Filosofun fəal həyat mövqeyi

 

Fəlsəfədən siyasətə, nəzəriyyədən təcrübəyə gedən yol

 

Tanınmış filosof, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun 60 yaşı tamam olur. Alim ömrünün müdriklik dövrünə zəngin yaradıcılıq uğurları və fəal həyat mövqeyi ilə gəlib çatmışdır. Səlahəddin Xəlilovun maraq dairəsi çox genişdir. Əsərlərini bir neçə istiqamət üzrə qruplaşdırsaq, təhsil quruculuğu və elmşünaslıqla yanaşı, filosofun müasir Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı ardıcıl və məqsədyönlü çıxışlarını, Heydər Əliyev siyasi kursunun elmi-nəzəri əsaslarını şərh edən yazılarını əsas mövzulardan hesab etmək olar. Onun "Lider, dövlət, cəmiyyət" (2001), "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" (2002) kitablarını xüsusi qeyd etmək olar. Bundan başqa, Heydər Əliyevin bir mütəfəkkir kimi təqdim olunması, onun müsbət mövzular üzrə seçilmiş fikirlərinin ("Müstəqillik yolu", B., 1997), aforizmlərinin ("Aforizmlər", B., 1997) toplanıb kitab halında çap edilməsi də göstərir ki, alim bu sahədə məqsədyönlü iş aparır. Beləliklə, müsahibimiz Səlahəddin Xəlilovdur.

 

- Səlahəddin müəllim, ümummilli lider Heydər Əliyevin böyüklüyünün isbata ehtiyacı yoxdur, amma onun ayrı-ayrı məsələlər üzrə fikirlərinin yayılması, mənimsənilməsi və tətbiq olunması üçün sizin kimi alimlərin əsərlərinin böyük əhəmiyyəti var. Fəaliyyətinizin bu istiqamətini əsas tutaraq sizi siyasətçi hesab etmək olarmı?

- Mən siyasətçi deyiləm, daha çox siyasətin nəzəriyyəsi və fəlsəfəsi ilə maraqlanıram.

- Amma siz YAP Siyasi Şurasının üzvüsünüz, millət vəkili olmusunuz, tez-tez ictimai-siyasi həyatımızla bağlı məsələlərə münasibət bildirirsiniz. Prezident İlham Əliyevin həyata keçirdiyi kursu dəstəkləyirsiniz.

- Dedikləriniz doğrudur. Siyasətə ancaq o dərəcədə aidiyyətim var ki, bir ziyalı olaraq millətin taleyinə, dövlətçiliklə bağlı məsələlərə biganə qala bilməzdim. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin düşdüyü ağır vəziyyətdən çıxış yollarını arayarkən bu yolun məhz Heydər Əliyev siyasi kursuna uyğun olduğunu gördüyümdən, bu ümumi işə qatılmamaq mənim vətəndaşlıq mövqeyimə zidd olardı. Mən bu sahədə kiçik iştirakımla böyük məmnunluq duyuram. Gördüyüm işlərin, yəqin ki, müəyyən faydası olubdur. Bu, daha çox milli ideologiyanın və əliyevşünaslığın nəzəri-fəlsəfi sistem kimi formalaşmasında iştirakımla bağlıdır. Mən düşüncə tərzimə və xarakterimə görə daha çox elm adamıyam, nəinki praktik siyasətçi.

- Sizin "Fəlsəfədən siyasətə" adlı kitabınız var. Bu sərlövhəni seçərkən nəyi nəzərdə tutmusunuz?

- Mən o dövrdə elmi-fəlsəfi biliklərimin, sadəcə, ideya şəklində qalması ilə kifayətlənməyərək, fəal siyasi həyat mövqeyi tutmağa çalışırdım. Belə ki, 90-cı illərdə Azərbaycan rəsmən müstəqil ölkə olmaqla yanaşı, onun qarşısında özünü dərk etmək, öz ideoloji kursunu müəyyənləşdirmək kimi ağır və şərəfli vəzifə dururdu. Bu işin ağırlığını da, ilk növbədə, Prezident Heydər Əliyev öz üzərinə götürmüşdü. Onun çıxışlarında yeni qədəm qoyduğumuz ictimai-iqtisadi quruluşunmilli dövlətçiliyimizin təməl prinsipləri öz əksini tapırdı. Lakin bu prinsiplər üzərində konseptual bir sistem yaradılmasına, nəzəri-fəlsəfi tədqiqatlar aparılmasına böyük ehtiyac var idi.

