Xocalı
soyqırımı - yeni tarixin
Qəddarlığına və vəhşiliyinə
görə insanlığa qarşı ən dəhşətli
kütləvi qırğın hadisələrindən biri kimi
tarixə düşmüş Xocalı
soyqırımının törədilməsindən 20 il
keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan
silahlı birləşmələri Sovet İttifaqı
ordusundan qalmış 366-cı alayın köməyi və
birbaşa iştirakı ilə Xocalı sakinlərinə
qarşı dəhşətli soyqırımı aktı
törətmiş və misli görünməmiş vəhşiliklər
etmişlər. Bu gün bəşər tarixində XX əsrin
və ümumən yeni əsrin ən dəhşətli faciələrindən
biri kimi yer alan Xocalı soyqırımı zamanı yüzlərlə
dinc, silahsız insana, yalnız azərbaycanlı olduqlarına
görə, amansız divan tutulmuş, 613 nəfər vəhşicəsinə
qətlə yetirilmişdir. Onların 63-ü uşaq,
106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə
qətlə yetirilərək məhv edilmişdir. 1000 nəfərdən
artıq dinc sakin, o cümlədən 76 nəfər uşaq
yaralanaraq şikəst olmuşdur. Girov götürülən
1275 nəfər amansız işgəncələrə və
qəddarlığa məruz qalmışdır. 150 nəfərin
aqibətindən isə hələ də xəbər yoxdur.
Dövlətə və vətəndaşlara külli miqdarda
- 5 milyard manat dəyərində ziyan vurulmuşdur.
Tarixi
araşdırmalar və mənbələr göstərir ki,
Xocalı faciəsi XX əsrin sonlarında baş verən bir
müharibənin və ya bir gecənin hadisəsi deyil. Azərbaycanlılar
100 ildən artıqdır ki, erməni
separatçılarının davamlı etnik təmizləmə,
soyqırım siyasətinə məruz qalmış, tarixi
yurd yerlərindən, doğma torpaqlarından qovulmuş,
qaçqına və məcburi köçkünə
çevrilmişlər. Bir çox dövlətlərin dəstəyinə
söykənən erməni şovinist-terrorçu dəstələrinin
1905-1907, 1918-1920 və 1948-1953-cü illərdə törətdikləri
qanlı terror aktları nəticəsində minlərlə
günahsız azərbaycanlının qanı
tökülmüş, bir çox nəsillərin soyu yer
üzündən silinmişdir. Nəhayət, Sovet
İttifaqının süqutu ərəfəsində - 1988-ci
ildə erməni şovinistlərinin canavar xisləti
özünü yenə büruzə verdi və
dağılmaqda olan imperiyanın separatçıların bu
siyasətini dəstəkləyən rəhbərinin
yürütdüyü qərəzli və məkrli siyasətin
nəticəsi olaraq, 1988-ci ildən 1989-cu ilədək 500 mindən
çox azərbaycanlı Ermənistandan deportasiya edildi.
Bununla da ermənilər uzun müddətdən bəri
planlaşdırdıqları və heç bir beynəlxalq
hüquq normasına sığmayan etnik təmizləmə
siyasətini başa çatdıraraq, əzəli Azərbaycan
torpaqlarında bir nəfər də olsun azərbaycanlı saxlamamışlar.
Onlar
özlərinin bu çirkin niyyətlərini gerçəkləşdirmək
üçün xüsusi amansızlıqları ilə
seçilən terrorçu təşkilatlarından məharətlə
istifadə etmişlər. Elmi araşdırmalar beynəlxalq
terrorizmin tərkib hissəsi olan erməni terrorunun da tarixinin 100
ildən artıq olduğunu göstərirlər. Belə ki,
"Böyük Ermənistan" dövlətinin
yaradılmasını qarşılarına məqsəd
qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə
yaradılmış "Armenakan", sonradan
"Hnçak" və "Daşnaksütyun"
partiyaları bu planı həyata keçirmək üçün
siyasi terror aksiyalarından geniş istifadə edilməsini
proqram sənədlərində başlıca vasitə kimi
öndə tutaraq, onların həyata keçirilməsinə
məqam gözləmişlər.
