Tibb elminə dəyərli töhfə

 

Dünya tibb elminin bütün sahələri yeni texnologiyaların meydana gəlməsi və tibbi təcrübədə tətbiqinə adekvat olaraq həmahəng şəkildə sürətlə inkişaf edir, təkmilləşir, zənginləşir. Tibb elminin müxtəlif ixtisasları üzrə aparılan uzunmüddətli elmi-tədqiqat işlərindən əldə edilən nəticələr bir-birinin ardınca yeni tədqiqat işlərinin yaranmasına zəmin yaradır ki, bu da dayanıqlı, nüfuzlu, sanballı elmi məktəblərin yaranmasına səbəb olur. Belə elmi məktəblərin ayrı - ayrı mərhələlərinin xronoloji təhlili tibb elminin həmin ixtisaslar üzrə dinamik inkişaf göstəricilərini aydın təcəssüm etdirir.

 

Bu baxımdan AMEA-nın biologiyatibb bölməsinin akademik - katibi, elmtexnologiyalar sahəsi üzrə SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət"ordenli akademik Əhliman Əmiraslanovun Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında yaratdığı elmi məktəbin yerinə yetirdiyi sanballı elmi-tədqiqat işləri təqdirəlayiqdir. Bünövrəsi indiki Rusiya Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzində qoyulanATU-nun onkologiya kafedrasında müvəffəqiyyətlə davam etdirilən bu məktəbin 35 ilə yaxın bir müddətdə dayaq - hərəkət aparatı şişlərinin diaqnostikası, müalicəsi, profilaktika və reabilitasiyasına aid qlobal problemə həsr edilmiş elmi-tədqiqat işlərinin dünya tibb elminə inteqrasiyalı şəkildə müqayisəli və tənqidi yanaşma tendensiyası yönümündə təhlilinin nəticələri bu günlərdə çapdan çıxan "Onkoloji xəstələrdə iri sümük və oynaqların endoprotezləşdirilməsi" adlı monoqrafiyada özünün dolğun əksini tapmışdır.

Fərəhli haldır ki, dünya tibb elminə dəyərli töhfə kimi qiymətləndirilən bu monoqrafiyanın müəlliflərinin üçü də azərbaycanlı alimlərdir. Diqqəti çəkən məqamlardan biriondan ibarətdir ki, hər üç alimin - akademik Əhliman Əmiraslanov, akademik Məmməd Əliyev və professor Azər Əmiraslanovun müxtəlif dövrlərdə müdafiə etdikləri doktorluq dissertasiyası işlərinin mövzusu məhz bu problemin - müvafiq olaraq sümük sarkoması olan xəstələrin kompleks müalicə üsulları, diaqnostika və profilaktikası, dayaq - hərəkət aparatı şişlərinə görə radikal müalicə aparılmış xəstələrin tibbi - sosial reabilitasiyası, həmçinin onkoloji xəstələrdə iri sümük və oynaqların endoprotezləşdirilməsi məsələlərinin həllinə həsr edilmişdir. Monoqrafiya ilə tanışlıq göstərir ki, onun əsas məzmununu həmin silsilə elmi işlərin nəticələrinin mühüm məziyyətləri və qeyd edilən problemin həlli üzrə əldə edilən son illərin nailiyyətləri təşkil edir. Bütün bunlar sübut edir ki, problemin elmi istiqamətinin nəticələrinin bugünkü səviyyəyə yüksəlməsinin Azərbaycanda möhkəm bünövrəsi, stimulverici dayaqları vardır. Şübhəsiz ki, belə bünövrəyə, belə dayaqlara söykənən elmin gələcəyi daha işıqlı, daha nikbindir.

Monoqrafiya müasir onko-ortopediyanın aktual və mürəkkəb problemlərindən olan iri sümüklərin və oynaqların endoprotezləşdirilməsinə həsr olunubözünün məzmununa, tərtibatına, elmi yeniliklərinin aktuallığına, əldə olunan nəticələrin səhiyyə təcrübəsinə tətbiqinin əlverişliyinə və praktikliyinə görə dünya tibb elmini zənginləşdirməyə qadir olan əsərlərdəndir.