Fəlsəfədə mövcud olan elmi-nəzəri təlimləri yeni cəmiyyətə tətbiq etmək elə də asan məsələ deyildi. Siyasətlə məşğul olanların heç də hamısı fəlsəfəni bilmirdi. Fəlsəfəni az-çox bilənlər isə cəmiyyətdə gedən proseslərdən uzaq idilər. Amma ulu öndər Heydər Əliyevin həyata keçirdiyi böyük işlərə dəstək vermək, onların iştirakçısı ola bilmək üçün "göylərdən yerə enmək", yaşadığımız ictimai-siyasi həyatın aktual problemlərini mənimsəmək və onların fəlsəfi səviyyədə dəyərləndirilməsinə nail olmaq lazım idi. Ona görə də mən 90-cı illərin ilk illərindən başlayaraq ölkəmizin seçdiyiya seçməli olduğu inkişaf kursunun elmi-nəzəri əsaslarının işlənib-hazırlanmasında iştirak etmək üçün öz siyasi mövqeyimi müəyyənləşdirmək, Heydər Əliyevin həyata keçirdiyi kursu dəstəkləmək üçün siyasətə doğru addım atmaq zərurətini dərk etdim.

"Fəlsəfədən siyasətə" ideyası da belə yarandı. Burada mənim nəzəri tədqiqatlarımla praktik fəaliyyətim, sanki, ortaq məxrəcə gətirilmişdir. Adını çəkdiyiniz kitab da Azərbaycanda əliyevşünaslığın formalaşması, onun elmi-nəzəri sistemə çevrilməsi istiqamətində ilk addımlardan biri idi.

- Müasir dövrdə əliyevşünaslığın müstəqil elmi-nəzəri istiqamət kimi formalaşması və inkişafında akademik Ramiz Mehdiyevin böyük rolu vardır. Onun bu sahədəki fundamental əsərləri həm də milli ideologiyamızın elmi surətdə işlənib hazırlanması işinin əsasını təşkil edir. Sizin yaradıcılığınızı izlədikdə məlum olur ki, akademik Ramiz Mehdiyevin əsərləri haqqında ən çox fikir bildirən və onları şərh edən müəlliflərdən birisiniz. Necə düşünürsünüz, bu sahədə artıq müəyyən bir məktəbin formalaşmasından danışmaq mümkündürmü?

- Heç şübhəsiz, Azərbaycanda dövlətçilik fəlsəfəsinin, əliyevşünaslığın formalaşdırılması və inkişaf etdirilməsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyevlə uzun müddət birlikdə çalışması, onun silahdaşlarından biri olması Ramiz Mehdiyevə bu təlimi daha dərindən mənimsəmək və öyrətmək imkanı vermişdir. Həm də bu mövzu Ramiz müəllimin əsas ixtisas sahəsidir. Yəni onun yaradıcılığında nəzəriyyə ilə praktika üst-üstə düşür. Akademik Ramiz Mehdiyevin əsərləri bu sahədə istiqamətləndirici rol oynayır və metodoloji baza kimi çıxış edir.

İndi qarşıda duran vəzifələrdən biri əliyevşünaslığı tək-tək adamların yaradıcılıq mövzusundan bütöv bir məktəbin tədqiqat predmetinə çevirmək və onu müasir şəraitə, yeni dövrün sosial-siyasi gerçəkliyinə ekstrapolyasiya etməkdir.

- Əliyevşünaslığın bir ideya istiqaməti kimi təkcə Azərbaycanda deyil, daha böyük miqyasda yayılmasından, dünya siyasi fikir xəzinəsinə hansısa yeniliklər gətirdiyindən bəhs etmək olarmı?

