Mərkəzi
Klinikanın uğurları ABŞ mətbuatında
Azərbaycan səhiyyəsinin
şöhrəti gündən-günə artır. Bu gün nəinki təkcə
paytaxtımızda, həmçinin respublikamızın rayon və şəhərlərində fəaliyyət
göstərən müasir diaqnostika mərkəzləri, poliklinikalar,
xəstəxanalar, özəl klinikalar ən
yeni tibbi texnika ilə təchiz olunmuşdur.
Bu səhiyyə ocaqlarında
çalışan kadrların bir çoxu dünyanın məşhur tibb universitetlərində, elm
mərkəzlərində təhsil almış, təcrübə
keçmişdir. Belə tibb
ocaqlarından biri də Mərkəzi
Klinikadır. Amerika Birləşmiş
Ştatlarında nəşr olunan "EPlab digest"
(www.eplabdigest.com) jurnalı 2012-ci ilin fevral sayında Bakıdakı Mərkəzi Klinikada fəaliyyət göstərən elektrofizioloji laboratoriyanın müdiri
Fərid Əliyevlə müsahibə dərc etmişdir.
Həmin müsahibəni ixtisarla
oxucuların nəzərinə çatdırırıq:
Mərkəzi Klinika Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin mərkəzində yerləşir. Klinikanın Ürək Mərkəzinin tərkibinə ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya və elektrofizioloji laboratoriya daxildir. Klinikada təqribən 1000-ə yaxın əməkdaş çalışır. 2 kateter laboratoriyası, 4 ürək əməliyyatı otağı, 220 yataq yeri vardır.
- Klinikanızda elektrofizioloji laboratoriya nə vaxtdan fəaliyyətə başlamışdır?
- Biz elektrofizioloji işlərə 2008-ci ildə ürək kateterizasiya laboratoriyasında başladıq. 2009 - cu ildə elektrofizioloji laboratoriyanı isə tamam ayrı bir bölüm olaraq ayırdıq. Çox qısa bir zamanda bizim laboratoriya nəinki respublikamızda, həmçinin qonşu ölkələrdə də şöhrətləndi. Belə ki, mərkəzimizə digər ölkələrdən də xəstələr müraciət etməyə başladılar.
- Bölümünüzdə hansı prosedurlar həyata keçirilir ?
- Biz laboratoriyada hər növ mürəkkəb prosedurları icra edirik. Supraventrikulyar taxikardiyalar, atrial
makrorentri, səyrici aritmiya, mədəcik taxikardiyası ablasiyaları,
həmçinin epikardial
ablasiyalar da icra edirik. Qeyd etmək istərdim ki, bu növ
əməliyyatlar ürəyin
müxtəlif ritm pozğunluqlarının aradan
qaldırılmasına yönəlmişdir.
Laboratoriyamızda həmçinin
ürəkdaxili cihazların
implantasiyası, habelə
ürəkdaxili stimulyator
və defibrilyatorlar (şok verici cihazlar), ürəyin resinxronizasiya terapiyası
(ürək çatışmazlığında
istifadə edilən),
loop recorder (üç illik
holter) kimi əməliyyatlar həyata
keçirilir. Laboratoriyanın özəl xüsusiyyətlərindən
biri də pacemaker implantasiyası (ürəkdaxili
stimulyator) zamanı spesifik His dəstəsi stimulasiyasından istifadə
etməyimizdir. Bu metodla cihaz implantasiyasından
sonra gələcəkdə
yarana biləcək
pacemaker sindromlarının, sol mədəcik disfunksiyasının,
ürək çatışmazlığı
əlamətlərinin və
səyrici aritmiyanın
qarşısını almış
oluruq. Şöbəmiz tərəfindən hər ay təqribən 30
elektrofizioloji incələmə
və ablasiya, 8-10 ədəd cihaz implantasiyası həyata keçirilir. Həmçinin laboratoriyada aritmiyaların
cərrahi yolla aradan qaldırılması
əməliyyatları klinikamızın
baş həkimi Kamran Musayev tərəfindən həyata
keçirilir.
- Qarşınıza qoyduğunuz
əsas məqsəd nədir?
- Əsas məqsədimiz
xəstələrimizə yüksək
keyfiyyətli tibbi xidmət göstərməkdir. Yüksək ixtisaslı həkimlərin
və texniki heyətin yetişdirilməsi
üçün əlimizdən
gələni əsirgəmirik.
