İnvestisiya qoyuluşunun artması layihələrin icrasını sürətləndirir

 

Keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikasında uğurlu investisiya siyasəti həyata keçirilir. Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası, qeyri-neft sahələrinin inkişaf etdirilməsi istiqamətində görulən tədbirlər nəticəsində ölkənin maliyyə imkanları ilbəil genişlənir. Ölkəmizin sürətlə artmaqda olan valyuta ehtiyatları isə öz növbəsində bütün lazımi infrastruktur layihələrini vaxtında və müvəffəqiyyətlə reallaşdırmağa imkan verir. Azərbaycanda yaradılmış əlverişli biznes mühiti bu prosesi bir qədər də sürətləndirir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 27,3 faiz çoxdur. Kapital qoyuluşunun strukturunda tikinti-quraşdırma işləri daha üstün çəkiyə malik olmuşdur. Belə ki, ötən il tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi inşaat işləri üçün xərclənmiş məbləğin 61,2 faiziya 7 milyard 821 milyon manat təşkil etmişdir. Bu da əvvəlki illə müqayisədə 17,5 faiz çoxdur. İl ərzində məhsul istehsalı obyektlərinin inşasında 5 milyard 502,8 milyon manat, xidmət sahələri üzrə obyektlərin tikintisində isə 7 milyard 273,6 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.

Ötən il əsas kapitala yönəldilmiş vəsaitin 80,3 faizini daxili, 19,7 faizini isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər təşkil etmişdir. İl ərzində daxili mənbələrdən yönəldilən vəsaitin 67,3 faizi dövlət müəssisə və təşkilatlarının, 32,7 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşmüşdür. Göründüyü kimi, son illər ölkənin maliyyə imkanlarının xeyli artması dövlətin mülkiyyətində olan müəssisə və təşkilatlar tərəfindən inşaat işlərinə daha çox vəsait xərclənməsinə imkan yaradır. Elə 2011-ci ildə dövlət mülkiyyətli müəssisə və təşkilatların inşaat işlərinə 7 milyard 482,3 milyon manat vəsait sərf etmələri də bunu təsdiqləyir. Hesabat dövründə qeyri-dövlət müəssisələri isə əsas kapitala 5 milyard 294,1 milyon manat vəsait sərf etmişlər. Bu da ondan irəli gəlir ki, hazırda Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlərə dövlət dəstəyinin gücləndirilməsi, güzəştli kreditlərin verilməsi, onların maliyyə imkanlarının ilbəil artmasına imkan yaradır.

Son illər Azərbaycanda uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Elə 2011-ci ildə əsas kapitala yönəldilmiş bütün vəsaitin 38 faizinin (4,9 milyard manat) sənaye sahələrinin inkişafına sərf edilməsi də bunu təsdiqləyir. Məhz bunun nəticəsidir ki, ötən il Azərbaycanda 15 sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Yeri gəlmişkən, ötən il Azərbaycanda neft hasilatının bir qədər azalması hesabına sənaye istehsalı əvvəlki illərlə müqayisədə aşağı düşsə də, qeyri-neft sənayesi 11,1 faiz artmışdır. Yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: "...Bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir. Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl imkanlar vardır". Yeri gəlmişkən, 2011-ci ildə Azərbaycanın qeyri-neft sənaye sahələrinin inkişafına 1 milyard 884,2 milyon manat vəsait xərclənmişdir ki, bu da əsas kapitala yönəldilmiş vəsaitin 14,7 faizini təşkil edir. Ötən il ölkəmizdə neft sənayesinin inkişafına isə 2 milyard 964,9 milyon manat vəsait sərf olunmuşdur. Bu isə əsas kapitala yönəldilmiş vəsaitin 23,2 faizi deməkdir.

Hesabat ilində əsas kapitala yönəldilmiş ümumi vəsaitin 21,1 faizi nəqliyyat və anbar təsərrüfatına, 9,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlara, 5,6 faizi istirahət, əyləncə və incəsənətə, 5,1 faizi dövlət idarəetməsinə, 3,8 faizi ticarətə, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 3,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 2,4 faizi olmaqla təhsil və səhiyyə, 2,2 faizi rabitəyə, qalanı isə turistlərin yerləşdirilməsi və ictimai iaşəyə, tikintiyə və digər sahələrə sərf olunmuşdur.

Məlum olduğu kimi, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı, bunun hesabına ölkədə yeni yerlərinin yaradılması prioritet istiqamətlərdəndir. Bu məqsədlə ölkənin qeyri-neft sahələrinin inkişafına yönəldilən investisiyaların həcmi ildən-ilə artırılır. Təkcə onu demək kifayətdir ki, ötən il Azərbaycanda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 9 milyard 811,5 milyon manatı və ya 76,8 faizi qeyri-neft sektorunun payına düşmüşdür. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilmiş məlum iclasında Prezident İlham Əliyev demişdir: "... Artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilibdir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyr-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir".

