağın Ağcabədi bölgəsində doğulmuşdur. O, gənclik illərində bir çox respublika miqyaslı müsabiqə, festivalların iştirakçısı olmuş, 1987-ci ildə Cabbar Qaryağdıoğlu adına muğam müsabiqəsinin diplomuna, 1992-ci ildə isə bu müsabiqənin qalibi adına layiq bilinmişdir.

1991-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunda məşhur pedaqoq xanəndə Nəriman Əliyevin sinfində təhsilini başa vuran Qəzənfər Abbasov 1993-1997-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyasında) professor Arif Babayevin kursunda təhsil almışdır. Özünün etiraf etdiyi kimi, onun pedaqoq xanəndə kimi püxtələşməsində hər iki ustadın zəhmətləri danılmazdır. Pedaqoq kimi Dövlət Muğam Teatrının nəzdindəki muğam studiyasındakı əmək fəaliyyəti, eləcə də 2001-ci ildən bu günə kimi Milli Konservatoriyada baş müəllimlik fəaliyyəti məhz adları çəkilən ustadların zəmanəti ilə həyata keçirilmişdir. Onun zəngin pedaqoji fəaliyyəti tək bunlarla məhdudlaşmır.

Qəzənfər müəllim 1999-2011-ci illər ərzində Bülbül adına Orta İxtisas Musiqi Məktəbində işləmiş, 2000-ci ildən indiyə qədər Asəf Zeynallı adına Musiqi Kollecində və 2011-ci ildən Mədəniyyət və İncəsənət Universitetində baş müəllim kimi fəaliyyətdədir.

Tanınmış xanəndə Sevinc Sarıyeva, Mütəllim Dəmirov, eləcə də 2011-ci il Muğam müsabiqəsinin qalibi Səbinə Ərəbli və Nigar Şabanova Qəzənfər müəllimin yetirmələridir. Təhsildəki uğurlarına görə o, 2011-ci ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.

Pedaqoji fəaliyyəti ilə paralel xanəndəlik sənəti ilə də yaxından məşğul olan Qəzənfər müəllim dəfələrlə Türkiyə və İranda qastrol səfərlərində olmuşdur. O, İraqda IX ümumdünya Babil festivalında iştirak etmiş və 1999-cu ildə Səmərqənddə "Şərq təranələri" beynəlxalq festivalında xüsusi mükafata layiq görülmüşdür.

Lirik-dramatik səciyyəli səs sahibi olan Qəzənfər Abbasov həm bəm, həm orta, həm yüksək, həm də zil registrlərdə eyni həvəslə oxuyan xanəndələrdəndir. Bunu, onun zəngin yaradıcılığının məhsulu olan, ifaçısı olduğu muğam dəsgahları, zərb muğamları, eləcə də xalq mahnılarında aşkar müşahidə etmək olar.

Bu musiqi nümunələrində dəsgahlarda tələb olunan bütün şöbə, guşə, xallar yerli-yerində, ardıcıllıqla ifa olunmuşdur. Onun muğam dəsgahlarının dolğunbitkin alınmasının bir səbəbi də budur ki, şöbələrin melodik xüsusiyyətini və kəsb etdiyi mənanı dəqiq duyuronun ahənginə uyğun qəzəl seçib, aydın tələffüz edə bilir. Onun dəsgah ifalarında şöbədən-şöbəyə təsnifsiz-rəngsiz birbaşa keçməsi çox ustadanədir. Bu oxumalarda muğam sərrafı Mirzə Muxtarın əvəzsiz tövsiyələrindən olan ifa zamanı müxtəliflik xatirinə hərdənbir burunda oxumaq üsulundan da geniş istifadə edilmişdir. Zəngulələrində həm həzin, həm coşğun, həm sürəkli, həm şaqraq ovqat özünü büruzə verir. Qavalla sazəndələr dəstəsində rədif-takt saxlamaq bacarığı da xüsusi qeyd edilməlidir.

Qəzənfər Abbasovun özünəməxsus zəngin yaradıcılığında diqqətçəkən maraqlı məqamlardan biribudur ki, o, öz zəngin səs imkanını, məlum 7 lad-məqamın hamısında sınamış və uğur qazanmışdır! Belə yaradıcılıq uğuru hər xanəndəyə nəsib olmur.

Belə ki, 7 lad-məqama əsaslanan 12 muğam dəsgahı tarzən Valeh Rəhimov və kamançaçalan Arif Əsədullayevin müşayiəti ilə məhz Qəzənfər Abbasovun ifasında "Güney Azərbaycan" telekanalı vasitəsilə bütün dünyaya yayımlanmışdır. Belə bir sənət uğuruna vaxtı ilə "sənətinin fəlsəfəsini bilən" (akademik Vasim Məmmədəliyev), "Şərqin incisi" (Cabbar Qaryağdıoğlu), muğam sənətində dəqiqlik və tələbkarlığın zirvəsi olmuş ecazkar xanəndə Seyid Şuşinski nail olmuşdur.