Bu, müəlliflərin uzunmüddətli şəxsi tədqiqatları, əldə etdikləri çoxillik təcrübələri əsasında və ən başlıcası da dayaq - hərəkət aparatı şişlərinin müasir müalicə üsullarının əks etdirilməsi səpkisində yazılmış ilk irihəcmli əsərdir. Kitabda sümüklərin bədxassəli şişi olan xəstələrin endoprotezləşdirilməsinin ümumi məsələləri, insan orqanizmindəki iri oynaqları əmələ gətirən sümüklərin şişləri zamanı endoprotezləşdirilmə probleminin müasir vəziyyəti, endopotezləşdirilmə əməliyyatlarının yerinə yetirilmə metodları, bədxassəli sümük şişləri zamanı endoprotezləşdirilmənin nəticələri geniş işıqlandırılmışdır. Müəlliflər tərəfindən həmçinin ətrafların endoprotezləşdirilməsi əməliyyatlarından sonra xəstələrin bərpa müalicəsi məsələləri geniş şərh edilmişbu barədə onlar öz praktik tövsiyələrini vermişlər.

Sümük şişləri diaqnostika və cərrahi müdaxilənin tətbiqi ilə aparılan kompleks müalicə metodologiyası baxımından klinik onkologiyanın çox mühüm və mən deyərdim ki, həm icra mexanizmi, həm də psixo-metodoloji nöqteyi-nəzərdən ən çətin sahələrindəndir. Bu şişlərin müalicəsi əksər hallarda cərrahi, şüa və dərman müalicəsi metodlarını özündə birləşdirən kompleks yolla aparılır. Cərrahi müalicə sümük şişlərində istənilən kombinəedilmiş və kompleks tədbirlərin əsas tərkib hissəsidir. Bu şişlərin müalicəsi zamanı əvvəllər çox hallarda ətrafın götürülməsi ilə nəticələnən şikəstedici operasiyalar aparılırdı. Son üç onillikdə isə sümük şişlərinin bioloji xüsusiyyətləri haqqında olan biliklərin dərinləşməsi, şiş əleyhinə effektli dərman preparatlarının və endoprotezlərin klinik praktikaya tətbiq edilməsi sayəsində sümük sarkomalarının cərrahi müalicəsi zamanı saxlayıcı operasiyalara göstərişlər xeyli artmışdır. Belə ki, diz, bud-çanaqbazu oynaqlarını əmələ gətirən sümüklərin şişləri zamanı şişin sağlam sümük toxuması sərhədində kəsilib götürülməsi və əmələ gələn defektin endoprotezlərlə əvəz edilməsi xəstələrin ətrafının saxlanılmasına imkan verməklə yanaşı, həm də sümüklərin bədxassəli şişi olan xəstələrin müalicəsində standart müalicə üsulu olmuşdur.

Struktur cəhətcə monoqrafiya 3 fəsil, yekun hissə və ədəbiyyat siyahısından ibarətdir, anlaşıqlı və sadə dildə yazılmış, asan oxunur, eyni zamanda, soxsaylı informativ cədvəl və şəkillərlə illüstrasiya edilmişdir.

Əsərin I fəsli "Onkoloji xəstələrdə endoprotezləşdirilmənin müasir vəziyyəti və problemləri" adlanır. Burada sümüyün bədxassəli şişi olan xəstələrdə endoprotezləşdirilmənin ümumi məsələləri geniş işıqlandırılmış, o cümlədən sümük və oynaqların endoprotezləşdirilməsinin ağırlaşmaları, endoprotezləşdirilmədən sonra xəstələrin reabilitasiyası və xəstələrdə aparılan əlavə şiş əleyhinə müalicə üsulları barədə geniş məlumat verilmişdir. Həmçinin fəslin müvafiq bölmələrində bud sümüyünün proksimaldistal şöbələrinin, qamış və bazu sümüklərinin proksimal şöbələrinin şişləri zamanı aparılan bud-çanaq, dizbazu oynaqlarının endoprotezləşdirilməsi əməliyyatları barədə mövcud olan tibbi ədəbiyyat geniş təhlil edilərək, monoqrafiya müəllifləri tərəfindən problemin müasir vəziyyəti tənqidi yanaşma yolu ilə qiymətləndirilmişdir.

