Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi
ötən il bir
sıra uğurlu layihələr
reallaşdırmışdır
"Böyük
Bakının Regional İnkişaf Planı" layihəsi
üzərində hazırlıq işləri
tamamlanmışdır
Bu gün ölkəmizin hər yerində
quruculuq işləri uğurla
davam etməkdədir. Şəhərlərimizlə
yanaşı regionlarımızda da müasir tipli layihələr
əsasında yeni məhəllələr
salınır, parklar və xiyabanlar inşa edilir, yollar və
körpülər tikilir və s.
Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramında qarşıya qoyulan
bir çox layihələr
uğurla reallaşdırılır. Təbii
ki, bu uğurların
qazanılmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də mühüm
xidmətləri olmuşdur. Komitə ölkənin davamlı sosial-iqtisadi
inkişafını təmin etmək üçün
qəbul edilmiş dövlət
proqramlarının və digər milli
proqramların icrasında yaxından iştirak
edir, respublika
iqtisadiyyatının inkişafında öz
səlahiyyətləri daxilində müvafiq
tədbirlər həyata keçirir.
2001-ci ildə həyata keçirilən layihələr barədə komitənin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verir:
- Ötən il Azərbaycan Respublikasının iqtisadi rayonlarının ərazi təşkilinin regional planlaşdırma sxemləri, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda göstərilən və tamamlanması 2012-ci ildə nəzərdə tutulan Aran, Gəncə-Qazax və Quba-Xaçmaz iqtisadi rayonları üzrə "Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemləri"nin hazırlanması davam etdirilmişdir. Aran iqtisadi rayonu üzrə icraçı "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu olmaqla bu günədək 40 faiz iş həcmi yerinə yetirilmişdir. Gəncə-Qazax və Quba-Xaçmaz iqtisadi rayonları üzrə icracı müvafiq "Ana-Kent" Planlama Yapı Yatırım Şirkəti və "Renessans Studio" MMC olmaqla bu günədək 50 faiz həcmində iş görülmüşdür.
Eyni zamanda, qeyd olunan Dövlət Proqramında 2011- 2013-cü illərdə işlənilməsi nəzərdə tutulan Şəki-Zaqatala və Lənkəran iqtisadi rayonları üzrə "Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemləri"nin hazırlanması ilə bağlı keçirilmiş açıq tender əsasında müəyyən edilmiş icraçı təşkilatlar "Risk Elm-İstehsalat Sirkəti" QSC və "Ana-Kent" Planlama Yapı Yatırım Şirkəti tərəfindən müvafiq olaraq 30 faiz iş həcmi yerinə yetirilmişdir.
- Artıq "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi üzərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icra qrupu tərəfindən aparılan hazırlıq işləri tamamlanmışdır. Bu barədə nə deyərdiniz?
- Respublika Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılmış "Böyük Bakının Regional İnkişaf Planı"nın hazırlanması və ölkənin 7 iqtisadi rayonu üzrə sosial-iqtisadi tədbirlərin yerinə yetirilməsi məqsədilə komitə tərəfindən 22 may 2009-cu il tarixli əmr verilmiş, komitənin şöbələri və tabe təşkilatlar qarşısında duran vəzifələr müəyyən edilərək "Tədbirlər Planı" təsdiq edilmişdir. Biz artıq hazırlıq işlərini başa çatdırmışıq. Belə ki, "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin hazırlanması üzrə əsas layihə işlərinin yerinə yetirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və layihənin koordinatoru "Bakıdövlətlayihə" Layihə İnstitutu arasında müqavilə imzalanmışdır. Bundan əlavə 2011-ci ildə "Böyük Bakının Rəqabətlilik və Yerli İqtisadi İnkişafı" və "Şəhər və Regional Planlaşdırılma" işləri üzrə beynəlxalq məsləhətçilər ilə müvafiq müqavilələr imzalanmışdır. Layihənin "Ətraf Mühitin Strateji Qiymətləndirilməsi" bölməsi üzrə məsləhətçi şirkətin müəyyən edilməsi ilə əlaqədar tender proseduru artıq başa çatmışdır və bu tenderin nəticələri təqdir edilmək üçün Dünya Bankına göndərilmişdir. "Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin başa çatması 2013-cü ildə nəzərdə tutulmuşdur.