Son illər ölkəmizin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan yeni obyektlər istifadəyə verilir. Bu baxımdan yola saldığımız 2011-ci il də ölkənin ayrı-ayrı şəhər və rayonlarında yeni-yeni obyektlərin açılması ilə əlamətdar olmuşdur. Məlum olduğu kimi, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2011-ci il Azərbaycanda "Turizm ili" elan olunmuşdur. Bununla əlaqədar olaraq ötən il paytaxtda "Hilton Bakı", "Kempinski Badamdar" və "Jumeriah Bilgah Beach Hotel" otel kompleksləri, eləcə də ölkənin ayrı-ayrı regionlarında mehmanxanamehmanxana tipli çoxsaylı obyektlər tikilib istifadəyə verilmişdir. Naftalan şəhərində "Çinar Hotel və SPA Naftalan", "Qaşaltı" sanatoriya kompleksləri, Qəbələdə "QafqazSportHotel", Şəkidə "Green Hill İnn" və Qaxda "El Resort" mehmanxanaları regionların turizm potensialının hərəkətə gətirilməsi baxımından diqqəti cəlb edir.

Bütövlükdə isə ölkədə həyata keçirilən uğurlu investisiya siyasətinin nəticəsində il ərzində digər sahələrdə də son dərəcə vacib olan bir sıra infrastruktur obyektləri inşa edilmişdir. Bakı şəhərində yeni müalicə-diaqnostika mərkəzinin, Bakı Metropoliteninin "Dərnəgül" stansiyasının, tikinti materialları zavodunun və digər obyektlərin istismara buraxılması, eləcə də geniş miqyaslı abadlıq-quruculuq işləri paytaxtın sosial-iqtisadi həyatına mühüm yeniliklər gətirmişdir.

Azərbaycanın maliyyə imkanlarının ilbəil artması regionların sosial-iqtisadi inkişafını bir qədər də sürətləndirir, bölgələrdə yeni infrasruktur layihələri həyata keçirilir. İlin buraxılış obyektlərinin əksəriyyətinin regionların payına düşməsi isə, heç şübhəsiz, Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. Xatırladaq ki, 2011-ci ildə bu proses xeyli intensivləşmişdir. Ötən il Sumqayıt şəhərində, eləcə də Xızı, Qəbələ, İmişli, AstaraTovuz rayonlarında olimpiya idman kompleksləri, Gəncədə fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzi və Xızı rayonunda müalicə-diaqnostika mərkəzi tikilib istifadəyə verilmişdir.

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin müvafiq fərmanı ilə 2008-ci ilin avqust ayında Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühüm Dövlət Proqramı qəbul olunmuşdur. Ötən müddətdə adı çəkilən sənədin icrası ilə əlaqədar olaraq ölkədə, xüsusən də ayrı-ayrı bölgələrdə mühüm işlər görülmüşdür. Elə 2011-ci ilin investisiya proqramında da bu vacib məsələyə xüsusi diqqət yetirilmişdir. Belə ki, ötən il Ağsu rayonunda istifadəyə verilmiş şirə və şərab istehsalı zavodu, həmçinin çörək zavodu, Ağcabədidə süd emalı zavodu, rayonun Ağabəyli kəndində "Atena" süd istehsalı və emalı kombinatı, İmişli rayonunda qarışıq yembitki yağları fabrikləri, Qəbələdə limonad zavodu, Oğuz rayonunda qarğıdalı emalı zavoduqlükoza istehsalı müəssisəsi, Şəkidə şərab zavodu, Göyçay rayonunda meyvə tərəvəz saxlamaq üçün soyuducu anbar, Qobustan rayonunda taxıl anbarı kompleksi, Tovuzda süd emalı zavodus. obyektlər ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirilən Dövlət Proqramına mühüm töhfə sayıla bilər.

2011-ci ildə ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində də mühüm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da magistral və dövlət əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulmuşdur. Belə ki, ötən il Quba-Qəçrəş-Qımılqazma, Ağcabədi-Qaradolaq-Kəbirli, İmişli-Qaravəli-Mirili, Araz çayının qolu üzərində körpü, Astara-Bala Şahağac, Tovuz-Böyük Qışlaq-Qaralar, Ağdaş-Ləki avtomobil yolları, Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi və Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu, eləcə də Qəbələ rayonunda beynəlxalq aeroport istismara buraxılmışdır.

Bununla yanaşı, il ərzində bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1922,3 min kvadratmetr olan yeni yaşayış evləri, 12608 şagird yerlik ümumtəhsil məktəbləri, 254 çarpayılıq xəstəxana, növbədə 210 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 310 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub istifadəyə verilmişdir.

Göründüyü kimi, Azərbaycan 2011-ci ildə investisiyaların cəlb olunması sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Əvvəlki illərdə olduğu kimi, Azərbaycana xarici investisiyaların axınının davam etməsi isə, heç şübhəsiz, ölkəmizdə hökm sürən əlverişli biznes mühiti ilə bağlıdır. Bu baxımdan ötən il xarici mənbələrdən əsas kapitala 2,5 milyard manat investisiya yönəldilməsi diqqəti cəlb edir. Onu da deyək ki, xarici investisiyalar 2010-cu illə müqayisədə 3,2 faiz çox olmuşdur. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 117 milyon manatı Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyadan olan investorların payına düşmüşdür. Bundan əlavə, Çexiya, Səudiyyə Ərəbistanı, Rusiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları da ölkəmizə investisiya qoyuluşunda fəallıq göstərmişlər.

Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində konkret işlər görülür. Neft amilindən bacarıqla istifadə olunaraq iqtisadiyyatın bütün sahələri inkişaf etdirilir, ölkəmizin gələcək tərəqqisinə, xalqın firavan yaşayışına xidmət göstərən vacib investisiya layihələri həyata keçirilir. Bütün bunlar isə son nəticədə əsas kapitala yönəldilən vəsaitlərin həcminin getdikcə artmasına səbəb olur.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 21 fevral.- S. 2.