Nizami rayonu: Müasirləşən paytaxtımızın gözəl guşəsi

 

2011-ci ildə rayonun sosial-iqtisadi inkişafı daha da sürətlənmişdir

 

Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri düzdülər.

 

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı. Natiq ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Azərbaycanda sosial-iqtisadi sahələrdə həyata keçirilən bütün islahatların əsas məqsədinin vətəndaşların rifahının yaxşılaşdırılmasına yönəldiyini vurğulayan T. Budaqov ümumi inkişafı xarakterizə edən makroiqtisadi göstəricilərin getdikcə yaxşılaşdığını və bunun Azərbaycanı regionun lider dövlətinə çevrilməsinə imkan yaratdığını bildirdi.

2011-ci ilin Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən T.Budaqov bildirdi ki, yanvar ayının 16-da Prezident Sarayında dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ərzində ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir. Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye istehsalının, özəl bölmənin, qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin, kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın yüksəlməsini və inkişafını təhlil edərək dünyada davam edən maliyyə böhranına baxmayaraq, ötən il ölkədə ümumi inkişaf tendensiyasının davam etdiyini bildirmişdir. Dövlət başçısı ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulayaraq 2011-ci ildə makroiqtisadi vəziyyətin də sabit qaldığını diqqətə çatdırmışdır.

Qeyd olundu ki, ölkəmizin dinamik inkişafının təmin edilməsində paytaxtın Nizami rayonunun da öz payı vardır. Bütövlükdə isə 2011-ci ilin sosial-iqtisadi inkişafını əks etdirən geniş film tədbir iştirakçılarında rayonda həyata keçirilmiş işlər barədə aydın təsəvvür yaratdı. Nizami rayonunda həyata keçirilmiş geniş miqyaslı abadlıq-quruculuq işlərindən, Prezident İlham Əliyevin rayon ərazisindəki açılış və təməlqoyma mərasimlərindəki iştirakından bəhs edən film yığıncaq iştirakçılarının dərin marağına səbəb oldu.

2011-ci ildə ölkəmizin ümumi inkişafına mühüm töhfələr vermiş Nizami rayonunun iqtisadi göstəricilərində xeyli artım müşahidə olunmuş, rayon üzrə ümumi məhsul buraxılışının həcmi 2090 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 26,2 faiz çoxdur. İl ərzində rayonun sənaye müəssisələri tərəfindən 398,2 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu isə 2010-ci illə müqayisədə 10,8 faiz artıqdır. Ötən il istehsal olunmuş sənaye məhsulunun 31,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Rayonun 2011-ci ildəki digər makroiqtisadi göstəriciləri də son dərəcə uğurludur. Belə ki, ötən il 2010-cu illə müqayisədə qeyri-metal mineral maddələrin istehsalı 50 faiz, elektrik enerjisi istehsalı və qazın bölüşdürülməsi 50 faiz, süd məhsulları istehsalı 31,5 faiz, qarğıdalı yağı istehsalı 1,4 faiz, spitli içkilərin istehsalı, 19,6 faiz, şokolad istehsalı 45,8 faiz, beton, gipssement məhsulları istehsalı isə 2,2 dəfə artmışdır.

Xatırladaq ki, rayon üzrə məhsul istehsalının artımında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Neftqaztikinti" Tresti, "NJT-2000" firması, "Kaspi Yıldız" MMC, "Bakı Yağ Qida Sənaye" ASC, "Körpü Tunel" ASC, "Azərtunelmetrotikinti" Cəhmdar Cəmiyyətinin Dəmir-Beton Konstruksiyaları Zavodu, "Ulduz" fabriki, "Zəhmət Ruzi"ASC və başqa müəssisələrin müstəsna xidmətləri olmuşdur.

2011-ci ildə rayonun tikinti təşkilatları öz gücləri ilə 490,2 milyon manat podrat işləri həyata keçirmişlər ki, bu da əvvəlki illə müqayisədə 65,2 faiz artım deməkdir. İl ərzində rayon iqtisadiyytının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 111,8 milyon manat həcmində investisiya yönəldilmiş, bu sahədə 45,5 faiz artıma nail olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 73,7 milyon manatı və ya 65,9 faizi dövlət, 38,1 milyon manatı və ya 34,1 faizi qeyri-dövlət müəssisələrini payına düşmüşdür. Ötən il rayon üzrə istifadə edilmiş investisiyaların 72,5 milyon manatı və ya 64,8 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur.