"Böyük Bakının Regional İnkişaf Planı" layihəsinin hazırlanmasının ümumi qiyməti 5,72 milyon ABŞ dolları təşkil edir və 2011-ci ilin sonuna qədər həmin məbləğdən 0,59 milyon ABŞ dolları istifadə edilmişdir.
- Digər layihələriniz barədə nələri deyərdiniz?
- Komitənin sifarişi ilə hazırda Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Balakən və Neftçala şəhərlərinin baş planlarının hazırlanması həyata keçirilir. "Azərdövlətlayihə" İnstitutu tərəfindən hazırlanması həyata keçirilən Gəncə şəhərinin baş planı tam başa çatdıqdan və müvafiq təşkilatlarla razılaşdırıldıqdan sonra 2012-ci ildə komitəyə təhvil verilməsi gözlənilir.
Azərbaycan Respublikası Prezidentinin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 12 sentyabr 2011-ci il sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədilə komitənin sifarişi ilə "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmış və aidiyyəti orqanlarla razılaşdırılmış Şəki şəhərinin baş planının təshih edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu arasında müvafiq müqavilə bağlanmışdır. Şəki şəhərinin baş planının təshihi layihəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən 2012-ci ilin birinci rübündə tamamlanması və komitəyə təhvil verilməsi gözlənilir.
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" 18 sentyabr 2008-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq şəhərsalma və layihələndirmə sahəsində normativ sənədlərin tənzimlənməsini həyata keçirmək məqsədilə yeni milli normativ sənədlərin işlənib hazırlanması və respublika ərazisində tətbiq edilməsi istiqamətində də işlər davam etdirilmişdir. Bu qərarın icrası hansı vəziyyətdədir?
- AzDTN 1.5-5 "Tikinti üçün layihə sənədlərinin işlənilməsi, razılaşdırılması və təsdiqi qaydaları", AzDTN 2.6-3 "Şəhər və digər yaşayış məskənlərində qırmızı xətlərin layihələndirilməsi və təyin edilməsi qaydaları" və AzDTN 2.15-1 "Bina və qurğuların qrunt əsasları" normativ sənədləri artıq aidiyyatı qurumlarla razılaşdırılmış və hal-hazırda təsdiqə hazırlanır.
Komitənin sifarişi ilə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 7 və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan layihə təşkilatı tərəfindən isə 10 normativ sənəd işlənib hazırlanır. Artıq Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanan sənədlərin yekun variantları komitəyə təqdim olunmuş və 2012-ci ildə həmin sənədlərin aidiyyatı təşkilatlarla razılaşdırılaraq təsdiq edilməsi nəzərdə tutulmuşdur.
Bunlardan başqa, "Binaların istilik mühafizəsi", "Bərk məişət tullantıları üçün poliqonların layihələndirilməsi üzrə təlimat", "Günəş enerjisindən istifadə edən isti su təchizatı qurğuları" normativ sənədlər aidiyyəti təşkilatların rəyləri nəzərə alınmaqla yenidən işlənib təkmilləşdirilir.
Respublika ərazisində qüvvədə olan tikinti norma, qayda, standart, texniki şərtlər, metodiki və rəhbəredici sənədləri, o cümlədən dövlətlərarası normativ sənədləri özündə cəmləşdirən "Azərbaycan Respublikasında qüvvədə olan tikinti normativ sənədlərinin siyahısı (1 yanvar 2011-ci il tarixə olan vəziyyət)" hazırlanmış və təsdiq edilmişdir.
Həmçinin, MDB ölkələri arasında tikinti sahəsində əməkdaşlıq çərçivəsində Dövlətlərarası Elmi-Texniki Komissiyanın işində də fəaliyyət davam etdirilmişdir.
