Azərbaycanın
qazandığı nailiyyətlər qürur
doğurur
Təəssüf ki, ölkəmizdəki
və xaricdəki bəzi dairələr bu uğurlara
qısqanclıqla yanaşırlar
Azərbaycan Respublikası müstəqilliyinin
bərpasının 20-ci ildönümündə öz tarixinə
qızıl hərflərlə yazılan beynəlxalq səviyyəli
iki mühüm nailiyyətə imza atdı. 2011-ci il
oktyabrın 24-də ölkəmiz dünyanın 155 dövlətinin
dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvülüyünə
seçildi. Bundan əvvəl isə digər əhəmiyyətli
bir hadisə baş vermişdi - həmin il mayın 14-də Almaniyanın
Düsseldorf şəhərində keçirilən, 43
ölkənin iştirak etdiyi 56-cı "Eurovision-2011"
mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri
Eldar Qasımov və Nigar Camal birinciliyi əldə edərək
Vətənə qələbə ilə döndülər.
Bu qələbə 50 milyonluq Azərbaycan xalqında sonsuz
sevinc və qürur hissi doğurdu. Bütün türk
dünyası, o cümlədən qardaş Türkiyə
xalqı bizim sevincimizə şərik oldu.
Dünyanın
mədəniyyət ictimaiyyəti Azərbaycan dövlətinin
nüfuzlu beynəlxalq musiqi yarışmasındakı çətin
və şərəfli qələbəsini ölkəmizin
beynəlxalq aləmə inteqrasiyası istiqamətində
önəmli bir hadisə kimi dəyərləndirir.
Qazandığımız uğurlar Azərbaycanda bütün
sahələrdə müşahidə olunan nailiyyətlərin,
yüksəlişin təcəssümü kimi ifadə edildi.
Həm BMT Təhlükəsizlik Şurası kimi mötəbər
bir quruma seçilməyimiz, həm də dünya səviyyəli
bir musiqi yarışmasında birinciliyi əldə etməyimiz
uzun illərdən bəri düşmənlərimizin və bədxahlarımızın
böhtan və qarayaxmalarla beynəlxalq aləmdə
respublikamızı gözdən salmaq cəhdlərinin nəticə
vermədiyinin ən parlaq nümunəsi oldu.
Ölkəmiz üçün baş ucalığı gətirən faktdır ki, bu ilin may ayında Azərbaycan həm BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək, həm də ənənəyə uyğun olaraq Bakıda "Eurovision-2012" mahnı müsabiqəsi keçiriləcəkdir. İstisnasız demək olar ki, hər iki hadisə ölkəmizin dünyada tanıdılmasına əvəzsiz töhfə verəcəkdir. İlkin ehtimallara görə "Eurovision-2012" müsabiqəsini izləmək üçün təxminən 70 minə yaxın əcnəbinin Bakıya səfər edəcəyi gözlənilir. Bu, bizə yüksəliş dövrünü yaşayan, çiçəklənən ölkəmizin reallıqlarını bütün dünyada çox gözəl şəkildə nümayiş etdirmək imkanı verəcəkdir. Düşmənlərimizi və daxilimizdəki bədxahları narahat edən də məhz budur.
Bu narahtçılıqlar özünü müxtəlif formalarda büruzə verir. Xatırlayırsınızsa, Azərbaycanın "Eurovision - 2011" mahnı müsabiqəsində Avropanın 43 ölkəsi arasında birinci yer tutmasına ilk reaksiya Ermənistandan gəlmişdi. Ölkənin hakim partiyasından olan deputat, milli şuranın üzvü Qaqik Melikyan Azərbaycanın həm daxildə, həm də beynəlxalq aləmdə ard-arda böyük uğurlar qazanmasını dözümsüzlüklə qarşılayaraq demişdi: "Azərbaycan qalib gəldi! Bu dözülməzdir! Siz məni insan olmayan və ya demokrat olmayan bir şəxs adlandıra bilərsiniz. Ancaq Azərbaycan qalib gəldi. Hər dəfə məğlubiyyət. Artıq ayıbdır!".