Ötən il rayonda əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin səviyyəsi də əvvəlki illə müqayisədə 35,4 faiz artaraq 1371, 6 milyon manat təşkil etmişdir. İl ərzində pərakəndə ticarət şəbəkələrindən 1061,7 milyon manatlıq, iaşə müəssisələrindən isə 32,2 milyon manatlıq istehlak malları satılmışdır. Bundan əlavə, əhaliyə 277,7 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. 2011-ci ildə rayon üzrə orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 15,5 faiz artaraq 395,8 manat təşkil etmişdir.

Nizami rayonu üzrə il ərzində 41,2 milyon manatlıq rabitə və 44,1 milyon manatlıq nəqliyyat xidmətləri göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 45,6 faiz və 59,4 faiz artıqdır.

Son illər bütün ölkədə olduğu kimi, Nizami rayonunda da məşğulluq strategiyasının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, ötən il rayonda 1994 yeni yeri yaradılmışdır ki, bunun da 513-ü yeni açılmış müəssisə və təşkilatların, 69-u mövcud müəssisə və təşkilatların, 1412-si isə fiziki şəxslərin payına düşmüşdür. Bütövlükdə isə 2003-2011-ci illər ərzində Nizami rayonunda 18403 yeni yeri açılmışdır ki, onun da 18310-u daimi yerləridir.

Hazırda Nizami rayonu paytaxtımızın ən abad, ən yaraşıqlı guşələrindən birinə çevrilmişdir. Bu, rayonda həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, rayon ərazisində reallaşdırılan abadlıq-quruculuq tədbirləri dövlət başçısı İlham Əliyevin daimi diqqət mərkəzində olduğu üçün bu işlər xüsusi zövqlə aparılır. Ötən il Prezident İlham Əliyev beş dəfə Nizami rayonuna gəlmiş, bir sıra obyektlərin açılışında iştirak etmişrayonda aparılan abadlıq işləri ilə yaxından tanış olmuşdur.

Məlum olduğu kimi, hazırda ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Bunun da real nəticələri getdikcə aydın hiss olunur. Bu vacib məsələ Nizami rayonunda da diqqət mərkəzində saxlanılmış, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün mühüm tədbirlər həyata keçirilmişdir.

2011-ci ildə rayonun elektrik enerjisi, qaz, içməli suistilik təchizatı sahələrində həyata keçirilən tədbirlər bu sahədə xidmətin səviyyəsinin xeyli yaxşılaşmasına səbəb olmuşdur. Belə ki, il ərzində rayon ərazisində 15500 poqonometr hava elektrik xətləri yeraltı kabellə əvəz olunmuş, yarımstansiyalarda və transformator məntəqələrində əsaslı bərpa və yenidənqurma işləri görülmüş, 249 saylı yarımstansiyanın tikintisi başa çatdırılmışdır. Bundan əlavə, rayon əhalisinə xidmət göstərən su təchizatı sisteminin işinin günün tələbləri səviyyəsində yenidən qurulması məqsədilə ayrı-ayrı ünvanlarda müxtəlif diametrli yeni su xətləri çəkilmiş, bir sıra təmir-bərpa işləri aparılmışdır. Rayonun kanalizasiya şəbəkəsində də xeyli görülmüş, bu sahədə işlər getdikcə intensivləşir.

Ötən il rayonun istilik təsərrüfatı üzrə müxtəlif qazanxanalarından qidalananuzun müddət istilik almayan 22 binada təmir-bərpa işləri aparılmışdır. Bundan əlavə, rayon ərazisindəki qazanxanalarda və digər obyektlərdə təmir-bərpa işləri həyata keçirilmişdir. Bununla da rayon ərazisindəki ayrı-ayrı yaşayış binalarının, eləcə də təhsil və səhiyyə müəssisələrinin istiliklə təchizatına imkan yaradılmışdır. Rayonun müxtəlif ünvanlarında qaz təsərrüfatının işinin yaxşılaşdırılmasına da diqqət xeyli artırılmış, əhalinin "mavi yanacaq"la təminatının səviyyəsi bir qədər də artırılmışdır.

2011-ci il rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olmuş, bu sahədə yüksək uğurlar əldə olunmuşdur.

Tədbirdə çıxış edən natiqlər 2011-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosialiqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.

Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin 2012-ci ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi. Bütün bu məsələlərin iclasın qərar layihəsində öz əksini tapacağı vurğulandı.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Ramiq Həşimov, eləcə də Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Flora Qasımova, Rüfət Quliyev, Rasim Musabəyov və İqbal Məmmədov iştirak etmişlər.

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 23 fevral.- S. 8.