Kitabın II fəsli "Sümüyün bədxassəli şişi olan xəstələrdə iri sümük və oynaqların endoprotezləşdirilməsi" adlanır. Qeyd etmək lazımdır ki, bu monoqrafiya müəlliflərin bədxassəli şişlər zamanı iri oynaq və sümüklərin endoprotezləşdirilməsinə dair uzun illər ərzində formalaşmış ümumiləşdirilmiş təcrübələrinin yekununun parlaq nümunələrindəndir. II fəsildə əvvəlcə müəlliflər 1979-cu ildən başlayaraq 30 ildən artıq bir dövrdə icra etdikləri endoprotezləşdirilmə əməliyyatları keçirmiş xəstələrin ümumi xarakteristikasını, müayinə və müalicə üsullarını şərh etmişlər. Sonra isə ardıcıl olaraq dizbud-çanaq, həmçinin bazu oynaqlarının endoprotezləşdirilməsi əməliyyatlarının, eləcə də bud sümüyünün total endoprotezləşdirilməsinin icra metodları, əməliyyatların mərhələləri ilk dəfə olaraq elmi ədəbiyyatda geniş işıqlandırılmışdır. Bu fəsil də endoprotezləşdirilmə əməliyyatlarının mərhələlərini əks etdirən çoxsaylı informativ şəkillərlə geniş illüstrasiya edilmişdir.

Monoqrafiyanın III fəsli "Sümüyün bədxassəli şişləri zamanı endoprotezləşdirilmənin nəticələri" adlanır. Bu fəslin ayrı-ayrı bölmələrində ardıcıl olaraq bud-çanaq, dizbazu oynaqlarının, eləcə də bud sümüyünün tam endoprotezləşdirilməsinin, həmçinin şiş əleyhinə aparılan əlavə müalicə üsullarının nəticələrinin geniş şərhi verilmişdir. Burada iri sümüklərin və oynaqların endoprotezləşdirilməsinin xəstələrin böyük əksəriyyətində yaxşı funksional nəticələrə gətirdiyi göstərilmiş, endoprotezləşdirilmə əməliyyatlarının bu tip xəstələr üçün effektiv müalicə metodu olması elmi əsaslarla sübut edilmişpraktik təbabətdə geniş istifadə edilməsi tövsiyə olunmuşdur.

Monoqrafiyanın yekun hissəsi müəlliflərin aldıqları nəticələrin ümumiləşdirilməsinə və tənqidi təhlilinə həsr edilmişdir. Burada müəlliflər ilk dəfə olaraq modul endoprotezləri adlanan yeni tip endoprotezlərin üstünlüklərini sübut etməklə, onkoloji praktikada geniş istifadə olunmasını tövsiyə etmişlər. Monoqrafiyanın sonunda ədəbiyyat siyahısı verilmişdir. Təqdirəlayiq haldır ki, burada rus və digər xarici dillərdə dərc olunmuş mənbələrlə yanaşı, Azərbaycan dilində dərc edilmiş işlərə də çoxsaylı istinadlar olunmuşdur.

Müəlliflər tutarlı faktlarla sübut edirlər ki, sümük sarkomalarının cərrahi müalicəsi zamanı mövcud dərman preparatları ilə yanaşı, çatmayan sümük defektləri əvəzinə modul endoprotezlərdən istifadə edilməsi xəstələrin ətrafının saxlanılmasına imkan verir, onları şikəstedici təzahürlərdən qoruyur, yenidən aktiv həyata qayıtmalarına zəmin yaradır.

Monoqrafiyada geniş şərh edilən bu üsul ətrafların iri sümüklərinin bədxassəli şişi olan xəstələrin müalicəsində optimal müalicə üsulu hesab edilir.