- Heydər Əliyevin fəlsəfəsi onunla səciyyələnir ki, o yazılmış nəzəri bir sistem olmayıb, fəaliyyətdə olan, artıq praktika səviyyəsində üzə çıxan ideyalardan ibarətdir. Adətən, tədqiqatçıların qarşısında fikrin nəzəriyyədən praktikaya doğru hərəkətini izləmək vəzifəsi durur. Baxdığımız halda isə praktikadan çıxış edərək fikrə qayıtmaq tələb olunurdu. Bu cür tədqiqat dünya təcrübəsində bəlkə də ilk cəhdlərdən biridir. Ona görə də əvvəlcə tədqiqatın özünəməxsus metodoloji bazası yaradılmalı idi. Mən özümün bu sahədəki fəaliyyətimdə ən uğurlu məqamı məhz bu yeni tipli metodologiyanın yaradılmasında görürəm.

Bundan başqa, Heydər Əliyevin aforizmlərinin seçilməsi də xüsusi yanaşma tələb edirdi. Çünki indiyə qədər məlum aforizmlərin demək olar ki, hamısı müəlliflərin yazılı mətnlərindən götürülmüşdür. Heydər Əliyevin böyüklüyü onda idi ki, o, şifahi nitqlərində də ekspromtla çox dəyərli fikirlər söyləyirdi. Onun bütün çıxışları dəyərli idi. Amma məhz aforizm ola biləcək fikirlərinin seçilməsi xüsusi bir həssaslıq və bu sahədə təcrübə tələb edirdi. Professor Şahlar Əsgərovla birlikdə biz belə fikirlərin toplanıb seçilməsi üzərində bir neçə il çalışdıq və nəhayət, dünyada analoqu olmayan bir nəticə hasil oldu.

Aforistika ayrıca bir janrdır və bu sahədə yazıb-yaratmış məşhur müəlliflər vardır. Məsələn, Paskal, Labryuer, Monten, Lixtenberq və başqalarının aforizmləri geniş yayılmışdır. Amma ən qiymətli fikirlər böyük yazıçıların, filosofların, dövlət xadimlərinin əsərlərindən seçilib toplanır. Və onların belə fikirləri, adətən, beş-on aforizmdən artıq olmur. Heydər Əliyevin isə yüzdən çox fikri, həm də dünyanın sayılıb-seçilən mütəfəkkirlərinin kəlamları ilə müqayisədə heç bir mənada geri qalmayan aforizmlərinin toplanıb çap olunması, doğrudan da, böyük hadisə idi.

Təsadüfi deyil ki, 1997-ci ildə Gülüstan Sarayında bu kitabın möhtəşəm təqdimat mərasimi keçirildi. Sonradan Heydər Əliyevin aforizmlərinin ingiliscəyə və ruscaya tərcümələri də çap olundu. Amma mən bilirdim ki, bu aforizmlər təkcə Azərbaycanın fikir məkanı üçün deyil, bütün dünya üçün gərəklidir. Ona görə də bu yaxınlarda Moskvada nəşr olunan "Seçilmişlərin seçilmişləri" adlı aforizmlər kitabına Konfutsinin, Aristotelin, Nizaminin, Kantın, Napoleonun müdrik fikirləri ilə yanaşı, Heydər Əliyevin də aforizmlərini daxil etdim. Mənim fikrimcə, bu hələ azdır, onun ideyalarının daha geniş məkanda yayılmasına böyük tələbat vardır.

- Belə görünür ki, sizin siyasi fəaliyyətiniz də daha çox fəlsəfi müstəvidə gördüyünüz işlərlə bağlıdır. Siyasət sahəsində xidmətlərinizi heç kəs dana bilməz. Siz özünüz hansı sahədə daha çox uğur qazandığınızı düşünürsünüz?