Nəhayət,
Ermənistan dövlətinin və erməni diasporunun maliyyə
və təşkilati yardımı ilə dünyanın
müxtəlif ölkələrində fəaliyyət
göstərən erməni terrorçu təşkilatlarının
Azərbaycana qarşı apardıqları terror müharibəsi
1980-ci illərdən müntəzəm xarakter almağa
başlamışdır. Azərbaycanın Dağlıq
Qarabağ bölgəsi və onun ətrafındakı 7
rayonun işğalı zamanı kütləvi vahimə
yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi
ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi
əməliyyatların getdiyi ərazilərdən xeyli
uzaqlarda, dinc azərbaycanlı əhalisinin
yaşadığı məntəqələrdə terror
aktları təşkil etmiş, nəticədə minlərlə
günahsız insan həlak olmuşdur.
16
sentyabr 1989-cu il çoxlu insan tələfatı ilə nəticələnən
"Tbilisi-Bakı", 18 fevral 1990-cı ildə
Yevlax-Laçın yolunun 105-ci kilometrliyində
"Şuşa-Bakı", 11 iyul 1990-cı ildə "Tərtər-Kəlbəcər",
10 avqust 1990-cı ildə "Tbilisi-Ağdam"
marşrutları ilə hərəkət edən, 30 noyabr
1990-cı ildə Xankəndi aeroportu yaxınlığında
sərnişin avtobuslarının partladılması, 9 yanvar
1991-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin müxbiri
Salatın Əsgərova və 3 hərbi qulluqçunun
olduğu avtomobilə qarşı terror aktının nəticəsində
4 nəfərin qətlə yetirilməsi, 30 may 1991-ci ildə
Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd
stansiyası yaxınlığında, 31 iyul 1991-ci ildə
Dağıstan Respublikasının Temirtau stansiyası
yaxınlığında "Moskva-Bakı" sərnişin
qatarlarının partladılması, 8 yanvar 1992-ci ildə
Türkmənistandan "Krasnovodsk-Bakı" marşurutu ilə
hərəkət edən dəniz bərəsində törədilən
terror aktı, 28 yanvar 1992-ci ildə
"Ağdam-Şuşa" marşrutu ilə uçan
Mİ-8 mülki vertolyotunun Şuşa şəhəri
yaxınlığında vurulması, 1992-ci ilin yanvarında Kərkicahan
qəsəbəsinin və 1992-ci ilin fevralında Xocavənd
rayonunun Qaradağlı kəndinin yerlə-yeksan edilməsi, azərbaycanlıların
qətliamı və bir çox digər terror aktları Ermənistanın
azərbaycanlılara qarşı soyqırımı siyasətinin
yeni və daha amansız dalğasının açıq təzahürü
idi.
Bütün
bunlardan aydın görünür ki, ermənilər daha
böyük və amansız bir soyqırıma -Xocalı qətliamına
da böyük hazırlıq görmüş və vəhşi
niyyətlərini reallaşdırmaqla Azərbaycan əhalisinin
iradəsini qırmağı və Dağlıq Qarabağ
müharibəsində psixoloji üstünlüyü ələ
almağı planlaşdırmışlar. Elə bu səbəbdən
də erməni terrorçu dəstələrinin vəhşi
xislətlərinə xas olaraq, qəddarlıqla törətdikləri
bu qətliama və insan ağlına sığmayan vəhşiliklərə
ad tapmaq mümkün deyil.
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri bu vəhşilikləri xəstə ruhuna xas bir "şövqlə" belə təsvir edir:
"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" əsərində fəxrlə xatırlayaraq, kitabının 19-76-cı səhifələrində yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayım. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".
"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".
