Xocalı soyqırımına gedən yol: zaman və zəmin

 

XX əsrin son onilliyinin ən qanlı faciəsi Xocalı soyqırımına tarixdən və coğrafiyadan gələn yollar uzaqlara gedib çıxır. Quzey Azərbaycanın mərkəzi əyaləti Qarabağın aranından yaylağına uzanan yolun ortasında yerləşən Xocalı Qafqazda qədim mədəni qaynaq - Xocalı - Gədəbəy mədəniyyətinin ən zəngin nişanələrini qoruyub saxlayan ulu bir yurd yeridir.

 

İrimiqyaslı coğrafi xəritələrə düşməyən bu məntəqənin adı qədim tarixə dair əksər kitablarda çəkilir. Ömründə bir dəfə ayağı bu yerə dəyməyən tarixçilər əvvəllər Azərbaycanın Qarabağ yaylasında 3-4 min illik mədəni bir tarixin izlərini yaşadan Xocalı adlı yaşayış məskənindən xəbərdar idilər. 25 ildən bəri Qarabağı dünyanın ən qaynar nöqtəsinə, qanlı bölgəsinə çevirmiş erməni millətçi-separatçıları isə 1992-ci ilin 25-26 fevral gecəsində törətdikləri dəhşətli soyqırmı ilə yüz milyonlarla insanın həyəcan, sarsıntı, qəzəb, lənət saçan nəzərlərini Xocalı adlı yer üzündən silinmiş, sakinləri məhv edilmiş bir ada, ünvana, vandalizm obyektinə çevirdilər. Bircə gecənin içində bir neçə minillik fasiləsiz yaşama, mövcudluğa son qoyuldu.

Çox təəssüf ki, ilkin informasiya dalğası ilə Yer kürəsinin hər yerindəki normal insanlara dəhşətli ağrı yaşadan Xocalı soyqırımı aradan 20 il keçsə də öz adı ilə tanınmır. Dünyanı idarə edən, nizam yaratmalı, ədaləti təmin etməli, siyasi-hüquqi güc mərkəzləri hələ də susurlar. İllər ötüb keçsə də, hər şey gün kimi aydın olsa da biganəlik, səthi yanaşma davam edir.

Haqqın gec-tez yerini alacağına, günahsız insanların kütləvi surətdə məhv edilməsinə doğru-düzgün qiymət veriləcəyinə inamını itirməyən xalqımız isə dünyadan obyektivlik gözləyir. Bütöv bir şəhərin etnik mənsubiyyətinə görə yer üzündən silinməsi beynəlxalq hüquqi qiymətini almırsa, bəşəriyyət XXI əsrdə hara üz tutub?

20 ildir ki, Xocalı soyqırımının necə baş verməsi, bu ağlasığmaz faciənin nələrdən qaynaqlanması, ən yeni tarixin bu dəhşətli qətliamına kimlərin və nələrin bais olması ilə bağlı suallara min bir cavab tapılıb. Bu misilsiz fəlakətin kökləri zaman, məkan və bu iki amili tarixə çevirən insan fəaliyyəti baxımından uzaqlara və dərinlərə, səhvlərə və zəifliklərə gedib çıxır.

Azərbaycanda tarixin son 3-4 min ilində yalnız yerli xalqın yaşadığı Qarabağ ərazisinə ermənilərin ayağı orta əsrlərin sonlarında dəyib. Son 2 min ildə Quzey Azərbaycanda baş verən dini-etnik dəyişmələr və xalqımızın etnik-mədəni formalaşması zəminində Qarabağın qıpçaqəsilli, xristian dinli (alban məzhəbi) əhalisi zaman-zaman artıb-çoxalan müsəlman oğuzların içərisində ərimişdir. Onların bir hissəsi səlcuq və monqol axınlarının təsiri ilə Şimali QafqazaQara dəniz boyuna köçüb getmişdir. Qafqaz albanların varisləri olan az sayda xristian türklər (xəmsə məliklikləri) isə Nadir şahdan sonrakı mərkəzləşmiş dövlətin zəifləyib parçalanması ilə yaranan Qarabağ xanlığının tərkibində "dini ayrı qardaşlar"la əmin-amanlıqda yaşamışlar.

Tarix boyu Qarabağda erməni izini zərrəbinlə də tapmaq mümkün deyil. Bəs 1988-1994-cü illərdə 1 milyon yerli əhalini min bir hiylə və vəhşiliklə dədə-baba yurdundan qovmuş, 20 faiz ərazimizi işğal etmiş, 20 min soydaşımızı öldürmüş, 50 min azərbaycanlını əlil və şikəstə çevirmiş, 4500-dək dinc insanı əsirlikdə izsiz-soraqsız itirmiş "əzabkeş ermənilər" Qərbi AzərbaycandaQarabağda necə peyda olmuşlar? Bütün bu fəlakətlərin, eləcə də 20 il əvvəl törədilmiş Xocalı faciəsinin bir kökü, bəlkə də, ən ciddi başlanğıcı bax bu sualın cavabındadır.

