Qaradağlı
faciəsindən 20 il ötür
17
fevral 1992-ci il - bu günün dəhşətlərini
unutmayaq!
Gənc Tamaşaçılar Teatrında
Qaradağlı faciəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə 1992 - ci il fevral
ayının 14-dən 17-nə qədər olan
dövrdə mənfur ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndi ərazisində
xalqımıza qarşı törətdiyi amansız
soyqırım aktından danışılmışdır.
Tədbiri giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildiridi ki, 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin işğalı zamanı ermənilər tərəfindən 118 nəfər girov götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülmüş və yaralanmış azərbaycanlıları quyulara tökərək üstünü torpaqlayıblar. Bundan başqa, girov götürülən azərbaycanlılardan 68 nəfər öldürülüb, 50 nəfər isə böyük çətinliklərlə sonradan əsirlikdən azad edilib. Girovluqdan azad edilən soydaşlarımızdan 18 nəfər ermənilərin verdikləri işgəncələrin törətdiyi fəsadlar nəticəsində dünyasını dəyişib. Qaradağlı kəndində 2 ailənin hər birindən 4 nəfər öldürülüb, 42 ailə isə öz başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb.
Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası hərbi prokuroru Xanlar Vəliyev xarici diplomatlara müraciət edərək insanlığa qarşı cinayət törətmiş şəxslərin mühakimə olunmasının vacibliyini qeyd etdi.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə çıxışında qeyd etdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına hüquqi qiymətin verilməsi vacibdir: "O cümlədən də Qaradağlı faciəsinə. Qaradağlı soyqırımına həsr olunmuş filmin digər dillərə tərcümə olunaraq xaricdə yayımlanması üçün göstəriş vermişəm".
Əli Həsənov onu da qeyd etdi ki, azərbaycanlıların Qarabağda tökülən qanları yerdə qalmayacaq. O dedi ki, hər bir erməni bunu başa düşməli və anlamalıdır. Onlar Azərbaycanın səbrinin tükənməz olduğunu düşünməsinlər. Bunu nə qədər tez başa düşsələr, o qədər xeyirlərinə olacaq.
Ə. Həsənov erməniləri yaşadıqları şəraitə bir daha nəzər salmağa səslədi. O dedi: "Nə qədər ki Ermənistanda azərbaycanlıların qanı üzərində qurulmuş hakimiyyət var, münaqişə həll olunmayacaq. Ona görə də ermənilər öz hakimiyyətlərini dəyişməlidirlər. Hakimiyyətə normal, ağıllı bir ermənini gətirməlidirlər".
Baş nazirin müavini ermənilərə dəstək göstərən və dayaq olan dövlətlərə də müraciət edərək, vurğuladı ki, bu gün onlara dəstək verən ölkələr sabah özləri bunun əziyyətini çəkəcəklər: "Bu gün ermənilər Rusiyanın cənubuna, Gürcüstanın Cavaxetya bölgəsinə, Türkiyənin şərqinə ərazi iddiaları qaldırırlar. Sabah deyəcəklər ki, Fransa ata-baba torpağımızdır. Amerikada bir-iki ştata iddia edəcəklər. O zaman onlar bizim nə çəkdiyimizi yaxşı biləcəklər".
Tədbirdə soyqırımı yaşamış Qaradağlı kənd sakinləri də çıxış edib, üzləşdikləri faciələri xatırlatdılar.
Qeyd edək ki, Azərbaycanlılara qarşı törədilmiş qətliamın 20-ci ildönümünə həsr olunmuş sənədli filmin təqdimatından öncə Qaradağlı kəndində şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbirdə Qaradağlı kəndində ermənilər tərəfindən törədilən cinayətləri əks etdirən sənədli film iştirakçılara göstərildi. Sonda ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Elçin ABBASOV
Xalq qəzeti.- 2012.- 18 fevral.- S. 4.