Neft-qaz sənayesinin infrastruktur
imkanları genişləndirilir
Azərbaycanın neft-qaz sənayesində
mühüm infrastruktur layihələrinin
reallaşdırılması uğurla davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin böyük diqqət
və qayğısı, yeni neft strategiyası çərçivəsində
həyata keçirilən irimiqyaslı işlərlə
şəxsən maraqlanması nəzərdə tutulan
bütün layihələrin vaxtında və yüksək
keyfiyyətlə icra olunmasını sürətləndirir. Təsadüfi
deyil ki, son illər Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti tərəfindən mövcud infrastrukturun təkmilləşdirilməsi,
dənizdə və quruda yeni-yeni obyektlərin tikilib istismara
verilməsi istiqamətində işlər xeyli intensivləşmişdir.
Neft-qaz sənayesi üzrə mühüm infrastruktur
layihələrinin böyük əksəriyyəti Dövlət
Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən
həyata keçirilir. Hazırda trestin inşaatçıları Azərbaycanın
neft-qaz sektorunda müstəsna rolu olan "Günəşli"
və "Neft Daşları" yataqlarında, eləcə də
Pirallahı, Çilov adaları ətrafında, Səngəçal-Duvannı
rayonunda və digər ərazilərdə dəniz hidrotexniki
qurğularının, qaz-kompressor stansiyalarının,
yeraltı qaz anbarlarının, sualtı və yerüstü
boru kəmərlərinin, magistral neft və qaz xətlərinin,
neft terminallarının, mədəni-məişət və
sosial obyektlərin tikintisi və təmiri istiqamətində
mühüm işlər həyata keçirirlər.
2011-ci ildə
trestin tabeliyində olan tikinti-quraşdırma idarələri
tərəfindən illik podrat işləri proqramında nəzərdə
tutulmuş obyektlərin tikintisi ilə yanaşı, Dövlət
Neft Şirkəti rəhbərliyinin iştirakı ilə
"Azneft" və "Azəriqaz" istehsalat birliklərinin
müəssisələrində keçirilmiş texniki
müşavirələrdə, tədbirlər proqramında
qeyd olunmuş bir çox dövlət əhəmiyyətli
obyektlərdə də tikinti-quraşdırma işləri
aparılmışdır. Yeri gəlmişkən, istehsalat
müşavirələrində "Günəşli",
"Neft Daşları", "Palçıq Pilpiləsi"və
"Bulla dəniz" yataqlarında neft və qaz
hasilatının artırılması məqsədilə
stasionar dəniz özüllərinin genişləndirilməsi
və yenidən qurulması, quyuların qazılması
üçün əlavə şaxtaların
buraxılması, mövcud texnoloji yığım-nəql
sistemlərinin təkmilləşdirilməsi,
çıxarılan qazın sahilə itkisiz nəqlinin
etibarlı sisteminin qurulması, neft və qaz kəmərlərinin
təmir-tikinti işləri "Neftqaztikinti" Trestinə həvalə
olunmuşdur.
Ötən
il trestin kollektivi tapşırılan
işlərin vaxtında yerinə yetirilməsi məqsədilə
kadr və texniki heyətin potensialından, maşın və
mexanizmlərdən maksimum istifadə etməklə yüksək
iqtisadi uğurlar qazanmışdır. Belə
ki, inşaatçılar neft-qaz təsərrüfatına aid
onlarca iri istehsalat obyektinin tikintisini başa çatdıraraq
istismara təhvil vermişlər. Bu
baxımdan Neft Daşlarında həyata keçirilmiş tədbirlər
diqqəti daha çox cəlb edir.
Ötən
il trestin kollektivi burada dəniz suyunu şirinləşdirən
Əks Osmos tipli qurğunun, eləcə də 32A, 15 və 39
saylı paylayıcı qurğularının tikintisini
uğurla başa çatdırmış, bir sıra
meydançalararası estakadalarda əsaslı təmir işləri
həyata keçirmişdir. Bundan əlavə,
inşaatçılar il ərzində
adada meydançalararası iki yüksək təzyiqli qaz xətti
çəkərək istismara təhvil vermişlər.