- Yeni kadrlar necə
yetişir?
- Assistentlərimiz ümumi kardiologiyada 3 il
təcrübə keçdikdən
sonra elektrofiziologiya laboratoriyasına gəlirlər.
Onlar sadə xəstə təqibindən başlayıb
mürəkkəb elektrofizioloji
prosedurların icrasına
qədər yetişməkdədirlər.
Tibb bacılarımız
həmçinin öncə
ümumi kardiologiyada, daha sonra angioqrafiya
laboratoriyasında iş
təcrübəsinə yiyələndikdən
sonra bölməmizdə
çalışmağa başlayırlar.
- Yeni cihazlarla işləyirsinizmi və nə kimi prosedurlar
həyata keçirirsiniz?
- Laboratoriyamızda yeni olaraq Biplane fluoroangioqrafiya
3 D boyutlu Carto 3 xəritələmə cihazı
quraşdırılmışdır. Bu cihaz bizə
ablasiya prosedurları zamanı daha müfəssəl informasiyanın
alınmasına kömək
edir.
- Ölkədaxili və beynəlxalq konqreslərdə
iştirak edirsinizmi?
- Həkim heyətimiz ölkənin müxtəlif
bölgələrində qısa
və uzunmüddətli
treninqlər və seminarlar təşkil etməklə yanaşı,
həmçinin beynəlxalq
konqreslərdə və
kurslarda da fəal iştirak edir. Qeyd etmək istərdik
ki, ölkəmizdə
digər mərkəzlərdə
çalışan həkimlərə
də əlimizdən
gələn texniki tibbi dəstəyi verməyə çalışırıq.
- Bu prosedurlar uşaqlarda da həyata keçirilirmi?
- Pediatrik yaş qrupuna daxil olan
xəstələrdə də
heyətimiz tərəfindən
hər növ diaqnostik və müalicəvi prosedurlar uğurla həyata keçirilir.
- Şüadan qorunmaq
üçün hansı
tədbirləri həyata
keçirirsiniz?
- Bunun üçün həm həkim heyətinin, həm də texnik və tibb bacılarının
xüsusi qoruyucu jiletləri, tiroid qoruyucuları, eynəkləri
və masa qoruyucuları var. Üzərimizdə
şüaya nəzarət
üçün xüsusi
dozimetrlərimiz var. Çalışırıq
ki, fluoroskopik incələmələrimizi minimal səviyədə saxlayaraq,
həm xəstənin,
həm də personalımızın şüalanmaya
məruz qalma səviyyəsini minimuma endirək. Həmçinin müalicəyə ehtiyacı olan hamilə qadınlar üçün xüsusi
qoruyucu örtüklərdən
istifadə edirik.
- Xəstələrinizə prosedurlarla
əlaqədar maarifləndirici
broşürlar verirsinizmi?
-Bəli, biz bütün cihaz xəstələrimizə
2 ədəd broşür
veririk. Onlardan biri firma tərəfindən
hazırlanan, digəri
özümüzün hazırladığımız
broşürdür. Həmçinin elektrofizioloji fəaliyyət
üçün də
xüsusi broşür
hazırlanaraq xəstələrə
təqdim olunur.
- Ölkənizdə tibbin mövcud durumu və gördüyünüz
işlər haqqında
daha nə deyə bilərsiniz?
- Bakı paytaxt olmaqla yanaşı, Azərbaycanın ən böyük şəhəridir.
Burada yeni və modern klinikaların sayı gündən-günə artır.
Azərbaycanda 7 ədəd kateterizasiya
laboratoriyası açılmışdır,
lakin hələlik cəmi bir elektrofizioloji
laboratoriya var. Biz yüksək
ixtisaslaşmış həkim
heyətinə sahib olmaqla
mürəkkəb ablasiyalar
və cihaz imlantasiyaları ilə məşğul oluruq.
Qısa tarixi olan laboratoriyamız
bölgəmizdə çox
məşhur və vacib bir mərkəzə
çevrilib.
- Müsahibəyə görə
təşəkkür edirik.
-Sağ olun!
Çapa hazırladı: Qüdrət
PİRİYEV
Xalq qəzeti.- 2012.- 22 fevral.- S. 5.