Bəşəriyyətin vicdanı bununla barışa bilərmi?! İnsan ağlı bunu dərk edə bilərmi?! İnsan xislətinə və mənəviyyatına qətiyyən uyuşmayan bu vəhşiliklərin, özünü bütün dünyaya "yazıq" və "soyqırıma" məruz qalmış bir millət kimi təqdim edən bir etnosun xarakterində necə yer aldığını aydınlaşdırmağa məncə ehtiyac qalmır. İnsan əxlaqını və mənəviyyatını rüsvay edən belə vəhşiliyi qürurla qələmə alan və bütün əxlaqı dəyərlərin üstündən xətt çəkən bu "yazarları" fəxrlə öz ideoloqu hesab edən xalqın insanlıq adına nəyə haqqı çatır, görəsən? Faşizmin vəhşiliklərini əks etdirən Xolokostun kinoxronikasına baxıb iflic olan amerikalı avtomobil sənayeçisi Henri Ford, Xocalı qətliamının gerçəkliklərinin şahidi olsa buna tab gətirə bilərdimi?!
Həmin dövrdə bütün bu amansızlıqların şahidi olmuş dünyanın bir çox mətbuat orqanları erməni vəhşiliklərinə biganə qalmayaraq onların bu amansız cinayətini bütün dünyaya bəyan edirdilər.
Newsweek, 16 mart, 1992-ci il: "Qırğının xarici görünüşü" məqaləsində yazır:
"Ötən həftə Azərbaycan yenidən məzarlığa çevrilmişdir: cəsədlər məscidin arxasında meyitxana kimi uzanırdı. Bunlar erməni hərbi birləşmələrinin 25-26 fevralda ələ keçirdikləri Dağlıq Qarabağın kiçik Xocalı yaşayış məntəqəsində qətlə yetirdikləri sadə azərbaycanlı kişilərin, qadınların və uşaqların meyitləri idi. Bir çoxları qaçmağa çalışarkən yaxından atılan güllə ilə öldürülmüş, bəzilərinin üzləri qəddarcasına əzilmiş, digərlərinin isə başının dərisi çıxarılmışdır. Şəhidlərin ailələri göz yaşı axıdırlar".
"BBC Morninq News", 3 mart, 1992-ci il. Reportyorun dedikləri.
"Hadisə yerində olan BBC reportyoru yaxın məsafədən başlarından vurulan güllə ilə öldürülmüş 100-dən çox azərbaycanlı kişinin, qadının və uşağın, hətta körpələrin meyitini gördüyünü bildirir.
Təpələrin yamaclarından yığılan insan cəsədləri dəhşətli mənzərədir. Reportyor bildirir ki, videooperatorlar və Qərb jurnalistləri ermənilər tərəfindən qətlə yetirilmiş 100-dən çox kişi, qadın, uşaq meyiti görüblər. Ermənilər onları bir metr məsafədən başlarından güllələyib. Çəkilişlərdə həmçinin başlarından güllələnmiş təxminən 10 meyit (əsasən qadın və uşaq) görünür. Azərbaycan tərəfi erməni qüvvələrinin 1000-dən çox mülki vətəndaşı qətlə yetirdiklərini bildirir".
Bəşər tarixi müxtəlif vəhşiliklərin şahidi olub və onların təsviri həqiqətən adamı sarsıdır. Ermənilərin törətdiyi Xocalı cinayəti isə bilavasitə azərbaycanlılara qarşı yönəlib. Onlar birbaşa erməni ideoloqlarının "Böyük Ermənistan" xülyasından qaynaqlanan Qarabağ müharibəsinin fonunda törədilib. Bu zaman azərbaycanlı əhalinin kütləvi şəkildə qırılması ilə bərabər onların ağla sığmayan qəddarlıqla, işgəncə və əzabla qətlə yetirilməsi isə insan düşüncəsini sarsıdır. Bu cinayət hərbi cinayətlərdən fərqli olaraq, həm də bir millətin soyqırımına yönəlmişdir. Məhz bunu nəzərə alaraq Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu"...
Ancaq erməni terrorçularının bu cinayəti Ermənistan-Azərbaycan müharibəsi dövründə xalqımıza vurulmuş ən ağır zərbə olsa da, xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamış, öz yurd yerlərin, ailələrini son nəfəsədək, qəhrəmancasına müdafiə edərək şəhid olmuşlar. Xocalının qəhrəman müdafiəçiləri təpədən-dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında əyilməmiş, qəhrəmanlıq və rəşadət nümunələri göstərmişlər. Onların qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərmələri, düşməni öz məkrli niyyətlərinə çata bilmədiyindən, daha da qəzəbləndirmiş və onlar dinc əhaliyə divan tutmağa başlamışlar.