2011-ci ildə trestinin kollektivi "Abşeronneft"
NQÇİ- nin sifarişi əsasında "Qərbi
Abşeron" yatağında Xəzər üzən qazma
qurğusu tərəfindən qazılmış 5 ədəd
quyunun avadanlıqlarla abadlaşdırılması və
istismarını, "Darvin bankəsi" yatağında 12
istismar quyusunun qazılması üçün 670 saylı
stasionar dəniz özülünün tikintisini, həmçinin
401 saylı neft-yığım məntəqəsi ilə 38
saylı stasionar dəniz özülü arası və
adı çəkilən məntəqə ilə 4 saylı
kompressor stansiyası arası boru kəmərinin layihələndirilməsi
işlərini vaxtında başa
çatdırmışdır. İnşaatçılar tərəfindən
il ərzində N. Nərimanov adına NQÇİ-nin
sifarişi əsasında bir sıra meydançalararası
estakada sahələri əsaslı təmir edilmiş, yeni hava
elektrik ötürücü xətləri çəkilmişdir.
"Bibiheybətneft"
NQÇİ-nin 3 və 4 saylı neft- qazçıxarma sexləri
üzrə lay sularının yığım-nəql sistemlərinin
yaradılması, sahələrin abadlaşdırılması
(birinci buraxılış) işləri də
inşaatçıların il ərzində həyata
keçirdikləri uğurlu işlərdəndir. Bundan əlavə,
ötən il trestin kollektivi Qaradağ və Qalmaz yeraltı
qaz anbarlarında quyulara qaz vurmaq üçün kompressor
stansiyalarının tikintisini, "Astara-Qazıməmməd
magistral qaz kəmərinin Biləsuvar rayonu ərazisində
Araz çayının yeni məcrasına düşən
hissəsinin yerinin dəyişdirilməsi", eləcə də
"Günəşli" yatağındakı 13 və 15
saylı dərin dəniz özülləri arası yüksək
təzyiqli qaz xəttinin çəkilişi" layihələrini
də müvəffəqiyyətlə başa
çatdırmışdır.
Hazırda ölkəmizdə reallaşdırılan
dövlət qaz proqramında nəzərdə tutulan kompleks tədbirlərin
həyata keçirilməsi, eləcə də regionların
qaz təsərrüfatı infrastrukturunun müasir standartlara
uyğun qurulması işləri də "Neftqaztikinti"
Trestinə həvalə olunmuşdur. Ötən illər ərzində
trestin inşaatçıları tərəfindən bu sahədə
xeyli iş görülmüş, bir sıra dövlət əhəmiyyətli
obyektlər tikilib istismara verilmişdir. Belə
ki, inşaatçılar Astara kompressor stansiyasının
genişləndirilməsi məqsədilə qısa müddətdə
mühüm tikinti-quraşdırma işləri həyata
keçirmiş və obyekti beynəlxalq standartların tələblərinə
uyğun olaraq vaxtında başa çatdırmağa müvəffəq
olmuşlar. Xatırladaq ki, sözügedən
obyekt ötən ilin mart ayında Dövlət Qəbul
Komissiyası tərəfindən istismara qəbul
edilmişdir.
Dövlət
Neft Şirkəti tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə
"Azərikimya" İstehsalat Birliyinin Etilen-Propilen Zavodunu
birləşdirən iki quru qaz və nafta kəmərinin
tikintisi də trestə həvalə olunmuşdur. Ölkəmizin neft-kimya sənayesinin
inkişafında müstəsna rolu olan həmin kəmərlərin
çəkilişi də inşaatçıların fədakar
əməyi sayəsində vaxtında və keyfiyyətlə
başa çatdırılmışdır.
Bütövlükdə
isə, ötən il trestin tikinti-quraşdırma idarələri
tərəfindən 389,4 kilometr
uzunluğunda müxtəlif diametrli neft-qaz kəməri
inşa olunmuşdur. Bunun 287,5 kilometri
quruda, 69,8 kilometri dənizdə, 32,1 kilometri estakada və
özüllərdə çəkilmişdir. Bundan əlavə,
inşaatçılar il ərzində 496,5
kilometr uzunluğunda yüksək gərginlikli elktrik
ötürücü xətləri çəkmişlər.
Məlum olduğu kimi, Azərbaycan qonşu Rusiyaya qaz
ixracını getdikcə artırır. Bu məqsədlə ötən
il "Neftqaztikinti" Trestinin
inşaatçıları tərəfindən Mozdok-Qazıməmməd
boru kəmərində kompleks təmir işləri həyata
keçirilmişdir. Belə ki,
inşaatçılar qısa müddətdə Şirvanovka
kompressor stansiyasında bir sıra yenidənqurma işləri
aparmış, boru kəmərinin 260-cı kilometrində Mərəzə
qazölçmə qurğusunun tikintisini, Əngilançay və
Şabrançay keçidlərində təmir-bərpa tədbirlərini
başa çatdırmışlar.