- Mən ən çox elmşünaslıqla məşğul olmuşam. Azərbaycanda elmin daha optimal təşkilatlanması ilə bağlı təkliflər vermişəm. Amma mənim üçün daha önəmli olan fəlsəfə sahəsindəki tədqiqatlarımdır. Həm klassik Azərbaycan fəlsəfi fikrinin dünya ictimaiyyətinə çatdırılması, həm də müasir fəlsəfənin strukturuna ünvanı Azərbaycan olan yeni fəlsəfi ideyaların daxil edilməsi çox önəmli məsələlərdir. Baş redaktoru olduğum "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının beynəlxalq miqyasda tanınması bütövlükdə Azərbaycan fəlsəfəsinin hüdudları keçməsinə bir misaldır. İndi bizim jurnalda çap olunan hər bir məqalənin ingilis dilində xülasəsi ABŞ-da nəşr olunan "The Philosopher's İndex"ə daxil edilir və dünyanın bütün nüfuzlu elm mərkəzlərinə göndərilir.

- Siz, adətən, fəlsəfəni elmdən fərqləndirir, daha yüksək bir məqam kimi təqdim edirsiniz. Sizcə, fəlsəfənin elmdən, filosofun alimdən fərqi nədədir?

- Elmdə obyektiv gerçəklik öyrənilir. Yəni hadisələri kimin müşahidə etməsindən asılı olmayaraq onlar arasında həmişə müəyyən bir əlaqə, münasibət təkrarlanırsa və bu əlaqənin ümumiləşmiş şəkildə ifadə olunması mümkündürsə, burada hansısa bir qanunauyğunluq olduğu güman edilir. Sonra ayrı-ayrı hadisələrdən sərf-nəzər edilərək ümumilər arasındakı münasibət öyrənilir ki, bu da elmi düşüncəyə aid bir məsələdir.

İnsanların şəxsi həyatı, konkret adamlarla münasibəti, bu münasibətlərin özəllikləri elmin predmetinə daxil deyil. İnsan həyatı olsa-olsa, publisistikanın və bədii ədəbiyyatın predmeti ola bilər. İnsan, onun həyatının mənası, dünya ilə münasibəti, bu münasibətin konkret formaları, yəni idrak, dəyərləndirmə və praktik fəaliyyət aspektləri fəlsəfədə də öyrənilir. Lakin fəlsəfədə bütün bunlar hansısa ayrıca bir insanın deyil, insan ümumisinin, yəni mücərrəd insanın taleyi və fəaliyyəti ilə bağlıdır.

Elm insandan iki səbəbə görə uzaqdır. Birincisi, alim hələ tədqiqata başlayarkən ilkin şərt olaraq öz predmetindən insani olanvarsa, onu duyğulandıra biləcək nə varsa, - hamısını çıxarır. Obyektiv dünyanı öyrənmək, əslində, həm də insansızlaşmış dünyanı öyrənmək deməkdir. Nəinki daşı, kəsəyi, hətta canlı orqanizmləri, insan bədənini və nəhayət, hətta insan psixikasını öyrənərkən də, elm öz predmetini öncədən ruhsuzlaşdırmağa, ruhani əlaqələr sistemindən kəsib götürməyə və onu ayrılıqda, lokal şəkildə öyrənməyə çalışır. Amma fəlsəfədə belə deyil, hər şey fərqlidir. Ruh özü fəlsəfənin predmetinə daxildir və fəlsəfə insanı nə isə cansız, duyğusuz, ruhsuz bir şey kimi deyil, məhz bu ali keyfiyyətləri ilə birlikdə nəzərdən keçirir. Bu mənada fəlsəfi müddəalar, nəzəriyyələr insana yad olmamalıdır və müəyyən mənada insanı duyğulandırmalıdır, - deyə düşünə bilərdik. Amma gerçəklikdə biz bunun əksini görürük. Yəni fəlsəfi təlimlər, nəzəri sistemlər əksər hallarda insana az qala elm qədər yabançı, yad, ögeydir. Lakin biz insana doğma olan fəlsəfənin tərəfdarıyıq. Bunun üçün isə o, qalxdığı mücərrəd səviyyədən bir qədər aşağıya enməli, insanın real həyatına, gerçək problemlərə toxuna biləcək dərəcədə konkretləşməlidir. Digər tərəfdən, fərdiləşəndə, konkretləşəndə, ayrıca götürülmüş bir insan üçün həssas məsələlərə toxunanda, fəlsəfə elmilikdən tamamilə çıxmış olur, duyğusallaşır və bu zaman o, bəlkə də, klassik mənada fəlsəfiliyini itirir. Zira, fəlsəfə elm olmasa da, elmiliyi bir məqam kimi özündə ehtiva edir.