Ulu öndər Heydər Əliyev Xocalı faciəsinin həm də xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu demişdir: "Bir tərəfdən bu hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür..."
9 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında Konvensiyaya əsasən, "genosid beynəlxalq hüquq normalarını pozan və Birləşmiş Millətlər Təşkilatının ruhuna və məqsədlərinə zidd olan cinayətdir və dünya sivilizasiyası ona görə onu ittiham edir ki, bütün tarix boyu genosid insanlığa böyük tələfat gətirib və bəşəriyyəti bu murdar bədbəxtlikdən qurtarmaq üçün beynəlxalq əməkdaşlığın zəruriliyinə əmin olaraq aşağıda göstərilənlərə razılıq verirlər".
Konvensiyanın birinci maddəsində göstərilir ki, "razılığa gələn tərəflər təsdiq edirlər ki, genosid-onun sülh və ya müharibə vaxtı törədilməsindən asılı olmayaraq, beynəlxalq hüquq normalarını pozan cinayətdir və onlar buna qarşı xəbərdaredici tədbirlər görməyi və onun törədilməsinə görə cəzalandırmağı öhdələrinə götürürlər".
İkinci maddədə isə soyqırımın mahiyyəti açıqlanaraq qeyd olunur ki, "bu Konvensiya genosidi aşağıdakı kimi tanıyır, hər hansı bir milləti, etnik, irqi və ya dini qrupu tamam və ya qismən məhv etmək məramı ilə törədilən hərəkət".
Buradan tam aydın görünür ki, beynəlxalq səviyyədə insan hüquq və azadlıqlarının qorunmasını özündə ehtiva edən, bəşəriyyətin, insanlığın hüquqlarının nizamlanmasında əsas istinad mərkəzi sayılan və Azərbaycanın da qoşulduğu "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında Konvensiyaya əsasən, azərbaycanlılara qarşı Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı bəşəri cinayətdir. Bu soyqırım, Konvensiyada göstərildiyi kimi, bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Lakin dünya birliyi hələ də buna susur. 20 ildən artıqdır ki, dünyanın gözü qarşısında bir millətin insan haqları tapdanır, ona qarşı soyqırım həyata keçirilir, torpaqları işğal altında qalır, ancaq özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının müdafiəçisi sayan Fransa kimi bir ölkə, guya 100 il bundan əvvəl baş vermiş, ancaq yetərincə sübut və dəlili olmayan qondarma erməni soyqırımını təkzib edən vətəndaşlarının cinayətdə suçlanacağı haqqında qanun qəbul edir. Beynəlxalq siyasətin bu ikili standartı olacaqdısa, Azərbaycana, Türkiyəyə bir cür münasibət, Ermənistana bir başqa cür münasibət göstəriləcəkdisə onda bu beynəlxalq əməkdaşlıq paktlarının, konvensiyaların, protokolların və sair sənədlərin imzalanmasına nə ehtiyac var idi?!
Doğrudur, biz Ermənistan silahlı birləşmələrinin törətdiyi bu və bir çox digər qanlı olayların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, Xocalı qətliamının soyqırım kimi tanıdılmasında təbliğat işinə yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başladıq. Bu faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz qətiyyətlə hadisələrə beynəlxalq aləmdə siyasi qiymət verilməsinin zərurliyini bildirirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev onun başladığı bu işin yeni minillikdə daha geniş kompaniyaya çevrilməsi üçün bir çox tədbirləri həyat keçirdi.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun son bir neçə ildə gördüyü işləri isə xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində, əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.
Allahverdi MAHMUDOV,
Azərbaycan Respublikası DİN
Polis
Akademiyasının
"Kriminalistika" kafedrasının
rəisi, polis polkovniki
Xalq qəzeti.- 2012.- 24 fevral.- S. 5.