2011-ci ildə neftçilərin mədəni-məişət
və sosial vəziyyətlərini daha da
yaxşılaşdırmaq məqsədilə bir çox
sosial obyektdə təmir-tikinti işləri
aparılmışdır. Bu işlərin önündə gedən
"Neftqaztikinti" Trestinin inşaatçıları tərəfindən
ötən il "Günəşli"
yatağındakı 4, 8 və 10 saylı dərin dəniz
özüllərinin yaşayış bloklarında təmir-tikinti
işləri aparılaraq neftçilərin istifadəsinə
verilmişdir. Bundan əlavə, Neft
Daşlarındakı yataqxana kompleksinin doqquz mərtəbəli
korpusu müasir tələblər səviyyəsində
yüksək keyfiyyətlə təmir olunaraq istismara
verilmişdir.
Ötən
il trestin kollektivi Dövlət Neft Şirkətinin
mədənlərdə ekoloji vəziyyətin
yaxşılaşdırılması ilə bağlı tədbirlər
proqramının yerinə yetirilməsinə də
mühüm töhfələr vermişdir. Belə ki, trestin
bütün idarələri şirkət rəhbərliyinin
göstərişinə uyğun olaraq Abşeron
yarımadasında yerləşən mədən ərazilərində
ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə
neftin hasilatı, yığılması və nəqli
üçün qapalı sistemin yaradılması, neft
gölməçələrinin qurudulması, torpaqların təmizlənməsi,
istifadəsiz kommunikasiya xətlərinin, mühəndis
qurğu və avadanlıqlarının sökülməsi və
həmin ərazilərin abadlaşdırılması işlərində
fəal iştirak etmişdir. H. Z. Tağıyev adına
NQÇİ-nin yığım-nəql sisteminin qapalı
sistemə keçirilməsi məqsədilə Buzovna sahəsində
yerləşən 3 və 4 saylı neft-qazçıxarma sexlərinin
neftyığma sahəsinin və neftin, suyun kompleks
hazırlanması və vurulması məntəqəsinin
tikintisi qısa müddətdə başa
çatdırılaraq obyekt istismara
hazırlanmışdır.
Hazırda inşaatçılar ölkəmizin iqtisadi həyatı
üçün son dərəcə mühüm əhəmiyyət
kəsb edən yeni gəmiqayırma zavodunun tikintisi sahəsində
çalışırlar. Xatırladaq ki, zavodun təməli
dövlət başçısı İlham Əliyevin
iştirakı ilə 2010-cu il martın
19-da qoyulmuşdur. Bakı Gəmiqayırma Zavodunun inşa
edilməsində əsas məqsəd Xəzər dənizi
hövzəsində tələbat duyulan bütün növ gəmilərin
istehsalına nail olmaqdan ibarətdir. "Bakı
Gəmiqayırma Zavodunun tikintisi" layihəsinin əhəmiyyəti
nəzər alınaraq "Neftqaztikinti" Trestinin tabeliyində
yeni struktur bölmə - Sənaye Tikinti İdarəsi təsis
edilmişdir. Layihəyə əsasən uzunluğu 300
metr olan gəmi yanalma pirsinin, istehsalat binalarının, kran
yollarının, yarımstansiya və yardımçı
yarımstansiyalarının, çirkab sutəmizləmə
qurğusunun, 2 ədəd kompressor stansiyasının və 4 ədəd
nasosxananın tikintisi və s. işlərin yerinə yetirilməsi
nəzərdə tutulur. Xatırladaq ki, inşaat işlərinin
iki il ərzində başa
çatdırılması planlaşdırılır. Hazırda isə tikinti-quraşdırma işləri
sürətlə davam etdirilir.
2011-ci ili uğurla başa vuran inşaatçılar
hazırda cari ilin podrat proqramlarının yerinə yetirilməsi
istiqamətində konkret işlər həyata keçirirlər.
Bütün bu tədbirlərin yerinə yetirilməsi
isə öz növbəsində ölkəmizin neft-qaz sənayesinin
infrastruktur imkanlarının daha da genişlənməsinə
səbəb olacaq.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 19 fevral.- S. 1;3.