Tarixən, balkanlardan Yaxın Şərqə köç etmiş, özlərini "haylar" adlandıran ermənilər Kulikiyada məskunlaşmışlar. Qərbin "xaç yürüşləri"ndə dindaşlarına yol və xidmət göstərmiş bu başabəla, xain, fitnəkar toplum Bizansa yayılmışdır. Türklər Anadoluda möhkəmləndikcə köhnə ağalarını yenilərə satan ermənilər Osmanlı imperiyasında möhkəmlənmiş, oradan o tay - bu tay Azərbaycana kök atmışlar. Qriqorian missionerliyi ilə Qarabağa nüfuz edən, I Pyotrun səyləri ilə Şirvana yerləşdirilən, Rusiya-Osmanlı və Rusiya-İran müharibələrində yeni dindaşlarına bələdçilik etməklə, fitnələr törətməklə rəğbət qazanan ermənilər Şərqi hədəfə alan çar imperiyasının regionda dayağına çevrilmişlər.

Qarabağ və Gəncə, sonra isə Naxçıvan və İrəvan xanlıqlarının qara günləri də bununla başlanmışdır. Rusları Qafqaza dəvət edən, onların sıralarında vuruşan, Quzey Azərbaycanın işğalında mühüm rol oynayan ermənilər XIX əsrdə Rusiyanın himayəsi ilə Qara dənizdən Xəzər dənizinədək sürətlə yayılıb məskunlaşmışlar.

Quzey Azərbaycanın işğalından sonra Qarabağa 1828-30-cu illərdə İrandan 40 min, Osmanlıdan isə 90 min erməni köçürülmüşdür. Rəsmi statistikaya görə, 1823-cü ildə Qarabağ xanlığı ərazisi əhalinin 78,3 faizi müsəlman türklər, 21,7 faizi xristian türklər və son onilliklərdə bura köçmüş ermənilər idi. XIX əsrdə imperialist Qərb dairələri Şərqə doğru irəliləyən Rusiyaya, bu regionun aparıcı dövlətləri olan İran və Osmanlı imperiyalarına qarşı çevik etnik alət olan ermənilərdən fəal surətdə istifadə etməyə başlamışdır.

Uydurmaheç bir əsası olmayan "erməni məsələsi" məhz belə meydana çıxmışdır. Tarixi vətənlərini itirmiş erməniləri, ilk növbədə, Şərqin güclü dövlətləri olan İran və Osmanlı imperiyaları içərisində təxribatlara yönəltmək, lazım gələndə provoslav Rusiyasının Şərqə irəliləyişində əngələ çevirmək üçün Qərbin aparıcı dövlətləri AnadoludaQafqazda "erməni buferi" yaratmaq ideyasını ağılsız, xain, fitnəkar erməni elitasına sırımağa nail olmuşlar.

Əslində, özlərinə isti bucaq axtaran, bunu yerli türklərin himayəsində tapmağa məhkum ermənilərin bədbəxtliyi də bu cazibədar yalana uymaqla başlamışdır. XIX əsrin sonlarında Anadoluda fitnəkar qiyamlar törədən ermənilər II Dünya müharibəsində RusiyaAntanta cəbhələrinə keçib, vətəni Osmanlı imperiyasına, sonradan məskunlaşdığı Azərbaycana qarşı döyüşmüş, müdhiş soyqırımlar, bəşəri cinayətlər törətmişlər. Bu tarixi xəyanətdə həlak olmuş, Osmanlı imperiyasının cənub-şərqinə köçürülmüş, axışıb Qafqaza, xüsusən Qərbi Azərbaycana və Qarabağa doluşmuş ermənilərin "soyqırıma məruz qalması" barədə cəfəngiyatlar bu obyektiv-tarixi xronikanın fonunda gülüncdür və bəşəriyyəti ələ salmaq cəhdidir.

Rusiya və Antantanın silahlandırdığı ermənilər I Dünya müharibəsində xəyanətkar mövqeyinə görə Osmanlı ərazisində neytrallaşdıran məqamda yenidən Azərbaycana soxulub kütləvi qətl-qarətlər törətmişlər. Erməni elitasının Rusiya imperiyasını yeni əsasda quran bolşeviklərə qoşulmuş qismi isə 1918-ci ildə Bakıda, Qarabağda, Şamaxıda, Qubada, Salyandas. 30 minədək soydaşımızı məhv etmişdir.

1918-ci ilin 29 mayında İrəvan şəhərini Azərbaycandan alıb eyni adlı müsəlman quberniyasında Ermənistan dövlətini quran, 1920-ci ilin 20 aprelində yerli dönük və səbatsızların əli ilə bolşevik Rusiyasını Azərbaycana gətirən daşnak xislətli "sosialistlər" Qarabağın dağlıq hissəsində də heç bir əsas olmadan "muxtar erməni vilayəti" yaratdılar.

Sovet dövründə Stalin rejiminə alçaq xidmətləri ilə nüfuz qazanan erməni bolşevikləri Azərbaycanda açıq-gizli repressiyalar törətdilər, Qarabağı süni surətdə erməniləşdirdilər. Bütün bunlar zəmanəmizlə Dağlıq Qarabağ münaqişəsini, o cümlədən Xocalı soyqırımını qidalandırır, yaxınlaşdırırdı.

