Məmməd
ASLAN: Yaşamağa çəm
tapmışam sözümdə...
Ağsaqqal şairimizin
yenicə çapdan
çıxmış ikicildlik
"Varlıqla yoxluq arasında"
kitabının üz qabığına
çəkilmiş rəsminə baxan kimi nədənsə İstanbulun
məşhur Gülhanə parkında gördüyüm
Aşıq Veysəli xatırladım. Ulu
ozanın qocaman ağacların çətiri
altda, sazı ilə birgə oturaq halda
yapılmış heykəlinə çox
bənzətdim onu. Şairin
öz misraları düşdü
yadıma:
Kor olan göz var ki,bir elə işıq
Gətir xəyalına qoca Veysəli.
Dünya işığına tamarzı aşıq
İşığa çıxarıb böyük bir eli.
Məmməd Aslan ürəyində ilk ilham közərtisi görünən gənclik çağlarından "ömrü söz uğrunda girov qoyaraq" bir şair, publisist, türkoloq və folklorçu kimi çoxyönlü çalışmağındadır. Onlarca kitabı işıq üzü görüb, on minlərcə oxucusunun ürəyinə mənəviyyat işığı salıb. Lap Aşıq Veysəl kimi...
Mənim də uşaq yaşlarımdan yaradıcılığına bir doğmalıq duyduğum, poetik uğurlarını sevə-sevə izlədiyim, həm də illərdən bəri qürrə ilə dostluq, qəmxarlıq etdiyim ünlü bir şəxsiyyətdir Məmməd Aslan! 1969-cu ildə "Gənc şairin ilk kitabı" seriyasından buraxılmış "Dağ ürəyi"ndən üzübəri bütün kitablarını zaman-zaman təşnə-təşnə oxuyub öyrənmişəm. "Dağ ürəyi"ndə cəmi 22 şeiri yer alıb. Çox sanballı "Varlıqla yoxluq arasında" isə özünün yazdığı 630 və haqqında yazılmış 22 şeir toplanıb. Bundan başqa, xeyli sayda rəngli-rəngsiz xatirə fotolar da dərc olunub son kitabda.
Filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli ikicildlik üçün yazdığı məqaləsində Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olmuş ədəbi nəslin qaymaq təmsilçilərindən olan, hələ ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq edən şairin həyat və yaradıcılığından ətraflı söhbət açır: "Məmməd Aslan əlinə qələm aldığı gündən sözə Tanrı kimi tapınıb, ona dəyər verməyi bacaran şairdir. Məncə, onu sadəcə söz adamı, sözün böyük cəfakeşi adlandırmaq daha düzgün olar. Şairin söz yolunda bugünəcən qatlaşdığı zəhmətləri, əzabları, bu amal uğrunda keçib gəldiyi ömür yolunu mübaliğəsiz olaraq səməndər quşunun həyatına bənzətmək olar."
Elə şair özü də illər öncəsi yazdığı bir şeirində həyat amalını, ədəbi məqsədini, sözə bağlılığını aydın şəkildə ortaya qoyub:
Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində
qovrulan quşam.
Ömrü söz uğrunda
girov qoymuşam,
Başqa
sənətim yox, ayrı işim yox...
Tanıtsa, bir misram tanıdar məni,
Ayrı
sənədim yox, arayışım yox!..
Təvazökarlıqla deyilmiş bu misraların müəllifi,
əslində yüzlərlə
şeiri, minlərlə
misrası ilə tanınmış söz cəngavəridir. Milli-mənəvi
dəyərlərimizlə baş-başa yaşayan şairin lirik düşüncələri, Vətənlə
və əsrarəngiz
təbiətimizlə bağlı
öygüləri, klassik
ədəbiyyatımızın böyük yaradıcılarına
hədsiz hüsn-rəğbəti,
mənəvi qozbellərə
qarşı barışmaz
cəngi-cadalı özəl
örnəklər kimi
çoxdan "ağızlar
dadı"na çevrilmişdir.
Ürəyimi dağ üstündə
dəfn elə:
Bəlkə bu dünyada bir qalam qala!
Və yaxud:
Vətən gözdür, biz kirpik,
Gözümüzün keşiyini çəkirik.
Məmməd Aslanın ən qısa şeirlərindən
biri də "Vasitə" adlanır. Cəmi
iki misrada çox böyük həyat həqiqəti əksini tapıb:
Balıqçıya gərəklidir
soxulcan -
Sudan balıq tutuluncan!
Bu kimi nümunələr əsl zərb-məsələ
çevrilmək gücündədir:
İl -
qanadlı, ömür
- süvar,
İllər bir-bir ömrü
sovar...
Onda ki içində bərkidi şeytan,
Yonar varlığını: kərkidi
şeytan...