- Komitədə layihələrin memarlıq-planlaşdırma həllərinin razılaşdırılması sahəsində də müvafiq işlər görülmüşdür. Nə qədər layihəyə rəy verilmişdir?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma-memarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4.4 və 4.6 bəndlərinə uyğun olaraq Komitəyə 68 obyektin memarlıq-planlaşdırma həllərinə münasibət bildirilməsi və rəy verilməsi üçün müraciətlər olmuşdur. Təqdim olunan layihələr araşdırılaraq 50 layihəyə müsbət rəy verilmiş, 18 layihə sənədlərində iradlar olduğu üçün mənfi rəy verilərək geri qaytarılmışdır.
- Dövlət orqanlarının elektron xidmətlər göstərməsi sahəsində də komitədə xeyli iş görülmüşdür. Bu barədə nə deyərdiniz?
- "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2011-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq komitənin rəsmi arxkom.gov.az saytında xüsusi elektron xidmət bölməsi yaradılmışdır.
Elektron poçt vasitəsilə komitəyə daxil olan və göndərilən bütün məktublar rəsmi memar@arxkom.gov.az. ünvanlı elektron poçtu vasitəsilə həyata keçirilir.
Eyni zamanda göstərilən elektron xidmətin təşkili ilə bağlı komitədə informasiya texnologiyaları həllərinin, o cümlədən məlumat sistemləri, reyestrlər və digər informasiya resurslarının tədbiqinə 2012-2013-cü illər üçün tələb olunan vəsait barədə məlumat Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilmişdir.
- Bir az da beynəlxalq əlaqələriniz barədə məlumat verərdiniz.
- Komitə cari ildə də beynəlxalq əlaqələr sahəsində fəaliyyətini davam etdirmişdir. Belə ki, Qazaxstan Respublikasının Tikinti və Mənzil-Kommunal Təsərrüfatı İşləri üzrə Agentliyinin təşkilatçılığı ilə 2011-ci ilin may ayında Astana şəhərində keçirilən MDB üzv dövlətlərinin Hökümətlərarası Şurasının İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə növbəti XXXI iclasında komitənin əməkdaşları da yaxından iştirak etmişdir.
Eyni zamanda Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyasının 2 iyun 2010-cu il tarixli altıncı iclas protokolunun 6.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Belarusiyanın Tikinti və Arxitektura Nazirliyi arasında ikitərəfli əməkdaşlıq üzrə müvafiq Memorandum layihəsi imzalanmışdır.
Memorandumda şəhərlərin baş plan layihələrinin işlənilməsi, ərazinin planlaşdırılması və tikilib abadlaşdırılması, həmçinin Bakı buxtasına bitişik ərazilərin formalaşdırılması zamanı müvafiq şəhərsalma həlləri sahəsində təcrübə mübadilələrinin aparılması məsələləri öz əksini tapmışdır.
Komitə beynəlxalq və respublika səviyyəli konfrans, sərgi və digər tədbirlərin keçirilməsində də yaxından iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli sərəncamına uyğun olaraq Bakı Ekspo Sərgi Mərkəzində 27-29 sentyabr 2011-ci il tarixində keçirilən ümumrespublika sərgisində digər təşkilatlarla yanaşı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də iştirak etmişdir.
Komitənin pavilyonunda müstəqillik illərində əldə etdiyi naliyyətlər kimi "Böyük Bakının Regional İnkişaf Planı"nın konsepsiyası, Bakı şəhərinin mərkəzi hissəsinin müfəssəl planlaşdırma layihəsi və maketi, ayrı-ayrı şəhərlərin Baş planları, habelə yeni-yeni layihələr nümayiş etdirilmişdir.
Komitənin pavilyonunda nümayiş etdirilən eksponatlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də baxmış, öz təklif və tövsiyələrini bildirmişdir.
Sərgidə nümayiş etdirilən layihələr geniş ictimai marağa səbəb olmuş və ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmişdir.
2012-ci ildə görəcəyimiz işlər çoxdur. Çalışırıq ki, şəhərsalmanın ən müasir formalarından istifadə etməklə klassik ənənələrə söykənən maraqlı layihələr hazırlayaq, ölkəmizdə gedən quruculuq işlərində yaxından iştirak edək.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 19 fevral.- S. 4.