Akademik Ə.T. Əmiraslanovun rəhbərliyi altında yerinə yetirilən belə ümidverici əməliyyatların uğurla aparılma mexanizminin nəticələri dünya ədəbiyyatında da geniş rezonans yaratmışdır və bir sıra xarici ölkələrin alimləri Azərbaycan alimlərinin işləyib hazırladıqları və təkmilləşdirdikləri metodlardan istifadə edərək pozitiv nəticələr əldə etdiklərini gizlətmirlər.

Əgər əvvəllər belə xəstələr müalicə üçün yalnız xarici ölkələrə göndərilirdisə, artıq 20 ildən çoxdur ki, adı çəkilən və digər onkoloji xəstəlikləri olan pasiyentlər ölkəmizin paytaxtında şəfa tapırlar və burada edilən əməliyyatların səviyyəsinin çox yüksək olmasını etiraf edirlər.

Monoqrafiya həm onkoloji xəstəlikləri olan, həm də sağlam əhali təbəqəsi üçün güclü maarifləndirici təsir qüvvəsinə malikdir. Əsərdə psixoloji təsir mexanizminə malik vasitələrdən istifadə edilməsi insanların belə xəstəliklərin qorxu fobiyasından uzaqlaşdırılmalarına xidmət edireyni zamanda, xəstələrin xərçəngönü erkən mərhələdə həkimə müraciət etmələrinin vacibliyini göstərərək, onlarda həkimə inam hissi aşılayır. Monoqrafiya həm xəstələr, həm də onkoloqlar, onkoloji xəstələrin diaqnostika və müalicəsi ilə məşğul olan mütəxəssislər, təbabətin müxtəlif sahələrində çalışan və gündəlik fəaliyyətlərində onkoloji xəstələrlə rastlaşan həkimlər, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş qiymətli əsərdir və onun ingilis dilinə də tərcümə olunmasını məqsədəuyğun hesab edirəm.

Nəhayət, diqqətimi əsərin çapı ərəfəsində ona ölkəmizin iki böyük mütəxəssisi - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev və Elmi-Tədqiqat TravmatologiyaOrtopediya İnstitutunun direktoru, professor Vaqif Verdiyev tərəfindən verilən müsbət rəylər çəkdi və fikrimi bu rəylərin fraqmentləri, elmi mahiyyəti ilə bitirməyi, qarşılıqlı əlaqə baxımından, vacib elementlərdən hesab etdim. Monoqrafiyaya verilən rəylərdə deyilir: "İlk dəfə müəlliflər tərəfindən bədxassəli sümük şişləri olan xəstələrin orqansaxlayıcı müalicəsinin strategiya və taktikası işlənib hazırlanmışdır. İlk dəfə Rusiyada və Azərbaycanda cərrahi əməliyyatdan 6, 12, 24 ay sonra əməliyyat olunmuş ətrafın ortopedik qiymətləndirilməsi aparılmışdır... Şübhəsiz ki, əsər bu sahədə çalışan mütəxəssislərin diqqətini cəlb etməyə və müxtəlif profilli geniş həkimlər dairəsinin diqqət obyekti olmağa layiqdir".

Akademik Əhliman Əmiraslanov, akademik Məmməd Əliyev və professor Azər Əmiraslanovun "Onkoloji xəstələrdə iri sümük və oynaqların endoprotezləşdirilməsi" monoqrafiyasına akademik Cəmil Əliyevin və professor Vaqif Verdiyevin verdikləri müsbət rəylər bir daha sübut edir ki, ölkəmizdə tibb elmi, o cümlədən onkologiya elmi görkəmli milli mütəxəssislərimizin birgə səyi sayəsində dövlət qayğısına söykənərək durmadan yeniləşir, dinamik inkişaf edərək beynəlxalq əlaqələrini daim genişləndirir, əldə etdiyi tutarlı dəlillərlə dünya tibb elminə inteqrasiya olunur.

 

BÖYÜKKİŞİ AĞAYEV, akademik, Elmi Cərrahiyyə Mərkəzinin baş direktoru

 

 

Xalq qəzeti.- 2012.- 19 fevral.- S. 6.