Dərdimi götürüb Ağrıya
getdim,
Ağrıya ağrıya-ağrıya getdim...
Dərd
çəkmə, arzuna
mənzil uzaqsa,
Yetər
ki, taleyin köhlən at olsun...
"Şeir dediyimiz
şey şair ömrünün poetik közərmələrinin yaddaşıdır. Biz, əslində, ancaq həmin məqamda, həmin "bəhrəvermə"
ovqatında şair oluruq. Poetik yaddaşımız olmayan ömrümüz şair ömrü sayılmaz". - Sitat Məmməd Aslandandır.
Sözügedən kitabın ayrı-ayrı
fəsilləri özəl
maraq doğurur: "Təbriz gözəlləməsi",
"Sözün və
sazın səngərində",
"Onu sanki qələm çəkib",
"Zirvədə qalan
ömürlər", "Anadolu dəftəri",
"Çevrə-çevrə nur", "Suri-qiyamətdən
öncə", "Dünyamızın
Krım dərdi",
"Əlüstü misralar",
"Gah nala döy, gah da
mıxa" bu sıradandır. Adlarından da göründüyü
kimi, şeirlərin bir qismi səfər
dəftərlərinin bəhrələridir.
Təbrizə, Əhərə,
İstanbula, Boluya, Qarsa, Yaltaya, lap elə Yardımlıya, Zaqatalaya, Qusara səfər edən şair restoranları deyil, milli qədimlik
ünvanlarımızı, dağları, kəndləri,
muzeyləri gəzib tarixi vərəqləyir,
işıqlı şəxsiyyətlərlə,
qərib soydaşlarımızla
görüşüb dərdləşir.
Geriyə dönəndə isə bir qayda
olaraq qucaq-qucaq şeirlərlə qayıdır.
Bir məsələ
də var ki, Məmməd əmi harada gecələsə də, yuxusunda itirdiyi Kəlbəcəri görür. Xalq şairi Sabir Rüstəmxanlıgildə də
o cür olub:
...Gedib-gedib ta zirvəyə çatmışdım,
Dağ başında bəxtə
kəmənd atmışdım,
Kəlbəcərdə gül-çiçəyə
batmışdım,
Ayıldım ki, Yardımlıdır gördüyüm.
İkicildlikdə toplanan şeirlər
arasında Məmməd
Araz, Məmməd İsmayıl, Zəlimxan Yaqub, Ənvər Rza, Telli Pənahqızı,
Barat Vüsal , Adil Cəmil və başqa şairlərin Məmməd Aslana həsr etdikləri, sevə-sevə qələmə
aldıqları nümunələr
də var:
Qardaş,
düzümünün əsiri
oldum,
Xəbərim olmadı özümdən
mənim.
Sənin
çiçəyinə, gülünə
baxdım,
Min yarpaq töküldü
sözümdən mənim.
(Məmməd Araz)
"Bənövşədən, nərgizdən söz yoğurub çələng hörən", "həcvləri qəfil ildırım olan", "sözlərindən göy üzü ulduzlanan", hara getsə,"bulaqla, cığırla ülfət eyləyən", "ruhumuzu qoruyan dərviş, pir Məmməd Aslan" yenə də zirvələrə yoldaş olmağında, haqqı qiblə bilməyində, zülmətlərdə nur gəzməyində və tapıb da bizlərlə paylaşmağındadır. Amma sinninin yetmişi keçən bu çağında hərdən-hərdən qəhərlənib-kövrəlməyi də olur ustadın. Elə xeyirxah eloğlularının yardımı ilə əlində-ovcunda olanları dəclədiyi bu kitabının adı, kitaba yazdığı ön və son sözlər, "Keçib", "Məndən sonra", "Bu, elə bir dərddi ki...", "Yolların sonunda" , "Öz əlim - öz yaxam" kimi şeirləri qəribə bir xiffətə köklənib. Amma nahaq yerə. Nədən? Bunu şair dostu Cabir Umud yaxşı açıqlayıb: "Tanrı tərəfindən seçilən kəslərin ömrü nə vaxta hesablanıb, nə meydana. O kəslərin ömrü dünyanın var olduğu zaman, meydanı isə Yaradanın mehrindən ürəklərdə qərarlaşan və heç bir ölçüyə sığışmayan irfani bir məkandır. O kəslərdən biri də türk dünyasının ləngərli şairlərindən olan Məmməd Aslandır".
Sonda mən də şairə xatırlatmaq istərdim ki, 25 il öncə, 47 yaşında çap etdirdiyi növbəti kitabını "Ömrün yarı yaşında" adlandırmışdı. Bu hesabla o, hələ uzun illər bundan sonra da bizləri yeni əsərləri ilə sevindirməyə borcludur.
Hesabat verməyə tələsmə, ustad!
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 19 fevral.- S. 7.