Şərq poeziyası, Füzuli cazibəsindən çıxa bilmədiyi kimi, ənənəvi Azərbaycan muğam sənəti də Seyid ifaçılıq üslubu və ənənəsindən kənarlaşa bilmir! Özünü Seyidin "mənəvi varisi" hesab edən Qəzənfərin yüksək diapazonlu səsinin mayasında ustadının ifaçılığına xas olan keyfiyyətlərin aşkar duyulması məhz bu səbəbdəndir. Onun ifasındakı "Arazbarı", "Ovşarı", "Heyratı" oxu nümunələri Seyid oxumalarının oxşarıdır, sanki, eynidir. 1997-ci ildə xanəndə Nəriman Əliyev bildirmişdir ki, Azərbaycan muğam sənətinin tədrisi və ifaçılığında Seyid üslubu və ənənəsinin davam etməsi üçün müəllim kimi məhz Qəzənfər Abbasov lazımdır.

Milli televiziyamız olan AzTV-nin Seyid Şuşinski haqqında çəkdiyi sənədli filmdə, Ağanın orta yaşlarındakı obrazını yaratmaq məhz Qəzənfər müəllimə nəsib olmuşdur.

Muğam sənətinin dini-fəlsəfi araşdırıcısı kimi qeyd etməliyəm ki, ən yüksək emosiya yaradan Füzuli poeziyasından və muğam sənətindən ovsunlanmış insan, istər-istəməz vəcdlə danışır və təbii ki, təhlildən çox, tərif önə gəlir. Qəzənfər Abbasovun "Bayatı-Şiraz" və "Şüştər" oxumaları haqqında qısa təəssüratımı oxucularla bölüşmək istərdim. "Muğam həqiqətinə dini-fəlsəfi baxış" araşdırmasında əyani oxu nümunəsi kimi məhz Qəzənfər müəllimin "Bayatı-Şiraz"ına istinad etmişəm. Bu dəsgah muğama aid olan bütün şöbə, guşə, təsnif və rənglərin məntiqi qayda üzrə - yüksələn xətlə düzülüşündən yaranan kompozisiyadır. Təsəvvüf fəlsəfəsi baxımından kompozisiyadakı bu inkişaf məcazdan həqiqətə - Mütləq Həqiqətin ekstatik dərk olunmasına yönələn bir yoldur. "Bayatı-Şiraz" oxu nümunəsində nəzəri baxımından dəsgah konsepsiyasının kəsb etdiyi musiqi, poeziya, psixoloji və fəlsəfi kontekstlər üzvü surətdə bir-birini tamamlayır, vəhdətdədir.

Qəzənfərin ifasındakı "Bayatı-Şiraz" dəsgah kompozisiyası Haqqın qəlbən dərki istiqamətindəki yəqinlik hissinin pillə-pillə (məqamlarla) yüksəlməsinə əyani nümunədir. "Bayatı-Şiraz" oxu nümunəsi əql ilə izah olunmaz Tanrı Eşqinin məni (mənasının açıqlanması) istiqamətində ruhun, Nasut aləmindən Lahut aləminə yüksələn uğurlu cəhdidir. Bu orijinal ifa ilə Qəzənfər Abbasov İslamdan qaynaqlanmış Füzuli sözünü, müqəddəs Muğamla qovuşdurmaqla bənzərsiz dini-milli-estetik keyfiyyət yaratmışdır.

Nəhayətdə, ideya, forma, məzmun baxımından "Bayatı-Şiraz"ı yüksək-zəngin sənət nümunəsi kimi Qəzənfər Abbasov yaradıcılığının zirvəsidir. Doğrudan da, Muğam Haqqın qəlbən dərkinə yönümlü ariflər sənətidir.

"Şüştər" Azərbaycan muğam sənətində çətin olduğundan az ifa olunan dəsgahlardandır. Başqa dəsgahlardan fərqli olaraq, "Şüştər" bəmdən yox, orta diapazondan başlayır və sonra birbaşa zilə keçir. Ona görə də emosiyanın (ruhun) zil-kulminasiyaya doğru inkişafını təmin etmək üçün xanəndədən çox zəngin, zil, "üzüyola" səs (Əhməd Bakıxanov), rəngarəng, mürəkkəb mərtəbəli zəngulə, uzun nəfəs tələb olunur.

Qəzənfər Abbasov 1991-ci ildə yüksək vokal texnikası nümayiş etdirməklə, özünəməxsus bir temperament və incəliklə ifa etdiyi "Şüştər"lə daha çox tanındı, şöhrətləndi. "Şüştər"i böyük maraqla dinləyən xanəndə-pedaqoq Nəriman Əliyev o vaxt belə söyləmişdi: "Bundan sonra heçoxumasan da "Şüştər"in şöhrəti sənə bəsdir!".

Pedaqoq-xanəndə Qəzənfər Abbasov ailəlidir, 2 övladı 1 nəvəsi var. Yaşı 50, sənəti bəlli olan ustad xanəndənin yaradıcılığının öz dəyərini alması ona ən gözəl hədiyyə olardı. Muğam sənətinin keşiyində ayıq-sayıq dayanmış, muğamın İlahi məzmununu heç nəyə dəyişməyən sənətkara yarım əsrlik həyatının tamamında tale və sənət uğurları arzulayırıq.

 

Rəhim MÜSEYİBOV, muğam bilicisi, muğam sənətinin dini-fəlsəfi tədqiqatçısı

 

 

Xalq qəzeti.- 2012.- 19 fevral.- S. 8.