- Müdriklik, hikmət fəlsəfədən nə ilə fərqlənir? Bütün müdriklər filosof sayıla bilərmi?

- Fəlsəfə hikmətdən ona görə üstündür ki, o daha universal prinsipləri ifadə edir. Hikmət fəlsəfədən ona görə üstündür ki, o, insana daha yaxındır. Atalar demişkən, yaxın qonşu uzaq qohumdan irəlidir. Yaxud, Əbu Turxanın dediyi kimi, "yaxındakı ocaq uzaqdakı Günəşdən daha çox qızdırır". Hikmət insanların gündəlik həyatı ilə, arzu istəkləri ilə, sevinc kədəri ilə bilavasitə bağlı olduğundan, onları mənimsəmək əməli fəaliyyət üçün çox faydalıdır.

Fəlsəfə hikmətin özü yox, ona sevgidir. Bu deməkdir? Burada "sevgi" sözünü daha geniş mənada götürsək, biz fəlsəfəni hikmətə münasibət, onun mənimsənilməsi kimi başa düşə bilərik. Yəni hikmət özü təhlil obyektinə çevrilir insanın cari həyatında qarşıya çıxan suallar onlara müşahidə hissi təcrübə səviyyəsində verilən cavablar rasional idrak müstəvisində, daha böyük miqyasda təhlil olunur.

Bir situasiyadan doğulan hikmət, müdrik fikir başqa situasiyadan doğulan hikmətlə, fikirlə qarşılaşdırılır bəzən bir-birini inkar edən iki fikrin sintezindən yeni, daha universal həqiqətə daha yaxın olan fikirlər doğulur. Məsələn, Sokrat Platonun bir çox fəlsəfi konsepsiyaları, əslində, hikmətin mənimsənilməsindən, müdrik fikirlərin qarşılaşdırılmasından bir yekun kimi hasil olurdu. Hər bir fikir əməliyyatında empirik təfərrüatlar istisna olunur fikir daha universal qəliblərə salınır. Xüsusilə etikanın formalaşması tarixən məhz hikmət zəminində baş vermişdir.

Əslində, həyat təcrübəsindən alınmış fikirlərin rasional düşüncə müstəvisinə gətirilməsi fəlsəfi fikir tarixində hissi və məntiqi idrakın vəhdətinə ən gözəl misallardan biridir. Elmi düşüncə təbiətdə gedən prosesləri, təbii hadisələrin xassələrini öyrənir. Həyatın, konkret həyat səhnələrinin tədqiqat obyektinə çevrilməsi insan və təbiətin qarşılıqlı əlaqədə, bir küll halında nəzərdən keçirilməsinə gətirir ki, bu da artıq elmin yox, fəlsəfənin funksiyasıdır. Fəlsəfə, sanki, piramidanın zirvəsidir. Bu zirvəyə aparan yollar isə müxtəlifdir.

Məişət, ailə həyatı səviyyəsində ortaya çıxan məsələlərin həyatın mənası kontekstində dəyərləndirilməsi və ən ali meyarlardan çıxış etmək istəyi də fəlsəfəyə gətirib çıxarır. Bu yol məhz tərbiyədən, əxlaqdan, hikmətdən başlanan yoldur. İnsanın əməli fəaliyyətinin, yaxud ixtisas fəaliyyətinin də həyat kontekstində nəzərdən keçirilməsi, yəni onu mənalandırmaq cəhdi fəlsəfəyə gedən yolun başlanğıcıdır. Hər hansı bir cismi, hadisəni, prosesi dərk etmək və onun təbiət və dünya kontekstində yerini dəyərləndirmək, onu mənalandırmaq cəhdi son nəticədə fəlsəfəyə gətirir.

- Səlahəddin müəllim, maraqlı açıqlamalara görə çox sağ olun. Sizi 60 illik yubileyiniz münasibətilə kollektivimiz və qəzetimizin oxucuları adından təbrik edir, ömrünüzün müdriklik çağında sizə möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.

 

 

Müsahibəni hazırladı: Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 24 fevral.- S. 6.