Bunu Melikyanın timsalında Ermənistan dövlətinin, erməni ictimaiyyətinin və qürur duyduqları erməni lobbisinin Azərbaycanın tarixi nailiyyətlərinə qısqanc münasibəti kimi dəyərləndirmək olar. Bu, bəlkə də başadüşüləndir. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və ölkəmizin iqtisadi cəhətdən inkişafı, qüdrətli ordu yaratması, regional liderə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz və nailiyyətlər qazanması ermənilərin ifşa olunmasına, qınaq obyektinə çevrilməsinə və rəsmi İrəvanın mövqelərinin zəifləməsinə "stimul" verir. Buna görə də onlar hər cəhdlə çalışırlar ki, Azərbaycanın xeyrinə olan heç bir proses, hadisə baş verməsin. Heç şübhəsiz ki, həmin hadisələrdən biri də Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsidir. Ermənilər gecə-gündüz arzu edirlər ki, ölkəmizdə keçiriləcək beynəlxalq müsabiqə fiyaskoya uğrasın. Əllərindən heç nə gəlmədiyi üçün isə Melikyan kimi hay-küy salırlar.
Maraqlıdır ki, ölkəmizdə özünü İctimai Palata adlandıran qondarma bir qurumun aparıcı simaları "Eurovision-2012" mahnı müsabiqəsinin nəinki ermənilər kimi biabırçılıqla nəticələnməsini arzulayırlar, hətta görünən odur ki, bunun üçün xüsusi "tədbirlər planı" hazırlamaq və həyata keçirmək istəklərini də gizlətmirlər. Belə ki, qondarma qurumun ötən il 2 aprel aksiyasına görə həbs olunanlarla bağlı keçirdiyi tədbirdə İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib: "Qarşıdan "Eurovision" yarışması gəlir. Biz mövqeyimizi konkretləşdirməliyik. Avropanın, demokratik dünyanın diqqəti burada olacaq. Biz də öz növbəmizdə bu tədbirə hazırlaşmalıyıq. İqtidar elə düşünməsin ki, bu müsabiqə onun üçün rəvan keçəcək". Müsavat başqanı onu da deyib ki, məhbuslar müsabiqəyə qədər azad edilməsələr, İctimai Palata aksiyalara başlayacaq: "O zaman baş verə biləcək hadisələrə görə məsuliyyəti biz daşımırıq... Bu aksiyalar müxtəlif formalarda olmalıdır. Bizim gənclər artıq bu prosesə hazırlaşırlar. Biz də bu mərhələyə ciddi hazırlaşmalıyıq". Onun sözlərinə görə, hazırda İP-in Avropa bürosu ilə də bu yöndə məsləhətləşmələr aparılır: "Avropadan olan müsabiqə iştirakçıları ilə əlaqə qurmağa çalışılacaq ki, onlar da burada öz çıxışlarında həbsdə olanlara dəstək verən fikirlər səsləndirsinlər". Bununla kifayətlənməyən İsa Qəmbər sosial şəbəkədəki virtual dostlarına da müraciət edərək, onları müsabiqə ərəfəsində aktiv olmağa çağırıb.
Qəribə təzad deyilmi? Özünü Vətən fədaisi, millət təəssübkeşi adlandıran bir siyasətçi və Azərbaycan xalqının mənafeyini müdafiə etdiyini iddia edən qondarma bir qurum ermənilərlə eyni mövqedən çıxış edərək, ölkəsinin beynəlxalq aləmdəki imicinə zərbə vurmağın yolları barədə düşünür, bu istiqamətdə hazırlıqlar gördüklərini deyir. Azərbaycanın milli qürur elementinə çevrilən "Evrovision-2012" musiqi yarışmasının keçirilməsinə bu şəkildə maneçilik törətməyə çalışanların məntiqini başa düşmək mümkün deyil. Məgər onlar anlamırlar ki, mahnı müsabiqəsinin uğurla keçirilməsinə mane olmaq istəyən və müxtəlif aksiyalar keçirməyi planlaşdıran şəxslər, etirazlarının motivlərinin nə olmasından asılı olmayaraq, bədxah ermənilərin və Ermənistanın məqsədlərinə xidmət edirlər?!
Nəyə görə bu dırnağarası siyasətçilərin artıq 20 ilə yaxındır ki, iqtidara gələ bilməməsinin səbəbi buradan da anlaşılır. Çünki onlar heç vaxt ictimai rəyi, ictimai sifarişi düzgün qiymətləndirə bilmir, dəfələrlə öz açıqlamaları və siyasi fəaliyyətləri ilə düşmən dəyirmanına su tökür, cılız siyasi kampaniyalar aparır, beləliklə, təbii olaraq ictimai qınaqla, etirazla, nifrətlə qarşılaşırlar. Əgər müxalifətin radikal qanadı yarışma boyunca Azərbaycanın tarixi faciələrini, Qarabağın işğalını, Xocalı soyqırımını tanıtmaq istiqamətində addımlar atacağını bəyan etsəydi, elektoratın rəğbətini qazana bilərdilər. Belə bir yarışma ərəfəsində dövlətçilik maraqlarından çıxış etmək daha maraqlı olardı, nəinki haradasa mitinq keçirməyə hazırlaşmaq və ya hansısa xarici müğənniyə lazımi açıqlama verməsi üçün yalvarmaq.