1998-ci ildə daxili zidiyyətlərin, xarici planların nəticəsi olaraq SSRİ adlı superdövlət süqut dövrünə qədəm qoyanda Qərbi və Şərqi Avropa imperialist dairələrinin strateji maraqlarına alət kimi hazırlanmış erməni millətçi-separatçıları Quzey Azərbaycana qənim kəsildilər. 1988-ci ilin 13 fevralında Xankəndidə başlayan separatçı erməni hərəkatı Azərbaycanın və onun qonşu olduğu türk-müsəlman dövlətlərinin tarixən yol verdikləri səhvlərin, ermənilərin Qafqaza yerləşdirilməsinə ciddi əhəmiyyət verməməsinin, daxili-siyasi çəkişmələrə uymasının nəticəsində beynəlxalq münaqişəyə çevrildi, məlum faciə, soyqırımı və ərazi itkiləri ilə sonuclandı.

1992-ci ilin 25-26 fevral gecəsində baş vermiş Xocalı faciəsi o vaxtadək siyasi-diplomatik gerçəklikləri lazımi qədər nəzərə almayan, müstəqilliyi yenicə qazanan Azərbaycanın taleyində və ən yeni tarixində sarsıntılı məqam oldu. 1992-ci ilin şaxtalı fevral gecəsi respublikanın ortasında Rusiyanın hərbi, Qərbin terror-təxribat dairələrindən kömək alan Ermənistan işğalçı qüvvələri Azərbaycanın 10 minədək əhalisi olan, Dağlıq Qarabağın strateji məntəqəsi Xocalını ciddi hazırlanmış plan əsasında yer üzündən sildi. Müdafiəsiz dinc əhali və qaçıb canını qurtarmaq istəyən uşaq, qadın, qoca odlu gülləyə tuş edildi, işgəncə ilə öldürüldü.

Xocalı soyqırımının rəsmi statistikası 20 ildir ki, dünyaya bəllidir:

Bütün silah növləri ilə təchiz olunmuş, xaricdən, xüsusən, 366-cı keçmiş sovet alayından kömək almış Ermənistan birləşmiş qüvvələri həmin gecə 613 dinc azərbaycanlının - o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. Xocalıda azərbaycanlıları hədəfə almış bu dəhşətli cəza gecəsində 487 nəfər yaralandı, 1275 nəfər girov götürülərək ağlagəlməz vəhşiliklərə tuş oldu. Bütün bunlar Birləşmiş Millətlər Təşkilatının bəşəri qırğınları cilovlamaqyox etmək siysətinə meydan oxumaq idi.

Həmin axşam erməni silahlı qüvvələrinin mühasirəsində qalmış, qanlı divan tutulmuş Xocalı əhalisinə qarşı məqsədli, mütəşəkkil hərbi əməliyyatın beynəlxalq hüquqi təfsirdə bircə adı var: etnik mənsubiyyətə görə məhv edilmə - soyqırımı.

Xocalı faciəsi Azərbaycan xalqına misilsiz bir ağrı yaşatmaqla yanaşı, həm də bizə tarixin son 2-3 əsrində yol verilmiş bağışlanılmaz səhvlərin dərslərini də anlatdı. Bu soyqırımı baş verməyə bilərdimi? - Əlbəttə! Bu şərtlə ki, bir-birimizlə didişib insanlıq sifətini və tarixi vətənini itirmiş erməniləri içərimizə buraxmaya, başımıza çıxarmayaydıq. Həm də kənar düşmənlərimizin fitnə-fəsadlarından vaxtında duyuq düşəydik.

Ermənilər Azərbaycanın Qərb bölgələrindən, mərkəzi Qarabağ əyalətindən soydaşlarımızı qovub çıxarsa da, Qafqazda qan dəryası yaratsa da, silinməz-pozulmaz bir qanuna uyğun olaraq, bu fəlakət dalğalarında özləri batmaqdadır. Ayılmış, səhvlərindən dərs almış Azərbaycan dostlarını artırır, hər sahədə güclənir. İşğalçı Ermənistan separatçı-əlahiddəliyin məntiqinə uyğun olaraq təklənir, zəifləyir. Bu "zavallı" millətin son tutacağı - yalan və hiylələri də əlindən çıxır. Dünya görür ki, heç kəs erməniləri soyqırıma məruz qoymayıb, əksinə, onlar türk soyuna qarşı davamlı, çeşidli soyqırımlar törədiblər.

Xocalı soyqırımı bizim günlərdə bu həqiqətin təkzibedilməz qanlı ekranıdır. Bu ekrana ermənilərin öz əlləri ilə yazdıqları vandalizm və soyqırımlar, çox keçməz ki, haqq məhkəməsində onları bu tarixi fəlakətə sürükləmiş liderlərə qarşı ittiham aktına çevrilər.

Tarix bizi inandırıb: nahaq qan yerdə qalmaz!

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 19 fevral.- S. 3.