Alman müəllifin
"Xocalı" Kitabının Bakı təqdimatı
Xocalı soyqırımının
20-ci ildönümü ərəfəsində "Hilton -
Bakı" mehmanxanasında erməni qaniçənlərinin
törətdiyi bu bəşəri cinayəti almandilli oxuculara
açıqlayan "Xocalı" kitabının təqdimat
mərasimi keçirildi.
Səbail
Rayon İcra Hakimiyyətinin təşkil etdiyi və nəşrin
müəllifi - Almaniyanın Maqdeburq şəhər Bazar
İqtisadiyyatı İnstitutunun rəhbəri Rolf Kunşun da
dəvət edildiyi məclisdə Dağlıq
Qarabağın əzəli Azərbaycan torpağı
olduğu və Ermənistanın işğal etdiyi bu ərazidə
insanlığa zidd vandalizm törətdiyi dönə-dönə
vurğulandı. Toplantıda əvvəlcə Xocalı
qurbanlarının xatirəsi ehtiramla yad edildi.
Milli
Məclis üzvlərinin, tanınmış
ziyalıların, ictimaiyyət və media təmsilçilərinin
iştirak etdiyi tədbiri giriş sözü ilə açan
Səbail Rayon İcra Hakimiyyətinin başçısı
Asif Əsgərov Xocalı faciəsindən 20 il ötməsinə
baxmayaraq bu dəhşətli qırğına dünya
ictimaiyyətinin hələ də obyektiv qiymət verməməsi
ilə bağlı xalqımızın haqlı təəssüf
və narazılığını ifadə etdi. O,
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
inadlı səyləri ilə artan dostlarımızın
Xocalı həqiqətlərinə həssaslıqla
yanaşdıqlarını da vurğuladı. Natiq bu
baxımdan alman ictimai xadimi Rolf Kunşun yazdığı yeni
kitabı xarici aləmdən gələn önəmli əks-səda
kimi dəyərləndirdi.
Mərasimdə
çıxış edən Milli Məclisin Azərbaycan -
Almaniya parlamentlərarası əlaqə qrupunun üzvləri,
millət vəkilləri Hüseynbala Mirələmov və
İlham Əliyev iki ölkə arasında dostluq və əməkdaşlığın
möhkəmlənməsinin xalqımızın haqq işinə
dəstək qazandırdığını söylədilər,
"Xocalı" kitabının müəlliflərinə
atdığı humanist addıma - bəşəri cinayətin
mahiyyətini xarici oxuculara çatdıran əsər
yazdığına görə razılıqlarını
çatdırdılar.
Azərbaycan
Yazıçılar Birliyinin katibi, alman oxucuların da
yaxşı tanıdığı yazıçı
Çingiz Abdullayev erməni xalqının alnına əbədi
lənət damğası kimi vurulumuş Xocalı
soyqırımının bəşəriyyətə
çatdırılmasında Rolf Kunş kimi müəlliflərin
ərsəyə gətirdiyi kitablara böyük ehtiyac
olduğunu söylədi və alman tədqiqatçının
ədalətə, insanlığın təhlükəsiz gələcəyinə
xidmət etdiyini vurğuladı.
Mərasimdə
çıxış edən Rolf Kunş bildirdi ki, Xocalı
faciəsindən xəbərdar olsa da, bu barədə ətraflı
məlumatı Maqdeburqdakı alman-Azərbaycan dostluğu cəmiyyəti
ilə əlaqə zamanı toplayıb. Bu işdə həmyerlimiz
Yaşar Niftəliyev və Azad Əzizov ona yaxından kömək
göstəriblər.
Alman
yazar daha sonra bildirdi ki, erməni silahlı dəstələrinin
qədim Xocalı şəhərinin yer üzündən silməsi,
dinc əhalinin etnik mənsubiyyətinə görə qəddarlıqla
məhv etməsi barədə materiallar onu dəhşətə
gətirib və o, bu amansızlığı geniş
auditoriyaya çatdırmağı vacib sayıb. Qonaq öz
çıxışında azərbaycanlıları sivil,
sülhsevər, zəhmətkeş, öz torpağını
sevən bir xalq kimi tanıdığını və
bunları ölkəmizə indiki səfəri zamanı daha
yüksək səviyyədə gördüyünü də
söylədi, Azərbaycana xoş gələcək
arzuladı.
Məclis
iştirakçıları haqsevər alman tədqiqatçısına
xoş məramına görə təşəkkür etdilər,
onun "Xocalı" kitabının ana dilimizə tərcüməsinin
edilməsini və xarici dillərdə də nəşrinin
vacibliyini bildirdilər.
Sonda
"Xocalı" kitabının müəllifi ilə
ayaqüstü müsahib olduq:
- Cənab
Kunş, siz Xocalıda ermənilərin törətdiyi
kütləvi qırğının bəşəri cinayət
- soyqırımı olduğuna əminsinizmi?
-
Xocalıda baş verənlər əsl soyqırımdır.
Burada dinc əhali kütləvi surətdə, başqa millətdən
olduqlarına görə, vəhşiliklə
öldürülüblər. Mən buna əmin olmasaydım
"Xocalı" kitabını da yazmazdım.
- Siz
Xocalı faciəsinin dünyada soyqırımı kimi
tanınacağına inanırsınızmı?
- Bu
mütləq olacaq. Bəşəriyyət dinc sabah istəyir.
Bir insanın günahsız ölümü qəbuledilməzdir.
Yüzlərlə insanı heç bir təqsiri olmadan məhv
edənlər isə buna dünya qarşısında cavab verməlidirlər.
Xocalıda baş verənləri soyqırımı kimi
tanıtmaq üçün hələ çox iş görmək
lazımdır. Bütün namuslu insanlar bu işə kömək
etməlidirlər.
-
Dağlıq Qarabağ münaqişəsi barədə nə
düşünürsünüz?
-
Dağlıq Qarabağ Azərbaycan torpağıdır.
Özgə torpağını zorla tutmağın
axırı yoxdur. Bu məsələdə də xalqlar,
ölkələr beynəlxalq hüququn tələblərini əsas
tutmalıdırlar. Həddindən çox uzanmış bu
münaqişənin ədalətlə bitməsi
üçün dünya birliyi Azərbaycanı sonadək dəstəkləməlidir.
R.TAHİR
Xalq qəzeti.- 2012.- 24 fevral.- S. 4.