İstisnasız deyə bilərik ki, bu cür beynəlxalq səviyyəli nəhəng mədəniyyət tədbiri hansı ölkədə olsaydı, həmin ölkənin müxalifət partiyaları hakimiyyətə dəstək mövqeyi sərgiləyərdilər. Çünki bu, təkcə hakimiyyətin məsələsi deyil. Eyni zamanda, milli və dövlətçilik məsələsidir. Təsadüfi deyil ki, Avropa Yayımları İttifaqının Avropa teleməkanında 1956-cı ildən keçirdiyi "Eurovision" televiziya mahnı yarışmasının baş tutduğu heç bir ölkənin müxalifəti bizdəki kimi qarışıqlıq yaratmaq, pozuculuq fəaliyyəti ilə məşğul olmaq barədə düşünməmişdir. Əksinə, bu məsələdə mövcud siyasi hakimiyyətlə həmrəylik nümayiş etdirmişlər. Əgər Azərbaycanın radikal müxalifət partiyaları dövlətçiliyimizə qarşı bu mövqedə dururlarsa, bunun bir adı var, xəyanət. Onsuz da onlar zaman-zaman Azərbaycan dövlətçiliyinə xəyanət yolunu tutublar və yəqin ki, bundan sonra da tutacaqlar.
Sevindirici haldır ki, ölkəmizdə bu cür pozuculuq fəaliyyətləri ilə məşğul olan insanların sayı çox azdır. Lakin bir el məsəlində deyildiyi kimi, "milçək bir şey deyil, ürək bulandırır". Qondarma qurum olan İctimai Palatadan verilən açıqlamalar da burada toplaşan azsaylı siyasi aktivlərin mahiyyətini ortaya qoyur. Siyasi ekspertlər isə radikalların "Eurovizion-2012" mahnı müsabiqəsi zamanı etiraz aksiyası keçirmək niyyətlərini müxalifətin gücsüzlüyü, acizliyi kimi qiymətləndirməklə yanaşı, hesab edirlər ki, belə bir mədəniyyətin daşıyıcıları bununla ictimaiyyət arasında olan-qalan nüfuzlarını da itirə və beləliklə, siyasi səhnədən tamamilə silinmək təhlükəsi ilə üz-üzə qala bilərlər.
Digər tərəfdən, musiqi yarışmasında iştirak edəcək şəxslər siyasətdən uzaq, incəsənət insanlarıdır. Hər halda onlar Azərbaycandakı bəzi azsaylı siyasi qrupların problemləri ilə deyil, ölkəmizin mədəniyyət və incəsənət aləmi ilə maraqlanacaqlar. Əgər ölkəmizdə bəzi siyasi partiyalar müsabiqə ərəfəsində aksiya keçirəcəklərsə, bu, xarici qonaqlarda çaşqınlıq yarada, hətta nifrətə də səbəb ola bilər. Təsadüfi deyil ki, Avropa Yayımları Birliyinin rəsmilərindən Sietse Bakker məsələyə münasibətini aydın şəkildə açıqlayaraq demişdir: "Eurovision" mahnı müsabiqəsi siyasi tədbir deyil, biz başqalarına bu tədbirdən siyasi məqsədlər üçün istifadə etməyə, ümumiyyətlə, şou zamanı siyasi bəyanatlara imkan vermirik. Əgər biz bu qaydalara riayət olunmasını istəyiriksə, o zaman özümüz də mahnı müsabiqəsini siyasi alətə çevirməmək üçün yaxşı nümunə olmalıyıq. Çünki bu, bizim məqsədlərimizə aid deyil". Hər halda Avropadan qondarma İctimai Palataya bundan gözəl cavab verilə bilməzdi.
Beynəlxalq tədbirlərin keçirilməsi sahəsində Azərbaycanın kifayət qədər təcrübəsi vardır. Ona görə də biz tam əminik ki, Azərbaycan hökuməti "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin lazımi tələblər çərçivəsində, yüksək səviyyədə keçirilməsi üçün bütün addımları atacaq, müsabiqəyə qatılan insanların rahatlığını və təhlükəsizliyini təmin edəcəkdir. İnanırıq ki, əgər Azərbaycanda kimsə bu yarışla bağlı pozuculuq addımı atmağa çalışırsa, onun qarşısı əlaqədar orqanlar tərəfindən kifayət qədər peşakar səviyyədə alıncaqdır.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 24 fevral.- S. 6.